Milli mədəniyyətimizin tərkib hissəsi olan kinematoqrafiya son illər bir sıra uğurlara imza atmış, filmlərimimiz beynəlxalq müsabiqələrdə iştirak edərək yüksək mükafatlara layiq görülmüşdür. Bu da təsadüfi deyil.
Ölkəmizdədə mədəniyyət sahəsində həyata keçirilən davamlı islahatlar, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövət Proqramı", Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirilən yeni kino layihələri bu sahənin tərəqqisinə güclü stimul yaratmışdır.
Bu nailiyyətlərin qazanılmasında zəngin yaradıcılıq ənənələri olan C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının məxsusi payı vardır. Bəs bu gün kinostudiya hansı qayğılarla yaşayır, ötən il hansı nailiyyətlərlə yaddaşlarda qalacaq? Müsahibimiz kinostudiyanın direktoru Müşfiq Hətəmov bu və digər suallarımızı cavablandırır.
-Müşfiq müəllim, rəhbərlik etdiyiniz studiya bir vaxtlar saat mexanizmi kimi işləyirdi. Burada istehsal olunmuş filmlər mədəniyyət salnaməmizdə cox əhəmiyyətli yer tutur. Bu gün kinostudiyada vəziyyət necədir və əsasən hansı problemlərlə üzləşirsiniz?
-Mən buraya direktor təyin olunanda yaxşı bilirdim ki, bura Azərbaycan mədəniyyətinin ən əhəmiyyətli sahələrindən biri – kinonun doğulduğu məkandır. Və onu da bilirdim ki, indi mənim direktor kimi əyləşdiyim kresloda böyük sənət xadimləri əyləşmişlər və onların hər biri bu sənətdə xüsusi iz qoymuş insanlardır. Onların kinomuza verdiyi qiymətli töhfələr əbədiyaşarlıq qazanmışdır. Onların zəhməti bahasına qurulmuş bu sənət məbədi 90-cı illərin əvvəllərində bir göz qırpımında məhv edildi. Bunun obyektiv və subyektiv səbəbləri var idi. SSRİ-nin dağılması, vəsaitin kəsilməsi, studiyanın yaradıcı potensialının məhv edilməsi bu vəziyyətin başlıca səbəbi idi.
Sizin xatırlatdığınız o işlək kinostudiya dağılmaq ərəfəsində idi. Yalnız ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başqa sənət sahələrində olduğu kimi, kinoda da həyat dirçəlməyə başladı. Kinematoqrafiya haqqında qanun qəbul edildi, dövlət sifarişi ilə filmlər çəkilməyə başlandı. Sonralar ulu öndərin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyev ölkənin mədəni inkişafını gücləndirmək məqsədilə davamlı olaraq sərəncamlar imzaladı, Dövlət proqramları qəbul olundu. Dövlət sifarişi ilə çəkilən filmlərin sayı artırıldı. Sahibkarlığın inkişafı ilə bağlı həyata keçirilən tədbirlər kinematoqrafiya sahəsində yeni kino şirkətlərinin yaradılmasına səbəb oldu. Kinonun beynəlxalq əlaqələri genişləndi, müştərək filmlərin istehsalına şərait yaradıldı. Bütün bunların fonunda kinostudiya da tədricən dirçəlməyə başladı.
Bir məsələni də vurğulamaq istərdim. Bu gün milli kinomuzun inkişafında 2006-cı ildə yaradılan Mədəniyyət və Turizm Nazirliyinin həyata keçirdiyi çevik, məqsədyönlü siyasətin də müstəsna rolu olmuşdur.
-Kinostudiyanın son illər istehsal etdiyi filmlərin bir çoxu tamaşaçılar tərəfindən maraqla qarşılanır. Bəs ötən il studiyada hansi filmlər çəkilmişdir?
- Onlar haqqında söz açmazdan əvvəl deyim ki, kino uzunmüddətli yaradıcı proses olduğundan bəzən çəkilişlər ildə-ilə keçirilir. Bu il də belə filmlərimiz olub. Məsələn, "40-cı paraleldə" (tammetrajlı bədii film) kinoalmanaxı bu il tamamlanıb. Kinoalmanax "Qara bağ" (rejissor Amil Məmiyev), "Hədiyyə" (rejissor Emin Əfəndiyev) , "Postskriptum" (rejissor Emin Mirabdullayev) ,"Onun atası" (rejissor Zamin Məmmədov) kimi dörd qısametrajlı filmdən ibarətdir.
Ötən il "Dərs", "Yarımçıq xatirələr", "Qatil" bədii filmlərin istehsalı tamamlanıb, tamaşaçılara təqdim olunub. İki film xarici ölkələrlə müştərək istehsal olunmuşdur. Onlardan biri Pusiya ilə birgə çəkilmiş "Qırmızı bağ" , ikincisi isə Almaniya ilə birgə yaradılmış "Sarılar" filmidir..
-Filmləriniz beynəlxalq kinofestivallarda mütəmadi olaraq nümayiş etdirilir. Hətta elə filmlər olub ki, bir neçə belə festivalda yüksək mükafat qazanıb. Nailiyyətlər bir daha sübut edir ki, milli kinomuzda yeni meyllər yaranmağa başlayıb. Bu barədə fikirlərinizi bilmək istərdik.
-Dünya kinosunda inkişaf davam etməkdədir. Yeni texnologiyalar kinoya tətbiq olunur, yeni cərəyanlar yaranır. Bu festivallarda iştirak etmək üçün dünya kinosu ilə ayaqlaşmaq lazımdır. Bunun üçün bizim kinematoqrafçılar da yeni yollar axtarırlar. Bu axtarışlar isə yüksək səviyyəli filmlərin yaranması ilə nəticələnir. Beynəlxalq festivallarda nümayiş etdirilən filmlərimiz də bu tələblərə cavab verir və son zamanlar nüfuzlu beynəlxalq festivallarda ölkəmizə uğur qazandırır.
Ötən il "Azərbaycanfilm" Kann beynəlxalq kino bazarına altı film təqdim etmişdir. Bunlar "Şəhər motivləri", "Qırmızı bağ", "Yarımçıq xatirələr", "İçərişəhər", "Axınla aşağı", "Qisas almadan ölmə. Keçmişdən məktublar" bədii filmləridir.
Mən "Nabat" filminin beynəlxalq festivallarda qazandığı uğurları xüsusi vurğulamaq istərdim. Bu kino əsəri Boğaziçi Beynəlxalq Film Festivalında (Türkiyə), 14-cü Dəkkə Beynəlxalq Film Festivalı (Banqladeş) və LET'S CEE Beynəlxalq Film Festivallarının (Avstriya) əsas müsabiqə proqramlarında göstərilmiş, hər birində baş qadın rolunun ifaçısı Fatima Ariya "Ən yaxşı qadın rolu"na görə mükafata layq görülmüşdür. Həmin film il ərzində 33-cü Fajr Beynəlxalq Film Festivalının (İran) Şərq panoramında göstərilmiş və "Ən yaxşı rejissor" işinə görə mükafat qazanmışdır. Eləcə də, film 34-cü İstanbul Beynəlxalq Film Festivalının (Türkiyə) "Yeni bir baxış" müsabiqə proqramında, 13-cü Pune Beynəlxalq Film Festivalının (Hindistan) "Dünya kinosu" müsabiqə proqramında, 26-cı Palm Springs Beynəlxalq Film Festivalının (ABŞ) "Award Buzz" müsabiqə proqramında iştirak etmişdir.
Bunlar həyata keçirilən tədbirlərin yalnız bir qismidir. Əsas olan odur ki, kino istehsalı davam edir və biz bu il də yüksək səviyyəli filmlər yaratmağa çalışacağıq.
Müsahibəni yazdı:
M.MÜKƏRRƏMOĞLU,
"Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.