Milli poeziyamızın göy qurşağına çevrilən şair Həyatım və mühitim

Müsahibimiz sevimli şairimiz Musa Yaqubdur

Çağdaş Azərbaycan ədəbiyyatının dəyərli simalarından olan Musa Yaqubun hər misrasında öz torpağına, Vətəninə, təbiətə və insanlara sonsuz məhəbbət çağlayır. O, doğma diyarın hər daşını, ağacını, çiçəyini, bulağını, çayını şeirə çevirən poetik  söz ustasıdır. Bu əzəli və ədəbi müqəddəs mövzu Musa Yaqub yaradıcılığının da əsas qayəsini təşkil edir.

Xalq yazıçısı Mirzə İbrahimov yazırdı: “Musa Yaqubun şeirlərində düşünən və düşündürən təbiət, yaşayan insan, sevən və sevilən bir qəlbin çırpıntıları var”. Doğrudan da, onun istedadı qayaların köksündən car olan bulaqlara bənzəyir və oxucularının qəlbinə xoş bir sərinlik gətirir. Musa Yaqubun şeirləri öz ahəngini qaynar bulaqların zümzüməsindən, coşqun dağ çaylarının şaqqıltısından, ildırımlı göylərin nərəsindən alır. Onun poeziyası da, özü də elə təbiətin bir parçasıdır. O, kövrək, gözütox və halal bir şair taleyi yaşayır. Şair dostları dəfələrlə etiraf ediblər ki, Musa Yaqub qədər şeirinə, sözünə oxşayan və poetik məninə sadiq qalan başqa bir şair tapmaq çətindir. Şeirləri qədər səmimi bir insan olan sevimli şairimizlə üz-üzə oturmuşuq. Söhbətimizi onun uşaqlıq xatirələrindən başladıq.

- Mənim uşaqlığım daşlarla, qayalarla, ağaclarla, çaylarla, bulaqlarla ünsiyyətdə keçib. Birinci sinfə 6 yaşında getmişəm. Oxumağa böyük həvəsim vardı. Atamı tez itirmişəm - 9 yaşında. Onun dəfninin səhəri günü yuxudan oyananda gördüm ki, anam hönkür-hönkür ağlayır. Biz tərəfdə əri ölən qadındar ağlamağı özlərinə ar bilərdilər. Ancaq anam ağlayırdı. Dörd yetim körpəni necə böyüdəcəyini, o ağır illərin aclığından onları necə xilas edəcəyini düşünərək göz yaşı tökürdü. Amma anam özündə güc tapıb, bütün çətinliklərə mərdliklə sinə gərərək bizi böyütdü. Böyük bacım və mən bu yolda onun yaxın köməkçiləri olduq. Uşaqlıq oyunlarını, əyləncələrini atamla birlikdə basdırdım. “Atamın xatirəsinə” şeirimdə o vaxktı hisslərimi belə təsvir etmişəm.

Qar yağırdı atamın da
məzarına, birinci qar...

Oyuncağım, uşaqlığım
O gün qaldı qar altında.

İşdən-gücdən qaçaqlığım
O gün qaldı qar altında...

O illərdə evləri meşədən gətirilən odunla isidirdik. Odun şələsi daşımaqdan belim əyilmişdi. Gecələr ağrıdan yata bilmirdim. Kolxozda işçi qüvvəsi də çatmırdı. Məni və yaşıdlarımı kotançıların sırasına qatdılar. Hər dəstə iki cüt öküzü kotana qoşur, şumu onunla qaldırırdı. Mən çubuqçu idim, boyunduruğun üstündə oturub öküzləri sürürdüm.

Qəribə idi ki, o illərdə bir adamın başqasına yazığı gəlmirdi. Əmək günü alırsan, balacasan, ya böyüksən - dəxli yoxdu, boynuna düşən işi görməlisən. Bu etinasızlıq, yaxud da zülmkarlıq deyildi, bir növ sınaq idi. Hamı bu sınaqdan çıxmağa çalışırdı. Bir də o illərdə insanlarda qəribə bir ümid vardı. Nə qədər ağır olsa da həmin inam onları sınmağa qoymurdu.

1953-cü ildə yenə iş üstündə idik - yer şumlayırdıq. İki nəfər yanımıza gəlib, bir siyahı oxudu. Dedilər ki, adı siyahıda olan uşaqlar Topçu məktəbinə oxumağa getməlidirlər. Buynuz kəndi ilə Topçunun arası 7 kilometrdir. Səkkiz nəfər uşaq bu yolu hər gün piyada gedib qayıdırdıq.

- Deyəsən, ilk misraları da o illərdə qoşmusunuz.

- Mənim adım məktəbin əlaçıları sırasında idi. Lakin bir gün VII sinifdə oxuyan Sabir adlı oğlanın Stalinə həsr etdiyi şeirini eşidəndə özümü heç nəyə yaramayan və aciz insan hiss etdim. Onu da deyim ki, o vaxt mənim adım Musavat idi. Balaca olanda atamdan adımın mənasını soruşmuşdum, o da demişdi ki, “müsavat” bərabərlik deməkdi. Öz-özümə dedim: “Yaxşı, Musavat, sən əlaçı ola-ola şeir yaza bilmirsənsə, nəyə lazımsan?”

O gündən başladım şeir yazmağa. O vaxt çoxlu kitab oxuyurdum. Səməd Vurğunun kitabları isə əlimdən düşməzdi. İndi müxtəlif fikirlər səsləndirirlər, ancaq mən öz taleyimdən danışıram: o illərdə Səməd Vurğunun şeirləri bizim qanadımız idi.

Babək, Moskva, Bakı haqqında tərənnüm şeirlərimi və kiçik məqalələrimi “Azərbaycan pioneri” qəzetinə göndərdim. Bir gün redaksiyadan mənə üstüşəkilli bir məktub gəldi. Sevincimin, fərəhimin həddi-hüdudu yox idi. Yaşıdlarım, elə müəllimlərim də  mənə  həsədlə baxırdılar ki, Musavata Bakıdan  məktub gəlib... Məktubda şeirlərimin çap olunmamasının səbəbləri göstərilir, sonra da hansı mövzuda və necə yazmaq barədə məsləhətlər verilirdi.

- Sizin şeirləriniz gərək ki, ilk dəfə yerli mətbuatda çap olunub...

- Bəli, Topçu kənd yeddiillik məktəbini bitirəndən sonra Göyçay Pedaqoji Texnikumuna daxil oldum.  Dolanışıq yenə də ağır idi.  Dostum Comərdlə həftəlik azuqəmizi kənddən aparır, birtəhər dolanırdıq. Ancaq əvvəldə dediyim o ümid və inam yenə də köməyimizə çatırdı. Həvəslə oxuyur, imkan düşdükcə şeirlər yazırdım. Bir hadisə isə məni  ömürlük poeziyaya bağladı.

... Bir gün Göyçaya Bakıdan bir dəstə sənət adamı gəlmişdi. Onlar pedaqoji texnikumun tələbələri qarşısında da çıxış etdilər. Gözəl aktyorumuz Müxlis Cənizadə Səməd Vurğunun “Şair, nə tez qocaldın sən?” şeirini elə şövqlə, elə vurğunluqla oxudu ki, mən uzun müddət onun təsirindən çıxa bilmədim. Bir-birinin ardınca xeyli şeirlər yazdım və onların ikisi - “Ana və Vətən” və “Sülh işi haqdır” 1957-ci ildə Göyçayda çıxan “Qalibiyyət bayrağı” qəzetində çap olundu.

- Bəs mərkəzi mətbuata necə çıxdınız?

- Respublika mətbuatında isə ilk dəfə poema – “İki qəlb, iki dünya” ilə çıxış etmişəm.  Poema 1957-ci ildə  Moskvada keçirilən Ümumdünya Gənclər Festivalının iştirakçısı olmuş iki gəncin - bakılı Azadla, təbrizli Gülşənin sevgisinə həsr olunmuşdu. Əslində, bu iki gəncin məhəbbəti fonunda Təbriz və Araz həsrətini qabartmağa çalışmışdım.

Poemanı Xalq şairi Məmməd Rahimə göndərdim. Bir aydan sonra cavab məktubu gəldi. Məktubda yazılan “poema çox xoşuma gəldi” sözləri sadə kənd müəlliminin yaradıcılığına verilən böyük qiymət idi. O, poemada bir sıra düzəlişlər etməyi və bəzi  yerləri təzədən işləməyi məsləhət görmüşdü. Məmməd Rahimin tövsiyə etdiyi düzəlişləri aparandan sonra poemanı yenidən ona ünvanladım. Şair cavab məktubunda poemanı respublika komsomol təşkilatına göndərdiyini və onun “Azərbaycan gəncləri” qəzetində çap olunacağını bildirdi. 1959-cu ilin mart ayında 1350 sətirlik poema “Azərbaycan gəncləri” qəzetinin dörd nömrəsində hissə-hissə çap olundu.

- Necə oldu ki, Bakıya gəldiniz və qəribə olsa da, sonra yenidən İsmayıllıya qayıtdınız?

- Əvvəlcə Bakıya gəlişimdən danışdım. “İki qəlb, iki dünya” poeması “Azərbaycan gəncləri” qəzetində dərc olunandan sonra məni rayon maarif şöbəsinə çağırdılar. Müdir soruşdu: “Poemanın müəllifi sənsən?” Cavab verdim ki, bəli. Maarif şöbəsinin müdiri təəccüblə  məni süzdü və dedi: “Bu işdən bəs mənim niyə xəbərim yoxdur?” Mən tutuldum və bu yersiz suala heç bir cavab vermədim. Belə çıxırdı ki, mən düşündüyüm mövzular, yazacağım şeirlər barədə əvvəlcədən maarif şöbəsinin müdirinə məlumat verməliyəmmiş. Bu inciklik və bir də yaradıcı mühitdə olmaq arzum məni Bakıya çəkirdi.

Aradan bir xeyli keçəndən sonra  məni Yazıçılar İttifaqına çağırdılar. Böyük yazıçımız Mirzə İbrahimov mənə bədii ədəbiyyatı təbliğ bürosunda  direktor müavini vəzifəsini təklif etdi. Bir müddət bədii ədəbiyyatı təbliğ bürosunda, sonra Şüvəlanda “Yazıçılar evi”ndə işlədim. 1974-cü ildə isə “Azərbaycan” jurnalının şeir şöbəsinə müdir dəvət olundum. Burada işləmək həm məsuliyyətli, həm də maraqlı idi. Hər nömrə üçün 20 min sətir şeir hazırlamalı idim.

İsmayıllıya dönüşüm də adi bir təsadüf üzündən oldu. Şuşaya istirahətə gedəndə  Qəşəm Aslanovla görüşdüm. Bizim  rayona yenicə katib təyin olunmuşdu. Sözgəlişi dedim: “Qəşəm müəllim, bilsəydim İsmayıllıya gələcəksiniz, mən heç Bakıya getməzdim”. Məzuniyyətdən qayıdan günü məni Yazıçılar İttifaqının sədri  İmran Qasımovun yanına çağırdılar. Salamlaşandan sonra dedi: “Sən niyə getmək istəyirsən? Bura sənin üçün pisdi bəyəm?” Təəccüblə soruşdum ki, hara getmək istəyirəm? Dedi: “Qəşəm Aslanov səni İsmayıllı rayonunun qəzetinə redaktor aparır”. Sən demə, Qəşəm müəllim bizim Şuşadakı söhbətimizdən sonra İmran müəllimə zəng vurub, mənim rayona qayıtmaq istədiyimi deyib. Getdim Qəşəm müəllimin qəbuluna. Dedi: “Hə, MK-da səni qəzet redaktorluğuna təsdiq ediblər, gəl işinin başına”.

Beləcə, qayıtdım İsmayıllıya. Doğrusunu deyim ki, Bakıda darıxırdım, amma  təzə ev almışdım, uşaqlar orada oxuyurdular. İsmayıllıda isə  hər şeyi təzədən başlamaq lazım idi. Həm də Qəşəm Aslanov kimi təcrübəli jurnalistin və  tələbkar partiya işçisinin zövqüncə qəzet çıxarmaq asan məsələ deyildi. Rayon Partiya Komitəsinin büro üzvü seçiləndən sonra  məsuliyyətim bir az da artmışdı. Rəhmətlik Süleyman Rəhimov deyirdi ki, yaradıcı adamın şəhərdə, ya kənddə yaşamağının elə bir fərqi yoxdur. Bir şərtlə ki, o, həmişə yaradıcılıq əhval-ruhiyyəsində olsun. Bu əhval-ruhiyyə həmişə mənim canımda-qanımda olub.

- Xalqımız sizi öz sifətini qoruyub saxlayan haqq-ədalətə bağlı, sadə və səmimi bir insan kimi tanıyır və sevir. Təəssüf ki, bu, tanınmış adamların bir çoxuna qismət olmur...

- Sözün düzü, əvvəllər bu barədə heç düşünməmişəm. Nə vardısa o idi. Özümü dostların yanında daha rahat hiss edirdim. Ürəklə dil arasında sərhəd yox idi, nə düşünürdümsə onu da danışırdım. Bizim uşaqlıq, gənclik illərimizdə insanın sifətini qoruması çox asan idi. Çünki onların böyük əksəriyyəti elə olduqları kimi görünürdülər.

Sifət qorumaq, əslində, müasir dünyanın  problemidir. Bəziləri deyir ki, Musa poeziyada necədirsə, həyatda da elədir... Necə olur ki, insan ikiləşir, hər yerdə bir dona düşür-bu mənə aydın deyil. Əgər sənin poeziyanda  səmimiyyət yoxdursa və hər misranda ürək çırpıntıları duyulmursa, o nə poeziyadır? Yaxud şeirdə bir şey deyib, həyatda onun əksinə gedirsənsə, bu, necə ola bilər?

Bir də mən insanlardan, o cümlədən dostlarımdan həmişə qayğı, səmimi münasibət görmüşəm. Bakıya işləməyə gələndə pasport qeydiyyatı ilə əlaqədar maaş almağım bir qədər ləngidi. Teleradio Komitəsindən, kinostudiyadan, qəzet və jurnal redaksiyalarından üst-üstə mənə 800-1000 manat qonorar yazdılar. O qayğının, o səmimiyyətin müqabilində mən sifətimi necə dəyişə bilərdim?

Şəxsən mən sifətimin dəyişməməsinin səbəbini ədəbi qəhrəmanlarımın - dağların, dərələrin, çayların, bulaqların paklığı və dəyişməzliyi, ululuğu ilə bağlayıram. Onlar şəhərdə də, kənddə də həmişə mənimlə olublar. Ümumiyyətlə, təbiət mənim üçün insanlaşıb. Onun torpağı da, daşı da mənim üçün danışan, deyən-gülən, ağlayan-kədərlənən canlılardı:

Ömrümüz həyəcan, təlaş içində,
Könlüm bir şüşədir bu daş içində.

Belə vurhavurda, savaş içində
Məni barışıqda saxlayanım var.

- Son 15-20 ildə ədəbiyyata gələn gənclərin çoxunun yaradıcılığında nəsə bir ağrı, sızıltı baş alıb gedir. Həm də bu ədəbi nümunələrdə yüksək ideyalar, ictimai dəyərlər çox azdır. Sizcə, bunun səbəbi nədir?

- İndinin özündə Yaxın Şərqdə gedən qırğınlar, dağıntılar adamın qanını dondurur. Gözəl şəhərlər, tarixi abidələr xarabalıqlara çevrilir, günahsız insanlar qırılır. Bütün bunlar dəhşətdir. Cavan yazarların çoxunu bu dəhşətlər, ədalətsizliklər, istər-istəməz sarsıdır. Mən belə cavanlara yenə də ümid və inam arzulayıram. Taleyə inansınlar, üzlərini Allaha çevirsinlər. Səbr və inadla öz işləri ilə məşğul olsunlar. Həyatda gileylə, narazılıqla heç nə əldə etmək, millətə, xalqa nəsə vermək olmaz. Yaradıcı adam ümidin və işıqlı arzuların dalınca getməli, oxucularını da o istiqamətə aparmalıdır. Ən başlıcası, səmimi olmalı, işıqlı arzularla yaşamalıdır. Bir də cəmiyyətdə məhəbbət və mərhəmət hissi artırılmalıdır. İndi elm təsəvvürə gəlməyəcək dərəcədə inkişaf edib. Onun son nailiyyətlərindən insanlar arasında nifaq və nifrətin azaldılması, sevgi və məhəbbət hissinin artırılması istiqamətində istifadə edilməlidir.

-Söhbətimiz yeni ilin ilk günlərinə təsadüf edir. Xalqımıza arzunuz-diləyiniz...

 -Qoy xalqımızın birliyi o dərəcədə artsın ki, düşmənlərin qabağında öz gücümüzü birə-beş artıq göstərə bilək. Soydaşlarımız harada olsalar da, Vətənin sevinci və ağrısı ilə yaşasınlar. Arzu edirəm ki, üzümüzə gələn ildə hamımızı illərdən bəri üzən Qarabağ dərdimizə əlac tapılsın. Azərbaycan hər ucalığa layiq bir ölkədir. Hamılıqla onu ucaldaq, gözəlləşdirək. Hamıya can sağlığı,  xoş günlər arzulayıram! 

Müsahibəni apardı:
Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında