BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirak etmək üçün Bakıda səfərdə olan Fransa parlamentariləri ilə Azərbaycan Respublikasının Milli Məclisində görüşdük. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, millət vəkili Cavanşir Feyziyevin müşayət etdiyi qonaqlarla müsahib olmaq fürsətindən istifadə edib onların ölkəmizlə bağlı bugünlərdə sərgilədikləri həssaslığı və fəallığı qədirbilənliklə yada saldıq.
Xatırladaq ki, aprel ayının əvvələrində işğalçı Ermənistan qoşunlarının cəbhənin bütün təmas xətti boyunca törətdikləri təxribat dünyanın hər tərəfində əks-səda doğurduğu bir vaxtda ermənilərin regionda və bütün dünyada sülhə və sabitliyə təhlükə yaradan hərəkətlərini qətiyyətlə pisləyən Fransa senatorları, deputatları və ictimai xadimləri Azərbaycanın haqlı mövqeyini dəstəkləyən bəyanatlar səsləndirdilər. Hətta aprelin 5-də tərəflər arasında atəşkəs haqqında razılıq əldə olunmasına baxmayaraq, erməni hərbi birləşmələrinin yenə də dinc əhalinin yaşadığı məntəqələrimizi atəşə tutmasından hiddətlənən bir qrup nüfuzlu siyasətçi Fransa prezidenti Fransua Ollanda müraciət ünvanladılar.
Ermənistannın uzun illər formalaşan diasporunun fəal və mediaya çıxış imkanlarının geniş olduğu Fransada Azərbaycanın haqlı mövqeyini ardıcıl dəstəkləyən iki fransız deputatın – BMT alyansının forumunda iştirak edən Fransa nümayəndə heyətinin rəhbəri, Azərbaycanın Dostları Assossiyasının prezidenti Jan Fransua Manselin və Azərbaycan – Fransa Dostluq Cəmiyyətinin sədr müavini Jan Lük Reitserin adları və fəaliyyətləri oxucularımıza yaxşı məlumdur.
İlk həmsöhbətimiz Avropada kifayət qədər geniş tanınan Jan Fransua Mansel oldu. Olduqca nikbin və şən görünən, zahirən də tipik Avropa siyasətçilərini xatırladan cənab Mansel “Dağlıq Qarabağla bağlı son böhranlı hadisələrdə Ermənistana qarşı etirazlarınız haradan və nədən qaynaqlanırdı?” sualımızı da çox şən və nikbinliklə cavablandırdı:
– Adətən, münaqişə subyektləri, xüsusən də döyüşən tərəflərin hər biri özünü təcavüz hədəfi, ədalətsizlik qurbanı kimi qələmə verməyə çalışırlar. Ermənistan dünyaya yayılmış geniş diasporunun köməyi ilə hər dəfə belə təəssürat yaratmağa çalışır ki, o haqlıdır. Fransada da uzun illər belə olmuşdur. Lakin indiyədək formalaşmış təsəvvürlərdən kənara çıxmaq və situasiyanı olduğu kimi görmək lazımdır. 2016-cı il aprelin 2-də qanlı təxribat və görünməmiş zorakılıqlar nəticəsində Azərbaycan ordusu beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində, cəbhə bölgəsinin təmas xətti yaxınlığında yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədi ilə zəruri tədbirlər görməli olmuşdur.
Bu münaqişənin həlli üçün fundamental əsaslar Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş dörd qətnamə və BMT Baş Assambleyasının qətnaməsi ilə müəyyənləşdirilmişdir və bu ciddi sənədlər işğalçı Ermənistan qoşunlarının dərhal, tam şəkildə, heç bir şərt qoymadan Azərbaycanın işğal olunmuş ərazilərindən çıxmasını tələb edir. Belə hesab edirik ki, beynəlxalq birlik, xüsusilə də, Fransanın da daxil olduğu ATƏT-in Minsk Qrupunun həmsədrləri mütləq və ən qısa zamanda Ermənistana təsir etməklə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinin gerçəkləşməsi üçün hərəkətə keçməlidirlər.
Vasitəçilər problemin həllini ləngitməməlidirlər. Münaqişənin yenidən alovlanmasının qarşısı alınmalıdır. Ona görə də Fransa Prezidenti Fransua Ollanda müraciət etdik və ondan xahiş etdik ki, Minsk qrupunun həmsədri və BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi Fransa təcili tədbirlər görsün, işğalçı Ermənistan beynəlxalq hüququn müddəlarına əməl etməyə məcbur edilsin.
– Bu qədər aydın həqiqət uzun illər dünyada niyə olduğu kimi qəbul edilməyib?
– Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə və BMT Baş Assambleyasının qətnaməsi Azərbaycanın haqlı mövqeyinin təsdiqidir. Bunlar həm də Azərbaycanın işğala məruz qaldığını, sərhədlərinin pozulduğunu sübut edir. Amma xaricdə əli hər yerə çatan Ermənistanın diasporları uzun illərdən bəridir dünya xalqlarını aldadıb, saxtakarlığı geniş yaymaqla reallıqları alt-üst edə bilib. İndisə zaman dəyişib, Azərbaycan özünü güclü, inkişafda olan, sülhsevər və tolerant bir dövlət kimi tanıdıb. İndi tələb də dəyişib və ciddiləşib: vasitəçilər problemin həllini ləngitmələrinə son qoymalıdırlar!
Məsələ nə qədər dolaşdırılsa da, mürəkkəbləşdirilsə də, əslində, aydın və sadədir: Ermənistan işğal etdiyi Azərbaycan ərazilərindən qeyd- şərtsiz və ləngimədən çıxmalıdır. 22–23 ildir ki, bu tələbə əməl etməyən Ermənistan, nəhayət, buna məcbur edilməlidir. Bunun əksi dünyanın gözü qarşısında beynəlxalq hüququn tapdalanması və təcavüzkara dözümlük göstərilməsidir.
– İştirakçısı olduğunuz BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu haqqında nə deyərdiniz?
– Forumun ideya və məqsədləri böyük əhəmiyyət daşıyır. Birləşmiş Millətlər Təşkilatının belə bir tədbirinin Bakıda keçirilməsi tarixi hadisədir. Düşünürəm ki, BMT davamlı inkişaf və ədalətli dünya üçün olduqca vacib məsələləri müzakirə edir və insanları bir araya toplayır. BMT öz məqsədinə çatmaq üçün böyük cəhd göstərir. Lakin əlavə dialoqlar qurulmalı, ən əsası isə geniş fikir mübadiləsi aparılmalı və hədəflərə çatmaq üçün inamlı olmaq lazımdır. Belə bir mötəbər tədbirdə müxtəlif dövlətlərin nümayəndələrinin iştirakı Azərbaycanın regionda və dünyada getdikcə artan nüfuzuna bariz nümunədir. Dünya bir daha görür ki, Azərbaycanda bir sıra xalqlar mehriban yaşayır, ahəngdar inkişaf edir.
Erməni millətçiləri və separatçıları isə dünyaya bunun əksini sübut etməyə çalışırlar – düşmənçiliyi körükləməklə, müharibəyə, günahsız insanların qanının axıdılmasına bais olmaqla. Azərbaycanda son illərdə keçirilən bir sıra beynəlxalq humanitar tədbirlərin dünyanın hər yerindən gələn nüfuzlu iştirakçıları təkrar- təkrar kimin kim olduğunu görürlər. Nəticədə, dünyada daha çox insan Azərbaycanın haqq işini dəstəkləyir, səlahiyyətli qurumlar onun beynəlxalq dialoqa töhfəsini yüksək qiymətləndirir.
Mədəniyyətlərarası dialoqun gələcəkdə daha səmərəli, faydalı əməkdaşlığa şərait yaradacağına əminəm. Azərbaycan Avropaya doğru inamlı addımlarla irəliləyən gənc müstəqil ölkədir. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan regionun ən önəmlidövlətlərindən birinə çevrilib. Ölkənizin dövlət başçısı İlham Əliyev və birinci xanımı Mehriban Əliyeva ilə budəfəki görüşümüzdə də bildirdik ki, Fransa ilə Azərbaycan arasında bütün sahələrdə qurulan əməkdaşlıq dostluq və qarşılıqlı hörmətə əsaslanır, ilbəil genişlənir.
Növbəti müsahibimiz Jan Lük Reitser də Azərbaycanla dostluq əlaqələrinin inkişafından və perespektivlərindən danışdı:
– Fransa üçün Azərbaycan ilə əlaqələr çox mühümdür. Fransa Prezidenti Fransua Ollandın Azərbaycana iki dəfə səfər etməsi də ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu göstərir. Mən Azərbaycanda bir neçə dəfə olmuşam. Hər dəfə də yeniliklərlə qarşılaşmışam. Bakıda olmaq mənim üçün çox xoşdur. Azərbaycan gənc dövlət olsa da böyük uğurları var, iqtisadiyyatı çox çevik və sürətli inkişafdadır. Xüsusilə, qanunvericilik sahəsində əhəmiyyətli dərəcədə inkişaf əldə edilib. Bu forum dünyanı narahat edən məsələlərin həlli istiqamətində vacib platforma olacaq və mövcud problemlərin aradan qaldırılması üçün mexanizmlərin tapılmasına kömək edəcək.
Dövlət və hökumət başçılarının, digər yüksək səviyyəli rəsmi şəxslərin, tanınmış ictimai-siyasi xadimlərin, nüfuzlu beynəlxalq qurumların təmsilçilərinin iştirak etdikləri BMT alyasının Azərbaycan paytaxtında keçirilən forumunun rəsmi açılışında Azərbaycan Prezidenti İlham Əliyev dünyada höküm sürən önəmli məsələlərə toxundu. Əlbəttə, bu forum beynəlxalq aləmin diqqətini bir daha Azərbaycana yönəldir. Qlobal forum bu baxımdan da olduqca önəmlidir.
– Cənab Reitser, Dağlıq Qarabağ bölğəsində baş verən son həyəcanlı hadisələrdə Fransanın bir qrup siyasi xadiminin ədalətli mövqeyi Azərbaycanda böyük ümidlər doğurdu. İstər bir siyasətçi, istərsə də bir avropalı kimi münaqişənin həllinə münasibətinizi bilmək istərdik.
– Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli perspektivsiz görünür. Uzun illərdir davam edən münaqişə hərbi yolla bir az da dolaşığa düşürsə, deməli, siyasi yolla həll edilməlidir. Minsk qrupunun həmsədri kimi Fransa Dağlıq Qarabağ münaqişəsinin davamlı həll yolunu tapmağa çalışır. Fransa Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyi Rusiya və ABŞ diplomatiyası ilə birlikdə Madrid prinsiplərinin tətbiqinə və münaqişənin həllinə çalışılır.
Əsas məsələ gücdən istifadə etməmək və sülh yolu ilə həllə nail olmaqdır. Münaqişədə iştirak edən hər iki tərəf danışıqlar masasına oturmalıdır. Bu, belə düşünürəm ki, həm Ermənistanın, həm Azərbaycanın marağına xidmət edir. Təssüf ki, Ermənistan tərəfi gözləyir ki, vasitəçilər birmənalı olaraq onların mövqeyini doğru hesab etsin. Fransa səylərini ədalətin dəstəklənməsi istiqamətində davam etdirir.
Prezident Fransua Ollanda bir qrup tanınmış Fransa siyasətçilərinin, o cümlədən Azərbaycan – Fransa Dostluq Cəmiyyətinin sədr müavini kimi mənim də imzaladığım rəsmi müraciətdə belə hesab etmşik ki, Minsk qrupunun həmsədr ölkələri mütləq Ermənistanın BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etməsi üçün hərəkətə keçməlidirlər. Biz dövlətimizin başçısını qətiyyətli olmağa, Ermənistanı işğal olunmuş Azərbaycan ərazilərindən çıxmağa məcbur etmək üçün addımlar atmağa çağırmışıq.
Azərbaycanın işğal olunmuş əraziləri barıt çəlləyini xatırladır. İşğala məruz qalmış Azərbaycan bu günkü durumla razılaşmır. Ermənistan isə bütün təklifləri rədd edir, müxtəlif əsassız bəhanələrlə vaxtı uzadır. Bu dövlətin rəhbərliyi uşaq şıltaqlığı və ərköyünlüyü ilə hədələyici bəyanatlar verir. Bunun nəticəsi olaraq Ermənistan ordusu təmas xəttində aprelin 5-də əldə edilmiş atəşkəsi pozur. Ermənistan ordusu tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsi və ona bitişik rayonlar Fransanın iqtisadi tərəfdaşı və terror əleyhinə mübarizədə mühüm müttəfiqi olan və sabitlik adası sayılan Azərbaycan Respublikasının tarixi ərazisidir. Ermənistan ordusu dərhal və qeyd-şərtsiz həmin ərazilərdən çıxarılmalıdır.
Müsahiblərimiz sonda bildirdilər ki, bu gün yekunlaşmaqda olan VII Qlobal Forum sivilizasiyalararası dialoqun möhkəmləndirilməsi, xalqlar və dövlətlər arasında dostluq, əməkdaşlıq və davamlı inkişafın aktual məsələlərin müzakirə olunduğu, mühüm problemlərinin həllinə dəstək verildiyi qlobal bir platforma olduğunu sübut etdi.
Fransalı dostlarımızla söhbətimiz də göstərdi ki, müstəqillik illərində mühüm nailiyyətlərə imza atmış, dinamik inkişaf edən Azərbaycan Respublikası öz müstəqil və məqsədyönlü siyasəti ilə dünya siyasətində və beynəlxalq münasibətlər sistemində layiqli yer tutmuş və bu sahədə uğurlarını ilbəil artırmaqdadır.
Namiq QƏDİMOĞLU,
Tahir AYDINOĞLU,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.