– Prezident cənab İlham Əliyevin də iştirak etdiyi AMEA-nın 70 illik yubiley təntənələri yaddaşlardadır. Arzu xanım, həmin yubileyə “Akademik Heydər Hüseynov” kitabının timsalında sizin də töhfəniz olmuşdur. İctimaiyyət arasında maraqla qarşılanan əsər, eşitdiyimizə görə, işlədiyiniz AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun 2015-ci il üzrə mühüm nəticəsi elan edilmiş və “İlin ən yaxşı kitabı” kimi dəyərləndirilmişdir.
Heydər Hüseynov AMEA-nın təsisçilərindən biri, ilk vitse-prezidenti olmuşdur. Eyni zamanda, əsərdən də öyrəndiyimiz kimi, Azərbaycan Dövlət Universitetinin tarix fakültəsi nəzdində fəlsəfə şöbəsinin, filologiya fakültəsində məntiq və psixologiya şöbəsinin açılması, Fəlsəfə və Hüquq İnstitutunun yaradılması da onun adı ilə bağlıdır. Bununla belə, sizin əsəriniz Azərbaycan elminin, xüsusilə ictimai və humanitar elmlərin inkişafında müstəsna xidmətləri olmuş bu şəxsiyyət barədə ilk fundamental tədqiqat əsəridir.
Xahiş edərdik, monoqrafiyanın ərsəyə gəlməsi tarixçəsi barədə oxucularımıza məlumat verəsiniz.
– Bilirsiniz, əsərin nəşri həmişə skeptisizmlə yanaşdığım xoşbəxt təsadüflərin həyatda, həqiqətən, mövcud olduğuna məni inandırdı. Əslində, Heydər Hüseynovun adı mənə uşaqlıq çağlarımdan bəlli idi, onun Azərbaycan fəlsəfəsinə dair çox dəyərli kitab yazması, kitaba verilən Stalin mükafatının tezliklə geri alınması, burada cürət edib Şeyx Şamil haqqında müsbət fikirlər söylədiyinə görə Mir Cəfər Bağırovun qəzəbinə tuş gəlməsi, intiharı barədə atamın, respublikanın Əməkdar jurnalisti, yazıçı Əşrəf Hacıyevin evdə təəssüf dolu söhbətlərini eşitmişdim. Görkəmli filosof alimimizə hörmət və ehtiramımın təməli artıq o illərdə qoyulmuşdu.
– Deməli, akademik Heydər Hüseynov haqqında xeyli qabaq məlumatınız olub.
– Bəli. Heydər Hüseynov yaradıcılığı ilə ciddi tanışlığım isə çox sonralar, alimin “Azərbaycanda XIX əsr ictimai və fəlsəfi fikir tarixindən” əsərinin “Şərq-Qərb” nəşriyyatında reallaşdırılan Azərbaycan dilinə tərcüməsində (2007) iştirakımla başladı. Yeri gəlmişkən, əsərin “Giriş” hissəsi və “Mirzə Kazım bəy” fəslinin tərcüməsi mənə məxsusdur.
2008-ci ildə akademikin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi haqqında ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə Heydər Hüseynov yaradıcılığının tədqiqində yeni mərhələ açıldı. Deməliyəm ki, görkəmli elm və mədəniyyət xadimlərimizin yubileyləri münasibətilə verilən Prezident sərəncamları xalqımız qarşısında böyük xidmətləri olan böyük şəxsiyyətləri, onların bizə miras qoyduqları mənəvi irsi araşdırmağa dəvət etməklə unutmağa qoymur, həmin irsin hər yeni tarixi dövrdə təzələnməsinə şərait yaradır. Akademik H.Hüseynovun 100 illiyi haqqında sərəncam da bir sıra tədbirlərə rəvac verdi: konfranslar keçirildi, mətbuatda məqalələr dərc edildi, filosofun irsinə maraq xeyli artdı.
– Gərək ki, o vaxtlar AMEA Fəlsəfə və Hüquq İnstitutu tərəfindən Heydər Hüseynova həsr edilmiş məqalələr toplusu da buraxılmışdı.
– Doğrudur. Həmin “Heydər Hüseynov – 100” adlanan topluda mənim də “Heydər Hüseynov haqqında düşünərkən” başlıqlı məqaləm dərc edilmişdi. Bu məqaləni hazırlayarkən çoxsaylı mənbə və ədəbiyyatı nəzərdən keçirib, böyük materialı bir yerə cəm etməyim məni filosof barədə kitab yazmaq fikrimdə möhkəmləndirmişdi. Lakin, məlum olduğu kimi, arzu saya sığmır və onlardan yalnız cüzi bir hissəni, o da bəxtin gətirsə, gerçəkləşdirmək mümkün olur. Beləcə zaman keçir, müxtəlif işlər, qayğılar həmin mövzu üzərinə qayıtmağıma mane olurdu.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadənin AMEA-nın 70 illiyinə hazırlıq çərçivəsində “Azərbaycan Milli Elmlər Akademiyasının təsisçiləri. Silinməz izlər, unudulmaz şəxsiyyətlər” başlığı altında akademiyanın 15 təsisçisindən hər birinə həsr edilən monoqrafik tədqiqat əsərlərinin yaradılması barədə dəyərli və möhtəşəm bir ideya irəli sürüb, deyərdim ki, savab bir işə qol qoyması və Heydər Hüseynov haqqında kitabın yazılmasının mənə həvalə edilməsi həmən o gözlənilməz və xoşbəxt təsadüf oldu.
Düzdür, əsərin yazılmasına ayrılan vaxtın darlığından əvvəlcə işi öhdəmə götürməkdə tərəddüd edirdim, institutumuzun elmi katibi, Heydər Hüseynovsevərlərdən olan gözəl alim Səidə Əliyevaya minnətdaram ki, o, məni ruhlandıraraq tərəddüdümü aradan götürməyimə kömək etdi. Ümumiyyətlə, əsərin işıq üzü görüncə keçdiyi müxtəlif mərhələlərdə dəstək gördüyüm AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyliyə, akademik Teymur Kərimliyə, professor İlham Məmmədzadəyə və bir çox başqa insanlara minnətdaram.
– Bəlkə, kitab üzərində iş prosesi, onun spesifikası barədə bir qədər danışasınız. Axı, oxucu üçün müəllifin yaradıcılıq mətbəxinə girib onun bəzi sirlərindən hali olmaq həmişə maraqlıdır.
– Nə deyim?! Bəzən səhəri diri gözlü kompüterin qabağında açırdım. Digər tərəfdən məni, psixoloji-emosional gərginlik də tərk etmirdi. Tədqiqat prosesində, sanki, canlanıb gözlərim önündən keçən XX əsrin, xüsusilə 20-40-cı illərin Azərbaycanın müttəfiq respublika qismində daxil olduğu SSRİ-dəki siyasi cəhətdən hədsiz ideologiyalaşdırılmış mürəkkəb və təzadlı mühiti, bu mühitdə çalışmaq məcburiyyətində qalan fikir adamlarının: alimlərin, ədiblərin, filosofların dramatik taleyi, təbii ki, əsas qəhrəmanım Heydər Hüseynovun faciəsi kədərli düşüncələrə qərq edir, ağrıdırdı.
Belə məqamlarda bəlkə də yalnız fransız filosofu Jak Maritenin bir vaxtlar qəlbindən qopan: “Kədər hansı filosofa yol yoldaşı olmayıb ki?” kimi sözləri təskinedici görünə bilirdi. Fikrimcə, işin ən çətin tərəfi, adətən, nəsillər arasında konflikti əks etdirən əbədi “atalar və oğullar” probleminin bir başqa səpkidə – tədqiq edilən dövrlə müstəqillik qazandığımız bugünümüz arasındakı kontrastda, ictimai, sosial-siyasi, ideoloji... planda kəskin fərqlərdə təzahür etməsində idi. Məhz bu məqam, tarixi konteksti nəzərə almadıqda, yaxud anlamadıqda bəzən, xüsusilə də gənclər arasında sovet dövründə yaranmış irsə birtərəfli neqativ, hətta nihilist münasibətə gətirib çıxarır.
Odur ki, monoqrafiyada qarşıma qoyduğum əsas vəzifələrdən biri akademikin yaşayıb-yaratdığı, bizdən o qədər də uzaq olmayan dövrlə indi arasındakı tarixi məsafə baryerini dəf edib, onları bir-birinə yadlaşdıran anlaşılmazlıq səddini aradan götürmək, mənəvi körpü yaratmaq idi. Bunun üçün isə tədqiq edilən tarixi dövrün gerçəkliyinin mümkün qədər adekvat mənzərəsini yaratmaq zəruri idi.
– Bu, elə də asan məsələ deyil. Baxın, keçmişi elə keçmişliyinə, yəni artıq ötüb keçdiyinə görə bilavasitə müşahidə edə bilməzsən. Bu nöqteyi-nəzərdən, əlinizdə olan tarixi mətnlərdən hansının həmin bu keçmişə daha çox uyğun gəldiyini müqayisə vasitəsilə müəyyənləşdirmək, təbiidir ki, imkan xaricindədir.
– Razıyam. Elə ona görə də bəzən mətnlərin təhlilindənsə, təfsiri, əlbəttə, məntiqə riayət etmək şərti ilə, çox vaxt daha səmərəli olur, yəni mətnə hermenevtik yanaşma özünü doğruldur. Məqsədimə çatmaq üçün tarixi konteksti, epoxanın özəlliklərini, mənəvi irsini, eyni zamanda, Heydər Hüseynovun yaradıcılığını, burada ehtiva olunan, bəzən aşkar, bəzən pərdəli, eyhamla ifadə etdiyi düşüncələrinin dərin mənasını fəlsəfi şərh və təfsirlər vasitəsilə üzə çıxarmağa çalışmışam.
Bəhs etdiyimiz dövr isə, həqiqətən, olduqca ağır, ideoloji təzyiqin ən yüksək həddinə çatdığı, ziddiyyətlərin bir böyük yumağa sarındığı “Stalin epoxası” adlanan qəribə bir mərhələ idi. Əzabkeş rus mütəfəkkiri A.F.Losev “Mən XX əsrə sürgün edildim” deyə ədəbi qəhrəmanının dili ilə bu dövrü əbəs yerə “sürgün”ə bənzətməmişdi. Stalinin şəxsi hakimiyyət rejiminin bərqərar edilib möhkəmləndirilməsindən sonra dövlət və partiya orqanlarının elm üzərində siyasi-ideoloji nəzarəti daha da sərtləşdirilmiş, bu nəzarət ara-sıra repressiya kampaniyalarına çevrilərək amansız formalar almışdı. Partiya, hətta sırf elmi, fəlsəfi problemlər ətrafında müzakirələrə belə qarışır, hər yerdə sərbəst, müstəqil fikri boğurdu. Alimlər müxtəlif adlarla (“idealist”, “trotskiçi”, “təftişçi”, “kosmopolit”, Şərq respublikalarında “dəbdə” olan “panislamist”, “pantürkist”, “millətçi”) damğalanaraq həbs edilir, sürgünlərə göndərilir, edam edilirdilər.
Milli məsələ sovet ideologiyasının daim diqqət mərkəzində idi. Sovet dövlətinin rəhbərləri yalnız sözdə SSRİ xalqlarının mədəniyyətinin, o cümlədən fəlsəfəsinin öyrənilməsinin, inkişafının tərəfdarları kimi çıxış edirdilər, əslində isə, bunda təhlükə görürdülər. Odur ki, milli fəlsəfəyə həsr edilmiş əsərlərin və onların müəlliflərinin aqibəti pis olurdu. SSRİ EA-nın Fəlsəfə İnstitutunda hazırlanan 7 cildlik ümumdünya “Fəlsəfə tarixi”ni yadımıza salaq. Onun 1943-cü ildə nəşr edilən üç cildinə Stalin mükafatı verildi və məhz milli fəlsəfəyə – alman fəlsəfəsinə həsr edilən III cilddən mükafat geri alındı, kitaba qadağa qoyuldu.
Başda Hegel olmaqla, XVIII əsr – XIX əsrin əvvəllərində yaşamış alman filosofları irticaçı elan edildilər. Tərtib edilmiş ilkin plana görə, SSRİ xalqlarının, o cümlədən Azərbaycan xalqının fəlsəfəsi “Fəlsəfə tarixi”nin 5-ci cildinə daxil idi. Lakin 1943-cü ildə həmin plana edilən düzəlişlərdən sonra 6-cı cild büsbütün rus fəlsəfəsinə həsr edilir, SSRİ xalqlarının fəlsəfəsindən isə artıq, ümumiyyətlə, söhbət getmirdi, yəni o, çoxcildlikdən çıxarılır.
Əslində, 6-cı “rus cildi”nin taleyi də ürəkaçan olmadı, hazırlanıb da işıq üzü görmədi. Aydındır ki, belə bir şəraitdə Heydər Hüseynovun özünün “Azərbaycanda XIX əsr ictimai və fəlsəfi fikir tarixindən” kitabında (1949) Şərqi təmsil edən Azərbaycan xalqının mənəvi mədəniyyətinin, elm və fəlsəfəsinin qədim tarixi və yüksək səviyyəsini göstərməsi, böyük mütəfəkkirləri ilə tanış etməsi, bir tərəfdən, doğma xalqını birləşdirir, ondakı milli özünüdərk hisslərini gücləndirir, digər tərəfdən, SSRİ məkanında bir millətin ictimai və fəlsəfi fikrinin tarixinə həsr olunmuş ilk əsər olmaqla, burada milli fəlsəfələrin yaradılması kimi fəlsəfə tarixinin yeni elmi istiqamətinə yol açır, həvəsləndirirdi.
Belə bir kitabı avtoritar dövlətdə görməməzliyə vurub, biganə qala bilməzdilər, yaradıcısını bağışlamaq istəməzdilər... və bağışlamadılar da. Bununla belə, Heydər Hüseynov bu gün də, dövrdən gələn bütün ideoloji məqamlarına rəğmən, elmi-fəlsəfi dəyərini və əhəmiyyətini saxlayan bu əsəri ilə Azərbaycan fəlsəfə tarixinin bir elm kimi əsasını qoydu, onun gələcək inkişafına təkan verdi. Zənn edirəm, həmin əsər filosofun güclü ideoloji təzyiq altında elmdə göstərdiyi böyük igidlik və hünərinin təcəssümü kimi tarixdə qalacaqdır.
– Kitabda hər biri ayrıca söhbətin mövzusu ola bilən problemlər, məsələn, insan həyatının, mövcudluğunun mənası, mədəni-tarixi irs və tədqiqat metodologiyası, tariximiz qarşısında mənəvi məsuliyyət, alim etikası, tələbə müəllif münasibətlərinin psixoloji-fəlsəfi, əxlaqi aspektləri və s. bu kimi problemlər qaldırılır. Sizin fikrinizcə, əsərdə əsas aparıcı ideya hansıdır. Ümumiyyətlə, kitab nədən danışır?
– Hər şeydən əvvəl alimin, xalqına, Vətəninə sevgidən. Cübran Xəlil Cübranın bir şeirində ürəkdən gələn təsirli misralar var. O, deyir:
Həyat zülmət geyər, istək olmasa,
İstəyin gözü kor, bilik olmasa,
Bilikdən nə fayda, zəhmət olmasa,
Zəhmət qısır qalar, sevgi olmasa.
Heydər Hüseynovun, öz dahi sələfləri kimi, Vətənə xidmətdə keçən ömür yolunu işıqlandıran, biliyini bəsirətli, zəhmətini barlı-bəhərli edən, üzərinə düşən tarixi missiyanı həyata keçirə bilməsi üçün ona tükənməz enerji, cəsarət və güc verən həmən o sevgi idi – Azərbaycan xalqına, Azərbaycan torpağına sevgi.
Söhbəti apardı:
Qüdrət PİRİYEV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.