Ölkəmizdə ildən-ilə quruculuq işləri genişlənir, yeni binalar, yollar inşa edilir, parklar, xiyabanlar salınır, körpülər, keçidlər tikilir, əhalinin rahatlığı üçün hər cür şərait yaradılır.
Təkcə iri şəhərlərimiz deyil, regionlarımızdakı qəsəbə və kəndlər də öz görkəmini dəyişir. Azərbaycan Respublikası Prezidentinin regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramında bölgələrdəki şəhərlərin müasir tələblərə uyğun yenidən qurulmasına xüsusi diqqət yetirilmişdir. Müasir tipli layihələri əsasında ölkənin müxtəlif şəhərlərində parklar və xiyabanlar salınan, Avropa Elmlər Akademiyasının və Türkdilli Ölkələrin Beynəlxalq Elmlər Akademiyasının fəxri doktoru, BMT tərəfindən mədəniyyətə xidmət medalı ilə təltif olunmuş memar Cahid Həsənov regionlardakı yeni işlər barədə suallarımızı cavablandırır.
– Cahid müəllim, istərdik ki, son illər regionlarımızdakı şəhərlərdə yaradılan yeni memarlıq nümunələri barədə məlumat verəsiniz...
– Son illər istər respublikamızın paytaxtı Bakı şəhərində, istərsə də regionlarımızın şəhər və qəsəbələrində şəhərsalmanın müasir üsul və metodlarından məharətlə istifadə olunur. Səhər və qəsəbələrimizdə yeni tipli məktəblər, uşaq bağçaları, inzibati binalar tikilir, yollar abadlaşır, parklar və xiyabanlar salınır. Hər yerdə müasir tələblərə uyğun memarlıq nümunələri yaradılır. Bir memar kimi mən də bu sahədə müəyyən xidmətlər göstərməyə çalışmışam. Lənkəranda şəhərsalma ilə bağlı bir neçə layihəni reallaşdırmışıq və bu gün onlar bu şəhərin görkəminə xüsusi milli və estetik görkəm verir. Elə paytaxt Bakı şəhərində də bir neçə layihəmiz reallaşdırılıb. Məsələn, Bakıda Koroğlu Rəhimov və Həsən Əliyev küçələrinin kəsişməsində gənclər parkı, eyni zamanda, Heydər Əliyev prospektində Azpetrol yanacaqdoldurma nəntəqəsi ətrafındakı mini park da bizim layihəmiz əsasında inşa olunub. Biz bu parklarda milli üslubu saxlamaqla, onların ümumi estetik görünüşünü müasir tələblərə uyğunlaşdırmağa çalışmışıq. Gənclər parkında milli ornament “buta” dan istifadə etmişik.
– Bu yaxınlarda Gəncə şəhərində sizin layihəniz əsasında Gəncə bulvarında “Əli və Nino” memarlıq əsəriniz böyük maraqla qarşılandı. Bu barədə fikirlərinizi bilmək istərdik.
– Bizim üçün əhəmiyyətli olan bu idi ki, kompleksin açılış mərasimində cənab Prezident İlham Əliyev də iştirak edirdi. Gəncə Bulvar Kompleksində Azərbaycanda ilk dəfə olaraq modern üslubda Əli və Ninonun heykəli ucaldılmışdır. Biz bu layihəni reallaşdırmaq üçün yer seçərkən qərara alındı ki, “Əli və Nino” abidəsi əsərin qəhrəmanının öldürüldüyü Gəncə körpüsünün yaxınlığında yaradılsın. Belə də oldu.
Qurban Səidin müəllifi olduğu “Əli və Nino” əsəri əsasında yaradılan heykəllərin hündürlüyü 3,5 metr təşkil edir. Məncə, bu heykəl ölkəmizdə cənab Prezidentin elan etdiyi “Multikultralizm ili”nə ən uğurlu töhfələrdən biridir. Azərbaycanlı və gürcü gənclərin sevgisinə ithaf edilən abidə Azərbaycandan öncə Çin, Fransa və Gürcüstanda ucaldılıb. Bizim abidə tamam abstrakt üslubda yaradılmışdır. Bu heykəl iki alovun yanması anlamını verir. Hər saatdan bir dövrə vuran heykəlin ətrafında süni tüstü effekti yaradılmışdır ki, bu da gənclərin məhəbbətinin əbədiyyətə qovuşması rəmzidir. Ümumiyyətlə, belə bir forma dünya memarlığında yenilikdir. Abidənin ətrafında 3 fəvvarə quraşdırılıb ki, bunlar da vizual olaraq göz yaşlarının damlalarını xatırladır. “Əli və Nino” heykəli Şərq koloriti nəzərə alınmaqla modern üslubda yaradılıb. Bu abidənin yaradılmasında bizə hər cür şərait yaradan Cəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə öz dərin təşəkkürümüzü bildiririk. Bir məqamı da qeyd edim ki, bu heykəlin yaradılması “Əli və Nino” bədii filminin ekranlara çıxması ilə eyni dövrə təsadüf etdi.
– Bir memar kimi, deyə bilərsinizmi, regionlarda şəhərsalma zamanı əsas diqqət hansı məqamlara yönəldilməlidir?
– Dünyada məşhur memarlar çox olub. Onların yaratdıqları nadir memarlıq abidələri bəşər mədəniyyətini zənginləşdirmişdir. Bu abidələr bu gün də öz müasirliyini qoruyub saxlayır. Azərbaycan da bu sahədə zəngin irsə malikdir. Milli memarlıq ənənələrimiz tarix boyu yaranıb formalaşmışdır. Azərbaycanın tarixi memarlıq ənənələri yaşayır və şəhərsalmada bu ənənələr müasirliklə birləşərək xüsusi ahəng yaradır. Son illər yaradılan yeni tikililər şəhərlərimizin ümumi görünüşünə uyğun şəkildə inşa edilir. Onlarda klassik və müasir memarlıq üslubları sintez təşkil edir. İstər paytaxtımızda, istərsə də regionlarımızda memarlarımız şəhərsalmanın yeni “evrostil”indən istifadə edirlər.
Biz hər bölgənin öz memarlıq xüsusiyyətlərini öyrənməliyik, bu irsin qorunub saxlanması üçün tədbirlər görməliyik. Hər regionun tarixi memarlıq nümunələrinin atributları yeni inşa edilən binalarda da istifadə olunmalıdır. Yerli tikinti materiallarından daha çox istifadə olunması vacibdir. Çalışmalıyıq ki, şəhərlərimizdə hər şey gözəl olsun, bizim milli memarlıq nümunələri orada öz dolğun əksini tapsın. Bunun üçün bizdə kifayət qədər təcrübəli, istedadlı memarlar vardır. Layihə institutlarımız son vaxtlar regionlarda şəhərsalma ilə bağlı çox gözəl işlər təklif edirlər. Qalır onların yerlərdə icra olunması.
– Yəqin ki, yeni layihələriniz də var. Gələcək işləriniz barədə nələri demək istərdiniz?
– Biz artıq Ağstafada bir layihəni reallaşdırmışıq. Bu musiqi aləti olan ud formasında musiqi məktəbinin binasıdır. Sumqayıt bulvarının Bakı Dənizkənarı Milli Parkı səviyyəsində yenidən qurulması da möhtəşəm layihələr sırasındadır. Burada bizim də layihəmiz var və artıq bu layihəni reallaşdırmağa başlamışıq. 80 hektar əraziyə malik olan bu istirahət guşəsi yaxın perspektivdə bölgənin ən gözəl və unikal istirahət yerlərindən birinə çevriləcəkdir. Mən bir layihə də hazırlayıb təqdim etmişəm. Yeni layihələrimiz çoxdur, ancaq onlar barədə danışmaq, məncə, hələ tezdir.
M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.