Yeni Azərbaycan Partiyasının “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti üzrə təşkilatının sədri Xeyrulla Hümbətov söhbətimizin əvvəlində dedi: – Respublika nəqliyyat sisteminin əsas sahələrindən biri olan dəmir yolunun perspektiv inkişafı möhtərəm Prezidentimiz İlham Əliyevin daim diqqət mərkəzindədir. Dövlət başçısının müvafiq sərəncamı ilə təxminən bir il bundan əvvəl “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbərliyində dəyişiklik edilməsi isə bu sahədə islahatların daha da sürətlənməsinə və restrukturizasiyasına, habelə dəmir yolu nəqliyyatında mövcud infrastrukturun və dəmir yolu nəqliyyatı vasitələrinin müasirləşdirilməsinə öz müsbət təsirini göstərib.
Müsahibim daha sonra son vaxtlar Azərbaycan dəmir yolunun inkişafı, bu mühüm təsərrüfat kompleksində nəzərə çarpan yeniliklər, polad magistralın modernləşməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verdi:
– Bu il yanvar ayının 22-də Azərbaycan Prezidenti İlham Əliyev Davos İqtisadi Forumu çərçivəsində keçirilən sessiyada deyib ki, dünyada gedən iqtisadi və maliyyə böhranından Azərbaycan özünü maksimum dərəcədə qorumağa çalışır, bunun üçün konkret tədbirlər həyata keçirir. Azərbaycan cəmiyyəti üçün xeyli dərəcədə gözlənilməz olan bu hadisələrin fonunda müəyyən stress vəziyyəti yarandı. Lakin artıq o, geridə qalıb. Ölkə başçısı həmin kontekstdə vurğulayıb: “...Qiymətlərin artması bir sıra narahatlıqlara səbəb oldu. Bu, kiçik bir etiraz idi. Bunun səbəbi də insanların hazır olmadığı bir stress vəziyyəti yaşaması idi. Amma artıq bu, bitdi və zənn edirəm ki, Azərbaycandakı inkişaf davamlı olacaq. Azərbaycan dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatına sahib idi. Son 10 ildə iqtisadiyyatımız 300 faiz artmışdı və bu, bizim üçün çox yüksək göstərici idi. İndi də bu tempin azalması vaxtıdır. Valyuta ehtiyatları ilə biz bu vəziyyətdən çıxacağıq”.
Hazırda hökumət ölkədə makroiqtisadi vəziyyəti sabit saxlamağa və inflyasiyanı normal səviyyədə qərarlaşdırmağa çalışır. Bununla yanaşı, qeyri-neft sektorunda müvafiq proqramların reallaşdırılması ilə tərəqqi xəttinə çıxmaq məqsədi prioritet olaraq qalır. Həmin aspektdə ölkə Prezidentinin başqa bir amilə də diqqət yönəltməsini vurğulamaq istərdim. Bu, nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi ilə bağlıdır.
Xatırladım ki, nəqliyyat sahəsi uzun illərdir ki, prioritet istiqamətlərdən biri kimi qəbul edilir. Çünki kommunikasiya imkanlarının genişlənməsi qloballaşma prosesinin əsas cəhətlərindən biridir. Azərbaycan da tranzit ölkə kimi əhəmiyyətli geosiyasi və coğrafi mövqeyə malikdir. Bu, respublikamızın Asiya ilə Avropa arasında körpü mövqeyi tutması ilə daha çox diqqət çəkir. Müstəqillik illərində Azərbaycan rəhbərliyi bu istiqamətdə əhəmiyyətli addımlar atıb. Tarixi İpək yolunun bərpasına və Türkiyəyə qədər uzanacaq Bakı-Tbilisi-Qars dəmir yolunun salınmasına xüsusi önəm verib.
Yeni İpək yolunun işə salınması böyük bir coğrafiyada nəqliyyat sahəsində əlaqələrin inkişafı üçün ciddi təkandır. Artıq bu dəhliz fəaliyyətdədir. Azərbaycan onun reallaşması üçün çox fəal mövqe tutub və indi də etibarlı surətdə bu prosesin iştirakçısıdır. Bakı-Tbilisi-Qars dəmir yolu xətti də şübhəsiz ki, nəqliyyat əlaqələrini yeni səviyyəyə qaldıracaqdır.
– Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi ilə bağlı görülən işlər, eyni zamanda, bu mühüm obyektin nə vaxt tamamlanacağı barədə məlumat verməyiniz də maraqlı olardı...
- Hazırda Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısının Gürcüstan hissəsindən Türkiyə sərhədinə qədər olan hissəsində yolun üst quruluşu işləri tamamlanıb. Dizel yanacağı ilə işləyən lokomotivlər bütün yolboyu maneəsiz hərəkət edə bilirlər. Elektrik təchizatı, işarəvermə və rabitə işləri bu ilin avqustunadək tamamlanacaq və yol istismara veriləcək.
Bağlantının Türkiyə hissəsində isə tikinti işlərinin 80 faizi yekunlaşıb. Bir sıra tamamlama, eyni zamanda, elektrik təchizatı, işarəvermə və rabitə işlərinin də ilin sonunadək başa çatdırılması nəzərdə tutulub.
Azərbaycan Avropa ilə Asiyanı birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolu marşrutuna böyük önəm verir. Layihə üzrə işlərin bir qədər gecikməsi dəmir yolu xəttinin keçdiyi ərazilərin mürəkkəb relyefi və dünyada baş verən maliyyə problemləri ilə əlaqədardır. Əvvəllər layihə üzrə Gürcüstanda işlərin başa çatdırılması üçün 200 milyon ABŞ dolları nəzərdə tutulurdusa, sonradan bu rəqəm 575 milyon dollara qaldırıldı. Lakin birgə səylər nəticəsində qeyd etdiyim kimi, layihənin tikintisi cari ilin sonuna qədər başa çatacağı gözlənilir.
Yaxın gələcəkdə Azərbaycan, Gürcüstan və Türkiyə rəsmilərinin iştirakı ilə Bakı-Tbilisi-Qars dəmir yolunun istismar şərtləri və tarif siyasətinin müəyyən edilməsi üçün üçtərəfli görüşün keçirilməsi də nəzərdə tutulur.
Onu da qeyd edim ki, Bakı-Tbilisi-Qars dəmir yolu marşrutunda istifadə etmək üçün “Stadler Rail Group” şirkətindən 30 sərnişin vaqonunun alınması gözlənilir. Artıq “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti rəhbərliyi bununla bağlı sifariş verib və ötən ilin sentyabr ayından “Stadler Minsk” zavodunda vaqonların istehsalına başlanılıb. Bunlardan ilk 10 ədədi bu ilin iyun-avqust aylarında Bakıya gətiriləcək. Digər vaqonların da 2016-cı il ərzində Bakıya gətirilməsi gözlənilir. Vaqonlar 4 kateqoriyadan ibarətdir: standart, komfort, biznes və restoran. Həmin kateqoriyalardan asılı olaraq vaqonlarda 10, 20, 32 nəfərlik yer olacaq.
Sözügedən layihənin mühüm əhəmiyyəti var. Belə ki, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin işə düşməsi regional əməkdaşlığa böyük töhfə verəcək, Azərbaycan, Gürcüstan və Türkiyə arasında bütün sahələrdə nümunəvi tərəfdaşlıq, dostluq, qardaşlıq münasibətləri daha da möhkəmlənəcəkdir.
– Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin indiki vəziyyəti barədə nə deyə bilərsiniz?
– Azərbaycan bölgədə nəqliyyat dəhlizlərinin yaradılması, müasir nəqliyyat infrastrukturunun formalaşması işində fəal rol oynayır. Son illər yaradılan müasir nəqliyyat infrastrukturu Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin mərkəzinə çevrilməsində mühüm rol oynayır. Prezident İlham Əliyevin Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında sərəncam imzalaması bu sahədə işlərin əhatə dairəsini daha da genişləndirib. Həyata keçirilən tədbirlər Azərbaycanın beynəlxalq yükdaşımalarda rolunu artıracaq, iqtisadiyyatın şaxələndirilməsinin sürətləndirilməsini təmin edəcək.
Prezident İlham Əliyevin Gürcüstan, Çin və İrana səfərləri zamanı əsas müzakirə mövzularından biri də nəqliyyat-tranzit dəhlizlərinin yaradılması istiqamətində həyata keçirilən tədbirlərlə bağlı olub. Hesab edirəm ki, bu ilin avqustunda Çindən ilk qatarın Azərbaycana çatması və bununla da Asiya və Avropa arasında yeni dəmir yolu əlaqəsinin işə düşməsi tarixi hadisə və görülən işlərin məntiqi nəticəsidir.
Son illər Azərbaycan və İran Şimal-Cənub nəqliyyat dəhlizinin çox önəmli tərəfdaşına çevriliblər. Azərbaycan özünün tranzit imkanlarının genişləndirilməsi üçün zəruri tədbirlər həyata keçirərək, nəqliyyat infrastrukturunu ən müasir standartlara uyğun yenidən qurub. Əminəm ki, İran və Azərbaycan Astarası arasında dəmir yolunun istifadəyə verilməsi Şimal-Cənub nəqliyyat dəhlizinin ölkəmiz üçün böyük iqtisadi və geosiyasi əhəmiyyətini daha da artıracaq. Həmin dəhlizlər beynəlxalq yük daşımalarında iştirakçı dövlətlərin rolunu həm yüksəldəcək, həm də iqtisadi sahədə ikitərəfli əməkdaşlıq əlaqələrini gücləndirəcəkdir.
Ölkəmizin tranzit potensialının artırılması istiqamətində Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin respublikamızın ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi məqsədi ilə ölkə Prezidenti cənab İlham Əliyev 7 dekabr 2015-ci ildə “Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında” sərəncam imzalayıb. Azərbaycanın öhdəsinə 8,3 kilometr yol, Astara çayı üzərində körpü, İran tərəfində isə 1,7 kilometr yol və yük terminalının tikilməsi düşür. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti rəhbərliyinin İran tərəfi ilə bu məsələlərlə bağlı tez-tez görüşləri olur. Körpünün layihələndirilməsini Azərbaycanın razılığı ilə İran tərəfi həyata keçirir. Artıq yaxın vaxtlarda tikintiyə başlamaq üçün hazırlıq işləri görülür.
- Yeri gəlmişkən, Tehrandan Naxçıvan Muxtar Respublikasına dəmir yolu xəttinin çəkiləcəyi də deyilir.
- Bununla bağlı İran İslam Respublikasının Dəmir Yolları Şirkəti ilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti arasında müvafiq razılaşma imzalanıb. Yaxın vaxtlarda tərəflər arasında yolun çəkilməsi üçün görüləcək işlər və tikinti ilə əlaqədar digər məsələlər müzakirə ediləcəkdir. Xatırladım ki, Tehrandan Naxçıvana qatarların hərəkət etməsi üçün yolun baza hissəsi artıq hazırdır. Yol tamamilə istifadəyə verildikdən sonra qatarlar Tehran-Təbriz-Culfa marşrutu ilə hərəkət edəcəkdir.
İki ölkənin dəmir yolları sistemi fərqli olduğu üçün qatarlar Culfada dayanacaq və sərnişinlər başqa qatara minəcəklər. İrandan Azərbaycana gedənlər Azərbaycanın qatarlarına, Azərbaycandan İrana gələnlər isə Culfa stansiyasında İran qatarlarına minərək yollarını davam etdirəcəklər.
Yeri gəlmişkən, bu günlərdə Naxçıvan Müxtar Respublikasında “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovla İran Dəmir Yollarının İdarə Heyətinin üzvü Abbas Hajfathaliha arasında ikitərəfli görüş keçirilib. Görüşdə Naxçıvan-Culfa-Təbriz-Tehran-Məşhəd beynəlxalq sərnişin qatarının istifadəyə verilməsi üçün təşkilati işlərin həlli, İran Dəmir Yolları tərəfindən Azərbaycan Dəmir Yollarına məxsus yük vaqonlarının birgə istifadəsi, Rəşt-Astara dəmir yolu bağlantısının tikilməsi üçün maliyyə mənbələrinin araşdırılması məsələləri müzakirə olunub.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov görüşdə çıxış edərək, iki ölkə arasında əlaqələrin daha da gücləndirilməsi istiqamətində aparılan uğurlu siyasətdən, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin reallaşması prosesində görülən işlərdən, gələcəkdə Naxçıvan-Culfa-Təbriz-Tehran-Məşhəd beynəlxalq sərnişin qatarının istifadəyə verilməsi məsələlərindən danışıb.
Azərbaycan və İran dəmir yolları mütəxəssislərinin bu ay ərzində təkərdəyişmə məntəqəsinin yerləşdiyi Culfa stansiyasında birgə araşdırmalar aparması, Azərbaycan və İran dəmir yollarının sərnişin bilet satışı sistemlərinin uyğunlaşdırılması imkanlarının təhlil edilib müzakirəyə çıxarılması qərara alınmışdır.
- Azərbaycan dəmir yolununda yükdaşımanın hazırkı vəziyyəti barədə nə deyə bilərsiniz?
- Sualınızla bağlı öncə onu bildirim ki, keçən il dəmir yolu nəqliyyatı ilə 17,1 milyon ton yük daşınıb. Orta hesabla sutkada 374 vaqon yüklənib, 446 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 15,3 min ton, Qərb istiqaməti üzrə 4,2 min ton, Cənub istiqaməti üzrə isə 1,8 min ton yüklənmə işi yerinə yetirilib. Lakin fikrimcə, bu, heç də qənaətbəxş hesab edilə bilməz. Ona görə də “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov dəmir yolunda yükdaşımanın həcminin daha yüksək səviyyəyə qaldırılması kimi qarşıya mühüm vəzifə qoyub. Hazırda bu istiqamətdə ciddi tədbirlər həyata keçirilir. Ukraynanın yük daşınmasında Azərbaycandan keçən Transxəzər beynəlxalq nəqlıyyat dəhlizini seçməsi həmin vəzifənin gerçəkləşməsində uğurlu bir addımdır.
Yük daşımalarına olan tələbatın ödənilməsi, xidmətin səviyyəsinin daha da yüksəldilməsi, əlavə yüklərin cəlb olunması və daşınan yüklərin mənzil başına təhlükəsiz şəraitdə çatdırılması üçün texniki vasitələrin yeniləndirilməsi də zamanın tələbidir. Bu, eyni zamanda, əlavə valyuta resurslarının Azərbaycan iqtisadiyyatına yönəldilməsi deməkdir.
Fransanın ALSTOM şirkəti ilə 50 ədəd yük və sərnişin lokomotivinin alınması üçün müqavilə imzalanıb. Qazaxıstandan 10 teplovoz alınması barədə razılıq əldə edilib və bunlardan 7 ədədi artıq Bakıdadır, 3 ədədi isə yaxın vaxtlarda gətiriləcək.
Bu günlərdə isə yük daşımalarında istifadə olunacaq sabit cərəyanla işləyən 4 ədəd elektrovoz alınıb. Həmin elektrovozlar elektron sürətölçən və müasir dartı mühərriki ilə təchiz edilib.
Rusiya Federasiyasının “Uralvaqonzavod” şirkətindən 3100 müxtəlif təmayüllü yük vaqonunun alınması ilə bağlı müqavilə imzalanıb. Bu günə kimi 3030 yük vaqonu gətirilib. Bunlar qapalı, iritonnajlı konteyner daşıyan platforma, yarımvaqon, çən, taxıldaşıyan, xopper vaqonlarıdır. Qalan 70 vaqon isə bu yaxınlarda ölkəmizə gətiriləcək. Həmin vaqonların bir hissəsi dövriyyəyə buraxılıb. Bu yük vaqonları Bakı-Tbilisi-Qars dəmir yolu və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin işə düşəndə yüklərin Azərbaycan ərazisindən daha təhlükəsiz daşınması üçün istifadə olunacaq.
- Bəs respublikadaxili dəmir yolunun hazırkı vəziyyəti necədir?
- Son bir il ərzində ölkədaxili dəmir yollarının əsaslı təmiri diqqət mərkəzində saxlanılıb. Bununla bağlı bir neçə faktı diqqətə çatdırmaq istərdim. Ötən il aprelin 14-də “Azərbaycan dəmir yollarının yenidən qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları” QSC ilə Çexiya Respublikasının “MORAVİA STEEL” şirkəti arasında dəmir yolunun Bakı-Böyük Kəsik sahəsində 600 kilometr hissənin maddi-texniki təchizatı və əsaslı təmiri barədə ixrac müqaviləsinə əlavə saziş imzalanıb. Bununla da dəmir yolunun əsaslı təmiri prosesinin növbəti mərhələsinə start verilib. Hazırda Bakı-Böyük Kəsik istiqamətində 600 kilometr dəmir yolu əsaslı təmir olunur. Yeni layihənin icrasına ötən il oktyabr ayının sonlarında başlanılıb. İndiyədək 48 kilometr dəmir yolu əsaslı təmir olunub.
Bu gün Bakı-Böyük-Kəsik istiqamətində elektrik təchizatı sisteminin 25 kilovoltluq dəyişən cərəyanlı dartı sisteminə keçirilməsi mərhələlərlə icra olunur. Layihənin birinci mərhələsi Böyük Kəsik-Gəncə, ikinci mərhələsi Gəncə-Ucar, üçüncü mərhələsi Ucar-Hacıqabul, dördüncü mərhələsi isə Hacıqabul-Bakı sahələrini əhatə edir. Bu sahələr üzrə artıq 12 yeni yarımstansiya tikilib. İndi tamamlama işləri görülür. Eyni zamanda, kontakt şəbəkəsində dayaqların quraşdırılması, kontakt naqillərının çəkilməsi davam etdirilir.
Müvafiq dövlət proqramı çərçivəsində dəmir yollarının avtomatlaşdırılmış işarəvermə sisteminin mikroprosessor əsasında vahid dispetçer mərkəzindən idarə edilməsi ilə əvəzlənməsi işləri davam edir. Bu sistemə qatarların hərəkətinə monitorlar vasitəsilə texniki və vizual nəzarət olunması, hərəkət heyəti ilə birbaşa rabitə əlaqəsinin yaradılması, nasazlığı dərhal aşkara çıxaran təhlükəsizlik cihazlarının quraşdırılması, dəmir yolu-avtomobil keçidlərinin tam avtomatlaşdırılması daxildir.
Dəmir yolunda yenilənmə prosesi yuxarıda sadalananlarla kifayətlənilmir. Bu dəyişiklik Bakı sərnişin vağzalında da özünü qabarıq büruzə verir. Hazırda burada əsaslı təmir işləri aparılır. Vağzalın əsas binasının fasadı memarlıq üslubunun saxlanması şərti ilə yenidən qurulur, binanın daxili tam şəkildə təzələnir. Bilet kassaları, saxlama kameraları, sərnişin platformaları müasir üslubda əsaslı təmir olunacaq, eskalatorlar yenisi ilə əvəzlənəcəkdir. Platformalarda işlər yekunlaşdıqdan sonra sərnişinlər elektrik qatarlarından düşüb birbaşa “28 May” metro stansiyasına çıxa, Wi-Fi sistemindən istifadə edə biləcəklər. Vağzalda suvenirlər, güllər satılacaq. Bir sözlə, bura daxil olduqda əsl qarşılanma və yolasalma – vağzal aurası hiss olunacaq.
– Sonda dəmiryolçuların sosial şəraiti ilə bağlı qısaca məlumat verməyiniz də maraqlı olardı.
– Son bir ildə cəmiyyətin yeni rəhbərliyi tərəfindən dəmiryolçuların sosial problemlərinin həlli istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilib. Dəmir yolu işçilərinin sosial problemlərinin həlli, əmək kollektivlərində sosial gərginliyin azaldılması və əmək şəraitinin yaxşılaşdırılması üçün uğurlu addımlar atılıb. Məsələn, dəmiryolçuların mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə uzun müddət növbədə olan işçilərin yeni mənzillərlə təmin edilməsi barədə cəmiyyət rəhbərliyinin qərarı hamını sevindirib, ötən ilin sonunda 78 dəmiryolçu mənzillə təmin edilib. Gələcəkdə də dəmiryolçuların mənzillə təmin edilməsi nəzərdə tutulur.
Hazırda dəmir yolu strukturunda müvafiq islahatlar həyata keçirilərir. Bu zaman işçilərin sosial-iqtisadi mənafelərinin və hüquqlarının qorunmasına xüsusi önəm verilir.
Əməkçilərin sağlamlıqlarının qorunması, təhlükəsizliyinin təmin edilməsi, istehsalatda zədəalma hallarının qarşısının alınması, onlara sağlam iş və istirahət şəraitinin yaradılması, bununla da əməyin mühafizəsi sahəsində işçilərin hüquqlarının müdafiə edilməsi də daim diqqət mərkəzində saxlanılır və bu istiqamətdə ciddi tədbirlər həyata keçirilir.
“Azərbaycan Dəmir Yolları” QSC “-nin idarə, müəssisə və təşkilatlarında bir qayda olaraq əməyin mühafizəsinin ümumi vəziyyəti nəzarətdə saxlanılır, bu məsələ ilə əlaqədar görülən işlərə vaxtaşırı baxış keçirilir, müvafiq təsərrüfatlarda yoxlamalar və təhlillər aparılır.
QSC-in müəssisələrində əməkçilərə sağlam və təhlükəsiz əmək şəraiti yaratmaq istiqamətində çoxsaylı təmir tikinti və yenidənqurma tədbirləri həyata keçirilir, ağır əl əməyini yüngülləşdirmək məqsədilə dəmir yolunda görülən təmir işlərində yeni maşın və mexanizmlərin tətbiqinə xüsusi diqqət yetirilir.
Yuxarıda deyilənlərdən bir daha aydın olur ki, respublika iqtisadiyyatının inkişafında çox mühüm rol oynayan Azərbaycan dəmir yolu beynəlxalq və regional layihələrdə iştirak etməklə öz infrastrukturunu qoruyub saxlayır, əhalinin, dövlət strukturlarının daşımalara olan tələbatının ödənilməsi istiqamətində fəaliyyətini uğurla davam etdirir. Ümumiyyətlə, regiona sabitlik, əmin-amanlıq və iqtisadi səmərə gətirə biləcək hər hansı layihənin reallaşmasında Azərbaycanın iştirak etməsi istənilən prizmadan yanaşanda çox gərəklidir.
Müsahibəni qələmə aldı:
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.