“Xocalı ailəmizin qazandığı ömürlük kədər və qisas mənbəyidir”

 

 

 

 

 

 

 

 

 

 

 


 

Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir.

Heydər ƏLİYEV
Ümummilli lider

 


 

İyirmi dörd il bundan öncə, peyk-kommunikasiyasının, saysız-hesabsız televiziya kanallarının və digər kütləvi informasiya vasitələrinin  olduğu bir dövrdə, yəni, sözün həqiqi mənasında, dünyanın gözü qarşısında Xocalı şəhərində erməni quldurlarının törətdiyi soyqırımı ağılagəlməz vəhşiliyi ilə o vaxta qədər həyata keçirilmiş digər qətliamları geridə qoydu.

Bəlkə də bir gecədə 613 nəfər xocalılının qətlə yetirilməsi kimlərəsə sadəcə o qədər böyük olmayan statistik rəqəm kimi gələ bilər. Lakin orada yaşananlar, ermənilərin törətdikləri vandalizmdən də betər əməllər müasir dünyaya həqiqətən utanc gətirməli hadisədir. Həmin gecə həlak olan, vəhşiliyə məruz qalan soydaşlarımızın çox az sayda qohum-əqrəbası qalmışdır. Onlardan biri də tanınmış Soyqırımı Həqiqətlərinin Tanıdılması İctimai Birliyinin rəhbəri, Xocalı soyqırımı həqiqətlərimizin dünyada tanıdılması üçün fəal iş aparan keçmiş Xocalı sakini, həmin hadisələrin canlı şahidi, qohum-ərqəbalarının, demək olar ki, əksəriyyətini itirmiş Ceyhun Ələkbərovdur. Bu dəfə Ceyhun Ələkbərov tək “Soyqırımı Həqiqətlərinin Tanıdılması” İctimai Birliyinin rəhbəri kimi deyil, həm də uşaqlıq və yeniyetməlik illərini keçirdiyi və hazırda yalnız adı və xarabalığı qalan Xocalı sakini kimi  “Xalq qəzeti”nə danışdı:

– Xocalını necə xatırlayırsınız?

Bu şəhərdə  doğulmuşam, böyümüşəm. Xocalını uşaqlıq və yeniyetməlik illərimin keçdiyi, bağlı-bağatlı, inkişaf edən, böyük bir şəhər kimi xatırlayıram. Həmin hadisələr baş verməsəydi, əminəm ki, Xocalı Azərbaycanın  ən gözəl şəhərlərindən birinə çevrilmişdi. Şəhər Qarabağın çox münbit torpağı, təmiz havası olan və strateji əhəmiyyətli nöqtələrindən birində yerləşirdi. Biz böyüklərdən eşidirdik ki, ermənilər şəhərimizi ələ keçirməyi çoxdan arzulayırlar. Lakin heç birimiz buna inanmaq istəmirdik. Uşaqlıq dostlarımla əyləncələrim, ən yaxın qohumlarımın qayğısı, nəvazişi ilə xatırlayıram bu şəhəri. Təəssüf ki, tale üzümüzə gülmədi. Hər şeydən bizə əziz olan şəhərimizi itirdik, həm də necə itirdik. Soyqırımına məruz qaldıq.

– Kimlərinizi itirmisiniz bu faciədə?

– Kimlərimizi itirməmişik ki? Ən yaxın qohumlarımız  –  bibimi və oğlunu, xalamı və uşaqlarını, dayımı, əmim uşaqlarını...  Hətta anamı da itirməyə çox yaxın idim. Sonda Allah onu bizə bağışladı.

– Ermənilərin hücumu, Xocalının işğalı və hadisənin bu qədər itki ilə nəticələnməsi ilə bağlı nələri xatırlayırsız ?

– Bilirsiz, o vaxt mənim 16 yaşım  var idi. Yeniyetmə də olsam,  artıq hər şeyi dərk edirdim. Nə baş veribsə, hamısı yadımdadı.  Ermənilər hər tərəfdən şəhəri mühasirəyə almışdılar. Bilirsiz, bir var işğal, bir də var soyqırımı.  Nəticə etibarilə, ikisi də beynəlxalq hüquq normalarına ziddir, qanunsuzdur. Lakin, həm işğal etmək, üstəlik, yerli əhaliyə soyqırımı tətbiq etmək artıq qeyri-insaniliyin son həddi, ən böyük ləyaqətsizlikdir. Ermənilər Xocalını işğal etsəydilər, əlbəttə, biz bir gün gücümüzü toplayıb torpağımızı geri alacaqdıq. Onların Xocalıda törətdikləri vəhşiliklər isə xalqımızın mənəvi sarsıntısına səbəb oldu. Əlbəttə, mən inanıram ki, dövlətimizin gücü bu gün o torpaqları geri qaytarmağa imkan verir və bu, tezliklə baş verəcək. Lakin Xocalının intiqamını almaq istəyini orada insanların çəkdiyi zülm və iztirabları unutdurmaq üçün bizə zaman lazım olacaq.

Xocalının 7 mindən çox əhalisi var idi. Bundan əlavə, Qarabağda yeganə aereport da Xocalıda yerləşirdi. Ermənilərin Xocalıya əsas maraqları da məhz bu strateji hədəflər üzərində idi. Şəhər artıq bir il idi ki, blokada şəraitində idi. Yeganə nəqliyyat vasitəsi vertolyot qalmışdı. Mühasirədə qalmaq, işıqsızlığa, qida çatışmazlığına dözmək çox çətin idi. Mühasirəyə düşənlər nə demək istədiyimi yaxşı anlayar. Amma Vətən sevgisi, torpaq təəssübkeşliyi bizə Xocalıdan çıxmağa imkan vermirdi. Həm də biz köməyin gələcəyini gözləyirdik. Ermənilərin vəhşiliklərə əl atacağını bilirdik, lakin bu qədər təsəvvür etmirdik. Ən azından müharibə qanunları deyilən yazılmış və yazılmamış qaydalar var. Ermənilərə bu qaydaların bir bəndi belə aid ola bilməz. Yadınızdadırsa, bunu onların hazırki prezidenti Serj Sarkisyan da etiraf etmişdi. Yadınızdadırsa, o demişdi ki, biz Xocalıda etdiklərimizlə bütün streotiplərimizi qırdıq. Azərbaycanlılar düşünürdülər ki, ermənilər dinc əhaliyə silah işlətməzlər. Baxın, bir dövlətin rəhbəri XXİ əsrdə bunu əcnəbi jurnalistə həyasızcasına bildirirsə, bu ölkə və bu xalq haqqında istənilən insanda rahat təsəvvür yarana bilər.

Mənim bütün gördüklərim acı xatirələrimdir. Xocalıya  qəfil düşmən basqını insanları vahiməyə saldı. Onlar dinc insanlar idi. Silahsız idilər. Az sayda özünü müdafiə könüllüləri var idi ki, onların da çoxu ov tüfəngi ilə silahlanmışdı. Həmin gecədə onların, demək olar ki, hamısı şəhid oldu. Təsəvvür edirsiz, ayaqyalın qadınlar, qocalar, uşaqlar, hamısı xilas olmaq üçün qarlı, şaxtalı havada dağların, dərələrin arası ilə gedirdilər. Onların çoxu azdı və ya ermənilərin qurduğu tələyə düşdü və vəhşicəsinə gülləbaran edildilər. Hələ bu azmış kimi, onların üzərində dəhşətli eksperiment aparıldı. Mən tarixi kitabları çox sevirəm. 1905-ci və 1918-ci illərdə baş verən soyqırımlarında ermənilər hansı yolu tutmuşdularsa, Xocalıda da onu davam etdirdilər. Deməli, yüz il ərzində onların təfəkkürü, bizə qarşı inanılmaz aqressiyası heç azalmamışdı. Baxın, mən bunu öz gözlərimlə görmüşəm.  Getdiyimiz yolda pusquya düşən və həlak olan həmyerlilərimizi, qohumlarımızı görürdük. Onların yenicə, isti-isti axan qanını, qandan çıxan buxarı, kəsilmiş, deşilmiş bədənləri heç vaxt unuda bilmərəm.

– Xocalıda vuruşan özünümüdafiə qüvvələrindən yadınızda qalanı varmı?

– Əlbəttə... Mən Əlif Hacıyevi xatırlayıram. Tofiq Hüseynovu xatırlayıram. Tofiq Hüseynov  mənim çox yaxın qohumum idi. Onlar vuruşurdular.  Onların hər biri üç-beş nəfəri əvəz edirdi. Hətta, elə məqamlar olurdu ki, onlar erməniləri geri oturdurdular. Yaşım az olduğuna görə onlar məni özləri ilə aparmırdılar. Halbuki, mən döyüşmək istəyirdim. Onlara kömək etmək istəyirdim. Allah onlara rəhmət eləsin! Mənim bu gün sağ qalmağım, sizinlə bu barədə danışmağım onların xidmətidir. Biz o qəhrəman oğullarımızın sayəsində xilas ola bildik.

– Rəhbərlik etdiyiniz təşkilatın Xocalı faciəsi ilə bağlı hansı diqqətçəkən görüşləri və tədbirləri baş tutub?

– Biz yarandığımız gündən ümummilli hədəflərimizi açıqlamışıq. İnanın, elə məqamlar olur ki,  bəzən şəxsi problemimizi bir kənara qoyub Xocalı və digər aldığımız yaralarla bağlı həqiqətlərimizi təbliğ etməyə çalışırıq. Və bunu az-çox edə biliriksə, xoşbəxtik. Biz, ötən il Türkiyədə, Almaniyada, Macarıstanda geniş tədbirlər təşkil etmişik. 2013-cü ildə biz Almaniyanın Köln şəhərində izdihamlı Xocalı mitinqi keçirdik. Bundan əlavə, elə həmin il  Almaniya Prezidenti ilə görüşdük. Həmin ölkənin Bundestaq üzvləri ilə görüşüb müzakirələr apardıq. Bütün görüşlər əvvəldən axıradək Xocalı və digər itirilən bölgələrimizin təbliği və informasiyanın düzgün çatdırılması üzərində quruldu.  Biz onlara Azərbaycan həqiqətlərindən bəhs edən xarici dillərə çevrilmiş kitablar, məlumat bülletenləri verdik. Fürsətdən istifadə edərək Almaniya Prezidentinə Qarabağ xalçasını təşkilatımız adından hədiyyə etdik. Biz bunu etməsəydik, onsuz da ermənilər edəcəkdi. Bundan əlavə, Türkiyədə Böyük Millət Məclisinin tanınmış üzvlərinin iştirakı ilə görüşlər keçirdik. Xocalı vəhşəti ilə bağlı konfrans reallaşdırdıq. Əksər media nümayəndələri o tətbiri işıqlandırdılar. Özüm də şəxsən orada çıxış etdim. Orada Azərbaycandan və Türkiyədən olan ictimai-siyasi xadimlər iştirak etdilər. Çox vacib ortaq planlar barədə müzakirələrimiz oldu. Türkiyənin “Eko-Avrasiya” İctimai Əməkdaşlıq Assosiasiyası ilə birgə layihəmiz olaraq Ankarada bu tədbiri həyata keçirdik. Çox məsuliyyətli tədbir idi.  Türkiyənin görkəmli ziyalıları orada iştirak edirdilər. Macarıstanda da həmçinin diqqətçəkən tədbir təşkil etdik. Bu tədbir də öz növbəsində Xocalı həqiqətlərinin təbliğinə yönəlmişdi. Əminəm ki, tədbirin nəticəsi olaraq  Macarıstanın bir sıra dövlət və ictimai dairələrinə haqlı olduğumuzu sübut edə bilmişik.

– Bildiyimiz qədər ötən il  Macarıstanda həm də kitabınız işıq üzü gördü...

– Doğrudur, ötən ilin yanvar ayında Budapeştdə “Xocalı soyqırımına beynəlxalq hüquqi baxış və qondarma erməni iddiaları” adlı konfrans təşkil etdik.  Bu tədbirdə başda Macarıstandakı səfirimiz Vilayət Quliyev, Türkiyənin bu ölkədəki səfiri Şakir Fakılı  və digər tanınmış ictimai xadimlər iştirak edirdilər. Tədbirdə eyni zamanda,  macar jurnalist Borbala Obruzanski  ilə həmmüəllif olaraq ərsəyə gətirdiyimiz “Qafqazın parlayan ulduzu-Azərbaycan” kitabının təqdimatı oldu. Kitabın əhəmiyyəti onun macar dilində olması idi. Burada məqsəd macar auditoriyasına doğma dillərində Azərbaycan haqqında geniş informasiya vermək idi. Açığı, bu işdə az da olsa, payımın olmasına çox sevinirəm. Çünki, burada udan Azərbaycandır. Vətənimizin həqiqətlərini daşımaq məsuliyyəti bu kitabda öhdəmə düşən hissəni uğurla başa çatdırmağıma stimul oldu.

– Təşkilat olaraq Xocalını təbliğ etmək üçün təkcə 25-26 fevral günləri sizə məhdudiyyət yaradırmı ?

– Qətiyyən ! Biz, bir az əvvəl qeyd etdiyim tədbirlərin çoxunu ilin müxtəlif vaxtlarında reallaşdırmışıq. Bizim Xocalını və digər ağrı-acılarımızı təbliğ etmək üçün konkret gün ola bilməz. Nə vaxt imkan, fürsət yarandı, biz təşkilatımızla orada bu məsələləri qaldırırıq, görüşlər keçiririk.

– Yeni planlarınız?

– Planlar çoxdur, zaman isə məhdud. Ermənilər hər gün daha həyasızcasına yalan danışmağa davam edərkən, biz öz haqlı tərəflərimizi yetərincə göstərə bilmirik və nəticədə təbliğatda hələ ki, müdafiə olunuruq. Amma mən düşünürəm ki, biz müdafiə taktikasından hücum taktikasına keçməliyik. Çünki, biz həqiqəti, onlar isə yalanı təbliğ edirlər. Bu baxımdan bizim təşkilat bir sıra ölkələrdə əvvəlki tədbirlərimizə oxşar, lakin, daha böyük, əhatəli konfranslar, mitinq və yürüşlər təşkil etməyi düşünürük. Marşrutumuz əsasən Qərbi Avropa ölkələridir. Çünki, erməni diasporunun ən çox manevrlər etdiyi coğrafiya oradır. Ermənilərin güclü lobbiləri onlara imkan verir ki, hələ də Avropanı ikili standartlardan asılı vəziyyətə salsınlar. Buna görə də həqiqətlərimizi elə təbliğ etməliyik ki, erməni lobbisinin fəaliyyəti iflic olsun. Gücümüzü Xocalı soyqırımının 25 illiyinin dünyanın müxtəlif ölkələrində daha əhatəli keçirilməsinə yönəltməliyik.

– Gördüyünüz bu işlərin ağırlığını, məsuliyyətini, bundan əlavə, Xocalıda yaşadığınız məşəqqətli günlərinizi övladlarınıza hiss etdirə bilirsinizmi?

– Başqa cür ola da bilməz. Ailəm də, övladlarım da mənim fəaliyyətimdən mənəvi dəstək alırlar. Xocalı ailəmizin qazandığı ömürlük kədər və qisas mənbəyidir. Mən, əslində, öz missiyamla həm də onlara bir cığır açmış oluram və onların həm də itirilmiş haqları uğrunda çarpışıram. İtirilən Xocalı, soyqırıma məruz qalan Xocalının intiqamını almaq mənim övladlarımın da üzərinə düşür. Və onlar buna ciddi hazırlaşmalıdırlar. Həm ideoloji, həm də fiziki cəhətdən. Sizə danışdıqlarımdan saysız-hesabsız qədər onlara danışmışam. O kadrları dəfələrlə izləyiblər. Övladlarım məndən tez-tez ana torpağımıza, Qarabağımıza nə zaman gedə biləcəyimizi soruşurlar. Əlbəttə, bu suala cavab vermək məsuliyyətdir. Biz mütləq gedəcəyik, şəksiz-şübhəsiz qayıdacağıq, amma nə vaxt ? Uşaqlar həmişə dəqiq vaxt soruşmaqda israrlıdırlar. Onlara dəqiq vaxt demək lazımdır. Lakin, bayrağımızı görəndə, Milli Ordumuzun necə gücləndiyini görəndə, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli çıxışlarını eşidəndə ən qısa zamanda ora dönəcəyimizə əmin oluruq. Bu əminliyi uşaqlara, övladlarımıza da təlqin edirik. Çünki, inam, iman çox böyük dəyərdir. Peyğəmbərimiz (s) də buyurmuşdur ki, Vətəni sevmək imandandır. Buna görə də, imanımızı, inamımızı qorumalıyıq ki, torpaqlarımızı da geri ala bilək. Qarabağımıza, Xocalımıza qısa zamanda qələbəylə  qayıda bilək.

Qələmə aldı:
Anar TURAN,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında