Son vaxtlar öz torpaqlarından didərgin düşmüş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində çox uğurlu layihələr reallaşdırılır. Ulu öndər Heydər Əliyev bu insanlara xüsusi qayğı və məhəbbətlə yanaşırdı. Bu böyük tarixi şəxsiyyətin siyasətinin ləyaqətli davamçısı Prezident İlham Əliyevin hakimiyyəti illərində isə məcburi köçkünlərin sosial vəziyyəti ildən-ilə yaxşılaşdı və nəticə olaraq onu demək olar ki, bu gün ölkədə bir dənə də olsun çadır şəhərciyi qalmamışdır. Bu sahədə ötən ilin sonlarında yaradılmasının on ili tamam olmuş Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun böyük xidmətləri olmuşdur. Müsahibimiz MKSİF-in direktoru Ayaz Orucovdur.
- Ayaz müəllim, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu artıq 10 ildir ki, fəaliyyət göstərir. Fondun bu dövr ərzində fəaliyyətini necə xarakterizə edərdiniz?
- Bu təşkilat ümummilli lider Heydər Əliyevin 6 dekabr 1999-cu il tarixli fərmanı ilə yaradılmışdır. Fondun əsas məqsədi məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasını, onlar üçün iş yerlərinin açılmasını təmin edən tədbirlərin həyata keçirilməsini, əsasən sosial infrastrukturun bərpasına yönəldilmiş layihələrin yerinə yetirilməsi üçün vəsait ayrılmasını və bu vəsaitlərdən səmərəli və məqsədyönlü istifadəsini təmin etməkdən ibarətdir.
Fondun yarandığı ilk vaxtlar onun fəaliyyətinə Azərbaycan hökuməti ilə bərabər beynəlxalq donorlar da yardımçı olmuşlar. Belə ki, 2000-ci ildə BMT-nin İnkişaf Proqramının və BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycandakı nümayəndəlikləri tərəfindən fondun institusional inkişafı məqsədi ilə 40 min ABŞ dolları həcmində vəsait ayrılmışdır.
Əslində fond öz praktiki fəaliyyətinə 2001-ci ildən başlamışdır və əsas maliyyələşmə mənbəyi Dünya Bankının Azərbaycan hökumətinə 10 milyon ABŞ dolları həcmində ayırdığı güzəştli kredit vəsaiti olmuşdur. Bu vəsait hesabına məcburi köçkünlərin müvəqqəti olaraq sıx məskunlaşma obyektlərində infrastrukturun yaxşılaşdırılması, məşğulluğun artırılması məqsədi ilə mikrokreditlərin verilməsi layihələri həyata keçirilmişdir. Sonradan fondun fəaliyyəti genişlənməyə başlamışdır və maliyyələşmə mənbələri artmışdır. MKSİF-in hazırda maliyyələşmə mənbələrinin sırasına dövlət büdcəsindən ayırmalar, Azərbaycan Respublikasının Dövlət Neft Fondu və Dövlət Neft Şirkəti, Dünya Bankı, İslam İnkişaf Bankı, Yaponiya Sosial İnkişaf Fondu və s. donorlar daxildir.
Ötən müddət ərzində MKSİF-in fəaliyyət dairəsi, istiqamətləri nəzərə çarpaçaq dərəcədə genişlənmiş, maddi-texniki bazası xeyli gücləndirilmiş, strukturu təkmilləşdirilmiş, beynəlxalq təcrübəyə yiyələnmiş işgüzar kollektivi formalaşdırılmışdır.
- Dünya Bankının maliyyələşdirdiyi layihələr hansı sahələrə yönəldilmişdir?
- Dünya Bankı fondun ilk illərdə əsas donoru olmuşdur. Hazırda bu bank fondun ən vacib donorlarından biri olaraq qalır. Qeyd etmək lazımdır ki, məcburi köçkünlərin problemlərinin həll edilməsi üçün fondun müvafiq fəaliyyətini maliyyələşdirmək məqsədilə Dünya Bankı Azərbaycan hökuməti ilə artıq ardıcıl olaraq üç güzəştli kredit sazişi bağlamışdır.
Bu beynəlxalq təşkilatın 10 milyon ABŞ dolları həcmində ayırdığı birinci güzəştli kredit sazişi çərçivəsində həyata keçirilən layihə 2001-ci ilin yanvar ayından başlanmış və 2005-ci ilin sentyabr ayında başa çatmışdır. Bu layihə iki əsas komponentdən (icma mikrolayihələri və mikrokredit proqramı) ibarət olmuşdur. 30 sentyabr 2005-ci il tarixə 192 müxtəlif növ icma mikrolayihəsi (mikrolayihələrin ümumi dəyəri 7,1 milyon. ABŞ dolları təşkil etmişdir) həyata keçirilmişdir Bu icma mikrolayihələrindən 168 min nəfərdən artıq məcburi köçkün faydalanmışdır. Mikrolayihələr Azərbaycanın 4 mərkəzi şəhərini və 26 kənd inzibati rayonunu əhatə etmişdir. Fondun mikrokredit fəaliyyəti müsabiqə yolu ilə seçilmiş vasitəçi təşkilatlar, o cümlədən beş beynəlxalq mikrokredit təşkilatı və yeddi yerli kredit birlikləri tərəfindən həyata keçirilmişdir və bu məqsəd üçün 2 milyon ABŞ dolları həcmində vəsait istifadə olunmuşdur. 30 sentyabr 2005-ci il tarixə MKSİF-in vasitəçi təşkilatları xətti ilə 8 624 nəfər məcburi köçkün (fiziki şəxs kimi) kredit almışdır. Kredit almış hüquqi şəxslərin (məcburi köçkünlər tərəfindən yaradılmış kiçik müəssisələrin) sayı 1 255 nəfərdir. Bu müəssisələrdə 5 123 nəfər işləyir.
2008-ci ilin sonunda Dünya Bankı və Azərbaycan hökuməti arasında "Məcburi köçkünlərin iqtisadi inkişafına yardım layihəsi"nin həyata keçirilməsi məqsədilə bağlanmış kredit sazişi başa çatmışdır (kredit sazişinin icrasına 2005-ci ilin noyabr ayında başlanmışdır). Layihənin ümumi həcmi 12,6 milyon ABŞ dolları təşkil edirdi. Bu məbləğin 11,5 milyon ABŞ dolları Dünya Bankı tərəfindən, 1,1 milyon. ABŞ dolları isə Azərbaycan Respublikası tərəfindən maliyyələşdirilmişdir. Dünya Bankının və Azərbaycan hökumətinin birgə maliyyələşdirdiyi bu layihə iki əsas komponentdən (icma mikrolayihələri və mikrokredit proqramı) ibarət olmuşdur.
İcma mikrolayihələri komponenti məcburi köçkün icmaları tərəfindən təklif olunan müxtəlif növ infrastruktur mikrolayihələrinin maliyyələşdirilməsini təmin etmişdir. Bu kredit sazişi çərçivəsində 168 müxtəlif növ icma mikrolayihəsi (mikrolayihələrin ümumi dəyəri 10,64 mln. ABŞ dolları təşkil etmişdir) həyata keçirilmişdir və bu mikrolayihələrdən 110 minə yaxın adam faydalanmışdır ki, onların da 80 faizi məcburi köçkünlərdir. Həmçinin bu kredit sazişi çərçivəsində Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində qeydiyyata düşmüş 4235 nəfər məcburi köçkünə fondun vasitəçi təşkilatları xətti ilə mikrokreditlər verilmişdir. Mikrokreditlər vasitəçi mikromaliyyə təşkilatlarının tətbiq etdiyi şərtlər əsasında və Dünya Bankının maliyyə vasitəçilərinə tətbiq olunan şərtlərə müvafiq olaraq verilmişdir. Bu mikrokredit proqramından 17 mindən artıq adam faydalanmışdır ki, ondarın da 50%-i məcburi köçkünlərdir.
15 may 2008-ci il tarixdə Bakı şəhərində Dünya Bankı və Azərbaycan Respublikasının Hökuməti arasında "Məcburi Köçkünlərin İqtisadi inkişafına yardım layihəsi üçün əlavə maliyyələşdirmə"ni həyata keçirmək məqsədilə maliyyələşdirmə və layihə sazişləri imzalanmışdır.
Yeni layihə 2008-ci ilin sonunda başa çatmış kredit sazişi çərçivəsində həyata keçirilən "Məcburi köçkünlərin iqtisadi inkişafına yardım layihəsi"nin davamıdır.
Onun əsas komponenti icma mikrolayihələridir. Bu komponent məcburi köçkün icmaları tərəfindən təklif olunan müxtəlif növ infrastruktur mikrolayihələrinin maliyyələşdirilməsini təmin edəcəkdir. İcra müddəti üç il nəzərdə tutulmuşdur.
Burada Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu vasitəsilə məcburi köçkünlərin sıx müvəqqəti məskunlaşma yerlərində mövcud olan sosial problemlərinin həlli, infrastrukturun yaxşılaşdırılması ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Azərbaycan hökuməti iştirak payı kimi yeni layihənin həyata keçirilməsi üçün 8,69 milyon ABŞ dolları həcmində vəsait ayrılmasını nəzərdə tutur.
Yeni kredit sazişi çərçivəsində bu günə hələlik 10 icma mikrolayihəsi həyata keçirilmişdir. Hazırda daha 26 mikrolayihə üzrə müqavilə bağlanmışdır, 10 mikrolayihə üzrə isə satınalma prosedurları aparılır. Daha 54 icma mikrolayihəsi qiymətləndirmə mərhələsindədir.
- Fondun fəaliyyətində məcburi köçkünlər üçün yeni qəsəbələrin salınması başlıca yer tutur. Bu barədə nə deyərdiniz?
- MKSİF-in əsas fəaliyyəti Azərbaycan Respublikasının Dövlət Neft Fondunun maliyyələşdirdiyi dövlət proqramları ilə bağlıdır.
Azərbaycan Respublikası Prezidentinin fərmanları və sərəncamlarına əsasən 2001-ci ildən başlayaraq MKSİF Azərbaycan Respublikasında çadır düşərgələrində və digər uzunmüddətli yaşayış üçün yararlı sayılmayan yerlərdə müvəqqəti olaraq yerləşdirilmiş məcburi köçkünlər üçün yeni yaşayış qəsəbələrinin tikintisinə başlamışdır. Bu işlər son illərdə daha da genişlənmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli sərəncamı ilə "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı" təsdiq edilmişdir. Bu dövlət proqramı ilə məcburi köçkünlər üçün nəzərdə tutulmuş yeni qəsəbələrin layihələndirilməsi və tikintisi Məcburi Köçkünlərin Sosial İnkişaf Fonduna həvalə edilmişdir. Dövlət Proqramına əsasən fond tərəfindən 2005-2007-ci illərdə Ağdam, Ağcabədi, Biləsuvar, Füzuli və Sabirabad rayonlarının ərazilərində 26 qəsəbə salınmış və bu qəsəbələrdə 8 mindən artıq ev tikilmişdir. Fondun apardığı işlər nəticəsində 2007-ci ilin sonunda ölkəmizdə son çadır düşərgələri tamamilə ləğv olundu və beləliklə, Dövlət Proqramı ilə nəzərdə tutulmuş məqsədlər həyata keçirildi.
Məlumdur ki, mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan yüz minlərlə məcburi köçkün vardır. Bununla əlaqədar olaraq məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 31 oktyabr tarixli sərəncamı ilə "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na əlavələr təsdiq edilmişdir. Dövlət Proqramına edilmiş əlavələr üzrə əsasən sifarişçi funksiyaları Nazirlər Kabinetinin sərəncamı ilə MKSİF-ə həvalə edilmişdir.
2008-ci ildə MKSİF Xocavənd rayonundan olan məcburi köçkünlər üçün Beyləqan rayonunun ərazisində 500 ailəlik bir, Xocalı rayonundan olan məcburi köçkünlər üçün isə Goranboy rayonunun ərazisində 500 ailəlik 4 yeni yaşayış qəsəbəsinin tikintisinə başlamışdır. Artıq bu qəsəbələrin tikintisi başa çatmış və burada məcburi köçkünlər yerləşdirilmişdir. Goranboy rayonunun Yuxarı Ağcakənd kəndinin ərazisində tikilən 120 ailəlik yeni qəsəbənin tikintisi 2009-cu ildə başa çatmışdır. Bütün yeni salınan qəsəbələrdə zəruri sosial-texniki infrastrukturlar nəzərdə tutulmuşdur.
2008-ci ilin sonunda MKSİF məcburi köçkünlər üçün Qəbələ rayonunda 155 mənzillik 2 ədəd 5 mərtəbəli, Bakı şəhərində 369 mənzillik 6 ədəd 9 mərtəbəli yaşayış binalarının, Göygöl rayonunda isə həyətyanı sahələri olan 26 ədəd fərdi evin tikintisinə başlamışdır və artıq bu işlər başa çatmışdır. 2009-cu ilin yayında Goranboy rayonunda fin tipli evlərdən ibarət düşərgədə müvəqqəti məskunlaşmış 596 məcburi köçkün ailəsi üçün həmin rayonunun ərazisində yeni qəsəbə salınmışdır.
- Fondun ötənilki fəaliyyəti barədə nələri demək istərdiniz?
- 2009-cu ildə fond tərəfindən intensiv olaraq tikinti-quraşdırma işləri davam etmişdir və noyabr ayında fond tərəfindən Bakı şəhərində və Goranboy rayonunda iki layihə uğurla həyata keçirilmişdir.
Belə ki, 2009-cu ilin noyabr ayının 18-də Binəqədi rayonu ərazisində dövlət əhəmiyyətli ərazidən köçürülmüş 369 məcburi köçkün ailəsi üçün 9 mərtəbəli yaşayış binalarından ibarət yeni salınmış məhəllənin açılış mərasimi olmuşdur. Məhəllənin ərazisində 5 ədəd 63 mənzilli və 1 ədəd 54 mənzilli 9 mərtəbəli yaşayış binaları, 260 şagird yerlik məktəb binası tikilmişdir.
Yeni tikilmiş məhəllə şəhər kommunikasiyalarına qoşulmuşdur. Məhəllənin ərazisi müasir üslubda abadlaşdırılmışdır.
Ötən ilin noyabr ayının 20-də Goranboy rayonunda fin tipli evlərdən ibarət düşərgədə müvəqqəti məskunlaşmış əsasən Kəlbəcər rayonundan olan 596 məcburi köçkün ailəsinə Goranboy rayonu ərazisində zəruri sosial-texniki infrastrukturu olan yeni salınmış qəsəbənin açılış mərasimi olmuşdur. Qəsəbədə zəruri kommunikasiyalarla bərabər bir sıra sosial-mədəni-məişət xidməti obyektləri, o cümlədən məktəb, uşaq bağçası, inzibati bina, ambulatoriya, klub-icma mərkəzi, poçt şöbəsi, ikiçıxışlı yanğınsöndürmə deposu tikilmiş və məcburi köçkünlərin istifadəsinə verilmişdir.
Hər iki açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak etmiş və görülən işlərə yüksək qiymət vermişdir.
- Son illər fond digər donorlarla da işləyibmi?
- Cari ildə ağır şəraitdə olan məcburi köçkünlərin yaşayış şəraitinin və rifahının yaxşılaşdırılması məqsədilə müəyyən tədbirlər dövlət büdcəsindən maliyyələşdirilmişdir. Belə ki, 2009-cu ildə büdcə vəsaiti hesabına Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində Elmi-Tədqiqat Əkinçilik İnstitutunun yardımçı binalarında müvəqqəti məskunlaşmış, əsasən Zəngilan rayonundan olan 31 məcburi köçkün ailəsinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Abşeron rayonunda fərdi evlərdən ibarət yeni yaşayış məhəlləsi salınmış və istifadəyə verilmişdir.
Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin vəsaiti hesabına 2008-ci ilin sonunda məcburi köçkünlərin məskunlaşdığı Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərindəki 50 yataqxana binasının təmirinə başlanmışdır və 2009-cu ilin əvvəlində bu proqram başa çatmışdır.
Fond tərəfindən məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər 2010-cu ildə də davam etdirilir. Belə ki, cari ildə Qəbələ rayonunun "Qafqaz" turist bazasında və "Lalə" sağlamlıq düşərgəsindəki 152 məcburi köçkün ailəsi üçün həmin rayonun Zarağan bələdiyyəsi ərazisində beşmərtəbəli yaşayış binalarından ibarət məhəllənin tikintisi başa çatdırılmışdır və 2010-cu ilin fevral ayının 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə yeni salınmış məhəllənin açılış mərasimi olmuşdur. Məhəllənin ərazisində 1 ədəd 80 mənzilli və 1 ədəd 75 mənzilli 5 mərtəbəli yaşayış binaları, 188 şagirdyerlik məktəb binası tikilmişdir. Həmçinin cari ildə Abşeron rayonunun idarəçiliyində olan ərazidə (Ramanı qəsəbəsi yaxınlığında) Bakı şəhərində "Azadlıq Prospekti" metro stansiyası ərazisində və digər yerlərdə müvəqqəti məskunlaşmış məcburi köçkünlər üçün 70 mənzilli beşmərtəbəli yaşayış binasının tikintisi başa çatmışdır və hazırda məcburi köçkünlərin bu binaya köçürülməsi prosesi başlanmışdır.
Ötən il Naftalan şəhərində Naftalan Sanatoriya-Kurort birliyinə məxsus sanatoriyalarda müvəqqəti məskunlaşmış 688 məcburi köçkün ailəsinin köçürülməsi üçün Goranboy şəhərinin ərazisində beşmərtəbəli yaşayış binalarının tikintisi başlanmışdır və cari ildə də bu işlər intensiv olaraq davam etdirilir. Qeyd etmək lazımdır ki, birinci növbədə Naftalan şəhərindəki "Qarabağ" sanatoriyasında məskunlaşmış 164 məcburi köçkün ailəsinin köçürülməsi nəzərdə tutulmuşdur.
Cari ildə fond tərəfindən Yevlax şəhəri ərazisində 612 məcburi köçkün ailəsi üçün beşmərtəbəli yaşayış binalarından ibarət məhəllənin tikintisinə başlanmışdır və tikintinin bu il başa çatdırılması planlaşdırılmışdır.
Qarşıda isə görüləsi işlər çoxdur. Cənab Prezident məcburi köçkünlərin daha yaxşı şəraitdə yaşamasına xüsusi qayğı göstərir. Biz də çalışırıq ki, bu insanlar rahat evlərdə yaşasınlar, hər cür şəraitləri olsun.
{nl}
Müsahibəni yazdı: Mehdi MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.