İctimai nəzarət mexanizmi həmkarlar ittifaqları üçün önəmli məsələdir

Müsahibim Sübut Əsədov 1971-ci ildə Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Qıvraq qəsəbəsində anadan olub. Bakı Maşınqayırma Texnikumunda avtomobilqayırma,  Beynəlxalq Tətbiqi Elmlər Universitetində texnik-profezist və  Odlar Yurdu  Universitetində isə hüquq ixtisasları üzrə təhsil alıb. Səttarxan adına Maşınqayırma Zavodunda əmək fəaliyyətinə başlayan  S. Əsədov sonrakı illərdə müxtəlif vəzifələrdə çalışıb, Azərbaycan Respublikaçılar Partiyasının təsisçilərindən  biri, Azərbaycan-Rusiya Beynəlxalq Dostluq Meridianı İctimai Birliyinin və Azərbaycan-Rusiya Humanitar Əməkdaşlıq Mərkəzinin təsisçisi olub. 2001-ci ildən isə Azərbaycan Respublikaçılar Partiyasının sədridir, eyni zamanda, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsində hüquqşünas vəzifəsində çalışır.  Ulu öndərimiz Heydər Əliyev haqqında yazılan bir neçə kitabın redaksiya heyətinin üzvü olub.

Göründüyü kimi, S. Əsədovun  ictimai fəaliyyət sahəsində zəngin təcrübəsi var. Elə buna görə də onunla söhbətimizdə diqqəti hazırda bu sahənin qarşısında duran vəzifələrə yönəltdik. Müsahibim əvvəlcə məmur-vətəndaş münasibətlərinin ictimai və hüquqi normaya uyğun tənzimlənməsi məsələsinə toxundu: 

– Dövlət idarəetmə sisteminin hesabatlılığını, dövlət hakimiyyət orqanlarının öz səlahiyyətlərindən qanuna və mövcud qaydalara uyğun istifadəsini təmin etmək üçün ilk növbədə nəzarət tələb olunur. Nəzarətin məqsədi isə dövlət hakimiyyət orqanlarının nəticəli işlədiyinə, öz funksiyalarını səmərəli, vaxtında yerinə yetirdiyinə, xüsusi və ümumi normativ-hüquqi aktlarla müəyyənləşdirilən  prinsip və prosedurlara dəqiq əməl etdiyinə  əmin olmaqdan ibarətdir. Başqa sözlə desək, nəzarət “qanun üzrə idarəetmə” prinsipini gerçəkləşdirmək məqsədi daşıyır ki, bu da həm ictimai maraqların, həm də insan hüquqlarının müdafiəsinin mühüm cəhətidir. 

Dövlət orqanlarının tam şəffaf fəaliyyətinin təmin olunması, məmur-vətəndaş münasibətlərinin ictimai və hüquqi normaya uyğun tənzimlənməsi ictimai nəzarət mexanizminin stimullaşdırılmasından çox asılıdır. Bununla bağlı həmkarlar ittifaqları qarşısında mühüm vəzifələr durur. Başqa sözlə, daxili resursları olan, özəl keyfiyyətləri inkişaf edən, fəal həyat mövqeyi tutan insanları təşkilatlandırmaq, onlar tərəfindən ictimai nəzarət   prinsipini gerçəkləşdirmək həmkarlar ittifaqları üçün önəmli məsələdir. 

Aydın məsələdir ki, həmkarlar ittifaqları ölkədə vətəndaş təşəbbüskarlığının, yeni ictimai davranış normaları mədəniyyətinin formalaşmasına, fəallığın güclənməsinə ciddi təsir göstərir. Bu isə ictimai-mədəni və yenilənən cəmiyyətdə ölkə Prezidenti cənab İlham Əliyevin söylədiyi kimi, “ictimai nəzarət”ə dəstəyin bariz ifadəsidir.

Ümumiyyətlə, cəmiyyətdə, onun ayrı-ayrı təbəqələrində nəzərə çarpan nöqsanların aradan qaldırılmasında, problemlərin həllində ictimai nəzarətin rolunun gücləndirilməsi, necə deyərlər, onun işlək vəziyyətdə olması həm də həmkarlar ittifaqlarının gündəlik vəzifəsidir.  

Azərbaycan Prezidenti cənab İlham Əliyev   çıxışlarının birində demişdir: “Mən bu barədə dəfələrlə fikirlərimi bildirmişəm. Bir daha demək istəyirəm ki, bu, mənim çox səmimi fikirlərimdir. İctimai nəzarət olmasa, ölkəmiz uğurla inkişaf edə bilməz. Bir adam – Prezident, yaxud da ki, rəhbər işçilər hər bir sahəni daim diqqət mərkəzində saxlaya bilməz. Ona görə, bəzi hallarda qanunsuzluqlar, qanun pozuntuları, sosial ədalətin pozulması halları baş verir. Bu, bizi çox üzür. Biz buna yol verə bilmərik. Bunun qarşısını almaq üçün mütləq çox güclü ictimai nəzarət olmalıdır. Belə olarsa, o zaman işlər daha da sürətlə gedər və xoşagəlməz halların aradan qaldırılması üçün yeni bir mexanizm yarana bilər”.

Bəli, bununla cənab Prezident   göstərir  ki, idarəetmədə ciddi islahatların reallaşdırılmasına, ictimai nəzarətin gücləndirilməsinə zəruri tələbat duyulur. Bax, elə buna görə də hazırda bu islahatlar elə möhtərəm dövlət başçımızın rəhbərliyi ilə həyata keçirilir, ictimai nəzarət ölkə rəhbərinin birbaşa dəstəyi ilə müdafiə olunur. Təbii ki, bu məsələ də həmkarlar ittifaqlarının rolu da gücləndirilir. Hazırda Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun, bazar iqtisadiyyatı prinsiplərinə və müxtəlif mülkiyyət formalarına əsaslanan iqtisadiyyatın, o cümlədən azad sahibkarlığın inkişaf etdirilməsi dövlət siyasətinin əsas istiqamətlərini təşkil edir. Danılmaz faktdır ki, son illər bu sahələrdə aparılan ardıcıl islahatlar və əldə olunan müsbət nəticələr dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşdırılmasında mühüm mərhələ olmaqla, ölkəmizin dünya iqtisadiyyatı sisteminə inteqrasiyasını sürətləndirmiş, əhalinin maddi rifahının yaxşılaşdırılması üçün əsaslı zəmin yaratmışdır. Bununla belə, hazırda cəmiyyətdə sosial-ədalət prinsiplərinin pozulmasına,   korrupsiya hallarının nəzərə çarpmasına da rast gəlinir. Azərbaycan Prezidenti cənab İlham Əliyev belə neqativ hallara qarşı daim öz kəskin münasibətini bildirmiş və demişdir ki, bunun aradan qaldırılmasında ictimaiyyət də daha fəal olmalı, ictimai nəzarət gücləndirilməlidir. Biz bunu son vaxtlar əyani şəkildə görürük. Bizim ictimaiyyət hər hansı bir yerdə qanunsuzluqlar, pozuntular, ədalətsizliklər baş verdikdə dərhal reaksiya verir, münasibət bildirir.  Mən bunu alqışlayıram. Bu, bizə kömək edir. Bu canlı bağlantı daim olmalıdır və güclənməlidir.

Əlbəttə, cəmiyyətin inkişafını ləngidən məsələlərə  qarşı mübarizə yalnız xalqın birbaşa iştirakı ilə səmərə verə bilər. Əslində isə Azərbaycan Prezidenti cənab İlham Əliyev  yuxarıda qeyd etdiyim kimi, artıq bu sahədə ciddi tədbirlərə  başlamışdır. Buna   “Asan xidmət”in səmərəli və şəffaf fəaliyyətini, respublika Baş Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin yaradılmasını, verilmiş müvafiq sərəncamları və görülən konkret tədbirləri misal göstərə bilərik. Lakin möhtərəm dövlət başçımız qarşılaşılan problemlərin həllində, təkrar edirəm, ictimai nəzarətə daha çox önəm verir. Azərbaycan Prezidenti yaxşı bilir ki, baş verən neqativ hallar Azərbaycan vətəndaşlarının heysiyyatına toxunur. Ona görə də cənab İlham Əliyev  ayrı-ayrı çıxışlarında yoxlamalarla bağlı çoxsaylı şikayətlərin gəldiyini, onların sayının və yoxlayan təşkilatların çoxluğunun dözülməz olduğunu və bunların arxasında dövlət maraqlarının yox, ayrı-ayrı şəxslərin təmənnasının dayandığını bildirmişdir. Xatırlatmışdır ki, yoxlayan gəlir, nəyi yoxlayır, nəyi yoxlamır, ancaq nəticə etibarı ilə öz payını alıb çıxıb gedir. Budur reallıq. Bu, heç kim üçün sirr deyil. Buna da son qoyulmalıdır. Bu narahatlıq doğuran məsələdə ictimai nəzarət öz sözünü deməlidir. 

Bəli, ölkə Prezidentinin ictimai nəzarətlə bağlı bu münasibəti son illər ölkədə vətəndaş cəmiyyətinə güclü inam, etibar və maraq yaratmışdır. Cənab İlham Əliyevin vətəndaşların hüquqlarının pozulması və məmur özbaşınalığı haqqında son çıxışlarında da ölkə vətəndaşlarının ictimai nəzarəti gücləndirmək kimi fikirləri vətəndaş və dövlət arasında sosial əməkdaşlığın gücləndirilməsini prioritet məsələ kimi qarşıya qoymuşdur.

Burada yuxarıda qeyd etdiyim kimi, həmkarlar ittifaqları üzərinə də mühüm vəzifə düşür. Əvvəla ona görə ki, “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununda deyilir ki, həmkarlar ittifaqları istehsal və ya qeyri-istehsal sahələrində çalışan işçilərin, habelə pensiyaçıların və təhsil alan şəxslərin əmək, sosial, iqtisadi hüquqlarının, habelə  qanuni mənafelərinin müdafiəsi üçün fəaliyyət göstərən müstəqil ictimai, qeyri-siyasi təşkilatdır. Həmkarlar ittifaqlarının işəgötürəndən sosial, iqtisadi məsələlər barədə qanunvericiliyə əməl olunmasını və aşkara çıxarılmış pozuntuların aradan qaldırılmasını tələb etmək hüququ var. İşəgötürən bu tələblərə baxmağa və nəticələri barədə müəyyən edilmiş müddətdə həmkarlar ittifaqına məlumat verməyə borcludur.

Müəssisənin rəhbəri və onun müavinləri əmək qanunvericiliyini pozduqda, qüvvədə olan kollektiv müqavilənin (sazişin) şərtlərini yerinə yetirmədikdə həmkarlar ittifaqları onların intizam məsuliyyətinə cəlb edilməsi barədə buna səlahiyyəti olan orqanlar qarşısında məsələ qaldıra bilərlər. Həmkarlar ittifaqları öz üzvlərinin hüquqlarını müdafiə etmək üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edə və məhkəmədə nümayəndəlik vəzifəsini yerinə yetirə bilərlər.

Yeri gəlmişkən, burada mühüm bir məqama da toxunmaq istərdim. Həmkarlar ittifaqlarına qanunvericiliklə Əmək Məcəlləsinə və sosial-iqtisadi hüquqlar sahəsində qanunvericiliyə əməl olunması üzərində nəzarət etmək və qanun pozuntularının aradan qaldırımasını işəgötürəndən tələb etmək hüququ verilmişdir. Deməli, sözügedən qurumun əsas məqsədi qanunvericiliklə müəyyənləşdirilən   imkanlardan yararlanmaqla işçilərin qanuni hüquq və maraqlarını qorumaq, işçilər üçün  ədalətli əmək haqqı, normal əmək şəraiti və əməyin mühafizəsini təmin etmək,    işəgötürənlərin sosial məsuliyyətini  artırmaqdır. Bu, özü fikrimcə, həm də ictimai nəzarətin mövcudluğudur. Başqa sözlə, müəssisə və təşkilatlarda bu funksiyanı, yəni ictimai nəzarəti həmkarlar ittifaqları həyata keçirir.   

Bəli, bu gün ölkədə ictimai nəzarətin gerçəkləşdirilməsi üçün hər cür şərait var. Bu şəraitin əsası isə  ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və hazırda cənab İlham Əliyev bu məsələyə prioritet vəzifə kimi yanaşır. Xatırladım ki, ümummilli liderimiz həmişə məmurlardan qəbullarda vətəndaşların səmimi qarşılanmalarını qətiyyətlə tələb edirdi. İnsanlara yuxarıdan aşağı baxan bəzi vəzifəlilərə kəskin münasibət bəsləyirdi. Ulu öndər deyirdi: “Görülən işlər hamısı insanlar üçündür. İnsana hörmət göstərilmirsə, o görülən işin əhəmiyyəti yoxdur. Azərbaycan vətəndaşlarına, hər bir insana hörmətlə yanaşılmalıdır, onun problemləri dinlənilməlidir, onlara qulaq asılmalıdır, onlarla görüşlər keçirilməlidir və problemlər həll olunmalıdır. Kimliyindən asılı olmayaraq, hər kəs millətə, xalqa, dövlətə xidmət etməlidir”.

Bu siyasət Azərbaycan vətəndaşının həyati tələbatlarının ödənilməsini təmin edən əlverişli sosial-mənəvi iqlimin və həmrəylik şəraitinin, ümumilikdə ölkədə etibarlı sosial müdafiə sisteminin yaradılmasını təmin etmişdir. Həmin sistem vətəndaşların sağlam mühitdə yaşamaq, istirahət, mənzil, təhsil və digər hüquqlarının da etibarlı müdafiəsinə mükəmməl institusional-qanunverici təminat mexanizmləri formalaşdırmışdır.

Hazırda Azərbaycanda  və bütün dünyada müasir, modern iqtisadiyyatın ən mühüm sosial-mədəni amilinə çevrilən insan kapitalının formalaşmasına, möhkəmlənməsinə və inkişafına xüsusi diqqət göstərilir. Bu mənada ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlar hər bir Azərbaycan vətəndaşının rifahının yüksəldilməsinə yönəldilmişdir. Prezident İlham Əliyevin vurğuladığı kimi, insan amili, ölkə vətəndaşlarının sosial-iqtisadi rifahının yaxşılaşdırılması, respublikamızın yüksək inkişaf etmiş ölkələr sırasına daxil olması həyata keçirilən çoxşaxəli islahatların başlıca hədəfidir.

V. BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında