– Latviya ilə Azərbaycan arasında münasibətlərin hazırkı səviyyəsindən razısınızmı?
– İlk növbədə çox təşəkkür edirəm ki, mənim ölkəmin və şəxsən özümün Azərbaycan-Latviya münasibətlərinə dair fikirlərimi çatdırmağıma imkan yaratdınız. Mənim cavabım iki hissədən ibarət olacaq. Çünki hesab edirəm ki, bizim münasibətlərimiz iqtisadi və siyasi əlaqələrdən ibarətdir. Əgər biz siyasi əməkdaşlıqdan danışırıqsa, ölkələrimiz arasında mükəmməl siyasi əlaqələr mövcuddur. İki ölkə arasında nazirlər və prezidentlər daxil olmaqla, çoxsaylı səfərlər reallaşdırılıb. Hələ ötən il Latviyanın iki naziri - iqtisadiyyat və rifah nazirləri Azərbaycana səfər edib. Onlar burada yaxşı görüşlər keçiriblər. İqtisadi münasibətlərə gəldikdə isə, mən ölkələrimiz arasında daha yaxşı iqtisadi əməkdaşlıq görmək istərdim. Hesab edirəm ki, ticarət dövriyyəsi ilə bağlı hazırkı rəqəm effektli deyil. Mənim əvvəlki vəzifəm Qazaxıstanda olub və bizim ölkələrimiz arasında kifayət qədər böyük ticarət dövriyyəsi var idi.
– Sizin də qeyd etdiyiniz kimi, Azərbaycanla Latviya arasında çox yaxşı siyasi əlaqələr mövcuddur. Əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə çatdırmaq üçün niyyət varmı?
– Hesab edirəm ki, strateji tərəfdaşlıq münasibətinə nail olmaq və bununla bağlı müzakirələr aparmaq üçün hər iki tərəfin siyasi hazırlığı olmalıdır. Əgər hər iki ölkənin rəhbərliyi bu barədə qərar versə, mən əminəm ki, biz iki ölkə arasında belə bir razılaşmanın imzalanmasını görəcəyik. Lakin dediyim kimi, hər iki ölkə arasında strateji tərəfdaşlıq haqqında razılaşmaya nail olmaq üçün hansısa iqtisadi maraq olmalıdır. Siyasi komponentin olması kifayət deyil, iqtisadi sahədə də marağın olmasına ehtiyac var.
– Son iqtisadi böhran dövründə hər iki ölkənin yeni əməkdaşlıq sahələrini inkişaf etdirməklə bağlı hansısa planları varmı?
– Mənim Azərbaycana səfir təyin olunmağımdan 6-7 ay keçib. Bu müddətdə mən iqtisadiyyat, sosial müdafiə, mədəniyyət, idman, kənd təsərrüfatı nazirləri ilə görüşmüşəm. Mənim bu görüşlərdən çıxardığım nəticə belə olub ki, bizim gələcək əməkdaşlıq üçün başlaya biləcəyimiz çoxsaylı layihələr var. Mən burada eşitdiyim təklifləri xarici işlər və digər müvafiq nazirlərə çatdırmağa hazıram. Ötən payızda biz hökumətlərarası komissiyanın iclasının bu ilin yazında keçirilməsi ilə bağlı müzakirələr apardıq. Hesab edirəm ki, əgər eşitdiyim həmin təklifləri bu görüşlərdə reallaşdırsaq, bizim iqtisadi münasibətlərimiz də çox uğurlu olacaq. Əgər biz əməkdaşlığın gələcək istiqamətlərindən danışırıqsa, kənd təsərrüfatı sahəsində əlaqələri inkişaf etdirmək üçün böyük imkanlar var. Ötən il Azərbaycanda “Kənd təsərrüfatı ili” olub. Sizin nazir də bu sahədə əməkdaşlıqda çox maraqlıdır. Mən Azərbaycan Prezidenti ilə görüşəndə də o, iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığı genişləndirməyə dair müəyyən təkliflər səsləndirdi. Lakin bu, mədəniyyət, idman, ətraf mühitin qorunması və digər sahələrdə əməkdaşlığımızı istisna etmir. Turizm də hər iki ölkənin əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğu sahələrdən biridir. Tibb və təhsil kimi sahələr də var. Hazırda Latviyada 170 azərbaycanlı tələbə dövlət və özəl universitetlərdə təhsil alır. Biz azərbaycanlı tələbələri cəlb etməkdə çox maraqlıyıq. Yenə də qeyd edirəm ki, əməkdaşlıq üçün geniş imkanlar var.
– Latviya Azərbaycanla Avropa İttifaqı arasında geniş əməkdaşlığı dəstəkləyən Aİ ölkələrindən biridir.
– Mənim şəxsi fikrim ondan ibarətdir ki, “Şərq Tərəfdaşlığı” proqramının gələcəyi var. Bu, mənim qısa cavabımdır. “Şərq Tərəfdaşlığı” çox gözəl layihədir, çünki Avropa 6 “Şərq Tərəfdaşlığı” ölkəsi ilə əməkdaşlıqda maraqlıdır. Ola bilər ki, Avropa keçmişdə anlamırdı ki, bu ölkələr fərqlidir. Onların hər birinə individual yanaşma olmalıdır. Biz Azərbaycanı Gürcüstanla və ya Gürcüstanı Moldova ilə müqayisə edə bilmərik. Onlar coğrafi yerləşmələrinə, mədəniyyətlərinə, iqtisadiyyatlarına, siyasi sistemlərinə görə tamamilə fərqli ölkələrdir. Biz bu ölkələrlə ümumi tərəfdaş kimi ümumi gündəliklə işləyə bilmərik. Ona görə də fərdi yanaşma tətbiq edilməlidir. Əgər biz strateji tərəfdaşlıq haqqında sənəd barədə danışırıqsa, bu, “Şərq Tərəfdaşlığı” proqramını istisna etmir. Mən hesab edirəm ki, biz “Şərq Tərəfdaşlığı” proqramını uyğun şəklə salmalıyıq və əməkdaşlıq üçün ən yaxşı yol tapmalıyıq.
– Latviyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi necədir? Aİ bu münaqişənin həllini sürətləndirmək üçün nə edə bilər?
– Mən ölkəmin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini dəfələrlə bəyan etmişəm. Bir daha təkrarlamaq istərdim ki, biz Azərbaycanın ərazi bütövlüyünü və münaqişənin sülh yolu ilə həllini dəstəkləyirik. Müharibə sülh gətirə bilməz. Bu münaqişə yalnız sülh yolu ilə yekunlaşa bilər. Biz münaqişənin həlli üçün nəsə etməliyik. Ona görə də, mən hesab edirəm ki, sülhün yollarından biri də ünsiyyətdir. Əgər münaqişə tərəfləri arasında ünsiyyət yoxdursa, münaqişənin həlli mümkün deyil. Ona görə də hesab edirəm ki, tərəflər arasında ünsiyyət üçün daha çox imkan olmalıdır. Aİ bu kimi kommunikasiyaların təşkilinə kömək edə bilər. Bu yaxınlarda bəzi parlamentarlarla görüşdüm. Mən onlarla görüşdə insanlararası əlaqələrə dair çox maraqlı təkliflər eşitdim. Tək hökumət qərar verə bilməz, müxtəlif qruplar arasında da ünsiyyət olmalıdır. Ötən ilin dekabrında prezidentlər görüşdülər. QHT-lər, adi insanlar arasında da müzakirələr keçirilməlidir. Hesab edirəm ki, Aİ bu kimi görüşləri təşkil edə bilər. “Şərq Tərəfdaşlığı” proqramı da bu kimi müzakirələrin aparılması və ünsiyyətin qurulması üçün platformadır. Əsas məsələ münaqişənin həlli üçün görüşmək və müzakirələr aparmaqdır. Təbii ki, Minsk qrupu kimi böyük oyunçuların da bu işə cəlb olunmasına ehtiyac var.
– Azərbaycan regionda qlobal enerji layihələrinin təşəbbüskarıdır. Bu layihələrin Aİ və Latviya üçün əhəmiyyəti nədir? Latviya bu layihələrdən nə qazana bilər?
– Latviya Aİ-nin üzvüdür. Aİ üçün olan bütün yaxşı işlər Latviya üçün də yaxşıdır. Doğrudur, Azərbaycanla Latviya arasında birbaşa boru xətti rabitəsi yoxdur. Lakin enerji məsələsi, enerji layihələri Aİ ölkələrinin ümumi məqsədidir. Bildiyiniz kimi, Aİ Azərbaycanla xüsusilə enerji mənbələrinin diversifikasiyası sahəsində əməkdaşlıq etməkdə maraqlıdır. AzərbaycanTANAP layihəsini inkişaf etdirir. Bunu reallaşdırmaq çox maraqlıdır. Aİ ailəsinin üzvü kimi biz bu layihənin uğurla həyata keçməsində maraqlıyıq.
– Neftin qiymətinin düşməsindən sonra Azərbaycan regionda tranzit imkanlarını genişləndirməyə çalışır. Bakı-Tbilisi-Qars dəmir yolu xətti bu məqsədlərin bir hissəsidir. Bu layihənin perspektivləri barədə nə deyə bilərsiniz? Layihə Aİ ölkələrinə nə gətirəcək?
– Onu deməliyəm ki, Latviya böyük tranzit potensialı olan ölkələrlə əlaqələr qurur. Bizim Riqa, Liepaya və Ventspils adlı 3 limanımız var. Bu, o deməkdir ki, biz Baltik dənizində çox aktivik və inkişaf etmiş sistemimiz mövcuddur. Onlar Baltik dənizi ilə Qafqaz arasında rabitənin inkişafına təkan verə bilər. Baltik dənizi ilə Qafqazı birləşdirən müxtəlif layihələr var idi. Onlardan birinin adı “Zubr”dır. Əksər Orta Asiya ölkələri, o cümlədən Qafqaz ölkələri Yeni İpək Yolunun inkişafında maraqlıdırlar. Bu yaxınlarda Qazaxıstan, Gürcüstan və Azərbaycan baş nazirləri bu məqsədlə görüşüblər. Bu, o deməkdir ki, hər bir ölkə, o cümlədən Azərbaycan və Latviya tranzit imkanlarını genişləndirmək istəyir. Hər iki region arasında rabitə yaranarsa, bu həm Azərbaycan, həm də Latviyaya xeyir gətirəcək.
– Yaxın gələcəkdə Latviya ilə Azərbaycan arasında birbaşa hava yolu açılacaq. Əgər mövsümi xətdirsə, bunu daimi etmək üçün hansı addımlar atmaq lazımdır?
– Mayın 29-da Riqa-Bakı, Bakı-Riqa birbaşa hava yolu açılacaq. Bu, mövsümi xətdir. Bu kimi rabitələr daimi olmalıdır. Azərbaycan gözəl paytaxtı Bakıya turistləri cəlb etmək üçün turizm sahəsində daha çox işlər görməlidir. Azərbaycanın göstərə biləcəyi çox maraqlı tərəfləri, tarixi xüsusiyyətləri var. Lakin tək Bakı deyil, sizin digər maraqlı şəhərləriniz də var. Əgər turizm sahəsindəki siyasətlə bağlı daha çox reklam olarsa, daha cəlbedici maliyyə və iqtisadi təkliflər verilərsə, bu, daha çox turistin gəlməsinə təkan verər. Neftin qiymətinin düşməsindən sonra Azərbaycan hökuməti turizm sahəsini ölkənin iqtisadi vəziyyətini yaxşılaşdırmaq üçün imkan yaradacaq sahələrdən biri kimi qeyd edir. Bu kimi layihələr reallaşarsa, biz Bakı-Riqa və Riqa-Bakı uçuş xəttinin açılmasının şahidi olarıq. Riqaya gələn çoxsaylı turistlər var. Azərbaycanda da bu sahədə müəyyən işlər görülərsə, Azərbaycana Latviyadan çoxlu turistlər gələr və biz daimi uçuşların reallaşmasına nail olarıq. Səfir kimi bu sahədə vəziyyətin inkişafı və Latviyadan olan turistlərin Azərbaycana cəlb olunması sahəsində işləyirəm. Aprelin əvvəlində Azərbaycanda turizm sərgisi olacaq. Sərgidə bizim Yurmala və Riqadan olan stendimiz yerləşdiriləcək. Riqanın meri Azərbaycana səfər edəcək. Həmçinin müxtəlif turizm şirkətləri Azərbaycana gələcək.
– Yaxın gələcəkdə Bakıya hər hansı rəsmi səfərlər təşkil etmək barədə planlarınız varmı?
– Qeyd etdiyim kimi, Riqa meri Bakıya səfər edəcək. Bu, çox vacib səfərdir. Hesab edirəm ki, bu səfər iki ölkə paytaxtı arasında yeni əlaqələrin qurulması baxımından əhəmiyyətli olacaq. Dediyim kimi, biz turizm, təhsil və biznes sahəsində əlaqələri inkişaf etdirməkdə maraqlıyıq. Bununla yanaşı, Riqada iki ölkənin hökumətlərarası komissiyasının iclası olacaq. Bu görüş yazın sonu, yayın əvvəlində baş tutacaq. Biz nazirlər səviyyəsində qarşılıqlı səfərlərin təşkili üzərində də işləyirik. Prezidentimizin Azərbaycana səfəri də planlaşdırılırdı, lakin onun səhhətində baş verən problemlər səbəbindən səfər təxirə salındı.
Sonda qeyd edim ki, hər gün Azərbaycanda yeni bir şey öyrənirəm. Mən burada bu qədər dostyana insanları görməkdən çox məmnunam. Həqiqətən, ölkələr arasında əməkdaşlığın inkişafı imkanlarının olduğunu görürəm. Əgər hər hansı ideyalar, təkliflər varsa, mən hər zaman insanlarla görüşməyə, müzakirələr aparmağa və əməkdaşlıq qurmağa hazıram.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.