Səyavuş HEYDƏROV: Dini və multikultural təhlükəsizlik milli təhlükəsizliyin tərkib hissəsidir

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov son vaxtlar mühüm aktuallıq kəsb edən dini təhlükəsizlik məsələləri ilə bağlı AZƏRTAC-a məxsusi müsahibə verib. Müsahibəni təqdim edirik.

– Son dövrlərdə dünyada gedən proseslərdə, baş verən qarşıdurmalar və müharibələrdə dini amil daha qabarıq şəkildə özünü büruzə verir. Bunun səbəbini nədə görürsünüz?

– Doğrudur, son illərdə dünyada, xüsusilə Yaxın Şərqdə gedən proseslərə nəzər salsaq görərik ki, dinlərarası və məzhəblərarası münasibətlərdə yeni bir gərginlik mərhələsi başlayıb. Bunun müxtəlif səbəbləri olsa da, ən başlıca səbəb münaqişə olan yerlərdə dini təhlükəsizliyin təmin edilməməsidir. Vaxtilə həmin ölkələrdə dövlət-din münasibətləri sağlam müstəvidə qurulsaydı, dini təhlükəsizlik və multikultural təhlükəsizlik təmin edilsəydi, yəqin ki, bu gün biz tamam fərqli mənzərə ilə qarşı-qarşıya qalardıq. Təəssüf ki, hazırda Yaxın Şərqdə dini zəmində baş verən hadisələr insan tələfatı, şəhərlərin, qəsəbələrin məhv edilməsi və böyük miqrant probleminin ortaya çıxması ilə nəticələnib.

– Sizin də qeyd etdiyiniz kimi, günümüzdə “dini  təhlükəsizlik” anlayışı xeyli aktuallaşıb. Ölkəmizdə bu təhlükəsizlik necə tənzimlənir?

– Xatırladım ki, dini təhlükəsizlik problemləri hələ ötən əsrin 90-cı illərinin əvvəllərində, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmizin ictimai-siyasi həyatına daxil olub. Buna səbəb Azərbaycanda yaranmış ideoloji boşluq və xaosdan yararlanan xarici qüvvələrin ölkəmizdə geosiyasi maraqlarının təmin edilməsi məqsədilə yad dini-siyasi ideologiyaların nüfuz etdirilməsi olub. Həmin dövrlərdə Azərbaycanda “demokratik mühitin formalaşdırılması”, “dini etiqad azadlığının təmin edilməsi” adı altında ölkəmizdə sosial bazası olmayan qeyri-ənənəvi din və təriqətlərin, əslində destruktiv ideologiyaların təbliğinə başlanılıb. Konkret deyə bilərəm ki, bəzi xarici ölkələrin siyasi dairələri, o cümlədən xüsusi xidmət orqanları tərəfindən yönəldilən həmin destruktiv təşkilatlar vətəndaşlarımız arasında bir tərəfdən etnik və dini qarşıdurmanın yaradılmasına, digər tərəfdən işğalçı Ermənistana münasibətdə təslimçilik, dövlət və hakimiyyət orqanlarına isə etimadsızlığın yayılmasına səy göstəriblər. Hədəf isə Azərbaycanda vətəndaş və milli birliyin tarixən formalaşmasına zəmin yaradan ənənəvi tolerantlıq mühitinin məhv edilməsi idi. Məhz ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən sonra bu təhdidlərin qarşısının alınması istiqamətində məqsədyönlü, düşünülmüş və ölkəmizi uçurumdan xilas edən tədbirlərin həyata keçirilməsinə başlanıldı. Dini təhlükəsizliyin təminatı məsələsi həmin dövrdən Azərbaycan dövlətinin daxili siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi, müasir multikulturalizm siyasətinin təməli də qoyulmuş oldu.

Bu gün dünyada cərəyan edən, sülh və beynəlxalq təhlükəsizlik üçün təhdid xarakteri daşıyan geosiyasi proseslərin dinamik inkişafı fonunda ictimai-siyasi həyatda din amili, dini təhlükəsizlik problemləri daha da aktuallaşıb. Bu baxımdan, Azərbaycan Respublikasında dini təhlükəsizlik məsələləri ölkədə əsrlər boyu xalqlar, ənənəvi din və məzhəblər arasında formalaşmış birgəyaşayış normaları çərçivəsində dini münasibətlər sisteminin qorunmasına yönəldilmiş hüquqi fəaliyyətdir. Biz dövlət-din münasibətlərinin tənzimlənməsi istiqamətində bütün dünyaya nümunə ola biləcək bir strategiya ortaya qoymuşuq. Sirr deyil ki, bu gün din amili dünyada mədəni-əxlaqi dəyər çərçivəsindən çıxaraq kəskin şəkildə siyasiləşib. Din təkcə ictimai təfəkkürə deyil, mədəniyyətə, siyasi mövqeyə, insanların mənəvi həyatına ciddi təsir göstərən siyasi vasitəyə çevrilməkdədir. 

Azərbaycanda dini təhlükəsizliyin təmin edilməsinin hüquqi təminatının mənbəyi Azərbaycan Respublikasının Konstitusiyası, dövlət başçısının müvafiq fərmanları, ayrı-ayrı qanunlar və dövlətin milli təhlükəsizlik strategiyasıdır. Bu sənədlərdə vətəndaşların dini etiqad azadlığını, dini birlik və təşkilatların fəaliyyətlərini tənzimləyən, onlara qarşı yönəldilən təhdidlərlə mübarizənin əsas prinsip və normativləri öz əksini tapıb.

– Bu problemin həllində dini maarifləndirmənin rolu barədə nə deyə bilərsiniz?

– Əlbəttə, dini təhlükəsizliyin təminatında dini maarifləndirmənin müstəsna əhəmiyyəti var. Maarifləndirmə bütün neqativ hallara qarşı mübarizədə ən effektiv vasitədir. Dini maarifləndirmənin düzgün aparıldığı şəraitdə dini təhlükəsizliyə yönəldilən təhdidlərin səviyyəsi azalır. Bu isə ictimai-siyasi sabitliyin təminatında, vətəndaşların dini etiqad azadlığının qorunmasında, tolerantlıq ənənələrinin inkişafında, xüsusilə indiki dövrdə, dini zəmində ziddiyyətlərin dövlətlər və xalqlar arasında hərbi qarşıdurmalara transformasiyası şəraitində düzgün multikulturalizm siyasətinin həyata keçirilməsi üçün olduqca əhəmiyyətlidir. Biz unutmamalıyıq ki, dini təhlükəsizlik multikultural təhlükəsizliyin, multikultural təhlükəsizlik isə ictimai-siyasi təhlükəsizliyin, ümumilikdə isə bu amillər milli təhlükəsizliyin tərkib hissəsidir. Zəncirvari şəkildə bir-biri ilə bilavasitə əlaqəli olan bu anlayışlar ayrı-ayrılıqda öz təsirini itirir. Xarici təcrübəyə müraciət etsək görərik ki, dini maarifləndirmənin olmadığı və ya deklorativ xarakter daşıdığı ölkələrdə bir tərəfdən dini dözümsüzlük təhlükəsi artır, multikultural dəyərlər itir, digər tərəfdən ənənəvi din və təriqətlərin yerini totalitar və destruktiv xarakterli cərəyanlar, dini-siyasi hərəkatlar tutmağa başlayır. Əlbəttə, demokratik və dünyəvi dövlətlərdə, o cümlədən Azərbaycan Respublikasında din dövlətdən ayrıdır. Daha dəqiq desək, din mənəvi-əxlaqi dəyər xarakteri daşıyır. Unutmayaq ki, milli kimliyimizin, milli mədəniyyətimizin, maddi və qeyri-maddi mədəni irsimizin bir çox elementlərinin, məsələn poeziyamızın, tətbiqi sənətimizin, rəmz sisteminin, memarlığın, ətraf aləmi dərketmə tərzinin, cəmiyyətdaxili davranış və əxlaq normalarının, adət-ənənələrin və s. formalaşmasında din amilinin müstəsna rolu olub. Din həm də güclü ideologiya, böyük potensiala malik səfərbəredici qüvvədir. Bu baxımdan, dini maarifçiliyin zəif olduğu yerlərdə dini təhlükəsizlik məsələləri getdikcə aktuallaşır. Çünki qeyri-ənənəvi din və təriqətlərin, əslinə qalsa, din pərdəsi altında missionerlik fəaliyyəti göstərən destruktiv təşkilatların təsiri altına düşən vətəndaş ilk növbədə milli-mədəni və əxlaqi dəyərlərdən uzaqlaşır və cəmiyyət üçün itirilir. Belə insanlar üçün “ailə”, “vətən”, “xalq”, “dövlət” və “azərbaycançılıq” kimi ifadələr əhəmiyyətsiz sözlərə çevrilir. Məhz belələri Azərbaycanda geosiyasi və geoiqtisadi maraqları olan, dövlətin siyasi kursunun dəyişdirilməsini istəyən xarici qüvvələr üçün hazır sosial bazaya çevrilir. Bu zaman isə dini təhlükəsizlik maraqları gündəmə gəlir. Yəni söhbət hansı dinin, təriqətin “yaxşı” və ya “pis” olmasından getmir. İstədiyi dinə etiqad etmək hər kəsin seçimi və hüququdur, qanunlarımız bu hüquqları da müdafiə edir. Lakin unutmamalıyıq ki, din dövlətdən ayrı olsa da, dindar vətəndaş yaşadığı cəmiyyətdən ayrı deyil və din amilindən qarşıdurma yaratmaq məqsədilə, xüsusilə siyasi maraqlar naminə istifadə olunması yolverilməzdir. Dini təhlükəsizliyin təmin edildiyi cəmiyyətlərdə isə belə qarşıdurmaların olması ehtimalı çox azdır.

– Bu qənaətə gəlmək olar ki, söhbət din amilinin kimlərinsə əlində effektiv ideoloji və psixoloji silah olmasından gedir...

– Dinə yanaşma tərzi müxtəlif ola bilər. Din bütün parametrlərinə əsasən böyük səfərbəredici qüvvəyə malik ideologiyadır. Bu ideologiya kimlər tərəfindən istiqamətləndirilməsindən asılı olaraq, dövlətçiliyin, ictimai-siyasi sabitliyin möhkəmləndirilməsinə yönəldilə və ya dağıdıcı, destruktiv qüvvə, vasitə kimi istifadə edilə bilər. Dini ideologiya bir sıra sosial-mədəni amillərlə birlikdə əhalinin dindar kəsimində dini psixologiyanın formalaşmasında, yəni dünyəvi baxışdan fərqli davranış və düşüncə tərzlərinin, təsəvvürlərin, stereotiplərin, cəmiyyətdaxili münasibətlərin yaranmasında başlıca rol oynayır. Bu baxımdan, ideoloji və psixoloji mübarizə cəbhəsində yaranmış vəziyyət vətəndaşlarımızın mənəvi təhlükəsizliyinin mühüm hissəsi olan dini təhlükəsizlik problemlərinin həllinin effektiv üsullarla tənzimlənməsini, xaricdən təlqin edilən aqressiv, totalitar dini ideologiyaya qarşı fəaliyyətin gücləndirilməsini tələb edir.

– Azərbaycanın tolerantlıq və multikulturalizm modellərini dünyaya təqdim etmək üçün hansı tədbirlər görülür?

– Bildiyiniz kimi, bu il Azərbaycanda “Multikulturalizm ili” elan olunub. Artıq Azərbaycanın tolerantlıq və multikulturalizm modelləri kifayət qədər uğurlu şəkildə dünyaya təqdim olunmaqdadır. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, “başqa ölkələrdən fərqli olaraq bizdə multikulturalizm yaşayır və bu, bizim dövlət siyasətimizdir”. Təbii ki, burada sual yarana bilər. Nəyin hesabına yaşayır? Burada biz həmin komponentləri sadalaya bilərik. Ona görə yaşayır ki, ölkəmizdə dövlət-din münasibətləri yüksək səviyyədə tənzimlənir. Azərbaycanda bütün xalqların və dinlərin nümayəndələrinin təhlükəsizliyi təmin edilir, dini etiqad azadlığı var, dövlət hər bir vətəndaşına eyni dərəcədə diqqət və qayğı göstərir, insanlarımız bir-birinə tolerant yanaşırlar. Hər hansı xalqın və ya dinin nümayəndəsi özünü ölkəmizdə yad hiss etmir və xoşbəxt yaşayır. Gəlin sual edək. Dünyanın neçə ölkəsində biz belə münasibətin və şəraitin olduğunu görə bilərik? Yəqin ki, belə ölkə tapmaq çox çətindir. Yuxarıda sadaladığımız bu komponentlər ölkəmizdə dini təhlükəsizliyin, eləcə də multikultural təhlükəsizliyin qarantı rolunu oynayır. Cəmiyyətimizin belə möhkəm dayaqlar üzərində dayanması da onun gələcək inkişafının sürətli və dinamik olacağından xəbər verir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında