Beynəlxalq ictimaiyyət Azərbaycanda demokratik, şəffaf və ədalətli seçkinin şahidi olacaq

Azərbaycan çox ciddi siyasi kampaniya ərəfəsindədir. Bir neçə gündən sonra dördüncü çağırış Milli Məclisə seçkilər başlayacaq. Bu seçkilərin də azad və ədalətli, şəffaf, obyektiv keçirilməsi üçün mütəşəkkil hazırlıq işləri aparılıb. Beynəlxalq qurumların nümayəndələrinin də yüksək dəyərləndirdikləri hazırlıq işləri artıq başa çatıb. İndi bütün seçki məntəqələri öz qapılarını seçicilərin üzünə açmaq üçün tam hazır vəziyyətdədir. Hər yerdə olduğu kimi, Yasamal rayonunda da parlament seçkilərinə hazırlıq işləri yüksək səviyyədədir. Bu barədə daha ətraflı məlumat almaq üçün 17 saylı Yasamal üçüncü dairə seçki komissiyasının sədri Qədir Kərimovla söhbətləşdik:
- Qədir müəllim, dördüncü çağırış Milli Məclisə seçkilərə hazırlıq işlərini necə qiymətləndirirsiniz?
- Öncə qeyd etmək istərdim ki, son illər Azərbaycanda keçirilən prezident, parlament və bələdiyyə seçkiləri beynəlxalq standartların tələblərinə tam cavab vermişdir. Bunu seçkiləri müşahidə edən dünyanın müxtəlif ölkələrindən gəlmiş ziyalılar, ictimai, siyasi xadimlər və ekspertlər də təsdiqləyirlər. Onlar öz yekun rəylərində Azərbaycanda keçirilən seçkilərdə şəffaflığın yüksək səviyyədə təmin olunduğunu xüsusi qeyd edirlər. Barmaqların gözlə görünməyən mürəkkəblə işarələnməsi, seçki məntəqələrində veb-kameraların quraşdırılması, eksit-pola əlverişli şərait yaradılması və digər amillər yüksək qiymətləndirilir. Builki seçkilərdə dairə seçki komissiyalarına MSK tərəfindən dəmir seyflər və elektrik generatoru da verilib. Sənədlərin etibarlı saxlanılmasında dəmir seyflərin rolu çox böyükdür. Hər hansı bir seçki məntəqəsində elektrik xətlərində qəza baş verərsə, dərhal generatordan istifadə olunacaq. Ümumiyyətlə, dördüncü çağırış Milli Məclisə seçkilərə çox ciddi hazırlıq işləri görülüb.
Bizim dairənin əhatəsində 31 seçki məntəqəsi var. Bu məntəqələr üzrə 42 min 525 seçici səs verəcək. Seçici siyahıları qanunvericilikdə nəzərdə tutulmuş vaxtda hazırlanaraq seçki məntəqələrində münasib yerlərdən asılıb, bildirişlər paylanılıb. Adları seçici siyahısında olmayan seçicilər üçün də elə bir ciddi problem yaranmayıb. Onlar elə seçki keçirilən gün şəxsiyyətlərini təsdiq edən sənədi verməklə adlarını seçici siyahısına saldırıb istədikləri namizədə səs verə biləcəklər. Şəxsiyyət vəsiqələrinin vaxtı keçmiş seçicilərə də səs vermək üçün imkan yaradılıb. Bilirsiniz ki, ötən seçkilərdə adları seçici siyahısında olmayanlar məhkəməyə müraciət etdikdən sonra səs vermək hüququ əldə edirdilər. Artıq bu problem də aradan qaldırılıb. Bu da dövlət başçımızın Azərbaycanda demokratik, azad və ədalətli seçki keçirilməsi üçün böyük siyasi iradə nümayiş etdirməsinin nəticəsidir. Möhtərəm Prezidentimiz müxtəlif sərəncamlar imzalayaraq demokratik və şəffaf seçki keçirilməsi üçün qanunvericilik bazasını daha da möhkəmləndirmişdir. Beynəlxalq müşahidəçilər də qeyd edirlər ki, barmaqların gözlə görünməyən mürəkkəblə işarələnməsi və səsvermə kabinələrinə veb-kameraların quraşdırılması şəffaflığın təmin olunmasında ən yaxşı vasitədir. Avropanın inkişaf etmiş dövlətlərinin bəzilərində hələ bü üsuldan istifadə olunmur. Demək, ölkəmizdə azad və ədalətli, obyektiv seçki keçirilməsi dövlətin diqqət mərkəzindədir. Artıq səsvermə bülletenləri də paylanılıb və seçkiyə hazırlıq işləri tam başa çatıb.
- Maarifləndirmə işlərinin aparılması seçki prosesinə öz təsirini göstərirmi?
- Seçki kampaniyasının müvəffəqiyyətlə keçirilməsində maarifləndirmənin böyük rolu var. Qeyd edim ki, əvvəlcə beynəlxalq qurumların nümayəndələrinin iştirakı ilə bir neçə tədbir keçirildi. Belə tədbirlərdə beynəlxalq təcrübələrdən söhbət açılır, seçkilərdə demokratikliyin təmin olunmasında müxtəlif ölkələrdə keçirilən seçkilər barəsində məlumat verilir, təkliflər səsləndirilir. Sonra Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının üzvləri üçün maarifləndirmə kursları təşkil olundu. MSK tərəfindən hazırlanmış əhalini seçkiyə çağırış plakatları, təlimatlar, izahlar, yaddaş kitabçaları, televiziya kanallarında mütəmadi olaraq nümayiş etdirilən reklam rolikləri həm komissiya üzvlərinin, həm də seçicilərin maarifləndirilməsində çox böyük rol oynayır.
Ümumiyyətlə, əhalinin seçkiyə yanaşmasında böyük dəyişiklik yaranıb. Bu da seçicilərə öz seçimlərini etməkdə tam sərbəstlik yaradılmasının, bu istiqamətdə qarşıya çıxan problemlərin aradan qaldırılmasının, seçmək və seçilmək hüququnda müstəqilliyin tam təmin olunmasının nəticəsidir. 1990-1991-ci illərdə keçirilən seçkiləri gözləriniz önünə gətirin. Seçicilərə hədə-qorxu gəlirdilər, qabaqcadan müəyyənləşdirilmiş şəxslərə səs verilməsi tələb olunur və seçki qutusundan istədikləri şəxsi "çıxarırdılar". Bu seçki yox, seçkiyə bənzər bir oyun idi. Ona görə də beynəlxalq qurumlar da Azərbaycanda keçirilən seçkilərə bir o qədər də maraq göstərmirdilər. İndi isə ölkəmizdə vəziyyət tamam dəyişib.
Azərbaycanda seçkilər beynəlxalq standartlar səviyyəsində keçirilir. Şəffaflığın təmin olunması üçün ən müasir üsullardan istifadə olunur. Seçkilərin gedişini izləmək üçün yerli və beynəlxalq müşahidəçilər, kütləvi informasiya vasitələrinin nümayəndələri üçün hər cür şərait yaradılıb. Builki parlament seçkilərini izləmək üçün ən azı 50 minə yaxın müşahidəçi iştirak edəcək. 500 seçki məntəqəsinə veb-kamera quraşdırılıb. Bundan 6-sı da bizim dairənin ərazisindədir. Bu vaxta qədər dairəmizdə 559 müşahidəçini qeydə almışıq. Bu proses seçki keçirilən günə qədər davam edəcək. ATƏT və MDB ölkələrindən gəlmiş beynəlxalq müşahidəçilər bir neçə dəfə bizim dairədə və seçki məntəqələrində olublar. Onlar seçkilərə hazırlıq işlərindən, maarifləndirmədən razı qaldıqlarını bildiriblər.
- Sizin dairənizdə qeydə alınmış namizədlərin sayı digər dairələrlə müqayisədə çoxdur. Təbliğat kampaniyası dövründə hər hansı bir qayda pozuntusu, ayrı-seçkilik edilməsi barədə narazılıq, şikayət qeydə alınıbmı?
- Doğru qeyd etdiniz ki, bizim dairə qeydə alınmış namizədlərin sayına görə digərlərindən fərqlənir. Bu da mübarizənin gərgin keçəcəyindən xəbər verir. Müxtəlif partiyalardan və bitərəflərdən 14 nəfərin namizədliyi qeydə alınıb. Onların hər birinə təbliğat və təşviqat kampaniyalarını aparmaq üçün bərabər hüquqlu şərait yaradılıb. Hər bir namizəd öz təşviqat materiallarını əhalinin gur olan yerlərində quraşdırılmış xüsusi dəmir lövhədə yerləşdirə bilərlər. Seçicilərlə görüşmək üçün qabaqcadan müəyyənləşdirilmiş qapalı və açıq yerlərdə hər bir namizəd heç bir maneə ilə qarşılaşmadan öz platformalarını elan edir, görüşlər keçirirlər. İctimai televiziyada qeydə alınmış hər bir namizəd üçün ayrılmış 4 dəqiqəlik pulsuz efir vaxtından bizim dairənin namizədləri də istifadə ediblər.
İcra strukturlarından kimlərinsə seçki prosesinə müdaxilə etmələri, təbliğat-təşviqat kampaniyasına mane olmaları barədə dairəyə hər hansı bir şikayət daxil olmayıb. Namizədlər arasında öz təbliğatlarını fəal və zəif aparanlar var. Bu, onların öz işləridir. MSK və DSK tərəfindən namizədlərə bərabər şərait yaradılıb və onlar bu imkanlardan istədikləri kimi yararlana bilərlər. Namizədlərin sayının çox olması da seçki kampaniyasının demokratik, azad və ədalətli aparılmasından xəbər verir.
Bu ədalət və şəffaflıq seçki günü də özünü büruzə verəcək. Ümumiyyətlə, dünyanın heç bir ölkəsində qüsursuz seçki keçirilməyib. İş olan yerdə nöqsan da olmalıdır. Ancaq, nəzərə almaq lazımdır ki, son illər Azərbaycanda keçirilən seçkilər zamanı ümumi nəticəyə təsir edən ciddi qanun pozuntuları qeydə alınmayıb. Seçkilərə müdaxilə edən icra hakimiyyətinin nümayəndələri dövlət başçısı tərəfindən ciddi cəzalandırılıb. Seçki ciddi bir mübarizə meydanıdır. Mübarizələrdə isə həmişə güclülər qalib olurlar. Məğlublar öz zəifliyini etiraf etməli, məğlubiyyətləri ilə barışmalıdırlar. Bu da demokratiyanın bir tərəfidir. Axı, biz demokratik, sivil, Avropaya və dünyaya sürətlə inteqrasiya edən bir dövlətdə yaşayırıq.
Biz ölkəmizin demokratik prinsiplərin inkişafına xüsusi önəm verdiyini bu seçkilərdə də görəcəyik. Beynəlxalq ictimaiyyət dördüncü çağırış Milli Məclisə seçkilərdə də azad, ədalətli, şəffaf və demokratik seçkinin şahidi olacaqdır.

{nl}

Müsabibəni qələmə aldı: Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında