Türkmən ədəbiyyatının təbliğinə mühüm töhfə

Məxdumqulu Fəraqi. Seçilmiş əsərləri. Bakı-Ankara, 2010, 448 səh.
Bu günlərdə Ankaradan xoş xəbər almışıq. Türk dünyasının UNESCO-su sayılan TürkSOY təşkilatı dahi türkmən şairi və mütəfəkkiri Məxdumqulu Fəraqinin "Seçilmiş əsərləri" adlı irihəcmli kitabını Azərbaycan dilində nəşr etmişdir. Kitabı tanınmış tərcüməçi-türkoloq, Bakı Dövlət Universiteti bədii tərcümə elmi-tədqiqat laboratoriyasının müdiri, filologiya elmləri doktoru Ramiz Əsgər çapa hazırlamışdır. O, indiyədək türk xalqları ədəbiyyatı üzrə 20-dən artıq kitab, o cümlədən Mahmud Kaşğarinin "Divanü lüğat-it-türk", Yusif Balasağunlunun "Qutadğu bilik", Faruq Sümərin "Oğuzlar", Bahəddin Ögəlin "Türk mifologiyası", bir qrup müəllifin yazdığı "Türk ədəbiyyatı tarixi" kitablarını tərcümə etmişdir.
- Ramiz müəllim, son dövrlərdə sizin tərcüməçilik fəaliyyətinizdə türkmən ədəbiyyatı mühüm yer tutur. Bu nə ilə bağlıdır?
- Türkmən xalqı ilə Azərbaycan xalqı qardaşdır. Hər ikisi türklərin oğuz qrupuna mənsubdur. Qanımız, dilimiz, tariximiz, mədəniyyətimiz ortaqdır. Bu iki xalq arasında əsrlər boyu ancaq qardaşlıq münasibətləri hökm sürmüşdür. Sovet dövründə əlaqələrimiz xüsusilə yaxın olmuşdur. Azərbaycanda və Türkmənistanda mədəniyyət günləri keçirilir, elm və sənət xadimləri, şairlər və yazıçılar bir-birinə qonaq gedir, sənətçilər qarşılıqlı olaraq konsertlər verirdilər. Müstəqillik dövründə hər iki ölkədə əsas diqqət dövlət quruculuğu məsələlərinə yönəldildiyi üçün mədəni əlaqələrdə müəyyən durğunluq yaranmışdı. Mən bir filoloq kimi ədəbi əlaqələrimizi yenidən canlandırmaq məqsədilə qədim və zəngin türkmən ədəbiyyatı nümunələrini ana dilimizə çevirmək qərarına gəldim.
- Bu günədək türkmən ədəbiyyatından hansı əsərləri tərcümə etmisiniz?
- Bu işlə üç ildən bəri məşğulam. Çevirdiyim ilk kitab çağdaş türkmən şairi Y.Orazın "Qarabağlı ananın ağısı" adlı kiçik bir şeir məcmuəsi idi. Sonra böyük türkmən şairi Molla Nəfəsin "Bu məkana gəlmişəm" kitabını çapa hazırladım. Şairin 200 illik yubileyi münasibətilə "Seçilmiş əsərləri"ni də nəşr etdirdim. Dahi Məxdumqulunun kitabı üzərində isə bir il gərgin şəkildə işlədim, şairin həyatı və yaradıcılığı haqqında 25 səhifəlik giriş məqaləsi yazdım. Kitabı dahi şairə layiq səviyyədə nəşr etdirmək məqsədilə TürkSOY-un baş katibi Düsen Kaseinova müraciət etdim. O, mənim təklifimi məmnuniyyətlə qəbul etdi, özü də kitaba bir səhifəlik müqəddimə yazdı.
Hazırda bu kitablara ciddi ehtiyac var. Türkmən ədəbiyyatı həm Bakı Dövlət Universitetində, həm də bir sıra ali məktəblərimizdə tədris olunur, lakin təəssüf ki, yetərli dərəcədə ədəbiyyat yoxdur. Geniş oxucu kütləsi də türkmən ədəbiyyatı ilə ciddi şəkildə maraqlanır. İndi bu boşluq qismən də olsa doldurulur.
- İndi hansı kitab üzərində işləyirsiniz?
- Gələn il böyük türkmən şairi Nurməhəmməd Əndəlibin anadan olmasının 350 illiyi tamam olur. Mən Əndəlibin "Şeirlər, poemalar, dastanlar" adlı kitabı üzərində işi başa çatdıraraq mətbəəyə təhvil vermişəm. 2011-ci ilin əvvəlində kitab işıq üzü görəcək. Hesab edirəm ki, bu, böyük şairin yubileyinə layiqli töhfə olacaq. Burada Əndəlibin lirikası, başqa şairlərin şeirlərinə yazdığı təsmin, təzmin və təxmislər, "Oğuznamə", "Nəsimi", "Səəd Vəqqas" və "Qisseyi-firon" poemaları, "Zeynal Ərəb", "Yusif və Züleyxa", "Baba Rövşən", "Leyli və Məcnun" dastanlarından parçalar və mənim geniş bir məqaləm verilmişdir. Hazırda klassik türkmən şeiri antologiyası üzərində işləyirəm. Bu kitabda isə Azadi, Şahbəndə, Məxdimqulu, Şeydayi, Məğrubi, Qayıbi, Talıbi, Qurdoğlu, Kəminə, Seyidnəzər Seydi, Seydulla Seydi, Zəlili, Zinhari, Molla Nəfəs, Aşiqi, Katibi, Möhtaci, Miskinqılınc, Balqızıl və digər tanınmış söz ustalarının əsərlərindən ən gözəl nümunələr toplanacaq.
- Siz keçən ay Türkmənistanın bir mükafatını almışdınız...
- Türmənistanda hər il hörmətli prezident Qurbanqulu Berdimühəmmədov tərəfindən təsis edilən "Altın əsr" adlı müsabiqə keçirilir. Bu müsabiqədə elm və mədəniyyət sahəsində yaradılan ən yaxşı əsərlər mükafata layiq görülür. Bu il ilk dəfə olaraq laureatlar arasında əcnəbilər də vardı. Azərbaycanın əməkdar artisti Gülyanaq Məmmədovaya Türkmənistanla bağlı xüsusi konsert proqramlarına görə, mənə isə Molla Nəfəsin "Seçilmiş əsərləri" kitabına görə "Altın əsr" mükafatı verildi. Məncə, mənim laureat seçilməyimdə yalnız bu kitab deyil, Aşqabadda keçirilən elmi simpoziumlarda iştirakım, türkmən ədəbiyyatı ilə bağlı məqalələrim də müəyyən rol oynamışdır. Prezidentin şəxsən özü tərəfindən imzalanan və onun adından təqdim olunan laureat diplomu və qızıl medalyon üçün, əməyimə verilən yüksək qiymət üçün hörmətli Qurbanqulu Berdimühəmmədova dərin təşəkkürümü bildirirəm.
- Bir neçə kəlmə də gələcək planlarınız haqqında...
- Gələn il dahi tatar şairi Abdulla Tukayın anadan olmasının 125 illiyidir. Təəssüf ki, bu günə qədər onun azərbaycanca heç bir kitabı çıxmamışdır. Tukayın bir kitabını hazırlamaq istəyirəm. Ortaq türk ədəbiyyatının görkəmli nümayəndəsi, böyük hökmdar və şair Zəhirəddin Məhəmməd Baburun "Seçilmiş əsərləri"ni və məşhur "Baburnamə"sini ana dilimizə tərcümə etməyi düşünürəm.{nl}

Müsahibəni apardı: İlham ABBASOV

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında