Aprelin 2-dən etibarən Ermənistan silahlı qüvvələrinin işğal olunmuş torpaqlarımızdan bütün cəbhəboyu ordumuza qarşı hücuma keçməsi, düşmənin layiqli cavab alaraq geri oturdulması, çoxsaylı itkilərə məruz qalması, işğal altında olan Talış və Seysulan kəndlərinin eləcə də, bir sıra strateji yüksəkliklərin azad olunması Azərbaycan ictimaiyyətində böyük ruh yüksəkliyinə, sevincə səbəb olmuşdur. Milli Məclisin deputatı, Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev son hadisələr barədə redaksiyamıza fikirlərini bildirdi:
– Artıq bir neçə gündür ki, bütün xəbər portallarını, televiziya kanallarını, yazılı mətbuatı, sözün həqiqi mənasında zəbt etmiş son hadisələrlə bağlı xəbərlər bir daha onu göstərdi ki, Azərbaycan cəmiyyəti, xalqımız Qələbə üçün nə qədər acmışdır. Bu, xalqımızın içində illərdir yığılıb-qalan Qələbə həsrətinin, torpaq niskilinin vulkan kimi üzə çıxması idi. Doğrudur, şəhidlərimiz, yaralılarımız var. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların adını daim uca tutmaq bütün vətəndaşlarımızın borcudur. Onların ailələri əmin olsunlar ki,Vətən uğrunda özünü fəda edən övladları bizim də övladımız, bizim də qardaşlarımızdır. Bu oğullar boş yerə deyil, torpaq uğrunda, əziz Vətənimiz üçün şəhid oldular.
Müqəddəs kitabımız Quranda da deyilir ki, şəhidlərə ölü deməyin. Bəli, onlar ölü deyil, onlar şəhiddirlər. Əsgərlərimizin şəhidliyi torpaqlarımızın bir hissəsinin azad olunması, yüksəkliklərin ələ keçirilməsi, düşmənin yüzdən artıq canlı qüvvəsinin məhv edilməsi onu göstərdi ki, Vətənimizin hər qarışı uğrunda can verməyə hazırıq. Yetər ki, Azərbaycanın ərazi bütövlüyü təmin olunsun. Azərbaycan Ordusu düşmənə vurduğu son zərbələri ilə ermənilərə nəinki dərs verdi, həm də sübut etdi ki, onların özləri barədə yaratdıqları mif sabun köpüyü imiş. Ordumuz ermənilərin özləri barədə yaratdıqları mifi dağıtdı. Yadınızdadırsa, Sarkisyan belə bir söz demişdi ki, ermənilər Qarabağı aldılar, gələcək nəsillər isə Türkiyədən Ağrını, Vanı alacaqlar. Biz bu günlərdə Sarkisyanın nə qədər yalançı və uğursuz siyasətçi olduğunu gördük..."
A. Əliyev bildirdi ki, bu münaqişəni Ermənistan başlayıb. Torpaqlarımızı onlar işğal ediblər. Milyondan artıq qaçqın və məcburi köçkünümüz var. Onlar etdiklərinin cavabını mütləq verməlidirlər. Baxın, Ermənistan illərdir işğalçı mövqeyini tərk etməyərək hadisələri bu həddə çatdırdı. Məgər onlar düşünmürlər ki, Azərbaycan öz torpaqlarının işğalı ilə heç cür barışa bilməz ? Azərbaycan Prezidenti dəfələrlə bunu bəyan etmişdir ki, biz tarixi Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaranmasına icazə verməyəcəyik. Məgər ermənilər görmür ki, Azərbaycan dövləti illərdir bu siyasəti aparır və beynəlxalq təşkilatlar qarşısında işğal olunmuş torpaqların azad edilməsinin məsələsini qaldırır ? Onlar bu prosesin belə də davam edəcəyini düşünürdülərsə, yanıldıqlarının şahidi oldular.
Bu neçə gündə Azərbaycan Ordusu ardıcıl surətdə qazandığı qələbələrlə sübut etdi ki, biz torpaq işğalı ilə barışan millət və dövlət deyilik. Biz sadəcə regionda sülhün davam etməsini istəyirik və bu baxımdan böyük səbr nümayiş etdiririk. Əgər xoşluqla torpaqlarımızdan çəkiləcəksinizsə, buyurun, amma öz işğalçı inadkarlığınızı davam etdirəcəksinizsə nəticəsi sizin üçün daha dəhşətli olacaq. Necə ki, cənab Prezident Təhlükəsizlik Şurasının iclasında qeyd etdiyi kimi, erməni əsgərləri Qarabağda ölmək istəmirlərsə, rədd olub getsinlər. Ermənistan hər dəfə vaxtı uzatmaqla, üstəlik təmas xətti boyu bölgələrimizi atəşə məruz qoymaqla, sadəcə vaxt və psixoloji üstünlük əldə etmək niyyətində idi ki, bu da uzun sürmədi.
Deputat qeyd etdi ki, son vaxtlar işğalçı ölkənin təxribatlarının artmasında digər səbəbləri də var. Əvvəla, Ermənistan ağır sosial-iqtisadi böhran içərisindədir ki, bundan çıxmaq elə də asan deyil. Öz yarıtmaz siyasəti ilə xalqını mövcud durumdan çıxara bilməyən Serj Sarkisyanın cinayətkar-korrupsioner rejimi ermənilərin diqqətini ölkədəki real vəziyyətdən yayındırmağa, ölkədə vətənpərvərlik şousu yaratmağa və bununla da hakimiyyətinin ömrünü uzatmağa cəhd göstərir. Çünki bu gün Ermənistanda miqrasiya problemlərinin yüksək həddə qalxması, xaricdən gələn ianələrin belə azalması, üstəlik əksər ermənilərdə müharibə əhval-ruhiyyəsinin olmaması Sarkisyanın bir rəhbər kimi iflasını və Ermənistanı uçuruma apardığı həqiqətini ortaya qoyur. Bu baxımdan cəbhə xəttində fəallığın artması və ölkədə mövcud durumu müharibə ab-havasına çevirmək düşmən ölkənin iqtidarının başlıca planıdır. Amma onlar bir həqiqəti anlamalıdırlar ki, süngü üzərində qurulan hakimiyyət uzun zaman tab gətirə bilməz.
Deputat əlavə etdi ki, Azərbaycanı bu məsələdə dünyanın əksər dövlətləri dəstəkləyir. Hətta Avropa Şurası Parlament Assambleyasının erməniləri işğal etdikləri torpaqlardan çıxmasını tələb etmələri, bir sıra dövlətlərin liderlərinin ölkəmizin başçısına öz dəstəklərini ifadə etmələri erməni siyasətçilərini real depressiyaya uğradıb. Prezident İlham Əliyevin ABŞ-a səfərinin həm ikitərəfli, həm də çoxtərəfli formatda keçirilən görüşlərdəki uğurlu nəticələri, ölkəmizin ədalətli mövqeyinin – ərazi bütövlüyünün və suverenliyinin müdafiə olunmasına dair bəyanatların verilməsi, əvəzində isə Serj Sarkisyanın Vaşinqtona uğursuz səfərini də Azərbaycan diplomatiyasının qələbəsi hesab etmək olar.
Qələmə aldı:
Anar TURAN,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.