Texnika və texnologiyanın indiki sürətli inkişafı, qloballaşan dünyanın çağırışlarının ali təhsil ocaqları qarşısında qoyduğu ən vacib vəzifələrdən biri yüksək ixtisaslı peşəkar kadrların hazırlanmasıdır. Bu tələbin yerinə yetirilməsi üçün ölkəmizin qabaqcıl təhsil ocaqlarından biri olan Azərbaycan Dövlət Neft və Sənaye Universitetində nə kimi işlər görülür və qarşıda hansı prioritet vəzifələr durur? Müasir dünyada ali təhsilin ən aktual problemlərinə Azərbaycandan baxış necədir? Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa BABANLI ilə söhbətimizdə bu və bir çox başqa suallara cavab tapmağa çalışdıq.
– Mustafa müəllim, Neft Akademiyasının adının dəyişdirilməsindən və sizin universitetə rektor təyin olunmağınızdan cəmi 6 ay ötüb. Nəzərə alsaq ki, bu təyinat “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsinin mühüm bir mərhələsinə təsadüf edib, o zaman bunun necə böyük etimad olduğu daha da aydınlaşır. İnsafən, fundamental dəyişikliklər, islahatlar aparmaq üçün 6 ay çox az vaxtdır. Bilmək istərdik, göstərilən etimadı doğrultmaq üçün bu az vaxtda hansı düşüncələrinizi, planlarınızı reallaşdıra bilmisiniz?
– Təhsil, dövlətin müasir dünyada və insanın cəmiyyətdə vəziyyətini müəyyənləşdirən əsas sahələrdən biridir. İstənilən dövlət təhsil sahəsində qarşısına hər hansı bir məqsəd qoyanda cəmiyyətdəki problemlərdən çıxış edir. Bu siyasi, sosial-iqtisadi və mədəni böhran, bütövlükdə cəmiyyətin həyat səviyyəsinin və keyfiyyətinin yüksəldilməsi, milli təhlükəsizliyin təmin edilməsi və s.ola bilər.
Baxın, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev son 13 ildə inanılmaz quruculuq işləri həyata keçirir, ölkədə böyük inkişaf gedir. Belə bir halda təhsil yerində dura bilərmi? Əlbəttə yox! Təhsil özü də, bütövlükdə ona münasibət də dəyişməli idi. Ona görə ölkə Prezidentinin, hələ üç il əvvəl, 2013-cü il oktyabrın 24-də təsdiq etdiyi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın əsas məramlarından biri məhz təhsil sahəsində dövlət siyasətinin istiqamətini dəyişmək, ictimai şüurda, elm və təhsilin müasir Azərbaycan cəmiyyətinin inkişafında əsas amil olması haqqında düşüncəni möhkəmləndirmək idi. Bu, strateji, genişəhatəli bir sənəddir və qarşımızda elə mühüm əhəmiyyət daşıyan yeni hədəflər müəyyənləşdirir ki, onların reallaşdırılması Azərbaycanı on illərlə irəli apara bilər.
Bu strategiyanın reallaşması üçün də aparıcı mütəxəssislər tərəfindən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı" işlənib hazırlandı və ötən il yanvarın 19-da Prezidentin sərəncamı ilə təsdiq olundu. Burada təhsil sisteminin bütün pillələrinin yeniləşməsi ilə bağlı mərhələlərlə həyata keçiriləcək mükəmməl tədbirlər sistemi əksini tapıb. Mən də, vaxtı ilə postsovet məkanında, hətta dünyanın bir çox ölkələrində “Azİİ” adı ilə tanınan və artıq brendə çevrilmiş bu ali məktəbə ölkə başçısı tərəfindən təyinat alanda, qarşımda qoyulan başlıca vəzifə bütün fəaliyyətimi, ali məktəbin müəllim - professor heyətilə birgə, nəzərdə tutulmuş tədbirlərin məqsədyönlü şəkildə həyata keçirilməsinə yönəltməkdən ibarət oldu. Eyni zamanda, dövlət başçısının bir ciddi tapşırığı da az bir vaxtda bu ali məktəbin keçmiş nüfuzunu özünə qaytarmağa, insanların, əvvəllər olduğu kimi, yenə universitetə müqəddəs bir elm ocağı kimi baxmasına, burada 90-cı illərdən sonra meydana çıxan və gündən-günə dərinləşən neqativ halların aradan qaldırılmasına nail olmaq üçün, bir gün belə ləngimədən, radikal islahatlar aparmaq oldu.
Doğrudur ki, elə də çox vaxt, zaman keçməyib. Amma, hər şeyi də zamanın ixtiyarına buraxmaq olmaz. Elə ciddi məsələlər var ki, orada çox çevik və qəti addımlar atılmalı, kardinal dəyişiliklər edilməlidir. 2015-2016-cı tədris ilinin payız semestrinin nəticələri göstərir ki, biz doğru yoldayıq. Tələbələrin inamı artıb, onlar bu gün kitabxanalardan yararlanmağa başlayıblar, öz aralarında sözün əsl mənasında bir sağlam rəqabət mühiti formalaşdırıblar.
Universitetimizdə bəzi struktur dəyişiklikləri apardıq, lakin fakültələrin, ixtisasların sayında heç bir dəyişiklik baş vermədi. Əsas dəyişiklik kafedraların birləşdirilməsi ilə bağlı oldu. Sovet dönəmində belə bir tendensiya əmələ gəlmişdi ki, kim elmlər doktoru olurdusa, ona bir kafedra açılırdı. Əslinə qalsa, kafedra ölkənin əsas strateji istiqamətlərinə uyğun açılıb mütəxəssis hazırlamalıdır. Bizdə isə elə bir vəziyyət yaranmışdı ki, bir neçə kafedra bir ixtisas üzrə mütəxəssis hazırlayırdı. Bu, təbii ki, artıq xərclərə səbəb olurdu. İdarəçiliyi düzəltmək, bir-birini tamamlamaq məsələsində müəyyən nəticələrə, ən əsası, strateji planlarımıza nail olmaqdan ötrü həmin kafedraların birləşdirilməsinə qərar verdik. Bir nəfər belə ixtisara düşmədi. Bir ixtisas belə ləğv olunmadı. Əksinə, növbəti ildə daha çox tələbə sifariş edəcəyik.
Universitetimizdə ingilis dilində tədris olsa da, indiyə qədər bir neçə ixtisası əhatə edib. Bizim Almaniyanın Zigen, Amerikanın Corciya universitetləri ilə müştərək proqramlarımız var. Növbəti tədris ilindən isə artıq 14 ixtisas üzrə 320 nəfəri sırf ingilis dilində bakalavr təhsili üçün tədrisə cəlb etməyi düşünürük. Bu tədrisin məqsədi nədir? Biz dünyəvi universitet olmaq üçün çalışmalıyıq. Bunun üçün ingilis dilində təhsil verməyi, bütün dünyadan tələbələri universitetə cəlb etməyi bacarmalıyıq. Azərbaycan Prezidentinin dediyi kimi, biz ölkəyə valyuta gətirməliyik. Beynəlxalq təhsildə də böyük rəqabət mövcuddur. Buna görə də daha çox xarici tələbə cəlb etməyə çalışırıq. Artıq bunun işartıları var. 120-dən artıq əcnəbi vətəndaş növbəti tədris ilindən bizim universitetdə təhsil almaq üçün ərizə ilə müraciət edib.
Universitetimizin Elmi Şurasının qərarı ilə bu ilin mart ayının 1-dən professor-müəllim heyətinin formalaşdırılmasında bal sisteminin tətbiqinə başlamışıq, yəni assistent, müəllim, baş müəllim, dosent və professor vəzifələrinə seçilərkən son beş ildə göstərdiyin elmi-pedaqoji fəaliyyətə dair bal toplamalısan. Bu, dünya universitetlərində qəbul olunmuş bir sistemdir, lakin biz bunun bir qədər yumşaldılmış variantını tətbiq edirik.
Əsas məqsədlərimizdən biri tədrisdə yaşlı nəsillə cavan nəslin, yəni, təcrübə ilə enerjinin, kreativliyin sintezini təşkil etmək idi. İlk olaraq, yaşlı nəsilin nümayəndələri üçün universitetdə professor -məsləhətçi vəzifəsi təsis etdik. Hamını bu vəzifəyə cəlb edə bilməsək də, ancaq 10 nəfər alimimizi bu vəzifəyə seçmişik. Bu vəzifəni tutmaq üçün də müəyyən şərtlər qoymuşuq. Məsələn, professor-məsləhətçi işləmək istəyən alimin 35 il elmi-pedaqoji fəaliyyəti olmalıdır, bizim universitetdə 10 il professor vəzifəsində çalışmalıdır, universitet qarşısında müəyyən uğurları olmalıdır və s. Bu insanlara, heç bir ölkənin ali məktəblərində olmayan bir fürsət verdik. Yəni o alimlər, bizim universitetin professorlarının aldığı əmək haqqının 100 faizi qədər əmək haqqı alacaqlar və bundan sonra universitet professorlarının əmək haqları artırıldıqda onların da əmək haqları eyni qaydada artırılacaqdır.
Açıq demək lazımdır ki, sarı vərəqlərin vaxtı artıq çoxdan keçib. İndiki gənclər köhnə tədris üsullarını, metodlarını qəbul etmirlər. Ona görə də biz professor – müəllim heyətinin gəncləşməsi xəttini götürmüşük və bu yolla da gedirik. Mənim universitetə təyinatımın semestrin başlanğıcına, yəni illik dərs yükünün bölgüsündən sonraya təsadüf etməsinə baxmayaraq, bu müddətdə xarici universitetlərdə, bizim ölkəmizdə magistraturanı bitirmiş 30-a yaxın gənc insanı ali məktəbimizə gətirə bilmişik.
Apardığım təhlillərdən aydınlaşdırmışam ki, universitetimizin magistraturasını son 5 ildə 1627 tələbə bitirmiş, lakin son beş ildə onlardan cəmi 13 nəfəri universitetimizdə işə qəbul olunmuşdur. Axı belə olmaz. Dövlət magstrların hazırlamasına çox böyük vəsait yönəldir ki, sonradan bu mütəxəssislər qazandıqları elmi bilikləri gənc nəslə, baklavr təhsili alan insanlara tədris etsin, öyrətsin.
– Kembric Universitetinin professoru Entoni Giddens məqalələrinin birində yazır ki, “konkret bir ərazidə fəaliyyət göstərən universitetlərin gələcəyi yoxdur”. Şərqin qocaman təhsil və elm ocaqlarından biri, geniş beynəlxalq əlaqələrə və xarici mütəxəssis hazırlamaq ənənələrinə malik universitetinizin gələcəyini necə görürsünüz?
–Bizim başlıca hədəflərimiz ondan ibarətdir ki, ADNSU yaxın beş ildə orta səviyyəli Avropa universiteti səviyyəsinə, növbəti beş ilin yekunlarına görə isə Avropanın üzdə olan ən tanınmış ali məktəblərinin səviyyəsinə qalxa bilsin. Bu gəlişi gözəl sözlər deyil. Bütün fəaliyyətimiz bu istiqamətə yönəlib. Bu bir Azərbaycan brendi olmalıdır. Xatırlayırsınızsa, keçmiş SSRİ dönəmində bizim universitet İttifaqın ali məktəbləri arasındakı qeyri-rəsmi yarışmada həmişə birinci onluğa düşürdü. Xarici vətəndaşların təhsil aldığı universitetlər arasında isə həmişə birinci üçlükdə yer alırdıq. Yəni bu qocaman ali təhsil ocağının vaxtı ilə belə performansları olub.
Bunlar təsdiq edir ki, bizim çox zəngin və qürur duyulası keçmişimiz var. Keçmişdə böyük potensialı olan bir ali məktəbdə bizim hədəflərimizi gerçəkləşdirmək çox da çətin iş deyil. Biz ölkə rəhbərliyi qarşısında da belə bir vəzifəni üzərimizə götürmüşük ki, universiteti ən qabaqcıl universitetlərdən birinə çevirəcəyik. Buna heç kimin şübhəsi olmasın. Sual oluna bilər ki, hansı yollarla?
Birinci, biz daxili nizam-intizamı, təhsilin keyfiyyətini yaxşılaşdırmalıyıq. Tələbə bilməlidir ki, bu universitetin diplomunu almağın bircə yolu var, yüksək biliklərə yiyələnmək və bu yolla imtahanlarda uğur qazanmaq.
İkincisi, sənaye və elmi müəssisələrlə, sözdə yox, işdə, sıx əlaqələr qurmaq. Bu, həm də tələbələrlə gələcək iş yerləri arasında bir əlaqələndirici mexanizmə çevrilməlidir. Ona görə də biz bu ildən buraxılış işinin mövzusunu tələbələrə ikinci kursdan verəcəyik. Bundan sonra tələbənin bütün kurs işləri, referatları həmin buraxılış işi ilə bağlı olacaq. Tələbə kurs işlərini, layihələrini işləyib hazırlamaqla yanaşı, həm də buraxılış işini hazırlaya biləcək. Sənaye müəssisəsinə təcrübəyə gedəndə də öz işinə aid olan sahəyə yönəldiləcək və bu işlə bağlı materialları toplamağa çalışacaq, öz işi ilə bağlı sənayedə qarşılaşdığı problemləri universitetə gətirəcək, burada müəllim-professor heyəti ilə birlikdə sənayedəki problemlərin həlli yollarının tapılmasında iştirakçı olacaq.
Biz ən yaxın vaxtlarda ona da nail olmaq istəyirik ki, tələbə oxuduğu müddətdə paralel olaraq təcrübəyə də getsin. Əgər tələbə günün birinci yarısı dərsdə olursa, günün ikinci yarısında heç olmasa 2 saat təcrübəyə gedə bilsin. İlkin dövrdə bu təcrübə saatları ödənişsiz olsa da, sonradan müəssisələr tələbənin çəkdiyi zəhmətin müqabilində ona müəyyən haqq ayıra bilsələr, əlbəttə, bu daha yaxşı olar. Xarici ölkələrin ali məktəblərində bu təcrübə var və biz də bunu Azərbaycan reallıqlarına uyğunlaşdırmağa çalışacağıq.
Artıq, tədris proqramlarımızı Avropanın qabaqcıl tədris proqramlarına uyğunlaşdırmaq istiqamətində tədbirlərə başlamışıq. Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov bu yöndə ciddi işlər aparır. Hazırda Təhsil Nazirliyində bütün ixtisaslar üzrə yeni standartların hazırlanmasına dair komissiyalar və işçi qruplar yaradılıb.
Bu komissiyanın üzvləri ilə birlikdə araşdırmağa başladıq ki, bakalavr pilləsində bizim universitetlərdə və xarici ölkələrin ali məktəblərində neçə texniki və texnoloji ixtisas var? Aydın oldu ki, bizdə bu ixtisasların sayı 57 olduğu halda, Almaniyada 25, Avstriyada isə 22 -dir. Yaxşı, biz eləmi çox irəli getmişik ki, dünyanın qabaqcıl sənaye mərkəzlərindən biri olan Almaniyanı geridə qoymuşuq?! Bu ondan irəli gəlib ki, nə qədər ixtisas varsa, o qədər də yalançı kafedralar, yalançı fakültələr olmalıdır. Ancaq faktiki olaraq, fakültələrin adlarını nizamlayıb, mahiyyətini genişləndirmək lazımdır. Bu baxımdan, burada tədris olunan fənlərin hər biri bakalavr səviyyəsinə uyğun tərtib edilməli və Qərb analoqlarına yaxın olmalıdır. Sual oluna bilər ki, niyə Qərb analoqları ilə eyniləşdirilməlidir? Ona görə ki, tələbə bu universitetdə bir il təhsil aldıqdan sonra gedib Almaniyada təhsilini davam etdirəndə problem yaşamasın. Yəni tədris proqramları hər iki universitetdə 80-90 faiz üst-üstə düşməlidir. Spesifik fərqlər ola bilər - Azərbaycan dilindən, Azərbaycan tarixindən, regionun özü ilə bağlı hər hansı fənlərdən. Ancaq bütölükdə fənlər dünyəvi olmalıdır. Texnika Almaniyada da, Amerikada da, Azərbaycanda da texnikadır. Buna yanaşma tərzi Azərbaycanda da, Almaniyada da eyni omalıdır.
Bunlarla yanaşı, magistratura pilləsində təhsil alan təlbələrə yanaşma tərzimizi də dəyişməliyik. İndi biz magistraturada təhsil alan tələbələrimizə şərait yaratmışıq ki, gündüzlər işləsinlər, axşamlar da biz onların tədris prosesini təşkil edək və onlar təhsillərini davam etdisinlər. Əgər magistrant təhsil ala-ala iş tapırsa, o gələcəkdə sənayeyə kömək edəcək, Azərbaycanın inkişafına kömək edəcək. Yoxsa, biz magistrantı kimin üçün hazırlayaq, sabah o iş tapacaq-tapmayacaq, bu hələ bəlli deyil. İndi Sovet İttifaqının planlı iqtisadiyyatı deyil, bazar iqtisadiyyatıdır, bazara da gərək öz məhsulunu, keyfiyyətdə rəqabət qabiliyyətli məhsulunu təqdim edəsən. Ona görə biz çalışırıq ki, öz magistrlərimizi işə düzəldək və sənayenin problemlərini universitetə gətirək. Universitet də sənayenin problemlərinin həlli ilə müəyyən qazanc əldə edə bilsin.
Biz bu il ilk dəfə olaraq, tələbələrə yuxarıdan kredit götürməyə icazə vermişik. Bilirsiniz ki, tələbə hər hansı fənndən qeyri-kafi qiyməti alanda aşağadan kredit götürürdü. Yəni ya özündən aşağa kurslarda, ya yay məktəblərində, ya da xüsusi qruplarda iştirak edirdi ki, kredit borcu qalmasın və vaxtında universiteti bitirib diplom ala bilsin. Mən müəllimlərimizə sual verdim ki, əgər Boloniya prosesi buna imkan verirsə və tələbə aşağıdan kredit götürə bilirsə, niyə yuxarıdan kredit götürə bilməsin? Əgər tələbənin bütün qiymətləri 91 baldan yuxarıdırsa, o özü bunu istəyirsə niyə ona yuxarıdan kredit götürməyə icazə verilməsin? Ona görə də eksperiment kimi bütün qiymətləri 91 balın üstündə olan iki tələbəmizə yuxarıdan kredit götürməyə icazə vermişik. İkinci kursda oxuyan tələbəmiz üçüncü kursların tələbələri ilə bərabər iki fənndən hərəsi dörd kredit götürüb. Görək nəticələr nə göstərəcək.
Gələcəkdə biz belə bir şərt qoymaq istəyirik ki, heç bir kredit borcu qalmadan oxuyan və ümumi balları 81-dən yuxarı olan tələbələrə yuxarıdan kredit götürməyə icazə verək. Bu öz səmərəsini göstərsə, çox yaxşı oxuyan tələbələrimiz 3 ilə universiteti bitirə biləcəklər.
– Rusiyanın İqtisadi İnkişaf Nazirliynin hesablamalarına görə, bu ölkənin təhsil sistemində 2011-ci ildə 5,5 milyard dollar rüşvət toplanıb. Sonrakı illərdə bu daha da artıb. Etiraf etmək lazımdır ki, bizim ali məktəblərdə, bu miqyasda olmasa da, belə hallar az olmayıb. Sizdə vəziyyət necədir? Eşitmişik ki, buna qarşı universitetdə açıq müharibə elan etmisiniz.
–Açığı, siz bu sualı verməsəydiniz, mən bunun üstündən keçəcəkdim. Çünki tədris prosesində rüşvət artıq bizim universitetin qısa və xoşagəlməz bir keçmişidir. Universitetimiz qısa bir zamanda çox yüksək bir nəticəyə nail olub. İndi mən tam əminliklə deyə bilərəm ki, bizim universitetdə bir manat da olsun rüşvət yoxdur və hətta bir tələbə belə tapşırılmır. Bu inanılmaz uğurdur. Azərbaycanda rüşvətin qarşısını almaq mükündür, ancaq tapşırığın qarşısını almaq çox çətin bir işdir. Biz buna nail olmuşuq.
Universitetə təyinat aldığım gündən kollektivimizlə, geniş tərkibdə dəfələrlə görüşdüm. Görüşlərdə bundan sonra necə işləyəcəyimizi öz dilimdən eşitsinlər deyə, hamının yanında söylədim ki, əgər bu semestrin sonunda bizim universitetdə, hər hansı sahədə, bir manat belə olsa, rüşvət almış olsalar, deməli onu mən almışam. Kimin almasından asılı olmayaraq, hamınızdan üzr istəyəcəyəm. Mən bu gün müəllilmlərimizə də, əməkdaşlarımıza da minnətdaram ki, onlar məni eşitdilər və bu çirkin əmələ qatılmadılar.
Bunun başqa bir səbəbi də var idi. Biz noyabr ayından bütün sahələrdə çalışan işçilərin, müəllim və professor heyətinin əmək haqlarını ciddi şəkildə artırdıq. Bundan sonra da əmək haqlarını qaldırmağı planlaşdırmışıq. Ancaq o artım diferensial şəkildə aparılacaq. Biz əmək haqlarının artırılmasında bal sistemi tətbiq etmişik. Bu haqda qərarımız da Elmi Şuranın iclasında təsdiqlənib. Elmdə, tədrisdə, universitet həyatında olan layihələrdəki uğurlarına görə, müəllim və professor heyəti müəyyənləşmiş sistemə uyğun bal toplamalıdır. İstər müəllim olsun, istər baş müəllim, dosent və ya professor, fərq etməz, topladığı bala görə qiymətləndiriləcək. Hətta professor diplomu ola-ola əgər növbəti seçkiyə qədər, o müəyyənləşdirdiyimiz balı toplaya bilməsə, professor vəzifəsində də işləməyəcək.
Gəlin etiraf edək ki, başqa cür yanaşma təhsilə fayda gətirməyəcək. Universitetlə kollecin fərqi ondadır ki, universitet ən müasir elmə söykənmiş təhsil verməlidir. Əgər professor özünün əvvəlki uğurlarına arxayınlaşıb “yatırsa”, yeni elmi nailiyyətləri mənimsəmirsə, öz elmi tədqiqatlarını davam etdirmirsə, ondan bugünkü universitet üçün professor olmaz. Ona görə belə insanlar ciddi düşünməlidirlər. Mən elə bilirəm ki, kollektivimiz bu ideyalarımızı dəstəkləməklə doğru yolda olduğumuzu təsdiqlədi. Əslində, bu, həm də onu göstərdi ki, kollektivimiz ölkə başçısının apardığı siyasəti dəstəkləyir. Bütün bunlar uğurlarımızın davamlı olacağına əsas verir.
– Ali məktəblərdə təhsilin yüksək keyfiyyətinə təminat verən həm də yüksək hazırlıqlı pedaqoji kadrlardır. Necə bilirsiniz, universitetin professor-müəllim heyətinin hazırlıq səviyyəsi təhsilimiz qarşısında duran müasir cağırışlara cavab verirmi?
–Etiraf etmək lazımdır ki, həqiqətən bəzi ixtisaslar üzrə dünya çağırışlarına cavab vermirik. Bəzi ixtisaslar üzrə kəskin geriqalmalar var. Bunların daha da kəskinləşməməsi üçün biz artıq müəyyən tədbirlər həyata keçirməyə başlamışıq. Xarici ölkələrin tanınmış universitetlərindən dəvətli professorların gəlib bizim universitetdə çalışması, Qərb universitetlərini bitirmiş tələbələrimizin gəlib bizdə tədris aparması, Azərbaycanın ən qabaqcıl müəssisələrindəki texnika və texnoloji proseslərin universitetimizin müəllim, mühəndis heyəti tərəfindən mənimsənilməsi və kadr hazırlanması, sənaye müəssisələri ilə universitet arasında inteqrasiyanın təmin olunması və s. kimi işlər görülüb və indi daha intensiv xarakter alıb.
Bizim universitetimizdə hazırda 684 nəfərdən ibarət professor-müəllim heyəti fəaliyyət göstərir. Onlardan təxminən 80 nəfəri professor, elmlər doktoru, 400 nəfərdən artığı elmlər namizədi, dosentdir. İstənilən ali məktəb üçün bu çox böyük potensialdır və deyərdim ki, hətta regionda belə potensialı olan texniki ali məktəb yoxdur.
Amma bu insanların elmi bilikləri dayanıqlı olmalıdır, onlar öz üzərlərində daim işləməlidirlər. Eyni zamanda universitet də onlara yardımçı olmalıdır. Universitet onların xarici ölkələrdə keçirilən elmi praktik konfranslarda, simpoziumlarda iştirak etmələrinə, universitetlərdə təcrübə mübadiləsi keçmələrinə, mühazirələr oxumalarına şərait yaratmalıdır.
Ona görə də qarşıda duran ən mühüm məsələ universitetdə tələbə müəllim münasibətlərindən formalaşan işgüzar mühitin yaradılmasıdır. Bu mühitdə tapşırılmalara, neqativ hallara, tələbələrin bir-birindən köçürmələrinə yer olmamalıdır. Tələbə bilməlidir ki, ona biliyinin səviyyəsinə uyğun qiymət veriləcək, müəllim də bilməlidir ki, ona sərf etdiyi zehni əməyə görə ədalətli əməkhaqqı veriləcək. Əgər biz bu balansı yarada bilsək, onda sözsüz ki, bizim uğurlarımız böyük olacaq.
– Ötən əsrin 70-80-ci illərdə nüfuzuna görə ali məktəb müəllimləri cəmiyyətdə ikinci yerdə qərarlaşmışdılar. 90-cı illərin sonlarında isə pedaqoqlara, onların şəxsiyyətlərinə açıq şəkildə hörmətsizlik başladı. Xatırladığım qədər bizim təhsil aldığımız illərdə belə hallarla təsadüfdən-təsadüfə rast gəlmək olardı. İndi bu daha geniş yayılıb. Günahkar kimdir, müəllim, tələbə, zaman, yoxsa başqa səbəblər var? Niyə bu nüfuzu qorumaq mümkün olmadı?
– Bu nüfuzun qorunmamasında həm cəmiyyət, həm də müəllimlər özləri günahkardır. Cəmiyyət müəllim nüfuzunu formalaşdırır, cəmiyyət müəllimin zəhmətini qiymətləndirir, cəmiyyət onun şəxsiyyətini uca tutur. Dediyiniz, həmən 90-cı illərdə müəllim o nüfuzunu öz qamətini saxlaya bilməməklə itirdi. O dövrdə təhsilə müəyyən neqativ hallar sirayət etməyə başladı. Bəli, hamı üçün çətin idi. Amma o, neqativ hallardan özlərini sığortalaya bilən müəllimlər yenə öz nüfuzlarını qoruya bildilər. Etiraf edək ki, bəzi insanlar həmin mərhələdə özlərini tapa bilmədilər. Onların böyük əksəriyyəti asan, ancaq müəllimi hörmətdən salan yolu seçdi və tələbə müəllim münasibətləri neqativ halların kütləviləşməsi səbəbindən eybəcər bir formaya düşdü.
Çox keçmədi ki, Azərbaycan ağır soaial-iqtisadi durumdan qurtarmağa və inkişaf etməyə başlada. Bununla paralel olaraq təhsil də qalxmağa başladı. Baloniya prosesinin tətbiqi, təhsildə islahatlar, təhsilə olan diqqət və qayğı yenidən müəllim nüfuzunun qalxmasına şərait yaratdı. Etiraf edək ki, bu gün müəllim nüfuzu sürətlə bərpa olunur.
Əgər tələbə hər hansı formada aşağılanırsa, onun biliyi düzgün qiymətləndirilmirsə, o hər hansı formada öz neqativini bildirməyə çalışır. Divarları yazır, stolu qırır, dərsdə səs salır, mühazirənin gedişini pozur, bir sözlə öz etiraz hissini göstərir. Amma tələbə görəndə ki, əsas meyar bilikdir, onun biliyi düzgün qiymətləndirilir, təbii ki, o zaman o da özünə aid olan işlə, elm öyrənməklə məşğul olur. Müəllimə yanaşmada da bütün qaydalara əməl edir. Lakin burada tələbənin bilik səviyyəsini də yaddan çıxarmaq olmaz. Təcrübə göstərir ki, yüksək bal toplayaraq universitet tələbəsi adını qazanan övladlarımız nizam - intizamı, dərsə məsuliyyəti, müəllimlərə və dərslərə yanaşması ilə yaxşı mənada fərqlənirlər.
Necə oldu indi müəllim nüfuzu qalxmağa başladı? Necə oldu indi müəllim yüksək əmək haqqı ala bildi? Bir neçə il bundan əvvəl Prezidentimiz cənab İlham Əliyevin sərəncamı ilə Ali təhsil müəssisələri adambaşına maliyyələşməyə keçdi. Bundan universitetlərimiz qazandılar. Onların arasında da bir rəqabət başladı. Hansı universitet daha yaxşı təhsil verirsə, hansında daha şəffaf mühit varsa, hansı universitetin məzunları daha çox iş tapırsa abituriyentlər həmin universitetlərə üz tutmağa başladılar. Dövlət mütəxəssis sifariş edirsə, onun üçün ali məktəbin özəl və ya dövlət statusunda olmasının elə bir fərqi yoxdur. Fərq universitetin keyfiyyət göstəricisidir.
Tələbə və yaxud valideyn görəndə ki, Qafqaz Universitetində tədrisin keyfiyyəti daha yüksəkdir, tədris prosesi şəffafdır, orada daha çox praktik dərslərə əhəmiyyət verilir, orada oxuyan tələbələr xarici ölkələrdə də təhsillərini davam etdirə bilirlər, oranın məzunları daha rahat və asan iş tapa bilirlər, onları daha çox şirkətlər işə cəlb edir, o zaman, əlbəttə oranı seçəcəklər. Dövlət də mütəxəssis hazırlığı üçün verməli olduğu vəsaiti Qafqaz Universitetinə köçürür. Biz də artıq ilk gündən təhsilin keyfiyyətini, müəllimlərin səviyyəsini elə artırmağa çalışırıq ki, rəqabətdə geri qalmayaq, əksinə öndə olaq ki, dövlət sifarişini, vəsaitini biz alaq. Çalışdıq ki, müəllimin nüfuzu qalxsın. Müəllimin nüfuzu qalxmasa, müəllim ən azından minimal tələblərə cavab verən əmək haqqı almasa öz üzərində də işləməyəcək, tədrisin də keyfiyyətinin yüksəlməsində maraqlı olmayacaq. Ancaq müəllimin əməyi bu gün bazara, ölkənin orta statistik əmək haqqına uyğun , ondan hətta bir neçə dəfə artıq olmaqla həmin uğurları əldə etmək mümkündür. Məsələn, hazırda bizim universitetdə professor bir ştat vahidinə görə 1100 manat əmək haqqı alır. Əksər professorlarımız ştatyarım işləyirsə 1650 manat əmək haqqı alır. Dosentin əmək haqqı bir ştat vahidinə görə 800 manat, ştatyarıma görə 1200 manat təşkil edir. Fakültə dekanları 1200 manat, kafedra müdiri 1100 manat əmək haqqı alır. Bütün dekanlar həm öz vəzifələrinə görə, həm də yarım ştat vahidi dərs dediklərinə görə əmək haqqı alırlar. Əgər dekan elmlər doktoru, professordursa 1750 manat əmək haqqı alır. Belə olan halda, müəllim öz nüfuzuna xələl gətirib neqativ yollara meyl edəcəkmi? Əlbəttə, yox!
Bir reallığa sevinirəm ki, Azərbaycan Neft və Sənaye Universitetinə daxil olan tələbə hara gəldiyinin fərqindədir. O bilir ki, ölkədə artıq bir brend kimi çoxdan tanınan “Azİİ”-də çox ağır, ciddi və ancaq çox şərəfli bir təhsil alacaq. Yəni, “Azİİ” brendi Azərbaycan Neft və Sənaye Universitetin simasında bu gün artıq öz nüfuzunu bərpa edib və daha böyük planların həyata keçirilməsi yolundadır.
Təhlillər göstərir ki, bu il bizim tələbələrin topladığı orta qəbul balı 427,1-dir. Bu balı toplayıb universitetə qəbul olmuş tələbələrlə uğur qazanmağın resepti çox sadədir. Tələbələr bilirlər nə istəyirlər və nəyə nail ola bilərlər.
Ona görə də biz artıq universitetdə tələbələri məşgul edirik ki, qazandıqları bilikləri az bir vaxtda daha da artırsınlar. Bu gün universitetimizdə dörd İT akademiyasının fəaliyyəti var – Microsoft, Oracle, Cisco, AutoCAD. Tələbələr dərsdən sonra o akademiyalarda pulsuz oxuyub əlavə sertifikatlar alır və özlərini müəssisələrə hazırlayırlar.
– Bildiyimə görə, universitetdə STARTAP layihəsini gerçəkləşdirməyə hazırlaşırsınız. Bu haqda oxucularımızı qısaca necə məlumatlandırardınız və bu layihə sizin ali məktəbə nə fayda verəcək?
– Azərbaycan Respublikası Təhsil Nazirliyinin ümumi yanaşması ilə ölkəmizdə bir ekosistemin yaradılması tövsiyyə olundu. Biz də universitetimizdə artıq bu ekosistemin qurulmasına başlamışıq. İlkin seçimlərimizi ötən ilin noyabr ayından aparmağa başladıq. Ukraynadan, Rusiyadan, İsraildən professorlar, startap mütəxəssislərini dəvət etdik. Özümüzdə də tələbələr arasında izahat, təbliğat və təşviqat işləri apardıq. İki yüzdən artıq tələbəmiz, hətta başqa universitetlərimizin tələbələri də bu startap məktəbinə yazıldılar.
Startap layihəsi nədir və universitet olaraq bu layihədən başlamaqda niyə israrlıyıq?
Bu gün həyatda lazım olan bütün praktiki, məsələn, innovativ biznesin qurulmasına dair bilikləri universitetlər verə bilmirlər. Tələbə özü də startap layihəsinin nə demək olduğunu bilmir. Ona görə də STARTAP məktəblərində startapçılığın ənənələri, minimal bilikləri və startapçılığın nədən ötrü lazım olduğunu öyrətməyə başladılar. Seçimlərdən sonra 72 tələbə – doktarant, magistrant və bəzi əməkdaşlarımız hazırda məktəbdə təhsil alırlar. Yanvarın ortalarından başlanan dərslər üç mərhələdə gedəcək. Birinci üç ay müddətdə startapçılıqla bağlı 60 saat aktiv nəzəri biliklər tədris olunacaq. Həmin 72 nəfərin ikinci mərhələyə keçməsi o halda mümkündür ki, onlar özlərinin kollektiv startap layihəli kiçik müəssisələrini yaratsınlar. Öz yenilikçi ideyaları olan qruplar ikinci mərhələyə buraxılacaq. Bu mərhələni keçə bilməyənlərə sertifikatlar verilir və tövsiyyə olunur ki, növbəti ildə keçiriləcək startap layihəsinə hazırlaşsınlar. Növbəti mərhələyə tərkibində 4-5 nəfər olan, təqribən 10 - 12 layihəni təmsil edən qruplar keçir. Onlar artıq bu startap müəssisələrinin yaradılması üçün fəaliyyətlərini davam etdirilər. Artıq dərslərdə iştirak edən 72 nəfərdən elə ilk mərhələdə çox gözəl 25 ideya almışıq. İsraildən olan startaper (mütəxəssis) İqor Peyer o ideyalardan təqribən 10-12-nin ciddi uğur qazanacağına rəyini bildirib.
Stenford Universitetində, Slikon vadisində işləmiş, İsraildə özünün texnoparkı, inkubatorları olan İqor Peyer deyir ki, buradakı tələbələrin gözlərində olan qığılcımı, təşəbbüskarlığı mən heç yerdə görməmişəm. Ona görə də mən burada maraqla işləyirəm.
İkinci mərhlədə qrupların ideya şəklində olan müəssisələrinin prototipi yaradılacaq. Üçüncü mərhələdə festival keçirəcəyik və bura biznes strukturlarını, investisiya qoymaq imkanları olan sahibkarları dəvət edəcəyik ki, onlar bu layihələrə sərmayə qoyub müəssisə yaratmaq mərhələsinə keçirə bilsinlər. Bu müəssisələr ilkin dövrdə universitetin inkubatorlarında yerləşdiriləcəkdir. Bir neçə il, ən azından onlar müəyyən gəlirlər əldə edənə qədər, biz onları qoruyacağıq. Məsələn, dövlət qarşısında onların vergidən azad olunması, onlara müəyyən güzəştlər edilməsi ilə bağlı məsələ qaldıracağıq. O müəssisələr tam hazır vəziyyətə gətirildikdən, məhsul istehsalına başlayandan sonra onlar texnoparklara keçiriləcəklər. Bu şəkildə, biz əgər təkcə mütəxəssislər yox, həm də müəssisələr “istehsal” etsək, o zaman dövlətə daha böyük fayda verə bilərik.
– Nəhayət, son sualımız. Mustafa müəllim, bəzi alimlər qeyd edirlər ki, ali təhsilin geniş şəkildə açıq olması onun tam həyata keçirilməsi üçün real imkanları azaldır. Mənim düşündüyüm qədər, ali təhsil elə bir şeydir ki, o təhsil prosesinin iştirakçıları qarşısında zaman-zaman yüksək və daim artan tələblər qoyur və bu heç də birbaşa universitetə qəbul olmaq faktı və ya universitet diplomu almaq faktı ilə bağlı deyil. Sizcə, universitetə qəbul olmaq diplom almağa mütləq təminat verməlidirmi?
– Yer üzündə elə bir resept yoxdur ki, onunla dərman alıb qəbul edəsən və ağıllı, savadlı olasan. Tələbə özü çalışmalı, bilikləri, yeni elmi nailiyyətləri öyrənməyə özü səy göstərməlidir. Elə insan var ki, ömrü boyu oxusa da, təhsilə yiyələnə bilməyəcək. Elə insanlar da var ki, 3 ya 4 il təhsil almaq ona kifayət edir. Tarixdə kifayət qədər belə nümunələr var. Bəli, bu gün universitet təhsili hamı üçün əlçatan olmalıdır. Amma burada bir “qıf effekti” olmalıdır. Kim istəsə bura qəbul oluna bilər, amma hamının buranı bitirməsi əsas şərt olmamalıdır. Bundan ötrü də ali təhsil sistemində şəffaf mühit yaranmalıdır. O zaman ali məktəb qarşısında qoyulan tələblər də uğurla yerinə yetirilər. Belə olmasa, biz diplom naminə təhsil almaq düşüncəsini beyinlərdən silə bilməyəcəyik.
Hamı ali təhsil almağa meyil göstərə bilər, amma hamı alim ola bilməz. Ona görə də bizim universitetin professor - müəllim heyətinin iştirakı ilə tələbələri, magistirları və doktorantları “ələyib”, axtarıb içindən ən layiqlilərini gətirib sözün əsil mənasında alim etməliyik. İndiyə qədər nə baş verirdi-proteksiyalar: kim kimin qohumudur, kimin imkanları var. O zaman ağıllı, savadlı insanlar da həvəsdən düşür və cəmiyyətdə özlərini tapa bilmirdilər. Hanı Yusif Məmmədəliyev, Lütvi Zadə, Azad Mirzəcanzadə kimi alimlər? Azad Mirzəcanzadə elə bir məktəb qoyub gedib ki, biz hələ uzun illər ondan bəhrələnəcəyik.
Niyə ali məktəblərimiz adlarını çəkdiyimiz o insanlar səviyyəsində alimlər yetişdirə bilmir?! Bunun bir əsas səbəbi də ondadır ki, ali məktəblərlə orta ümumtəhsil məktəbləri arasında əlaqələr itib. Orta məktəbdə uşaqlar hansı yöndə təhsil almaq sualı qarşısında çox vaxt aciz qalırlar. Düzgün seçim etmirlər.
Burada, KİV-in, xüsusilə televiziya kanallarımızın da üzərinə böyük məsuliyyət düşür. Məgər yerli-yersiz şou proqramlar ölkənin, millətin gələcəyinə zəmanət verən təhsildən daha vacibdirmi?!
Biz orta təhsil məktəbləri ilə münasibətlərə qayıtmaq məsələsini də gündəmə gətirmişik və bununla bağlı çox ciddi planlarımız var.
P.S. Mustafa müəllimin qayğılı və bir qədər də incik dediyi son fikirlə, bir KİV nümayəndəsi kimi, razılaşmaya bilmərəm. Həqiqətən, mətbuat orqanları öz səhifələrində, televiziya kanallarımız ekranlarında ölkənin şou aləmindəki yersiz, heç bir ictimai əhəmiyyəti olmayan, bəzən mənəvi-əxlaqi dəyərlərimizə ciddi xələl gətirən dava-dalaşa, dedi-qoduya, qeybətə nə qədər desəniz, yer ayırırlar. Ciddi yanaşma, araşdırma və təhlil tələb edən məsələlər, xüsusilə ölkənin gələcəyi üçün mühüm əhəmiyyət kəsb edən təhsil sahəsini isə yalnız hansısa məktəbdə, ali təhsil ocağında xoşagəlməz bir hadisə baş verəndə yada salırlar. Əziz həmkarlarım, klassiklərimiş demiş, “qeyrət göstərməyin vaxtı çatmayıbmı?!”
İlqar RÜSTƏMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.