Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması dövlətin siyasi strategiyasında mühüm yer tutur

Müsahibimiz hüquq üzrə fəlsəfə doktoru Cahangir Hüseynovdur

– Cahangir müəlim, ölkəmizin beynəlxalq aləmdəki nüfuzu yüksəldikcə bizə qarşı olan təhdid və təzyiqlərin də sayı artır. Azərbaycana qarşı qərəzli olan qüvvələr əsasən insan hüquq və azadlıqlarını bəhanə gətirir və guya bu sahədə ciddi pozuntuların olduğunu iddia edirlər. Sizin bir hüquqşünas kimi bu iddialara münasibətinizi bilmək istərdik.

– Son illər ölkəmizə qarşı təzyiq və təhdidlərin artması artıq özünü açıq şəkildə büruzə verir. Mən bunu respublikamızın nüfuzunun yüksəlməsi və mövqeyinin getdikcə möhkəmləndirilməsi ilə əlaqələndirirəm. Deməli, Azərbaycan dünya birliyində inkişaf etmiş ölkə kimi qəbul edilir. Bu da özlərini dünyanın sahibi kimi tanıtmaq istəyən dövlətləri qane etmir. Digər tərəfdən, ölkəmizin müstəqil siyasət yeritməsi, təbii sərvətlərimizi Avropa və dünya bazarlarına sərbəst çıxarmağımız bir sıra dövlətlər tərəfindən həzm oluna bilmir. Bundan əlavə, son illər respublikamızın nüfuzlu beynəlxalq təşkilatların tədbirlərinin keçirildiyi məkana çevrilməsi, birinci Avropa Oyunlarının məhz Bakıda reallaşması, 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməyimiz ölkəmizin beynəlxalq aləmdə nüfuz sahibi olmasını təsdiqləyən faktlardır. Bütün bunlar antiazərbaycan dairələri daha da qıcıqlandırmış və onlar da insan hüquq və azadlıqlarının, guya pozulduğunu bəhanə edərək qərəzli hesabatlar hazırlayır, digər əsassız ittihamlarla təhdidlərə əl atırlar. Ayrı bəhanələri yoxdur və ola da bilməz.

İnsan hüquq və azdalıqlarının müdafiəsinə gəlincə isə,  bir hüquqşünas kimi deyə bilərəm ki, digər ölkələrlə müqayisədə bu sahədə ölkəmizdə kifayət qədər dəyərli tədbirlər həyata keçirilmiş və mühüm qanunvericilik aktları qəbul edilmişdir. Ulu öndər Heydər Əliyevin yenidən ölkəyə rəhbərliyindən sonra bu sahədə qətiyyətli addımlar atılmış, insan hüquqlarının inkişafı prosesində yeni mərhələnin əsası qoyulmuşdur. Heydər Əliyevin təşəbbüsü ilə respublikamız dünya birliyinin tamhüquqlu subyekti kimi 200-ə qədər, o cümlədən insan hüquq və azadlıqlarının qorunması sahəsində 40-dan çox mühüm beynəlxalq konvensiyaya qoşulmuşdur. 1995-ci ildə ümummilli lider Heydər Əliyev çoxdan unudulmuş əfvetmə institutunu bərpa etdi və onun daimi fəaliyyətdə olması üçün müvafiq tapşırıqlar verdi. Bu vaxta qədər 60 əfv sərəncamının və 10 amnistiya aktının imzalanması, son  10 ildə 35 mindən  çox məhkumun azadlığa buraxılıması ölkəmizdə insan hüquq və azadlıqlarının yüksək səviyyədə müdafiəsinin bariz nümunəsidir. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində Prezident İlham Əliyev daha bir humanist addım ataraq, sayca 60-cı əfv sərəncamı imzaladı. Bu sərəncam 210 nəfərə şamil olunmuşdur. Onlardan 198 nəfəri cəzanın çəkilməmiş hissəsindən, 3 nəfər islah işləri cəzasının çəkilməmiş hissəsindən, 9 nəfər isə cərimə cəzasından azad edilmişlər. Bütün bunların əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub.

– Yeri gəlmişkən, AXC-Müsavat hakimiyyəti dövründə Ali Sovetin sessiyasında çıxış edərək ölkəyə rəhbərlik edənlərin yarıtmaz fəaliyyətini kəskin tənqid etmişdiniz və respublikanı düşdüyü ağır böhrandan yalnız ulu öndər Heydər Əliyevin xilas edə biləcəyini demişdiniz. O vaxt həm də rayonların birində daxili işlər şöbəsinin rəisi idiniz.

 – Mən 1990-1995-ci illərdə Ali Sovetin deputatı olmaqla yanaşı, Ağdaş Rayon Daxili İşlər Şöbəsinin rəisi işləmişəm.  Müstəqilliyimizin ilk illərində ölkədə anarxiya və xaos baş alıb gedirdi. Ölkəyə rəhbərlik edənlərin qorxaqlığı və cəsarətsizliyi ayrı-ayrı silahlı dəstələrə rəhbərlik edənləri daha da azğınlaşdırırdı. Belə bir vaxtda biz Ali Sovetin sessiyasının çağırılması üçün tələb olunan 135 imza toplamağı qərara aldıq və həmin sessiyada Heydər Əliyevin rəhbərliyə gəlməsi barədə məsələ qaldırmaq istəyirdik. Çətinliklə də olsa, həmin imzanı topladıq və sessiyanın çağırılmasına nail olduq. Həmin sessiyada Heydər Əliyevin hakimiyyətə gəlməsi məsələsini ilk dəfə qaldırdıq. Bundan sonra mənə hücumlar başladı və az sonra məni Ağdaş Rayon Daxili İşlər Şöbəsinin rəisi vəzifəsindən azad etdilər. Ruhdan düşmədim və siyasi fəaliyyətimi davam etdirdim. 1994-cü ilin iyun ayında mənə qarşı sui-qəsd həyata keçirtdilər və avtomatdan 60 güllə atdılar, 13 yaşlı oğlum, bacımın həyat yoldaşı və sürücüm qətlə yetirildi. Buna baxmayaraq, geri çəkilmədim. Həmin vaxt artıq Heydər Əliyevin rəhbərliyi ilə ölkədə geniş quruculuq işləri, qayda-qanunun bərpası başlanmışdı. Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası yolunda inamlı addımlar atılırdı. İnsan hüquq və azadlıqlarının qorunması ulu öndərin qarşıya qoyduğu ciddi məsələlərdən biri idi. AXC-Müsavat hakimiyyəti dövründə Milli Ordu sıralarından qaçan, hərbi xidmətdən boyun qaçıran minlərlə gənc Heydər Əliyevin müraciətindən və onları əfv etməsindən sonra yenidən hərbi hissələrə qayıtdı. 1995-ci ildə isə  ümummilli lider Heydər Əliyev 1207 nəfər barəsində əfv fərmanı imzaladı. Həmin vaxtdan əsası qoyulan əfvetmə ənənəsi bu gün də Prezident İlham Əliyev tərəfindən davam etdirlir.

Mən həmişə demişəm ki, Azərbaycanda Heydər Əliyev kimi tarixi şəxsiyyətlər nadir hallarda yetişir. Yaxın günlərdə Türkiyədə nəşr olunan “Azerbaycan Nadir Afşar Devleti” adlı kitabımda da bunu qeyd etmişəm. Yeri gəlmişkən, qardaş ölkədə kütləvi tirajla çap olunmuş bu tarixi əsər böyük marağa səbəb olub. Bir faktı da diqqətə çatdırım ki, bu kitabın 41 səhifəsini Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin Nadir şah haqqında yazdığı əsərlərdən nümunələr əhatə edir.

Bilirsiniz ki, Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkədir. Hazırda iki qardaş ölkə arasında əməkdaşlıq yüksək səviyyədə davam edir. Kitaba ön söz yazan Türkiyənin Bəylik Düzü Bələdiyyəsinin sədri Əkrəm İmanoğlu da bu məqamı xüsusi vurğulayıb. O, kitabı yüksək dəyərləndirərək yazır: “Əsəri oxuyarkən anlayırsan ki, Nadir şah türk birliyi yaratmaq istəyib. Türkiyə və Azərbaycan arasındakı dostluq və qardaşlıq əlaqələrinin yüksək səviyyyəyə gəldiyi bu günümüzdə belə bir ibrət götürüləcək tarixi hadisələri həyəcan keçirmədən oxumamaq mümkün deyil”.

Onu da qeyd edim ki, artıq bu kitabın İstanbulda təqdimatı olmuşdur. Həmin tədbirdə qardaş ölkənin tanınmış ziyalıları, ictimai-siyasi xadimləri iştirak etmişdir.

– Sirr deyil ki, bu gün beynəlxalq aləmdə ən çox narahatlıq doğuran məsələlərdən biri də korrupsiya və rüşvətxorluqdur. Elə ölkəmizə qarşı təzyiqlər göstəriləndə də bunu bəhanə gətirirlər. Republikamızda korrupsiya və rüşvətxorluğa qarşı aparılan mübarizəni necə qiymətləndirirsiniz?

– Dünyanın bütün ölkələrində korrupsiya və rüşvətxorluq halları mövcuddur. Heç bir ölkə bundan sığortalanmayıb. İstər xaricdə, istərsə də bizim ölkəmizdə elə vəzifə sahibləri var ki, belə çirkin əməllərə sanki vərdiş ediblər. Onlar  məqsədlərinə çatmaq üçün insanları incidir, xüsusilə, sahibkarlara qarşı qəddarlıq edir, onların mal-mülklərini əllərindən almağa çalışırlar. Ancaq bütün bunlar cəzasız qalmır. Ölkəmizdə bu istiqamətdə ciddi tədbirlər həyata keçirilir, korrupsiya və rüşvətxorluğa qarşı ciddi mübarizə aparılır. Mən bir hüquqşünas kimi bunu yüksək dəyərləndirirəm.

 Korrupsiya və rüşvətxorluğu əsas götürüb ölkəmizə təzyiq edənlər isə  bizə qarşı qərəzli olan antiazərbaycan qüvvələrdir. Məgər onlar son illər dövlət başçısının bu istiqamətdə həyata keçirdiyi qətiyyətli tədbirləri görmürlərmi? Bunu görməmək  siyasi korluqdur. Azərbaycan Prezidenti dəfələrlə deyib ki, kimliyindən asılı olmayaraq, insanları, xüsusilə, sahibkarları incidən, onlardan haqq tələb edənlər ciddi cəzalandırılacaqlar. Bundan nəticə çıxarmayan bir sıra  yüksək vəzifə sahiblərinin aqibəti bu gün hər birimizin gözü önündədir. Manatın devalivasiyası zamanı bəzi vəzifəli şəxslərin sui-istifadə halları da cəzasız ötüşmədi.

Son illər ölkəmizdə korrupsiyaya və rüşvətxorluğa qarşı aparılan qətiyyətli mübarizə beynəlxalq aləmdə də əks-səda doğurub. ASAN xidmətin yaradılması,  Prezidentin sərəncamı ilə sahibkarların 2 il müddətinə bütün yoxlamalardan azad olunmaları, bəzi lisenziyaların ləğv edilməsi və bundan sonra lisenziyaların ASAN xidmət tərəfindən verilməsi yüksək dəyərə malikdir. Son hadisələr də göstərdi ki, bu istiqamətdə həyata keçirilən tədbirlər zamanı heç kimə güzəşt olunmur. Bu qədər tədbirlərdən sonra bir sıra beynəlxalq təşkilatların ölkəmizə qarşı qərəzli hesabatlar hazırlamaları gülünc görünür və kimlərinsə sifarişlərini yerinə yetirmələrindən xəbər verir. Belə qərəzli münasibətlərə baxmayaraq, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə davam etdirilir. Bütün bunlar deməyə əsas verir ki, Azərbaycan açıq, müstəqil siyasət yeridərək beynəlxalq aləmdəki mövqelərini getdikcə möhkəmləndirir.

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən siyasi kurs Azərbaycanın adını dünyanın hər yerində tanıdır və ücrəngli bayrağımızı nüfuzlu beynəlxalq təşkilatların qərargahları qarşısında vüqarla dalğalandırır. Bu uğurlarda Heydər Əliyev Fondunun  prezidenti Mehriban xanım Əliyevanıın da xüsusi fəaliyyəti mütləq qeyd olunmalıdır. Antiazərbaycan dairələrin təzyiq və təhdidlərinə baxmayaraq, Azərbaycan müstəqillik yolunda inamla irəliləyib dünyanın inkişaf etmiş dövlətləri ilə bir sırada dayanacaq. Biz belə bir ölkədə yaşamağımızdan  qürur hissi keçiririk.

Müsahibəni qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında