Azərbaycanda neft – qaz sənayesinin aparıcı layihələrini gerçəkləşdirən, bu sahənin inkişafına layiqli töhfələr verən “Azfen” birgə müəssisəsinin 20 yaşı tamam oldu. İlk vaxtlar mərkəzi ofisində 15-20 mütəxəssislə, ümumilikdə isə 300 nəfərlik işçi qrupu ilə işə başlayan bu inşaat qurumu ötən dövrdə böyük təcrübə qazanaraq müxtəlif layihələri yüksək səviyyədə gerçəkləşdirən 10 min nəfərlik nəhəng bir müəssisəyə çevrilib.
Şirkət peşəkarlıq, intizam, məsuliyyət, təşəbbüskarlıq kimi mötəbər fəaliyyət prinsiplərinə həmişə sadiq qalmaqla yanaşı, işçilərin təhlükəsiz əməyinə və yüksək rifahına da ciddi önəm vermiş, öhdəsinə götürdüyü layihələri vaxtında və yüksək səviyyədə yerinə yetirmişdir. “Azfen” təhlükəsiz iş saatlarına görə dünya şirkətləri arasında öncül mövqeyə çıxmışdır. Müxtəlif layihələrdə otuz milyon, iyirmi beş milyon və on beş milyon təhlükəsiz iş saatlarına imza atan bu şirkət 20 illik yubileyinə sanballı uğurlarla gəlmişdir. “Azfen” BM şirkətinin direktoru Həmid Həsənovla müsahibəmizdə keçilmiş yola, əldə olunmuş uğurlara, qarşıda duran hədəflərə birgə nəzər saldıq.
– Həmid müəllim, “Azfen” BM hansı zərurətdən yaranıb? Müəssisənin məqsəd və vəzifələri nədən ibarətdir ?
– “Azfen” BM 1996-cı ilin yanvarında Azərbaycanda dövlət əhəmiyyətli layihələri icra edən, o cümlədən neft və qaz layihələrində platformaların, boru kəmərlərinin, terminalların və s. tikintisini həyata keçirən bir şirkət olaraq yaranıb. Bu yeni tipli inşaat müəssisəsinin məqsədi ölkəmizin neft və qaz sənayesinin qoşulduğu beynəlxalq layihələrdə uğurla iştirak etməkdən, qazandığı yüksək göstəricilərə arxalanmaqla növbəti daha böyük sifarişlər qazanmaqdan, yeni irihəcmli, mürəkkəb texnologiyalı obyektlərin inşasında iştirak etmək olub. Ötən 20 ildə şirkət bu məqsədinə yüksək səviyyədə çatıb, uğurlu estafetini davam etdirib.
“Azfen” BM bu vaxtadək iştirak etdiyi bütün mühüm dövlət əhəmiyyətli layihələri müəyyən olunmuş vaxtda və yüksək beynəlxalq standartların tələbləri səviyyəsində icra etmişdir. Kollektivdə işçilərin peşəkarlığını artırmaq üçün ardıcıl olaraq treninqler təşkil edilmiş, işcilərin ixtisas dərəcəsinin yüksəldilməsinə, mühəndis-texniki heyətin elmi-texniki nailiyyətləri mənimsəməsinə nail olunmuşdur.
Möhkəm əmək intizamı, təhlükəsizlik texnikası qaydalarına əməl edilməsi, işçilərlə münasibətlərin qanunlara və mənəvi dəyərlərə uyğun qurulması çoxminli kollektivivin sanballı uğurları üçün normal zəmin yaratmışdır.
– Bu vaxtadək gerçəkləşdirdiyiniz irihəcmli layihələr kollektivinizi təkcə Azərbaycanda deyil, həm də əməkdaşlıq etdiyiniz ölkələrdə mobil inşaat- quraşdırma qurumu kimi tanıtmışdır. Gəlin keçdiyiniz yola nəzər salaq.
– “Azfen” BM fəaliyyət göstərdiyi 20 il ərzində bir çox beynəlxalq və dövlət əhəmiyyətli iri layihələrə həyat verməklə, həqiqətən, layiqli nüfuz qazanmışdır. Qəbul etdiyimiz sifarişi nəzərdə tutulmuş müddətdə, ən yüksək keyfiyyətlə başa çatdırmağımız, heç bir problem yaratmamağımız, əksinə ortaya çıxan çətinliyi çevik şəkildə aradan qaldırmağımız partnyorlarda bizə möhkəm inam və etibar yaratmışdır. Hər uğurumuz bizə yeni meydan açmışdır.
Bütün bunların nəticəsidir ki, Bakı— Supsa boru kəməri, yataqların tammiqyaslı işlənməsi çərçivəsində Səngəçal terminalının genişləndirilməsi, Supsa terminalı, “Çıraq-1” su injeksiyası, Qaradağ – Şimal DRES boru kəməri, kompressor və suvurma platforması,texnoloji proseslər, kompressor, suvurma və məişət avadanlıqları platforması, “Qərbi Çıraq” neft platforması kimi ölkəmizin neft-qaz sənayesinin sürətlı inkişafına təminat yaradan önəmli layihələri yüksək standartlar səviyyəsində sifarişçilərimizə təhvil vermişik.
– İlk illərin çətinliklərini necə xatırlayırsınız?
– Bir xatirəni danışım. Bu gün qürurla qeyd edə bilərəm ki, Bayıl istehsalat və emal sahəsi inkişafına görə dünya birincilərindəndir . Bu bazanın əvvəlki və indiki halını müqayisə etdikdə haradan haraya gəldiyimiz aydın görünür. Burada yenidənqurma və tikinti işlərinə 1998-ci ilin sonunda start verdik. Həmin vaxt mən tikinti rəhbəriydim. Bizimlə əməkdaşlığa başlayan “Tekfen” şirkətindən gələn layihə rəhbəri sahəni gəzərək “Biz platformanı harada tikəcəyik?” - deyə soruşdu.
Mən neftlə çirklənmiş gölməçələri göstərdim. Müsahibim təəccüblə və ümidsizcəsinə mənə baxdı. Biz isə qərarımızda qəti idik. Gecə – gündüz işlədik, hətta gecə saat 12-də belə, sahədə olurduq. Nəticədə Bayıl sahəsinin yenidənqurma və tikinti islərini uğurla yekunlaşdırdıq. ARDNŞ-in çox böyük dəstəyi ilə ərazini iki dəfə genişləndirdik.
– Hazırda hansı işlərlə məşğulsunuz?
– “Azfen” BM indi AMEC-TEKFEN-AZFEN konsorsiumu tərkibində fəaliyyət göstərməklə Bayıl sahəsində “Şahdəniz-2” layihəsində platformaların tikintisi və istismara hazırlanması üzrə öhdəsinə düşən irihəcmli tikinti-quraşdırma işlərini yerinə yetirməkdədir. Mühüm dövlət əhəmiyyətli bu layihə “Əsrin müqaviləsi” çərçivəsində həyata keçirilən, ölkənin iqtisadi strategiyasına xidmət edən beynəlxalq səviyyəli layihədir.
Bundan başqa, İtaliyanın “SAİPEM” şirkəti ilə birgə SCPX- Cənubi Qafqaz boru kəmərlərinin genişləndirilməsi layihəsi üzrə Azərbaycanda və Gürcüstanda işləri davam etdiririk. Eyni zamanda, “Şahdəniz-2” layihəsi üzrə quru terminalı, Səngəçal terminal qurğularının inşası işlərini həyata keçiririk.
– Şirkətiniz xarici ölkələrdə layihələr həyata keçiribmi?
— Əlbəttə, xarici ölkələrdə də bir sıra layihələr həyata keçirmişik. 1997-ci ildə Gürcüstanda Supsa terminalını inşa etmişik, orada bir sıra əlavə obyektlər də tikdik. Hazırda isə Gürcüstanda 63 kilometrlik boru xəttinin tikintisini həyata keçiririk. Xarici ölkələrdə layihələr gerçəkləşdirmək bizim üçün çətin deyil, sadəcə, Azərbaycanda bizi gözləyən işlər çoxdur. Əsas məqsəd bütün işlərin keyfiyyətli görülməsidir. Gələcəkdə isə Xəzər bölgəsi ərazisində ən tanınmış şirkət olmağa iddialıyıq.
– Müəssisənizdə işəgötürülmə qaydaları necə həyata keçirilir ?
– İşçilərin işə qəbulu prosesi qüvvədə olan “Səriştəliliyin təmini” və “İşə qəbul” prosedurlarına tam ciddi riayət olunmaqla aparılır. Bunun üçün, ilk növbədə, planlama üzrə müəyyən olunmuş say və peşə tərkibli personal tələbləri dəyərləndirilir və bu tələblərə uyğun olan işçi heyəti (namizədlər) müvafiq mütəxəssislərin iştirakı ilə müsahibələrə dəvət olunur. Burada namizədliyi təsdiq olunmuş şəxslər yazılı və praktiki testlərə göndərilir. Testdən uğurla keçmiş namizədlər qeydiyyata alınır və personal tələbləri daxilində “işə qəbul”a dəvət olunurlar. Müsahibələrdə və işə qəbullarda Azərbaycanın bütün regionlarından olan vətəndaşlar iştirak edirlər.
– Nə üçün müəssisənizdə işləmək istəyənlərin sayı günbəgün çoxalır?
– Müsahibələrə və qəbula dəvət olunanlara “Niyə “Azfen” BM-də işləmək üçün müraciət etmisiniz ? “Sualını verdikdə hər dəfə bu səpkili cavablar eşidirik: “Bu şirkətdə dövlət qanunları qorunur; əməyin mühafizəsinə, işçilərin sağlamlığına ciddi diqqət göstərilir, onlar tibbi sığorta ilə təmin olunurlar; əmək haqları vaxtında verilir, işçilər nahar fasiləsində çeşidli yeməklərlə və çayla, işə gəlib-getmək üçün nəqliyyatla təmin olunurlar”.
İşə qəbul olunanlar dövlət əhəmiyyətli layihədə əmək qanunvericiliyinə uyğun olaraq yüksək əmək intizamı nümayiş etdirməli, öz əmək funksiyalarını dəqiqliklə və vicdanla yerinə yetirməlidirlər. Əmək intizamını pozan, işə gecikən, üzürsüz səbəbə görə işə gəlməyən işçilər barədə əmək qanunvericiliyinə müvafiq şəkildə intizam tədbirləri görülür.
– İşçilərin təhlükəsizliyi necə təmin olunur?
– Bildiyiniz kimi, “Azfen” BM tərəfindən icrası həyata keçirilən layihələrin sifarişçisi bp şirkətidir. Bu şirkət işçilərin təhlükəsiz şəraitdə işləməsi üçün gördüyü tədbirlərlə bütün dünyada tanınmaqdadır. “Azfen” BM də işçilərin təhlükəsiz şəraitdə işləməsi ən önəmli prinsip kimi rəhbər tutulur. Biz insan amilini əsas tutaraq işçilər üçün sağlam, təhlükəsiz iş şəraiti yaradır və yalnız bundan sonra işlərin keyfiyyətlə və vaxtında icrasına başlayırıq. Məhz bunun nəticəsidir ki, Bayıl sahəsində təhlükəsiz iş saatlarının sayı hazırda on beş milyona çatmışdır.
– Şirkətinizin fəaliyyəti ölkəmizdə və xaricdə daim medianın diqqət mərkəzində olmuşdur.
– Bu, əslində, bizim fəaliyyətimizin beynəlxalq iqtisadı əməkdaşlıq çevrəsi ilə sıx bağlı olmasından irəli gəlir. Ölkəmizdə həyata keçirilən beynəlxalq neft- qaz layihələri neçə-neçə dövlətin, nəhəng şirkətlərin, yüz milyonlarla insanın ciddi maraq dairəsində olan məsələdir. Hamı neft və qazın imzalanmış müqavilə çərçivəsində nəzərdə tutulan vaxtda çıxarılmasını və təhlükəsiz nəqlini gözləyir. Buna görə də kütləvi informasiya vasitələri bizim uğurlu işimizi işıqlandırır, kollektivimizin fəaliyyətini layiqincə qiymətləndirir. Bu isə bizə qol – qanad verir, kollektivimizdə xoş və işgüzar əhval-ruhiyyə yaradır. Buna görə jurnalistlərə, media qurumlarına təşəkkürümüzü bildiririk.
Lakin, təəssüf ki, Azərbaycanın uğurlarından narahat olanlar, respublikamızın dünyanın enerji tələbatının ödənilməsinə artan töhfəsini gözü götürməyənlər, bütövlükdə, ölkəmizə qara yaxmağa çalışdıqları kimi, bu sahədə bizim kollektivin işinə bədxahlıqla yanaşanlar da var. Ölkə iqtisadiyyatının inkisafinda xüsusi çəkisi olan öncül şirkətlərə böhtan atan bəzi
üzdəniraq həmvətənlərimiz də belələrinin dəyirmanına su tökürlər. Onlar internet səhifələrinə, redaksiyalara reallığı qətiyyən əks etdirməyən, böhtan məqsədli informasiyalar göndərir, könül bulandırırlar. Belə kampaniyalar həmişə iflasa uğrayıb. Biz isə reallıqdan tamamilə uzaq olan belə yalanları öz işimizlə təkzib edirik. “Azfen” BM öz fəaliyyətini əvvəldən şəffaf qurduğundan, media orqanlarına daim açıq olduğundan belə yalanlara ehtiyac qalmır.
– Nəhayət, “Azfen” BM yaxın gələcəkdə hansı hədəfləri seçib?
– “Azfen” BM günbəgün tərəqqi edən, qüdrətlənən Azərbaycanın tikinti bölməsinin ən nümunəvi şirkətlərindən biridir. Odur ki, bizi uğurlara qovuşduran tutduğumuz istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik. Bundan sonra da irihəcmli layihələrin tenderlərindən qalib çıxmaq üçün daim peşəkarlığımızı və məsuliyyətimizi artıracağıq. Aldığımız sifarişləri təhlükəsiz, yüksək keyfiyyətlə və qrafikə uyğun yerinə yetirməyə çalışacağıq.
Azərbaycan inşaatçılarının məharətini, bacarığını və çevikliyini beynəlxalq aləmdə sübuta yetirmiş, ölkəmizdə beynəlxalq neft müqavilələrinin uğurla yerinə yetirilməsinə sanballı töhfələr vermiş şirkətinizin çoxminli kollektivinə öz tarixinin üçüncü onilliyində daha böyük uğurlar arzulayırıq.
Müsahibəni apardı:
Gülnar MƏSİMOVA,
“Naşir” jurnalının
baş redaktoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.