“Status-kvo dəyişməli, Ermənistan silahlı qüvvələri işğal etdiyi tarixi Azərbaycan torpaqlarından çıxmalıdır”

Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov “Frans-24” kanalına müsahibə vermişdir. Qeyd edək ki, müsahibə Vyanada Azərbaycan və Ermənistan dövlət başçılarının, həmçinin Fransanın, ABŞ-ın və Rusiyanın xarici işlər nazirlərinin iştirakı ilə keçirilən görüşdən əvvəl verilmişdir. Aktuallığını nəzərə alaraq müsahibəni təqdim edirik.

Müxbir: Qonağımız Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyovdur. “Frans-24” kanalının dəvətini qəbul edib gəldiyiniz üçün çox sağ olun. Erməniləri dinlədik, bəs, cəbhə xəttinin Azərbaycan tərəfində əhvali-ruhiyyə necədir?

Səfir: Dəvətinizə görə sizə minnətdarlığımı bildirirəm. Mən sözümə onunla başlamaq istəyirəm ki, bütün tarixi həqiqətlərin ziddinə gedərək, özünü  başladığı bir münaqişənin qurbanı kimi təqdim etməyə çalışan  Ermənistan işğal etdiyi Azərbaycan torpaqları olan Qarabağı və onun ətrafındakı rayonları müəyyən bir sonuc olmadan işğalda saxlaya bilməyəcəyini anlayır. Bu, çox vacibdir. Sizin sualınıza cavab verməzdən öncə mən demək istərdim: Münaqişə bölgəsindəki hazırkı status-kvo ondan ibarətdir ki, tarixən Azərbaycana məxsus olmuş torpaqlar — Dağlıq Qarabağ bə onun ətrafındakı rayonlar Ermənistan silahı qüvvələri tərəfindən işğal edilmişdir. Odur ki, bu status-kvo dəfələrlə ATƏT-in Minsk qrupunun hər üç həmsədr ölkəsinin — Fransanın, Rusiyanın, ABŞ-ın dövlət başçıları tərəfindən qəbuledilməz hesab olunmuşdur. Bu gün,  əlbəttə, cəbhədə vəziyyət çox çətindir. Aprelin 5-də Azərbaycan və Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəislərinin Moskvada rus həmkarının iştirakı ilə əldə etmiş olduqları atəşkəsi Ermənistan hər gün fasiləsiz pozaraq, Azərbaycan ərazilərinə — özü də azərbaycanlı mülki əhalinin yaşadığı yaşayış məntəqələrinə atəş açmaqda davam edir. Bizim üçün çox vacibdir ki, bu axşam Vyanada Azərbaycan, Ermənistan dövlət başçılarının və həmçinin Fransanın, ABŞ-ın və Rusiyanın xarici işlər nazirlərinin iştirakı ilə keçiriləcək bu danışıqlar Ermənistanın üzərinə atəşkəsə əməl etmək və eləcə də BMT-nin Təhlükəsizlik Şurasının bu işğalı pisləyən 4 qətnaməsinin tələblərini yerinə yetirmək tələbi qoyur.

Müxbir: Biz bir neçə saatdan sonra baş tutacaq bu vacib görüşün üzərinə qayıdacağıq. Sizin ölkə Türkiyə və Gürcüstan ilə birgə hərbi manevrlər keçirəcəyi barədə anonslar verməyə başlayır. Burada Ermənistanla münasibətləri daha da gərginləşdirmək, hətta bu bazar ertəsi Avstriyada baş tutması gözlənilən danışıqları öldürmək riski ola bilərmi ?

Səfir: Öncə, onu qeyd etmək istəyirəm ki, bu manevrlərin keçirilməsi müzakirə olunmuş bir ideyadır və bunun dəqiq tarixi yoxdur. Amma mən sizə bir şeyi xatırlatmaq istəyirəm ki, 2014-cü ilin oktyabrında — cənab Prezident Olland Azərbaycan və Ermənistan prezidentlərinə Parisdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparmaq üçün zirvə görüşü keçirilməsi ilə bağlı çağırış edəndən iki həftə sonra Ermənistan işğal edilmiş Azərbaycan torpaqlarında hərbi təlimlər keçirdi və bu da sülh prosesinə vurulmuş bir şillə oldu. Odur ki, Azərbaycan həmin səhvi təkrar etməyəcəkdir. 

Müxbir: Deməli, bu manevrlərin keçirilməsi qüvvədə qalır, sadəcə, mən doğru anladımsa, dəqiq tarixi məlum deyil.

Səfir: Sizin toxunduğunuz məsələ yalnız üçtərəfli hərbi əməkdaşlığın bir elementidir. Bunun müzakirə edilən məsələ ilə heç bir əlaqəsi yoxdur.

Müxbir: Yaxşı, gəlin sizin ölkənin Prezidentinin Ermənistanın prezidenti ilə Dağlıq Qarabağın statusunun müzakirəsinə həsr olunacaq görüşünə qayıdaq. Bu görüş, qeyd edildiyi kimi, bu bazar ertəsi ATƏT-in —  Rusiyanın, Fransanın və ABŞ-ın çətiri altında keçiriləcəkdir. Konkret olaraq bu görüşdən nə gözləyirsiniz?

Səfir: Ermənistanla Dağlıq Qarabağ problemi ilə bağlı danışıqların bərpasını ciddi şəkildə müzakirə edə bilmək üçün biz Vyanada keçiriləcək zirvə görüşünün keçirilməsini qəbul etmişik. Çünki siz gözəl bilirsiniz ki, bu sonuncu hərbi provokasiya üzündən - aprelin 2-də atəşkəs pozulduğuna görə sülh danışıqları dalana dirənmişdir. Cənab Prezident Əliyev üç həmsədr ölkənin köməyi və iştirakı ilə sülh danışıqlarının yenidən bərpa olunması üçün Vyana görüşündə iştirak edəcək. Bizim üçün status-kvo qəbuledilməzdir. Bu status-kvo dəyişməlidir. Bunun isə ən yaxşı yolu kimi, Ermənistan silahlı qüvvələri işğal etdiyi tarixi Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə başlamalıdır.

Müxbir: Deməli, siz danışıqlara ilkin şərtlər qoyursunuz.

Səfir: Xeyr, bu, danışıqlara qoyulan ilkin şərt deyil. Əslində, Vyana görüşünün baş tutması üçün Ermənistan bəzi şərtlər irəli sürmüşdü. Bizim üçün heç bir ilkin şərt yoxdur. Bizim üçün önəmli olan odur ki, danışıqlar müzakirələr olaraq qalmasın. Biz həqiqi müzakirələrin keçirilməsini istəyirik. Bunu təmin etmək üçün isə əsas məsələlər müzakirə edilməlidir. Dalan vəziyyətindən çıxmaq üçün əsas məsələ kimi ilk növbədə işğal olunmuş Dağlıq Qarabağ və onun ətraf rayonlarından Ermənistanın silahlı qüvvələrinin çıxarılması müzakirə olunmalıdır.

Müxbir : Cənab Elçin Əmirbəyov, “Frans-24” telekanalının studiyasına gəldiyinizə görə sizə minnətdarlıq edirəm.

Səfir: Dəvətə görə mən də sizə təşəkkür edirəm.

Çapa hazırladı:

Namiq QƏDİMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında