Nəcəfqulu Nəcəfov: Azərbaycan hər bir dost xalqın nümayəndəsi, onun mədəniyyəti üçün açıq ölkədir

Azərbaycan  tarixən burada yaşayan xalqların və etnik qrupların dostluq və qardaşlıq əlaqələrinin bərqərar olduğu unikal bir ölkədir. Bu dostluq və qarşılıqlı inam xalqlarımızı daha güclü və məğrur edir, mədəni intibahımızı sürətləndirir. Bu, böyük tarixi sərvətdir. Azərbaycan dövləti bu böyük tarixi ənənələri qoruyaraq gücləndirmək əzmindədir.

Ölkəmiz bu sahədə əldə etdiyi uğurları paylaşmağa hər zaman hazırdır. Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev haqlı olaraq qeyd edib ki, BMT-nin Sivilizasiyalararası Alyansının VII Forumunun məhz Bakıda keçirilməsi ölkəmizin bu sahədə əldə etdiyi uğurların sivil dünya tərəfindən etiraf olunması deməkdir.

Sabah Bakıda öz işinə başlayacaq forum ilə bağlı eyni vaxtda Qubada və Moskvada Azərbaycan və rus dillərində nəşr olunan “Birlik-Edinstvo” qəzetinin redaktoru Nəcəfqulu Nəcəfovdan bu nüfuzlu tədbirlə əlaqədar öz fikirlərini açıqlamasını xahiş etdik. Həmkarım bunları dedi:

– Hesab edirəm ki, BMT-nin Sivilizasiyalararası Alyansının VII Forumunun Bakıda keçirilməsi böyük tarixi hadisədir. Bu gün Azərbaycan dünyanın ən tolerant və humanist dövlətlərindən biridir. Burada hər bir xalqa, onun adət-ənənəsinə dərin hörmət və qayğı var. Müstəqil Azərbaycan dövləti müasir dünyaya sivilizasiyalararası rəqabətdən əməkdaşlığa keçməyi təklif edir. Düşünürəm ki, ölkəmizi region və bütün dünya üçün maraqlı və cəlbedici edən də məhz elə budur.

 Mən Qubada anadan olmuşam. Ali təhsilli jurnalistəm. Gözümü açandan rayonumuzda ayrı-ayrı xalqların nümayəndələrinin çox mehriban, dostluq şəraitində yaşadığını  görmüşəm. Hazırda Azərbaycan və rus dillərində çıxan qəzetə rəhbərlik edirəm.

Qeyd etmək istərdim ki, son illər Qubaya, eləcə də yəhudilərin kompakt yaşadığı “Qırmızı Qəsəbə”yə  dünyanın ən müxtəlif yerlərindən tez-tez görkəmli elm və mədəniyyət xadimləri, nüfuzlu siyasətçilər gəlirlər. Onlar Azərbaycanda yəhudi ailələrinə, başqa etnik qruplara olduqca böyük qayğını görərkən bundan riqqətə gəlirlər.

Təkcə yəhudilər deyil, Azərbaycanda yaşayan bütün xalqlar - ruslar, tatarlar, ləzgilər, talışlar və başqa millətlərin nümayəndələri öz adət-ənənələrini qorumaq üçün yaradılan ən geniş imkanlardan bəhrələnə bilirlər. Onlar Azərbaycanı haqlı olaraq özlərinə Vətən sayırlar və onun tərəqqisi üçün bütün bilik və bacarıqlarını əsirgəmirlər.

Bu gün heç bir başqa millətin nümayəndəsinin yaşamadığı monoetnik Ermənistanda isə milli məsələlərdə olduqca xəstə təxəyyül formalaşıb. Erməni eqoizmi artıq dünyanın çox yerində ikrah hissi doğurur. Azərbaycan isə, bunun tam əksinə olaraq, hər bir dost xalqın nümayəndəsi, onun mədəniyyəti üçün açıq ölkədir.

Söhbəti qələmə aldı:
Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında