Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri, BMT-nin Sosial-İqtisadi Şurasının əsas məşvərətçi statuslu üzvü Umud Mirzəyev beynəlxalq birliyi Ermənistanın növbəti hərbi fitnəkarlığının mahiyyətini anlamağa, haqqın tərəfində olmağa çağırmışdır. Müsahibimiz bununla bağlı qəzetimizə açıqlamasında bildirdi:
– Aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq cəbhə bölgəsində baş verənlər 1994-cü ildə Ermənistan və Azərbaycan arasında bağlanmış atəşkəs sazişindən sonra ən irimiqyaslı hərbi əməliyyatlardır. Bununla bağlı rəhbərlik etdiyim Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) beynəlxalq birliyə ünvanlanan bəyanatını yaymaqla, baş verən hadisələrin mahiyyətini fondumuzu tanıyan, eşidən və dəyərləndirən geniş şəbəkədə dünyanın haqsevər insanlarına çatdırdı. BMT-nin Sosial-İqtisadi Şurasının əsas məşvərətçi statuslu üzvü kimi BAMF-ın səsi bir çox mötəbər ünvanlara da gedib çatdı.
Anlatmaq istədiyimiz həqiqət odur ki, Azərbaycanın tərkib hissəsi, tarixi ərazilərimiz olan Dağlıq Qarabağda etnik münaqişə zəminində yaranan ağır hərbi qarşıdurma 90-cı illərin əvvəllərində, beynəlxalq terrorçu qruplaşmaların və sovet imperiyasının 366-cı alayının müdaxiləsi ilə bir daha alovlandırılmışdır. Qarabağ müharibəsi adı ilə tanınan bu qanlı münaqişə zamanı erməni millətçi quldurları havadarlarının himayəsi ilə 30 mindən çox soydaşımızı sərhədlərimiz daxilində qətlə yetirmiş, bundan da çox vətəndaşımız şikəst və əlil olmuşdur. Bir neçə minillik mədəniyyətin varisi olan Xocalı şəhəri əhalisi ilə birlikdə məhv edilmiş, Ermənistan 1988-1993- cü illərdə Dağlıq Qarabağı və onunla həmsərhəd 7 rayonumuzu əhatə edən 20 faiz ərazimizi işğal etmişdir.
Ermənistandakı tarixi torpaqlarımızda zaman- zaman kölə vəziyyətinə salınan soydaşlarımız isə mərhələlərlə deportasiya olunmuşdur. Qarabağ münaqişəsi başlananda isə erməni millətçiləri bir həmlə ilə sonuncu 250 minlik azərbaycanlı icmanı da öz yurdundan qəddarlıqla qovmuşdur. Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağdan işgəncələrlə çıxardığı insanlarla birlikdə
1 milyon azərbaycanlı 25 ilə yaxındır ki, didərginlik həyatı yaşayır. Dünyanın siyasi- diplomatik dairələri bu həqiqəti yaxşı bilsə də, son günlər özünü elə aparanlar tapılır ki, sanki, hərbi əməliyyatlar bu vaxtadək Azərbaycanda deyil, Ermənistanda aparılıb, indi isə Azərbaycan Ermənistana həmlə edir.
Həqiqət bir də odur ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1993-cü ildə Azərbaycan ərazilərinin işğal edilməsini qınayan, ölkəmizin suverenliyini və ərazi bütövlüyünü, beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığını bir daha təsdiq edən və Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olmasını tanıyan 822, 853, 874 və 884 saylı qətnamələrinə baxmayaraq, bu gün də işğalçı qüvvələr zəbt olunmuş Azərbaycan ərazilərində qalmaqda davam edir. Quldur rejimin hərbi qüvvələri 23 ildən bəri nəinki özgə ərazisini tərk etməyib, üstəlik, təmas xəttindəki yaşayış məntəqələrinin dinc sakinlərini daim qorxu, təhdid altında saxlamış, vaxtaşırı silahlı basqınlarla atəşkəsi pozmuşdur.
BAMF sədri daha sonra dedi:
– Dünyanın gözü qarşısında işğalçı və terrorçu Ermənistan hakimiyyəti regionun inkişafına ciddi maneə olmaqla yanaşı, beynəlxalq təhlükəsizliyin qorunması istiqamətində təhdidlərə də yol açır. Təəssüf hissi ilə bildirməliyik ki, ATƏT-in Minsk qrupunun çoxillik fəaliyyətinə baxmayaraq, münaqişənin sülh yolu ilə, beynəlxalq hüquqi prinsiplər əsasında həlli istiqamətində irəliləyişlər hələ də əldə edilməmişdir. Bu vaxtadək işğalçı qüvvələrin separatist fəaliyyətinə ikili standartlarla yanaşılmış, gərgin status- kvo qorunub saxlanılmışdır.
Nəticədə, bu ərazilərdən məcburi köçkün düşmüş bir milyona yaxın azərbaycanlının fundamental azadlıqları kobud şəkildə pozulmuş, işğal altındakı Azərbaycan ərazilərindəki maddi- mənəvi, tarixi- etnoqrafik abidələr, yaşayış məskənləri talanaraq barbarcasına məhv edilmişdir. Qarabağda Ermənistan qoşunlarının işğalı altında olan ərazilərdə yerləşən təmas xəttində son günlərdə düşmənin növbəti fitnəkarlığı yeni qanlı faciələrə, kütləvi dağıntılara səbəb olmuşdur. Cəbhəboyu əraziləri bütün silah növlərindən kütləvi və intensiv atəşə məruz qoyan Ermənistan silahlı qüvvələri, əslində, bu zonada yaşayan dinc əhalini hədəfə almış, adamları öldürmüş və yaralamış, böyük dağıntılara səbəb olmuşdur. Onların qəsdi, sanki, bu yerdə həyatın kökünü kəsmək olmuşdur.
Cəbhə xətindən yenicə qayıtmış, Ağdamın və Tərtərin dinc əhali yaşayan məntəqələrinin düşmənin intensiv artilleriya atəşindən irimiqyaslı dağıntılara və itkilərə məruz qaldığını öz gözləri ilə görmüş Umud Mirzəyev ürək ağrisi ilə bildirdi:
– Cəbhə bölgəsində düşmənin dağıtdığı məscid, qəbiristanlıq, məktəb, yaşayış evi və kommunikasiyaları öz gözlərimlə gördükdən, şəhidlərin yas mərasimlərində iştirak etdikdən sonra ermənilərin “Azərbaycan bizi qırır” deyə dünyaya haray salmasını yalnız misilsiz siyasi həyasızlıq, insanlıq hissinin son damlasınadək itirilməsi adlandıra bilərəm.
Beynəlxalq media şəbəkəsində obyektivliyi və demokratik dəyərlərə sadiqliyi ilə tanınan Avrasiya Mətbuat Fondu Ermənistanın 28 ildən bəri törətdiyi saysız- hesabsız cinayət tərkibli əməllərin davamı olaraq, son günlərdə törətdiyi təxribatçı basqınlar nəticəsində yaranan silahlı qarşıdurmanı regionda sülhün və sosial-iqtisadi inkişafın, beynəlxalq hüququn prinsiplərinin kəskin surətdə pozulması aktı kimi dəyərləndirir. BAMF Ermənistan hərbi qüvvələri tərəfindən uzaqmənzilli ağır raket qurğularının bölgəyə yerləşdirilməsini, Ermənistanın etnik- separatçı qüvvələrinin bölgədə qarşıdurmanı alovlandırması istiqamətindəki müxtəlif təxribatçı əməllərini kəskin şəkildə pisləyir.
Qarabağ müharibəsinin ilk illərindən müharibədən zərər çəkmiş ərazilərdə sülh çağırışları ilə fəaliyyət göstərən BAMF münaqişənin yeganə həll yolunu Qarabağ ərazisinin erməni hərbi birləşmələri tərəfindən işğalı faktının aradan qaldırılması və münaqişənin beynəlxalq hüquqi prinsiplər əsasında danışıqlar yolu ilə həll edilməsində görür.
Müsahibimiz sonda dedi:
– İllərdən bəri Ermənistanda siyasi hakimiyyəti ələ keçirmiş olan Qarabağda hərbi cinayətlər törətmiş əliqanlı səhra komandirlərinin-üzdəniraq erməni liderlərinin kimliyi bu günlər bir daha beynəlxalq aləmə məlum oldu. Bu müharibə canilərinin iradəsi ilə idarə olunan, yaranmış vəziyyətdə heç bir beynəlxalq normanı saya salmayan quldurlaşmış hərbi qüvvələr növbəti atəşkəsdən sonra dərhal Azərbaycan ərazilərini tərk etməlidirlər. Biz beynəlxalq qurumları baş vermiş hadisələri də nəzərə almaqla işğal faktoruna biganə qalmamağa, bu qaynar regionda davamlı sabitliyin yaranması, ədalətin bərpası üçün Azərbaycanın işğal olunmuş ərazilərinin qeyd- şərtsiz azad edilməsi yönündə təsirli tədbirlər görməyə çağırırıq.
Hazırladı:
Tahir AYDINOĞLU,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.