Azərbaycanda səhiyyə xidmətləri ildən-ilə yaxşılaşmaqdadır

Müsahibimiz Milli Məclisin səhiyyə komitəsi sədrinin müavini Musa Quliyevdir.

– Musa müəllim, son illər dünyanı qlobal maliyyə böhranının bürüməsi, digər tərəfdən, neftin qiymətinin kəskin ucuzlaşması bir sıra ölkələrin iqtisadiyyatına öz mənfi təsirini açıq şəkildə göstərir. Söz yox ki, iqtisadi böhran bizim ölkəmizdən də yan keçməyib. Buna baxmayaraq, respublikamızda yeni iş yerləri yaradılır, əhalinin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində tədbirlər davam etdirilir. Bu barədə sizin də fikrinizi bilmək maraqlı olardı.

– Təəssüf ki, bu gün dünyada mənfi meyillər ürəkaçan işlərdən çoxdur. 2008-ci ildən başlayan maliyyə-iqtisadi böhran hələ də davam etməkdədir və özünün daha gərgin üçüncü mərhələsinə keçmişdir. Maliyyə-iqtisadi böhranını ağırlaşdıran bir faktor da dünya bazarlarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsidir. Son iki ildə neftin qiymətinin 4 dəfə aşağı düşməsi iqtisadiyyatı neftlə bağlı olan ölkələrin həyatına çox ciddi şəkildə mənfi təsirini göstərmişdir. Əgər böhranın əvvəlki iki mərhələsi Azərbaycan iqtisadiyyatına bir o qədər də təsir göstərməmişdirdisə, ümumdünya maliyyə böhranının indiki mərhələsinin təsirsiz ötüşdüyü ölkə, demək olar ki, qalmamışdır. Digər tərəfdən, bölgə ölkələrindən yaxın ölkələrdə baş verən siyasi və hərbi gərginlik iqtisadi sahədə də öz təsirini göstərməkdədir. Bütün bu mənfi təsirlər ötən il milli iqtisadiyyatımızı ciddi sınağa çəkdi, manatın devalvasiyası baş verdi.

Azərbaycan artıq özünün sosial-iqtisadi inkişafının postneft dövrünə qədəm qoymuşdur-söyləsək, düşünürəm ki, səhv etmərik. Yeni dövrün yeni də tələbləri var. Postneft iqtisadiyyatının inkişaf etdirilməsi üçün ötən ilin ikinci yarısından başlayaraq, istər hökumət, istərsə də Milli Məclis tərəfindən məqsədyönlü işlər görülür. Cənab Prezidentin son vaxtlar 30-dan çox fərman və sərəncamı olmuşdur ki, bu aktlar qeyri-neft sektorunun inkişafı üçün ciddi hüquqi baza yaradır. Vergi və gömrük siyasətinin daha da çevik şəkildə qurulması, şəffaflığın artırılması, iqtisadi sahədə inhisarçılığın və korrupsiyanın aradan qaldırılmasına yönəldilən tədbirlərin gücləndirilməsi, sahibkarlığın, xüsusilə, kiçik və orta biznesin stimullaşdırılması, Azərbaycan Prezidentinin əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı verdiyi fərman və sərəncamlar həm ölkə iqtisadiyyatının güclənməsinə, həm də əhalinin sosial rifah halının yaxşılaşdırılmasına yönələn, uğurlu siyasətin mühüm tərkib hissələridir. Cənab Prezident öz çıxışlarında vurğulamışdır ki, dövlət büdcəsinin nə qədər azalmasından asılı olmayaraq, heç bir sosial layihə ixtisara düşməyəcək, sosial sahələrə ayrılan büdcə vəsaiti azaldılmayacaqdır. Bu, Azərbaycan dövlətinin daxili siyasətdə prioritet istiqamətidir və Prezident İlham Əliyevin xalqa qayğısının əyani təcəssümüdür. Bəli, dövlət büdcəmizin ötən illərə nisbətən son iki ildə azalmasına baxmayaraq, yenə də ölkəmizdə, xüsusən, regionlarda yeni iş yerləri yaradılır, uşaq bağçaları, məktəblər, səhiyyə müəssisələri tikilir, abadlıq, quruculuq işləri davam etdirilir. Büdcə az da ola bilər, çox da. Ən əsası düzgün, real, praqmatik siyasət aparmaqdır, sosial ədaləti və ictimai-siyasi sabitliyi qoruyub saxlamaqdır ki, bu da ölkəmizdə lazımi səviyyədə həyata keçirilir.

– Azərbaycanda dərmanların ucuzlaşdırılması, dövlət başçısının tapşırığı ilə  əhalinin pulsuz həkim müayinəsindən keçirilməsi  bir daha təsdiqləyir ki, hər hansı bir böhran əhalinin sağlamlığının qorunması istiqamətində həyata keçirilən tədbirlərə mane ola bilməz. Yəqin ki, gələcəkdə bu istiqamətdə digər layihələrin də reallaşdırılması nəzərdə tutulub.

– Son illər səhiyyə sahəsində baş verən inqilabi dəyişikliklər, səhiyyə müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, tibb kadrlarının səviyyəsinin yüksəldilməsi, səhiyyə sahəsində idarəetmənin modernləşməsi bu sahəyə dövlət qayğısının nəticəsində baş vermişdir. Son on ildə Azərbaycanda 600-dən çox tibb müəssisəsi tikilmiş, əsaslı təmir olunmuş, ən müasir avadanlıqla təchiz edilmişdir. Bu gün müasir dünyada aparılan ən mürəkkəb tibbi əməliyyatlar Azərbaycanda da müvəffəqiyyətlə yerinə yetirilir.

Cənab Prezident İlham Əliyevin tapşırığı ilə ölkənin hər yerində vaxtaşırı əhalinin icbari dispanserizasiyası, immunoprofilaktika və s. kimi ictimai əhəmiyyətli tədbirlər həyata keçirilir. Dövlət başçımızın qanunvericilik təşəbbüsü ilə ötən il Milli Məclisdə “Dərman vasitələri haqqında” Qanuna dərmanların qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi ilə bağlı çox mühüm dəyişiklik edildi. Bu təşəbbüs nəticəsində ölkə ərazisində dövriyyədə olan dərmanların qiyməti iki dəfədən çox ucuzlaşdırıldı, əhalinin dərman təminatının keyfiyyəti yaxşılaşdırıldı. Bu gün ölkənin bütün ərazisində eyni adlı dərmanlar bərabər qiymətə satılır.

Ölkə ərazisində dərman istehsal edən zavodların tikilməsi çox vacibdir və bu barədə hökumət tərəfindən müəyyən hazırlıq işləri görülməkdədir. Yerli dərman istehsalının həyata keçirilməsi ölkə əhalisinin dərman idxalı asılılığından qurtarmaqla yanaşı, dərmanların qiymətinin daha da aşağı düşməsinə, dərmanların və tibbi ləvazımatların keyfiyyətinə dövlət nəzarətinin artırılmasına şərait yaradacaqdır.

– Siz çıxışlarınızın birində təklif etmişdiniz ki, Azərbaycanda dərmanlar ƏDV-dən azad olunmalıdır. İndiki böhran şəraitində belə bir qərar qəbul etmək mümkündürmü? Bunun dövlət büdcəsinə təsiri necə olar?

– Dərman vasitələrinə ƏDV-nin tətbiqi yerli istehsalı rəqabətdən qorumaq məqsədi daşıyır. Bu gün Azərbaycanda dövriyyədə olan dərman vasitələri və tibb ləvazimatlarının təxminən 95 faizi xarici ölkələrdən gətirilirsə, daxili istehsalın hələ qurulmadığı bir şəraitdə ƏDV-nin tətbiqi o qədər də məqsədəuyğun deyil. Dərman vasitələrinə tətbiq olunan əlavə dəyər vergisi dərmanın son qiymətinin üzərinə əlavə olunduğundan, bu vəsait dərmana ehtiyacı olan vətəndaşın cibindən çıxır. ƏDV-nin götürülməsi, yaxud aşağı salınması dünyada dövlətin öz xəstə vətəndaşına qayğısı kimi qəbul olunur. Dərman vasitələrinin ƏDV-dən azad olunması büdcə gəlirlərinə mənfi təsir göstərə bilər, ancaq bu kəsiri iqtisadiyyatın başqa sahələri ilə kompensasiya etmək mümkündür.

– Respublikamızda icbari tibbi sığortaya keçid artıq reallaşmaq üzrədir. Bu barədə müvafiq qanunvericilik aktları da qəbul olunub. Bu məsələ insanlarda böyük maraq yaradıb. İcbari tibbi sığorta metoduna keçidi necə dəyərləndirirsiniz və bu, əhaliyə nə vəd edir? İcbari tibbi sığorta səhiyyənin inkişafı  üçün hansı təsirlərə malikdir?  Bu metoddan istifadə etməklə səhiyyə təşkilatlarının işində tam şəffaflığa nail olmaq mümkündürmü?

– İcbari tibbi sığorta müasir dünyada səhiyyə sisteminin maliyyələşməsinin ən optimal yoludur. Azərbaycan da bu yolu tutmuşdur və icbari tibbi sığortanın tətbiqi üçün lazım olan hazırlıq işləri ölkəmizdə başa çatmaq üzrədir. Bu sahədə lazımi hüquqi baza yaradılmış, dünya təcrübəsi öyrənilmiş, bu işi həyata keçirəcək qurumun - İcbari Tibbi Sığorta Agentliyinin əsasnaməsi təsdiq olunmuşdur. Bu il icbari tibbi sığortanın pilot layihə şəklində həyata keçirilməsi üçün dövlət büdcəsində 10 milyon manat nəzərdə tutulmuşdur. Beynəlxalq ekspertlərin yaxından iştirakı ilə hazırda yerli mütəxəssislər tərəfindən icbari tibbi sığortanın pilot layihəsi hazırlanır. Düşünürəm ki, bu ilin sonuna qədər biz icbari tibbi sığortanın pilot şəkilində tətbiqinə nail olacağıq.

İcbari tibbi sığortanın əsas prinsipi və mahiyyəti səhiyyə xərclərinin və xidmətlərə nəzarətin paylaşmasından ibarətdir. Yəni əgər hazırki dövlət səhiyyəsində tibbi xərcləri yalnız dövlət büdcəsindən, özəl sektorda isə vətəndaşlar tərəfindən ödənilirsə, icbari tibbi sığorta tətbiq olunandan sonra bu xərclər dövlət, işəgötürən və işçi arasında bölünəcəkdir. Eyni zamanda, tibb müəssisələrinin maliyyələşməsi, onların gördükləri işin həcminə və keyfiyyətinə uyğun olaraq həyata keçiriləcəkdir. Bu da istər səhiyyə müəssisələri arasında, istərsə də tibb işçiləri arasında sağlam rəqabərin formalaşmasına xidmət edəcək.

– Etiraf edək ki, özəl tibb müəssisələrində müalicə və müayinə qiymətləri olduqca bahadır. Yəni, doğrudanmı bu sahədə  vahid tarif sistemi yaratmaq mümkün deyil? Məlum olduğu kimi, Azərbaycanda dərman qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi üçün qanun qəbul olundu. Belə bir qanun özəl tibb müəssisələri üçün qəbul oluna bilməzmi? Axı, dövlətimiz insanların sağlamlığının qorunması istiqamətində bütün imkanlardan istifadə edir. Hətta təxirəsalınmaz və təcili yardım xərclərinin və bəzi xəstəliklərin müalicəsi dövlət tərəfindən maliyyələşdirilir.

– Bu məsələ çox aktualdır və tamamilə sizinlə razıyam ki, Azərbaycanda özəl tibb sektorunda müalicə və müayinə qiymətləri arzuolunan həddə deyildir. Amma, bununla yanaşı, mən özəl sektorda tariflərin hətta yuxarı həddinin belə dövlət tərəfindən tənzimlənməsinin tərəfdarı deyiləm. Bu cür tənzimlənmə bazar iqtisadiyyatı prinsiplərinə ziddir və özəl səhiyyə sektorunu tamamilə çökdürə bilər. Dövlət heç bir halda birbaşa özəl sektorun qiymət siyasətinə müdaxilə etməməlidir. Lakin dolayısı yolla, müxtəlif tənzimləyici vasitələrdən istifadə edərək, özəl tibb müəssisələrində qiymətlərin aşağı salınmasına nail olmaq mümkündür. Vergilərin dərəcələrinin aşağı salınması, yanacaq, enerji, icarə və s. tariflərin azaldılması, tibb avadanlığının güzəştli şərtlərlə, kredit və lizinqlə alınmasına dövlət dəstəyinin göstərilməsi və digər yollarla özəl səhiyyə müəssisələrində qiymətləri aşağı salmaq olar. Eyni zamanda, dövlət tibb müəssisələrində anoloji xidmətlərin həcmini və keyfiyyətini artırmaqla özəl müəssisələri sağlam rəqabətə dəvət edərək, qiymətlərin düşməsinə nail olmaq mümkündür. Ən başlıca yol isə, hesab edirəm ki, icbari tibbi sığortanın tətbiqi olacaqdır. İcbari tibbi sığorta tam həcmdə ölkənin bütün ərazisini əhatə etdikdən sonra, heç şübhəsiz ki, özəl səhiyyə müəssisələri də sağlam rəqabət əsasında daha aşağı qiymətlərlə yüksək keyfiyyətli tibbi xidmət göstərmək istəyində olacaqlar. Bütövlükdə, Azərbaycanda əhaliyə göstərilən səhiyyə xidmətləri istər keyfiyyət baxmından, istərsə də çeşidi və həcmi baxımından ildən-ilə yaxşılaşmaqdadır.

Müsahibəni qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında