Alim-publisist Baba Əhmədli son illər vətənpərvərlik mövzusunda çoxlu sayda məqalə, oçerk və esse yazaraq müxtəlif mətbu nəşrlərdə dərc etdirir. Qocaman qələm sahibi ən çox 1918-ci il qanlı mart hadisələri, 20 Yanvar, Xocalı faciələri barəsində yazır. Deyir ki, bunları ona görə yazır ki, “dünya ermənilərin XX əsrdə xalqımızın başına gətirdikləri amansız qəddarlıqlardan agah olsun, bu “zavallı, biçarə” millətin həqiqi yırtıcı xislətindən xəbərdar olsun”.
Bu günlərdə Baba müəllimlə görüşüb Xocalı qətliamının bütün dünyada sivil, bəşəri dəyərlərə vurduğu ağır zərbələr, bu soyqırımının tanıdılması, eləcə də belə dəhşətli hadisələrin bir daha baş verməməsi istiqamətində görülən işlər barədə söhbət etdik. Həmsöhbətim bunları dedi:
– Xocalı faciəsi bəşəriyyət tarixində öz qəddarlığına görə bənzəri, misli-bərabəri olmayan bir faciədir. Təsəvvür edin ki, Xocalı kimi qədim bir tarixi, mədəniyyəti olan bütöv şəhər bir gecə ərzində yerlə-yeksan edilərək xəritədən silinib. Onlarca ailə, yüzlərlə insan, uşaq, qadın, qoca etnik mənsubiyyətinə görə xüsusi amansızlıqla qətlə yetirilib.
Mən faşistlərin Belarus, Rusiya, Polşada işğal etdikləri ərazilərdə yaratdıqları əsir düşərgələrində qələbədən sonra yaradılan bir sıra tarixi muzeyləri ziyarət etmişəm. Orada faşistlərin qəddar əməllərini əks etdirən çoxlu sənəd və eksponatla tanış olmuşam. Faşistlərin cinayətləri, təbii ki, dərin qəzəb və ikrah doğurur. Amma birmənalı şəkildə deyə bilərəm ki, ermənilər Xocalıda faşistlərdən də ağır qəddarlıqlara “imza atıblar”.
Siz təsəvvür edin ki, dünyada Xocalıdan sonra törədilən bütün zorakılıqlar və qətliamlar Xosalı soyqırımı ilə müqayisə edilir. Bu mənada Xocalı dünyada qəddarlığın rəmzinə, simvoluna çevrilib.
– Baba müəllim, sizcə, ermənilərin Xocalıda törətdikləri vəhşiliklər hansı hisslərdən qaynaqlanır?
– Müasir psixologiya elmində “kollektiv yaddaş” deyilən bir anlayış var. Adətən, hər bir xalqın tarixi yaddaşı onun folkloru, ədəbiyyatı, mədəniyyəti əsasında formalaşır. Ermənilərin kollektiv yaddaşı isə daha çox erməni kilsəsinin məkrli təbliğatı əsasında formalaşıb.
Kilsə daim ermənilərə təlqin edir ki, onlar tarixi haqsızlıqlara məruz qalıblar və düşmən türklərin arasında yaşayırlar. Əgər guya özləri türklərin axırına çıxmasalar, türklər onları yer üzündən silib atacaqlar. Bu qatı, şovinist siyasət erməniləri uşaq yaşlarından ağır cinayətlərə, qəddarlıqlara hazırlayır. Acı təəssüf ki, müasir Ermənistan dövləti şovinist və qatı millətçilik siyasətini özünün dövlət siyasəti səviyyəsinə qaldırıb. Bu dövləti idarə edənlər arasında Xocalı soyqırımı ilə birbaşa və ya dolayısı yolla əlaqəsi olan canilər çoxdur. Bunu dünya bilməli və adekvat tədbirlər görməlidir.
– Bu gün Xocalı soyqırımı ilə bağlı ölkəmizdə və xaricdə görülən işlər sizi qane edirmi?
– Xocalı faciəsinin bütün dünyada tanıdılması istiqamətində həqiqətən böyük işlər görülür. Mən həm Azərbaycan dövlətinin, həm də Heydər Əilyev Fondunun, səfirliklər və diaspor təşkilatlarının xətti ilə görülən işləri alqışlayıram.
Yaxşı haldır ki, bu gün dünya xalqları Xocalı qətliamına biganə qalmırlar. Məsələn, ABŞ-ın 20 ştatının parlamenti Xocalı hadisələrini soyqırımı kimi tanıyıb. Əminəm ki, Birləşmiş Ştatların digər ştatları da Xocalı qətliamını tanıyacaqlar. Nəticə etibarı ilə ABŞ Konqresi də müvafiq qərar qəbul edəcək.
Bu günlərdə mətbuatda oxudum ki, Meksikanın paytaxtı Mexiko şəhərindəki böyük parkların birində Xocalı faciəsinə həsr olunmuş möhtəşəm bir abidə açılıb. Dünyanın bir sıra başqa ölkələri belə abidələr ucaltmaq barədə düşünür. Bəli, dünya başa düşür ki, Xocalı təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı törədilmiş qətliamdır.
– Bir sıra erməni ideoloqları Xocalı qətliamını unutdurmaq üçün bunun müharibə şəraitində, affekt halında törədildiyini iddia edirlər. Sizcə, buna inananlar tapıla bilərmi?
– Bu, sadəcə mümkün deyil. Ermənilər Xocalıda o qədər ağır zorakılıqlar törədiblər ki, bunun miqyasını azaltmaq, cinayətin dərəcəsini “yumşaltmaq” üçün göstərdikləri cəhdlər əbəsdir. Onlar Xocalıda öz mənfur simalarını açıb ortaya qoyublar. Bunu nə müharibənin, nə də o vaxtkı tarixi şəraitin ayağına yazıb məsuliyyətdən qaça bilməyəcəklər. Bu qətliamı törədənlər gec-tez ədalət məhkəməsi qarşısında cavab verəcəklər. Tarix onları lənətləyir və daim lənətləyəcək.
Bir məqamı da qeyd etmək istərdim. O da budur ki, müstəqil Azərbaycan dövləti gücləndikcə, bizim ölkəmizlə bağlı həqiqətləri bütün dünyaya çatdırmaq imkanlarımız da genişlənir. Bu istiqamətdə hər bir qələm əhli, hər bir ziyalı əlindən gələni etməlidir. Qoy indiki və gələcək nəsillər Xocalıda günahsız insanları qətlə yetirən caniləri tanısınlar, onların haqq divanına çəkilməsinə nail olsunlar.
Söhbəti qələmə aldı:
Məsaim ABDULLAYEV, “
Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.