“Vətəni sevmək azdır, onu sevdirmək lazımdır

”Müsahibimiz Azərbaycan diasporunun görkəmli nümayəndələrindən biri, Edinburq Universtitenin professoru Qulamrza Səbri Təbrizidir

– Professor, sabah (bu gun-red) 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Bu gün, bu bayram sizdə hansı hissləri oyadır?

– Bu, böyük və möhtəşəm bir bayramdır. Zaman keçdikcə bu tarixi günün, möhtəşəm bayramın, onun ehtiva etdiyi böyük ideyaların çəkisi, dəyəri, əhəmiyyəti də artır. Bu doğma, əziz gün təkcə bayramdan-bayrama deyil, bütün ilboyu mənim qəlbimdə, ruhumda yaşayır. Mən Vətən qarşısında borcumu, azərbaycanlı olduğumu bir an belə unutmuram. Hələ ilk şeirlərimin birində bu barədə belə yazmışdım:

 

 

 

 

Mən Vətəndən çıxdım,
Vətən məndən çıxmadı.

 

Bəli, yarım əsrdən çoxdur ki, mən dünyanı hürriyyət axtarışı ilə gəzib-dolaşıram. Doğulub boya-başa çatdığım doğma Təbrizimdən, Vətəndən ayrılsam da, Vətən məndən ayrılmadı. Məni yaşadan, mənə güc verən də budur! 

– Sizin Vətən, diaspor ilə bağlı fəaliyyətinizdə bir ümid, inam var. Nədən qaynaqlanır bunlar?

– O şeyi ki, xalqımın mənafeyi tələb edir, mən onu deməliyəm. Onun uğrunda çalışmalıyam.  İnsan üçün Vətəndən, doğma torpaqdan əziz nemət yoxdur.Vətənsiz insan quru saman çöpü kimidir. Külək, çovğun qabağına qatıb hara desən aparar. 

Mən hesab edirəm ki, xaricdə yaşayan hər bir azərbaycanlı gərək öz Vətəninin əsl səfiri olsun. Həm əxlaq, həm də iş baxımından. Harada yaşamasından asılı olmayaraq, insan kim və haralı olduğunu unutmamalıdır. Biz böyük ədəbiyyatın, zəngin, tükənməz mədəniyyətin yaradıcısı olan, bəşəriyyətə böyük dühalar bəxş etmiş bir xalqın təmsilçiləriyik. Bizi əsrlər boyu talan edənlər, tariximizə, mədəniyyətimizə həqarətlə baxanlar, tarixin bir küncünə sıxmağa çalışanlar bu həqiqəti bilməlidirlər.

– Professor, bu bayram günlərində Azərbaycan diasporunun yaranması və təşkilatlanması prosesində xidməti olanları xatırlamamaq insafsızlıq olardı, deyilmi? 

– Əlbəttə, elədir. Mən hər yerdə və hər zaman bunu böyük qürur hissi ilə demişəm və bir daha fəxrlə deyirəm: Azərbaycan diasporunun  ideya rəhbəri və təşkilatçısı ulu öndər Heydər Əliyevdir. Ümummilli lider bu hərəkatın  ideologiyasının, fəlsəfəsinin yaradıcıdır. İdeoloji iş olmasa, böyük hədəflər bəlli olmasa, heç bir hərəkat irəli gedə bilməz. Heydər Əliyevin ölməz müdriklik fəlsəfəsi dispor quruculuğunu da əhatə edib. Müstəqil  dövlətçiliyimizin bu böyük memarı diaspor quruculuğunu milli dövlətçiliyin tərkib hissəsi hesab edir və bu sahəyə böyük önəm verirdi.  

Ulu öndər Azərbaycan diasporunun iki əsas amil üzərində qurulmasına çalışırdı. Birinci amil o idi ki, tarixin ədalətsiz gərdişi səbəbindən parçalanaraq bütün dünyaya səpələnmiş cənublu və quzeyli azərbaycanlıar xarici ölkələrdə birləşməli, Azərbaycanın tarixini, mədəniyyətini, mənəviyyatını var-gücləri ilə təbliğ etməlidirlər. İkinci məqam isə, Azərbaycan və türk diasporlarının birgə fəaliyyətinin qurulması və bu mühüm işin gücləndirilməsi idi. Məhz bu müqəddəs amal və məqsədlə 1997-ci ildə Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasi yaradıldı. Mərhum akademik Mahmud Kərimov bu şuranın prezidenti, mən isə birinci müavin seçildim.

Həmin ərəfədə və sonrakı illərdə mən ulu öndər Heydər Əliyevlə həm Bakıda, həm də xarici ölkələrdə dəfələrlə görüşmüşəm. Mən bu qeyri-adi şəxsiyyətin dərin zəkasına, qətiyyətinə, cəsarətinə heyran olmuşdum. Onunla hər bir görüş mənə sonsuz enerji, ruh yüksəkliyi, coşqu verirdi. Məhz onun birbaşa diqqət və qayğısı ilə Azərbaycan diasporu  ayağa durdu, bütün dünyada boy göstərdi, xalqımızı ləyaqətlə təmsil və təbliğ etməyə başladı.

– Azərbaycan diasporunun bu gün əsas hədəfləri hansılardır?

– Nə qədər ki, Qarabağ problemi həll olunmayıb, bu, bizim bir nömrəli vəzifəmiz olaraq qalır. Bu istiqamətdə, həqiqətən, çox işlər görülüb. Azərbaycan diaspor təşkilatları,  başda Azərbaycan dövləti, möhtərəm Prezidentimiz cənab İlham Əliyev olmaqla, fəaliyyətinin miqyasını genişləndirib. Dünyanın hər yerində, ən mötəbər təşkilatlarda Ermənistanın işğalçı  siyasətinin ifşa olunmasına çalışmışıq. Ermənilərin Xocalıda faşistlərdən də betər vəhşiliklər törətdiklərini dünyanın diqqətinə çatdırmağa  cəhd edirik. Bu işlərimiz bəhrəsiz qalmır. Sivil dünya ermənilərin vəhşi xislətini artıq dərk edir.

Başqa hədəflərimiz də var. Çalışırıq ki, Azərbaycanın zəngin mədəniyyətini təbliğ emək, onun layiqli qiymət almasına çalışmaq da hər bir soydaşımızın mənəvi borcuna çevrilsin. Bu sahədə Azərbaycanın birinci xanımı, Heydər Əilyev Fondunun prezidenti Mehriban  Əliyevanın fədakar fəaliyyəti qəlbimizi dağa döndərir. Bu işlərə dəstək, töhfə vermək hər birimizin borcudur.  

– Sizcə, Azərbaycan diasporunun daha nüfuzlu və qüdrətli olması üçün nə lazımdır?

– İlk növbədə, birlik və həmrəylik. Biz, bütün dünya azərbaycanlıları müstəqil Azərbaycan dövlətinin ətrafında bir yumruq kimi daha sıx birləşməliyik. Bu gün dünya siyasətində öz yeri, öz nüfuzu olan Azərbaycan dövləti hər bir soydaşımızın qürur və iftixar mənbəyidir. Azərbaycan Prezidenti cənab İlham Əliyev 50 milyonluq dünya azərbaycanlılarının Prezidentidir. Möhtərəm İlham Əliyevin Azərbaycan diasporunun güclənməsi üçün göstərdiyi qayğı bizi daha da ruhlandırır.    

– Siz elmi tədqiqatlarınızla bərabər, bədii yaradıcılıqla da məşğul olur, gözəl şeirlər yazırsınız. Şeirlərinizdə mühacir ədəbiyyatına xas olan nisgil, şikayət ruhundan  daha çox etiraz var, hayqırtı, ümid var.

– Şeir yazmaqda məqsədim heç də şair kimi tanınmaq olmayıb. Sadəcə olaraq, ağrı və iztirablarımı, heç kimə izhar edə bilmədiyim hisslərimi şeirə köçürmək istəmişəm. Şeir səmimi olmalıdır, orada yalan ola bilməz, o, yalnız qəlbdən, ruhdan qopub gəlməlidir.

Qürbətin havası, əlbəttə, ağırdır. Mühacirətin nə olduğunu bu hissləri yaşayanlar bilər. “Mühacirət” sözünün məna yükü də ağırdır. Mühacir olmaq həyatda ikinci dəfə doğulmaqdır. Necə ki, insan məhbəsdə olanda onun psixologiyası, beyni, şüuru itiləşir, hər çətinliyə, əzaba, iztiraba hazır olur. O zaman Vətən, millət anlamları insan üçün daha böyük məna daşıyır.

Mühacirət təkcə Vətəndən xaricdə yaşamaqla bitmir. Mühacir nə qədər qürbət çörəyini yesə də, ancaq Vətən havası ilə yaşayır. O, gərək Vətənin maraqlarını, dərd-sərini, ağrı-acısını yaşadığı ölkəyə çatdıra bilsin. Mən də ömüm boyu buna çalışmışam. İctimai-siyasi fəaliyyətimlə, şeirlərimlə. Azərbaycanı tanıtdırmağa, sevdirməyə çalışmışam.

– Siz mövcud Azərbaycan diasporunun ən görkəmli təşkilatçılarından, ünlü simalarından birisiniz. Diaspor fəaliyyətinin daha səmərəli təşkil olunması üçün daha nələri etmək lazımdır?

– Mən, demək olar ki, bütün dünyanı gəzmişəm. Yer kürəsinin heç bir yerində azərbaycanlılar qədər sadə, mərd, xeyirxah insanlara rast gəlməmişəm. Dünyanın heç bir ölkəsində bizdəki qədər başqa xalqlara və dinlərə dözümlü, tolerant münasibət yoxdur. Azərbaycanlılar həm də çox zəkalı,  istedadlı insanlardır. Bütün bunlar böyük sərvətimizdir. Biz gördüyümüz işə dəyər verməli, özümüzü qiymətləndirməliyik. Biz öz dəyərimizi bilməsək, başqaları da bizi sevməyəcəklər.

Bu gün bizim əsas məramlarımızdan biri Azərbaycan həqiqətlərini bütün dünyaya çatdırmaqdır. Biz bütün varlığımızla Vətənə bağlı olmasaq, bunu edə bilmərik. Amma Vətəni sevmək azdır, onu sevdirmək lazımdır. Bu böyük missiya bizim, bugünkü nəsillərin üzərinə düşür. Biz əlimizdən gələni edirik və gələcək nəsillər də bu estafeti davam etdirməyə çalışmalıdırlar.

Dünyada bu gün ağlın, intellektin yarışı gedir. Hansı xalq təhsilə, elmə fikir verirsə, o, daha irəli gedir. Geri qalanların acı taleyi də gözlərimiz önündədir. Biz bu sahədə çox,  durmadan işləməliyik, arı kimi çalışmalıyıq. Dahi Nizaminin çox sevdiyim bir beyti var:

Çox zirək beyinlər yatan oldular, Axırda saxsı qab satan oldular.

Azərbaycan xalqı özünün ağlını, fəhmini, intellektini ortaya qoymalıdır. Biz istedadlı gənclərimizə qayğı göstərməliyik, onların dünyanın ən ünlü unviersitetlərində mükəmməl bilik almaları üçün şərait yaratmalıyıq. Və çox sevinirəm ki, Prezidentimiz, cənab İlham Əliyev bu sahədə ağıllı və məqsədyönlü siyasət aparır.

Azərbaycan özünün iqtisadi, mədəni, strateji potensialını dərk edib, siyasətini bir mükəmməl dövlət olaraq tamam-kamal istiqamətləndirməlidir. Fəqət, bu halda bütün dünya dövlətləri ona müstəqil və parlaq gələcəyi olan bir ölkə kimi yanaşacaqlar.   

P.S. Ömrünün təqribən 60 ilini mühacirətdə yaşayan, dünyanı, necə deyərlər,  eninə-uzununa bir neçə dəfə dolaşan, geniş erudisiyaya, çoxşaxəli zənginliyə sahib olan, Azərbaycan və ingilis dillərində gözəl şeirlər yazan çox dəyərli ziyalımız Qulamrza Səbri Təbrizi ilə görüşdən, bu köhnə dostumuzun Təbriz ləhcəsi ilə şirin söhbətlərindən məmnun qaldıq. Professor diaspor quruculuğundakı bir sıra çətinliklər və problemlərin olduğunu dilə gətirsə də, həmişəki Şərq müdrikliyi ilə azərbaycanlıların, bütün dünya türklərinin haqq işinin qələbə çalacağına dərin inam bəslədiyini vurğuladı və qəzetimizin oxucularına səmimi bayram təbriklərini çatdırmağımızı xahiş etdi.

Söhbəti qələmə aldılar:

Qüdrət PİRİYEV,
Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında