D.SAVELYEV: Rusiya ilə Azərbaycan arasındakı dostluq vəziyyəti idarə etmək həvəskarlarına rahatlıq vermir

Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, RF Dövlət Dumasının deputatı Dmitri Savelyev AZƏRTAC-ın müxbirinə müsahibəsində Rusiya ilə Azərbaycan arasında hazırkı münasibətlərdən və bəzi qüvvələrin ölkələrimiz arasına nifaq salmaq cəhdlərindən danışıb.

- Dmitri İvanoviç, Azərbaycan ilə Rusiya arasındakı münasibətlər sahəsində bu günə olan vəziyyəti Siz necə qiymətləndirirsiniz?

- Aprel ayında çox mühüm hadisələr baş verdi. Ermənistan tərəfindən törədilən provokasiya nəticəsində Dağlıq Qarabağ münaqişəsinin gərginləşməsi, Azərbaycan Respublikasının hərbi uğurlarına, qazandığı qələbələrə baxmayaraq, birtərəfli qaydada atəşi dayandırması və münaqişəni sülh yolu ilə həll etmək arzusunu birinci olaraq elan etməsi –bütün bu hadisələr fonunda Qərb ölkələrinin çoxunun Azərbaycana real münasibəti aydın oldu. Qeyd etmək istəyirəm ki, Rusiya danışıqlar prosesinin intensivləşdirilməsi, münaqişənin diplomatik yolla nizamlanmasını irəlilətmək üçün maksimum cəhd göstərdi. Bunu Azərbaycan Respublikası Prezidenti İlham Əliyev dəfələrlə qeyd edib. Rusiya Prezidenti Vladimir Putin və RF xarici işlər naziri Sergey Lavrov münaqişənin dinc yolla həll etməyin necə vacib olmasından danışıblar. Məlum vəziyyətdə Rusiyanın göstərdiyi mühüm cəhdlər bütün dünyaya aydındır. Düşünürəm ki, elə bu, Rusiya üçün Azərbaycanla münasibətlərin əhəmiyyəti barədə nəsə başqa bir söz deməkdən daha yaxşıdır.

-Deyəsən, Rusiya ilə Azərbaycanın daha sıx yaxınlaşması heç də hamının ürəyincə deyil?

-Siz haqlısınız. Ölkələrimiz arasında ixtilaf yaratmaq üçün provokasiya və cəhdlərin sayı-hesabı yoxdur. Heç uzağa getməyək, bu yaxınlardakı provokasiyanı, Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri zamanı onunla qondarma Krım-tatar məclisinin liderləri Mustafa Cəmiloğlu və Rüfət Çubarov arasında, guya, baş tutan görüş haqqında internetdə informasiyanın yayılmasını yada salaq. Sonra bu, Prezidentin mətbuat xidməti tərəfindən təkzib edilib. Axı, bu, ölkələrimiz arasında nifaq yaratmaq üçün növbəti cəhddən başqa bir şey deyil. Sözsüz ki, belə cəhdlər davam edəcək. Axı, Rusiya ilə Azərbaycan arasındakı dostluq ölkələrimizi nəzarətdə saxlamaq cəhdlərinə mane olaraq vəziyyəti idarə etmək həvəskarlarına rahatlıq vermir. Biz bir yerdə daha güclüyük və uğurla bu günün siyasi və iqtisadi çağırışlarına qarşı dura bilərik.

- Sizin fikrinizcə, ölkələrimiz arasında münasibətlərin inkişaf perspektivləri necədir? 

- Əminəm ki, Rusiya və Azərbaycanın yorulmadan qurduğu və inkişaf etdirdiyi dostluq və əməkdaşlıq münasibətləri indi yeni impuls alacaq. Bizim üçün iqtisadi, humanitar, elm, təhsil sahələrində qarşılıqlı fəaliyyəti genişləndirmək lazımdır. Forumlar, gənclərin mübadilələri, birgə tədbirlər, elmi və təhsil proqramları, konfranslar, müxtəlif səviyyələrdə görüşlər təşkil etməklə gənc nəsli dostluq və qardaşlıq ruhunda tərbiyələndirmək lazımdır. Düşünürəm ki, bizim bu sahədəki cəhdlərimiz Rusiya ilə Azərbaycan arasında münasibətlərin inkişafına öz töhfəsini verəcək.

Fəridə ABDULLAYEVA,
AZƏRTAC-ın xüsusi müxbiri

Moskva


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında