Azərbaycan Turizm və Menecment Universiteti 10 ildə: nailiyyətlər, perspektivlər

Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) yubiley yaşını qeyd edir. On illik fəaliyyətinə nəzər salanda bu təhsil ocağının ötən müddət ərzində əldə etdiyi uğurların məhz ciddi rəhbərlik, möhkəm nizam-intizam, işə yaradıcı münasibət nəticəsində əldə edildiyini görürük. “Bu gün bizim ali məktəbin həyatında ən yaddaqalan günlərdən biridir. Azərbaycan Turizm İnstitutunun yaradılmasının 10, universitetə çevrilməsinin isə 1 illiyini qeyd edirik”,—deyə universitetin rektoru, professor Cəfər Cəfərov söhbətə başladı:

— On il zaman baxımından çox böyük müddət olmasa da, bizim üçün hər günü xoş xatirələrlə, gərgin müzakirələr və axtarışlarla dolu bir dövrdür. Biz universitetin ilk yubiley yaşı olduğunu və ATMU-nun artıq yeni təşkilati-hüquqi formada fəaliyyətini davam etdirdiyini nəzərə alaraq, bu tədbirləri daha fərqli, qeyri-ənənəvi formada keçirdik. 2015-ci ilin sentyabrında təsdiq edilmiş tədbirlər planına əsasən, müxtəlif elmi konfranslar, idman və intellektual yarışların keçirilməsi, ötən dövrü özündə əks etdirən kitabların hazırlanıb çap edilməsi, xüsusi fotostendin yaradılması və s. bu kimi fəaliyyətlərlə biz keçən 10 ili daha çox analiz etməyə, özümüz üçün nəticələr çıxarıb, gələcək inkişaf planlarının əsas ştrixlərini müəyyən etməyə çalışdıq. ATMU-nun qarşısında duran əsas vəzifələr haqqında məlumat verərkən öncə onu qeyd etməliyəm ki, Azərbaycanda turizm sahəsindəki davamlı inkişafın nəticəsi kimi, peşəkar kadrlara olan ehtiyacın sürətlə artmasını təmin etmək məqsədilə Azərbaycan Prezidentinin 2005-ci il 25 avqust tarixli fərmanı ilə təsdiq edilmiş Tədbirlər Planına əsasən, Nazirlər Kabinetinin 2006-cı il 13 fevral tarixli qərarı ilə Azərbaycan Turizm İnstitutu yaradılmış, 15 sentyabr 2006-cı il tarixində 200 tələbə, 1 fakültə və 3 ixtisasla tədris fəaliyyətinə başlamışdır. O zaman ölkədə turizm üzrə təhsil verən ixtisaslaşmış kadrlar yox idi. Dərs vəsaitləri olduqca az, “Turizm və otelçilik” ixtisası üzrə isə, ümumiyyətlə, yox idi. Biz kiçik bir kollektivlə və çox məhdud imkanlarla 2 ay ərzində ATİ-ni tələbələrin ixtiyarına verməyə nail olduq.

— Cəfər müəllim, universitetdə tədris prosesi necə qurulub? Hazırda nə qədər tələbəniz var və məzunlarınızın işlə təminatı necədir?

— Hazırda 3 fakültə, 10 kafedrada 11 ixtisas üzrə bakalavriatura səviyyəsində 1747 nəfər (onlardan 37 nəfər əlavə təhsil üzrə), magistraturada 107 nəfər, doktoranturada 61 nəfər və ilk peşə-ixtisas təhsili üzrə Bakı Turizm Peşə Məktəbində 12 ixtisas üzrə 440 nəfər təhsil alır. Beləliklə, bu gün ATMU ailəsində ümumilikdə 2355 gənc turizm sahəsi üçün müxtəlif səviyyəli mütəxəssis kimi hazırlanmaqdadır. Bu günədək ATMU-dan 1296 bakalavr və 70 magistr olmaqla cəmi 1366 nəfər məzun olmuş, onlardan 124 nəfəri (115 bakalavr və 9 magistr) ölkənin təhsil tarixində ilk dəfə olaraq ATMU ilə yanaşı, Avstriyanın İMC Tətbiqi Elmlər Universitetinin diplomunu almışdır. Hazırda isə 113 tələbə bu proqram üzrə təhsilini davam etdirir. Məzunların əksəriyyəti ölkənin nüfuzlu turizm müəssisələrində uğurla fəaliyyət göstərir. Universiteti bitirən məzunlar öz təşkilatlarını—Azərbaycan Turizm İnstitutunun Məzunları Assosiasiyasını (ATİMA) yaratmış və onu qeyri-hökumət təşkilatı kimi dövlət qeydiyyatından keçirmişlər. Hazırda biz məzunlarımızın məlumat bazasını yaradırıq və demək olar ki, onların yarıdan çoxu haqqında yenilənmiş və hərtərəfli məlumatlara malikik. Məzunlarımız bu gün nəinki respublikamızda, həmçinin dünyanın müxtəlif ölkələrində çalışır, təhsil alır və Azərbaycanı uğurla təmsil edirlər. ATMU-nun 15 məzunu hazırda universitetdə müəllim kimi əmək fəaliyyətini davam etdirir. Eyni sayda məzunumuz inzibati işlərdə çalışmaqdadır. Doktorantura təhsilində isə əsas məqsədimiz universitet üçün elmi-pedaqoji kadrlar hazırlamaqdır. 61 doktorantımızdan 43-ü hazırda ATMU-da inzibati və ya pedaqoji fəaliyyətlə məğul olur. Bu gənclərin ATMU-nun gələcək elmi-pedaqoji kadr korpusunun aparıcı xəttini formalaşdıracağına böyük ümid bəsləyirik.

— Universitetin beynəlxalq əlaqələri getdikcə möhkəmlənir. Bu barədə  də fikirlərinizi bilmək istərdik.

—ATMU Boloniya prosesinin tələblərini həyata keçirən ilk təhsil müəssisələrindən biri olmuşdur. 2006-cı ildə tədrisi tam olaraq bu prosesin tələblərinə uyğun qurmaq ali təhsildə müasirləşməyə doğru atılmış ilk mühüm addım idi. Tədrisin bu prinsiplər əsasında təşkili Avropa universitetləri ilə sərbəst əməkdaşlığa şərait yaratmış, ATMU Erasmus Mundus proqramına qoşulmuş və İMC Tətbiqi Elmlər Universiteti ilə bakalavriat və magistratura səviyyələrində ikili diplom proqramlarını uğurla həyata keçirməyə başlamışdır. “Tədris—təlim—təcrübə—tədqiqat” modelinə üstünlük verən ATMU 10 il ərzində bir çox beynəlxalq təşkilatlarda layiqincə təmsil olunub. Belə ki, universitetimiz 2011-ci ildən BMT-nin Dünya Turizm Təşkilatının “qoşulmuş üzvü”, 2012-ci ildən  isə “Bilik Şəbəkəsi”nin üzvü kimi qurumun təşkil etdiyi tədbirlərin fəal iştirakçısıdır. ATMU Avrasiya Universitetlərinin Beynəlxalq Assosiasiyası, Xidmət üzrə Rusiya Ali Məktəblərinin Milli Elmi-Tədqiqi Texnoloji Konsorsiumu, Xəzəryanı Ölkələrin Dövlət Universitetlərinin Assosiasiyası, Qara Dəniz Hövzəsi Ölkələri Universitetləri Assosiasiyası, Avrasiya İpək Yolu Universitetlərinin Konvensiyası (ESRUC), Demokratiya Naminə Universitetlər İttifaqı (AUDEM) və digər təşkilatların üzvüdür. ATMU 30 xarici ali məktəb, 34 beynəlxalq təşkilat və şəbəkə ilə əlaqələr qurmuş, müvafiq müqavilələr imzalamışdır. Hazırda ATMU Mövlanə və Erasmus+ Mobillik proqramlarının fəal iştirakçısıdır.

ATMU tələbələrinin öz nəzəri biliklərini 20 həftəlik istehsalat təcrübəsində möhkəmləndirmək imkanı da mövcuddur. Tələbələrimizin bir qismi Türkiyə, İsrail, Şimali Kipr Türk Cümhuriyyəti, Almaniya, Yunanıstan və s. ölkələrdə yay tanışlıq və istehsalat təcrübəsi keçir. Həmçinin hər il yüzlərlə tələbəmiz ölkəmizdə fəaliyyət göstərən nüfuzlu şirkətlərdə və otellərdə təcrübə proqramlarını icra edir.

— Təhsil ocağında kadrların ixtisasartırması və yenidənhazırlanması ilə bağlı hansı işlər aparılır?

— Turizm və digər xidmət sahələrində çalışanların əlavə təhsil proqramı və qısamüddətli kurslar vasitəsilə ixtisas artırmasına və yenidən hazırlanmasına (ixtisas dəyişməsinə) nail olmaq üçün müvafiq işlər görülür. Belə ki, 37 nəfər sənaye nümayəndəsi ATMU-da əlavə təhsil proqramı üzrə təhsil alır. Artıq bu proqram üzrə bir neçə məzunumuz var. Bununla bərabər, bacarıqlı xidmət personalının hazırlanması üçün 2008-ci ildə ATMU-da təlim mərkəzi yaradılmışdır. Mərkəz tərəfindən Bakıda və turizm potensialının yüksək olduğu digər bölgələrdə “Bələdçi”, “Turoperator və turagent” və “Qeydiyyat—Ön büro” peşə istiqamətləri üzrə kurslar təşkil olunmuşdur. Bələdçi kurslarını bitirmiş şəxslərə Dünya Bələdçiləri Assosiasiyaları Federasiyasının beynəlxalq sertifikatları təqdim edilmişdir. Bu gün turizm bazarında milli akkreditasiyadan 6 xarici dil üzrə 42 nəfər, HOT 1, HOT 2 və TOT təlimlərindən isə ümumilikdə 20-dən çox bələdçi keçmişdir. Həmçinin “Turoperator və turagent” və “Qeydiyyat—Ön büro” peşə istiqamətləri üzrə yüzlərlə gənc təlim mərkəzinin kurslarını bitirərək, öz ixtisasına uyğun iş tapmışdır. Bu ildən ATMU-da “QHT Məktəbi” adı altında vətəndaş cəmiyyəti təşkilatları üçün kadr hazırlayan kurslar da fəaliyyətə başlamışdır.

—Təhsilin səviyyəsini yüksəltmək, şübhəsiz, professor-müəllim heyətinin peşəkar bacarıqlarının gücləndirilməsindən asılıdır. Sizdə bu sahədə vəziyyət necədir? 

— Erasmus-Mundus Proqramı çərçivəsində əməkdaşlarımızın müsabiqə yolu ilə xarici universitetlərə ezam olunması, təhsil ilə yanaşı, əhəmiyyətli tədqiqatların aparılması da təmin olunmuş və indiyədək 50-dən çox əməkdaş bu imkandan yararlanmışdır. Universitetin əməkdaşları Avropa İttifaqının TEMPUS proqramı çərçivəsində həyata keçirilən 3 layihədə də fəal iştirak etmişlər. Fulbrayt, Robert Boş Fondu, CİM, Fransa İnstitutu proqramları çərçivəsində ATMU-ya dəvət olunmuş ingilis, alman, fransız və ispan dilini tədris edən xarici mütəxəssislər təlim və tədris prosesində yaxından iştirak edirlər. Dünyanın peşəkar turizm təlim mərkəzləri ilə əməkdaşlıq edilərək, ATMU müəllimlərinin bacarıqlarının artırılması üçün də vacib işlər görülür. Bu istiqamətdə mühüm addımlardan biri kimi, AHLA ilə əldə edilmiş razılığa əsasən, ATMU-nun turizmlə bağlı fənləri tədris edən müəllimlərinə pedaqoji təlimlərin təşkilini göstərmək olar. ATMU  dövlət proqramı üzrə xaricdə turizm təhsili alan şəxslərin ölkəyə döndükdən sonra ATMU-da pedaqoji fəaliyyətə cəlb edilməsində maraqlıdır. Bu gün ATMU-da 265 nəfər pedaqoji fəaliyyətlə məşğul olur. Onlardan 31 nəfəri dünyanın məşhur universitetlərinin məzunlarıdır.

ATMU-da aparılan tədqiqatları, ümumilikdə ölkədə turizm və xidmət sahəsində elmi tədqiqatları toplamaq və yaymaq məqsədilə 2012-ci ildə “Turizm və qonaqpərvərlik tədqiqatları” elmi jurnalı təsis edilmişdir. Aparılmış məqsədyönlü işlər nəticəsində jurnal iqtisad, tarix elmləri, sənətşünaslıq və memarlıq elmləri, beynəlxalq münasibətlər üzrə Ali Attestasiya Komissiyasının dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısına daxil edilmişdir.

Elektron universitet ideyası çərçivəsində ATMU-nun aidiyyəti şöbələri Maliyyə və Təhsil nazirliklərinin sifarişi ilə “SİNAM” şirkətinin hazırladığı “FERABİ” proqramı ilə təchiz olunmuş ilk ali təhsil müəssisələrindən biridir. Həmçinin İnformasiya Texnologiyaları bazarında olan şirkətlərdən biri ilə anlaşmaya əsasən, ATMU üçün xüsusi elektron universitet proqramı təminatı həyata keçirilir. ATMU-nun Kitabxana-İnformasiya Mərkəzinin fondunda turizm, menecment və tətbiqi elmlər sahəsi üzrə universitet tərəfindən çap edilmiş, ATMU-ya hədiyyə olunmuş və alınmış 17 minə yaxın informasiya daşıyıcısı toplanmışdır. Mərkəz Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə İRBİS-64 avtomatlaşdırılmış kitabxana-informasiya sistemi ilə təchiz edilmiş və müxtəlif elektron kitabxana şəbəkələrinə, o cümlədən Dünya Turizm Təşkilatının kitabxanasına qoşulmuşdur.

— Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə 11 nömrəli Bakı Peşə Liseyi ləğv edilərək, onun bazasında Azərbaycan Turizm İnstitutunun nəzdində Bakı Turizm Peşə Məktəbi yaradılmışdır. Buradakı təlim və tədris barədə nə deyərdiniz?

—2011- ci ildən fəaliyyət göstərən Bakı Turizm Peşə Məktəbində hazırda 440 şagird təhsilini davam etdirir. BTPM-də dərslərin praktiki baxımdan gücləndirilməsi üçün Mədəniyyət və Turizm Nazirliyinin və BMT-nin İnkişaf Proqramının birgə icra etdiyi “Bakı Turizm Peşə Məktəbinin dəstəklənməsi” layihəsi yerinə yetirilmiş, məktəbdə turizm ixtisaslarına müvafiq olaraq sinif otaqları yaradılmış, avadanlıqlarla təchiz olunmuş, sənaye nümayəndələrinə müvafiq təlimlər təşkil edilmişdir. Bu günədək BTPM-dən 12 peşə üzrə 1232 nəfər gənc turizm və əlaqəli xidmət peşələri üzə məzun olmuşdur.

 

—ATİ-nin bazasında Azərbaycan Turizm və Menecment Universitetinin yaradılması kollektivə rəhbərlik edən rektor olaraq, sizin fikrinizcə, nəyi dəyişdi?

—Azərbaycan Prezidentinin 22 dekabr 2014-cü il tarixli sərəncamı ilə Turizm İnstitutunun bazasında Azərbaycan Turizm və Menecment Universitetinin yaradılması kollektivin böyük sevincinə səbəb oldu. Bu sərəncam həm də cənab Prezidentin təhsilə, ölkənin turizm və menecment sahələrinin inkişafına göstərdiyi qayğının daha bir bariz nümunəsidir. ATMU artıq ökədə yalnız turizm təhsilinin deyil, həm də menecment sahəsi üzrə təhsilin əsas ünvanına çevrilməkdədir. ATMU-da menecment istiqaməti üzrə kadr hazırlığının təkmilləşdirilməsi məqsədi ilə bir sıra işlər görülmüşdür. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ATMU ilə BMTİP-in birgə layihəsində nəzərdə tutulan Menecment kafedrasının inkişaf planına əsasən, “Mədəniyyət menecmenti”, “Təhsil menecmenti” və “İdman menecmenti” ixtisasları üzrə qabaqcıl təcrübə öyrəniləcək və müvafiq tədris proqramları hazırlanacaq, Türkiyə və Avropanın aparıcı universitetlərinin bu fənləri tədris edən mütəxəssisləri ilə mübadilə görüşləri təşkil olunacaq. Böyük Britaniyanın London Kral Kolleci ilə əlaqələr qurulmuş və Azərbaycanda “Təhsil menecmenti” istiqaməti üzrə bu ali təhsil ocağının dəstəyi, o cümlədən müəllim və tələbə mübadiləsi üzrə razılıq əldə edilmişdir. Bununla bağlı Anlaşma Memorandumunun imzalanması üzrə, BP-nin Azərbaycan nümayəndəliyi ilə “Təhsil menecmenti” üzrə əməkdaşlıq etmək istiqamətində müzakirələr aparılır və ARDNŞ-in İnsan Resursları Departamenti ilə “İnsan resurslarının inkişafı və menecmenti” üzrə əməkdaşlığa başlanılıb. Bundan sonrakı fəaliyyətimizdə də əsas vəzifəmiz dövlət təhsil müəssisəsi olaraq ölkəmizdə, xüsusilə regionlarda turizmin  inkişafına xidmət edən təşəbbüsləri dəstəkləmək və son 10-15 ildə qurulmuş infrastrukturu idarə edəcək menecer kadrları hazırlamaq işinə töhfə vermək olacaqdır.

Sözsüz ki, bu vacib məsələlərin həlli bizdən ardıcıl səy, inam və səbr istəyir. Bu inamla 10 yaşını qeyd edən ATMU kollektivi gələcəyə böyük ümidlə baxır. Fürsətdən istifadə edərək, ATMU-nun bugünkü uğurlarında xidmətləri olan bütün həmkarlarıma, bizi hər zaman öz dəstəyi ilə cəsarətləndirən mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə və nazirliyin bütün əməkdaşlarına təşəkkür edirəm. ATİ-nin daha geniş profilə malik universitetə çevrilməsi barədə qərarı ilə turizm və menecment təhsilinə böyük önəm verdiyini bir daha nümayiş etdirən  möhtərəm Prezidentimiz İlham Əliyevə göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Turizm və Menecment Universitetinin kollektivi adından dərin təşəkkürümüzü bildirir və yüksək etimadı doğrultmaq, qarşıya qoyulmuş məsul və şərəfli vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün daha böyük səylə çalışacağımıza söz veririk.

Müsahibəni apardı:
Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında