“Özümü məsuliyyətli missiya daşıyıcısı kimi hiss edirəm”

Aygün Attar 1962-ci ildə anadan olmuşdur. 1986-cı ildə Bakı Dövlət Universitetini bitirmişdir. 1994-cü ildə dosent, 2003-cü ildə professor olmuşdur.  Professor Aygün Attar müxtəlif elmi  vəzifələrdən sonra 2007-ci ildən Giresun Universitetində rektor müavini vəzifəsini icra edib. 2012-ci ildən Türkiyə Prezidenti Abdullah Gül tərəfindən Giresun Universitetinin rektoru vəzifəsinə təsdiq olunub. Ailəlidir, üç övladı var. Aygün Attar tarix sahəsi üzrə bir sıra fundamental elmi araşdırmaların müəllifidir. Əsas mövzusu “erməni məsələsi” olmaqla, Qafqaz və Orta Asiya türkləri barədə bir sıra araşdırmalara imza atmışdır. Təhsil və elm sahəsində göstərdiyi xidmətlərə görə bir sıra mötəbər təşkilatların mükafatlarına layiq görülmüşdür. Rus, ingilis, fars dillərini mükəmməl bilir.

—Aygün xanım, Türkiyədə nüfuzlu universitetlərdən birinə rəhbərlik edirsiniz. Qardaş ölkədə belə  vəzifədə olan yeganə azərbaycanlısınız. Bəs necə oldu ki, Türkiyədə təhsil karyerası qurdunuz və rektor seçildiniz?

 — 1990-cı illərin əvvəllərində Türkiyəyə gəldim. O zaman doktorantura təhsilim davam etməkdə idi. 1993-cü ildə doktorluq dissertasiyamı tamamladıqdan sonra Türkiyədə dosent oldum. Bu müddət ərzində deyə bilərəm ki, bir günümü belə boş keçirmədim. Həm elmi fəaliyyətlərdə, həm də milli məsələlərə dair ictimai yığıncaqlarda fəal iştirak etdim. Türkiyənin tarix sahəsindəki bir çox qiymətli elm adamları ilə yaxından tanış oldum. Xüsusilə, “erməni məsələsi”, Qarabağ, İran türkləri kimi mövzulardakı işlərim böyük maraqla qarşılandı. 2003-cü ildə Türkiyənin Kütahya vilayətində olan Dumlupınar Universitetində tarix üzrə professor oldum. Bu universitetdə 5 il çalışdım və həmin müddətdə yeni  tarix bölməsinin rəhbəri,  fakültə idarə heyətinin üzvü, Tarix Araşdırma Mərkəzinin rəhbəri,  inzibati vəzifələri icra etdim.

Türkiyədə son 10 ildə çoxlu sayda yeni universitet açıldı. Bunlardan biri də Qara dənizin gözəl sahil şəhəri olan Giresunda qərarlaşdırıldı. 2006-cı ildə qurulmuş olan bu universitetin ilk heyətinə professor  olaraq qatıldım və 2007-ci ildə Giresuna getdim. Eyni zamanda, rektor müavini vəzifəsinə təyin olundum. Yeni qurulan təhsil ocaqlarında  idarəçilik həm çətin, həm də maraqlıdır. 2007-ci ildən etibarən deyə bilərəm ki, Giresun Universitetinin hər daşına bələd oldum. Təhlükəsizlik işçisindən bölmə rəhbərlərinə,  dairə başqanlarından, məmurlarından belə hər kəslə tanış oldum.  Beləliklə, deyə bilərəm ki, bir türk universitetində  bütün inzibati vəzifələrdə  işləmişəm.

2010-cu ildəki rektorluq seçkilərindən sonra ən müvəffəqiyyətli üç namizəd arasında yer aldım. Lakin müxtəlif səbəblərlə təyin edilməm gecikdi.  2012-ci ildə isə Giresun Universitetinin rektoru təyin edildim. İndi mən əvvəlkindən də artıq özümü məsuliyyətli missiya daşıyıcısı kimi hiss edirəm.

— İxtisasça tarixçisiniz. Elmlər doktorusunuz.  Rəhbərlik etdiyiniz təhsil ocağında Türk dünyasının, Azərbaycanın həqiqətlərini təbliğ etməyi hansı formada təsəvvür edirsiniz və ya hansı layihələri işləyib hazırlayırsınız ?

—Biz bu mövzuda plan mərhələsini çoxdan keçmişik. Bizim universitetimizdə Türk dünyasının əlamətdar günləri, əhəmiyyətli tarixi hadisələri yad edilir. Həqiqətən, bunu milli bir vəzifə bilirəm və Türkiyədə də bu şəkildə bilinməsi üçün çalışıram. İlk dəfə olaraq  universitetin ən böyük korpusunun meydanına “Qafqaz İslam Ordusu” meydanı adını verdik. Orada ay-ulduzlu bir simvolik əhəmiyyət daşıyan  abidə tikdirdik. Türkiyə və Azərbaycan bayraqları daimi olaraq orada dalğalanır.  Hər dəfə 20 Yanvar faciəsinin və Xocalı soyqırımının  ildönümlərində, hər ilin 31 Mart günü bütün universitet  tələbələri ilə birlikdə orada anım mərasimi keçiririk.  Onu da qeyd edim ki, Kərkük türkmənləri, Krım türkləri, Çindəki uyğur, eləcə də, qazax və qırğız qardaşlarımızın da milli günlərini, tarixi hadisələrini simpozium və “dəyirmi masa” və  konfranslarla qeyd edirik. Həm də  bunları yalnız tarixi kök eyniliyindən irəli gələrək deyil, gələcəyə doğru aktual sayıla biləcək birlik perspektivimiz baxımından edirik.

Bizim universitetimiz həm də Qara dənizə dair strateji araşdırmaları ilə məşhur ali məktəbdir. 2008-ci ildən bu günə qədər 6 böyük beynəlxalq konfransda Qara dəniz ətrafındakı siyasi, hərbi, təhlükəsizlik, enerji mövzuları təqdim edilmişdir. Bunların nəticələri kitablarda, məcmuə şəklində  çap edilmişdir. Bu elmi məcmuələr Türkiyə dövlətinin əlaqədar təşkilatlarına, dövlət qurumlarına paylanılmışdır. Bundan əlavə,   “KARASAM” adlı  Strateji Araşdırma Mərkəzimiz fəaliyyət göstərir.

—Tarix çox zaman subyektivlik üzərindən yazılır, amma nəticədə obyektivliyi  qoruyub saxlayır. Siz bir tarixçi kimi necə düşünürsünüz. Ermənilərin Türkiyə və Azərbaycana həm ərazi, həm də soyqırımı iddialarının əsasında nə dayanır ?

—Baxın, ermənilər üçün  iddia etdikləri xülyaların elmi əsasının olub-olmaması önəmli deyil. Əlbəttə, bir millətin tarixdə yaşadığı torpaqlarda indi yaşamaması üzücü faktordur. Ermənilərdə bu kompleks halında biruzə verir. Mən şəxsən, qarabağlı bir ailənin övladıyam. Dədə -babalarımızın yurdları, məzarları bu gün erməni işğalı altındadır. Biz bunun canlı, yaşayan örnəkləriyik. Azərbaycanın tarixi xanlıqlarından ikisinin üzərində  erməni dövləti qurulub, orada planlı bir soyqırımı və etnik təmizləmə həyata keçirilib. Bunu  normal təfəkkür sahibi, azacıq intellektual imkanları olan istənilən insan bilir. Əslində, biz Xocalı barədə söz açarkən  tarixdəki  Xocalı kimi faciələri də xatırlatmaq arzusundayıq. Türkiyədə hal-hazırda ermənilər də yaşayır, elm, mədəniyyət, sənət, siyasət həyatında iştirak edə bilirlər. Hətta dövlət rəhbərliyinə də qatıla bilirlər, millət vəkili də olurlar. Bunları Türkiyə və Azərbaycana qarşı irqçi böhtanların heç bir praktik və elmi əsasının olmadığını göstərmək üçün deyirəm.

O ki qaldı qondarma “erməni soyqırımı”na, bu barədə gerçəklər arxivlərdədir və bunların araşdırılması üçün edilən zənglər Ermənistan və erməni diasporu tərəfindən qulaqardına vurulur. Deməli, Ermənistan rəhbərliyi həqiqətləri bilir və anlayır ki, onların təbliğ etdiyi yalan ifşa oluna bilər. Ermənilərin bu iddiaları, tarixdə Şərq məsələsi olaraq bilinən və türkləri Xəzərin kənarına qədər sıxışdırmaq planlarının tərkib hissəsidir.  Altından xətt cızaraq qeyd olunmalı digər məsələ isə ermənilərin bir neçə nəsildir ki, milli kimliklərini türk düşmənliyi üzərində  inşa etmələri problemidir. Onların, əslində, milli faciələri də bundan başlanır.

— Martın 10-da yenidən rektorluq seçkiləri oldu və rəsmi nəticələrdə rekord nəticə toplayaraq yenidən bu vəzifəyə seçildiniz. Bu uğurunuz sosial şəbəkələrdə həmyerlilərimiz tərəfindən böyük sevinclə paylaşıldı.  Bu uğurun, etimadın səbəbini necə izah edərdiniz ?

— Hər şeydən əvvəl Türkiyə dövlətinin həmişə göstərdiyi himayədarlığa təşəkkürümü borcluyam. Universitetdəki  abadlıq-tikinti fəaliyyətlərimiz, aldığımız vəsait və təchizat, akademik və inzibati kadrlar dövlət sayəsində reallaşmaqdadır. Ayrıca bu nəticələrin ortaya çıxmasında şəxsi səyimdən əlavə  iş yoldaşlarımın, qrupumun dəstəyi, rektorluğum müddətində başda akademik personal olmaqla bütün işçilərimə  əlimdən gəldikcə göstərdiyim yaxınlıqdan yaranan marağın payı olduğunu düşünürəm. Bundan başqa, varlığımızın səbəbi hesab etdiyimiz tələbələrimizin də bu mənada fəaliyyətləri çox böyükdür. Tələbənin təqdir etmədiyi, dəstək vermədiyi, bəyənmədiyi bir namizədin bu müvəffəqiyyətə çatması, məncə, qeyri-mümkündür.

— Sonrakı fəaliyyətinizi hansı məcrada qurmaq niyyətindəsiniz və ya hansı innovasiyaları tətbiq etməyi düşünürsünüz ?

— Mən ötən ay keçirdiyim böyük bir mətbuat konfransı ilə  yenidən rektorluğa namizədliyimi açıqlayanda bütün planlarımı tək -tək izah etdim. Giresun kiçik bir şəhərdir. Universitetin müəllim-tələbə heyətinin ümumi say tərkibi şəhər əhalisinin az qala otuz faizinə bərabərdir. Şəhər içindəki bəzi sahələr universitetə aiddir və burada şəhərə də xidmət edəcək müxtəlif binaların tikilməsini planlaşdırmışıq. Kampus sahəsinin genişləndirilməsini məqsədəuyğun hesab edirəm. Türk dünyasına bağlı bəzi böyük təşkilatların Giresunda fəaliyyət göstərməsi və tədbirlərin burada təşkil edilməsi üçün çalışırıq. Eyni zamanda, Qara dəniz- Xəzər hövzəsində elmi sahədə daha çox əməkdaşlıq edilməsi də planlarımıza daxildir. Strateji Araşdırma Mərkəzinin fəaliyyətinin institut səviyyəsinə çıxarılmasını planlaşdırmışam. Eləcə də, yaxın vaxtlarda  yeni səhiyyə kampusu və tibb fakültəsinin inşasına başlanacaq. Universitetdə yeni bir neçə elmi institutun yaradılması qətidir.

— Giresun Universitetinə azərbaycanlı tələbələrin təhsil almaq üçün müraciətləri hansı səviyyədədir ?

— Universitetdə 1000-dən çox xarici tələbə  təhsil alır və bunların 70 faizdən çoxu azərbaycanlı  balalarımızdır.  Əlbəttə, azərbaycanlı ailələrin burada çox olmasının başlıca səbəblərindən biri də valideynlərin və tələbələrin mənim orada rektor olmağımı bir zəmanət, bir təminat olaraq görməkləridir. Təqdirəlayiq hallardan biridir ki, universitetimizdə  yerlər məhduddur. Xüsusilə tibb, mühəndislik, iqtisadi idarəetmə , ünsiyyət fakültələrimizdə bölmələrin hamısı dolmaqdadır.

— Əməkdaşlıq etdiyiniz xarici universitetlərin sırasında Azərbaycan ali məktəbləri varmı?

— İlk və ən böyük partnyorluq etdiyimiz ali təhsil ocağı Bakı Dövlət Universitetidir. Bundan başqa,  Xəzər Universiteti, Bakı Slavyan Universiteti, “ADA” Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Odlar Yurdu Universiteti, Naxçıvan Dövlət Universiteti, Avrasiya Universiteti kimi bir sıra ali məktəblərlə əməkdaşlığımız vardır.

— Sonda Azərbaycan və Türkiyə əlaqələrinin keçmişini, bu gününü və gələcək perspektivlərini necə şərh edərdiniz ?

— Qənaətim  odur ki, Azərbaycan-Türkiyə əlaqələri qızıl dövrünü yaşamaqdadır. Bu birlik dostlara güvənmək hissi, düşmənə isə qorxu və narahatlıq verməkdədir. Belə də olmalıdır və bu birlik daha da gücləndirilməlidir. Hörmətli Prezidentimiz İlham Əliyevin Avropada, Praqa sammitində cəsarətlə “Burada Türkiyə yoxdur, amma mən varam, onların yerinə mən cavab verəcəm” deməsi əsla  unudulmayacaq. Həm də Azərbaycanda baş verən ictimai-siyasi, hərbi vəziyyət burada daim təhlil olunur, Türkiyə cəmiyyəti qardaş dövlətin uğurlarına sevinir, acılarına təəsüflənir, sarsıntı keçirir. O cümlədən  Azərbaycanda da Türkiyədəki vəziyyət  hər gün izlənməkdədir, qardaş Türkiyənin dırnağına daş dəyərsə Azərbaycan bunu ən yaxından hiss etdiyini bəyan edir. Bu səmimiyyətin, qardaşlığın təcəssümünü sosial şəbəkələrimizdə də yaxından görmək mümkündür. Türkiyə terrorla mücadilə edir. Bu gün Türkiyə dövləti terrora ən amansız zərbələrini vurur. Şübhəsiz ki, terror da öz ölüm nəfəsini verdikdə bu acığı, bu hikkəni dinc insanlardan çıxmağa çalışır. Bu yaxınlarda baş verən və dinc insanların ölümü ilə nəticələnən terror aktları da buna sübutdur. Azərbaycan bu çətin günlərdə qardaş ölkəyə ən yaxından dəstək olan dövlət oldu və bu bizi son dərəcə qürurlandırdı. O cümlədən, aprel ayının əvvəllərində ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarında yenidən fəallaşması və Azərbaycan Ordusunun erməni silahlı qüvvələrinin məkrli planlarının qarşısını uğurla alması, əsgərlərimizin qəhrəmanlıqla şəhid olması, düşmən qərargahlarının və canlı qüvvəsinin məhv edilməsi Türkiyə ictimaiyyətində də həyəcanla izlənildi. Türkiyə dövlətinin bütün rəhbərliyi Azərbaycana böyük siyasi dəstəyini ifadə etdi ki, bu, hamımızı yenidən sevindirdi.

Biz öhdəmizə düşən bu birliyi gücləndirəcək konkret addımların atılmasına hər səviyyədə dəstək olmalıyıq. Dildə, mədəniyyətdə, mənəviyyatda olduğu kimi, enerji, əlaqələndirmə, nəqliyyat, istehsal, müdafiə və təhlükəsizlik sahəsindəki əməkdaşlıq ilə də hər sahədə bu birliyi  gücləndirməliyik.

— Təşəkkür edirik və  gələcək fəaliyyətinizdə sizə böyük uğurlar arzu edirik.

— Biz də sizə təşəkkür edirik,  Azərbaycanda böyük nüfuzu ilə seçilən “Xalq qəzeti”nə daha böyük auditoriya uğurları arzu edirik.

Müsahibəni qələmə aldı:
Anar TURAN,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında