Xaricdə yaşayan həmvətənlərimiz azərbaycançılıq ideyası ətrafında sıx birləşiblər

Müsahibimiz Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovdur

– Nazim müəllim, 2015-ci il Azərbaycan diasporunun fəaliyyətində hansı hadisələrlə yadda qaldı? Ümumiyyətlə, bu il görülmüş işləri necə qiymətləndirirsiz?

– Bu gün tam əminliklə deyə bilərik ki, xaricdə yaşayan azərbaycanlılar ümummilli lider Heydər Əliyevin azərbaycançılıq ideyası ətrafında sıx birləşiblər. Azərbaycançılıq dünya azərbaycanlılarını bir araya gətirən, ümummilli mənafelər uğruna səfərbər edən vahid bir ideoloji konsepsiya, milli məfkurə kimi qəbul olunur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu məfkurənin daha geniş coğrafiyada yayılmasına, diaspor quruculuğu işinin keyfiyyətcə yeni müstəviyə çıxarılmasına, soydaşlarımızın daha sıx birləşməsinə xidmət edən bir çox tarixi əhəmiyyətli qərarlar qəbul edib. Bu qərarlar Azərbaycan diasporunun daha da güclənməsinə, inkişafına stimul yaradıb.

Hazırda dünyanın bir çox ölkəsində  462 diaspor təşkilatımız fəaliyyət göstərir. Bu gün diasporumuz beş il, on il əvvəlkindən daha güclü və mütəşəkkildir. Bu il dünyanın bir çox ölkəsində Azərbaycanın diaspor təşkilatları tərəfindən müxtəlif məzmunlu tədbirlər, o cümlədən Dağlıq Qarabağ problemi ilə bağlı çoxsaylı aksiyalar keçirilib. Təcavüzkar Ermənistanın, ermənilərin diaspor və lobbi qruplarının antitəbliğat kampaniyalarının qarşısını almaq, Azərbaycanın haqlı mövqeyini müdafiə etmək üçün diaspor təşkilatlarımız ABŞ, Kanada, Almaniya, Türkiyə, İsveç, Rusiya və digər ölkələrdə tədbirlər keçirib, geniş təbliğat işi aparıblar. Xocalı soyqırımının 23 illiyi ilə bağlı xeyli iş görülüb, Avropanın bəzi şəhərlərinin ictimai nəqliyyatında Xocalı soyqırımından bəhs edən videoçarxlar nümayiş olunub, bir çox yerdə fotosərgilər təşkil edilib. Etiraz aksiyaları, konfrans və seminarlar keçirilib.

Azərbaycan mədəni irsinin və tarixinin təbliğinə geniş yer ayrılıb. Amerika, Asiya və MDB ölkələrindəki diaspor təşkilatlarımız tərəfindən mütəmadi olaraq tədbirlər həyata keçirilib. Dünyanın nüfuzlu beynəlxalq təşkilatları ilə, həmçinin, müxtəlif ölkələrin parlamentlərində və hökumətlərində təmsil olunan siyasət adamları, ictimai xadimlər və KİV nümayəndələri ilə əlaqələrin qurulması işi davam etdirilib.

– Bildiyimiz kimi, bu il Azərbaycan idman tarixində böyük bir uğura imza atdı. İlk dəfə Bakıda keçirilən Avropa Oyunları dünyada, xüsusilə də, Avropada böyük əks-səda doğurdu. Bununla əlaqədar xaricdəki diasporumuzun fəaliyyəti nədən ibarət oldu?

– Bu, böyük tarixi hadisə, məncə, ölkəmiz üçün əvəzsiz uğurdur. Amma bu uğurlara qısqanclıqla yanaşanlar, Azərbaycanın uğurlarını öz geostrateji maraqları fonunda inkar etmək istəyən qüvvələr ölkəmizə qarşı ədalətsiz, yalanlarla dolu kampaniya aparmağa cəhd göstərdilər. Təbii ki, diaspor təşkilatlarımız bu kampaniyaların qarşısını almaq üçün müxtəlif tədbirlər həyata keçirdi və konkret olaraq Avropadakı bir çox təşkilatlarımız Azərbaycan diasporu adından bəyanatlarla çıxış etdi, ikili standartlara yol vermiş qrupların, dövlətlərin mövqeyi qətiyyətlə pislənildi. Digər tərəfdən tanıtım və təbliğata yönələn müxtəlif səpkili tədbirlər təşkil edildi. ABŞ, Rumınya, Almaniya, Ukrayna kimi ölkələrdə Avropa Oyunlarının təbliği və tanıtımı ilə bağlı layihələr reallaşdırıldı. “Bakı-2015" birinci Avropa Oyunlarına həsr olunmuş poçt markaları, tanıtım broşürlərı, videoçarxlar nümayiş olundu. Bu tədbirlərə türkdilli xalqların diaspor təşkilatları da qoşulmuşdu. 

– Ermənilər  onlara qarşı qondarma soyqırımının 100 illiyini dünyanın bir çox yerində canfəşanlıqla qeyd etməyə cəhd etdi, geniş təbliğat kampaniyaları həyata keçirdilər. Bu sahədə Azərbaycan və türk diaspor təşkilatları birgə fəaliyyət göstərə bildimi?

– Azərbaycan və Türkiyə arasındakı münasibətlər ümumi maraqlar naminə birgə fəaliyyət göstərməyə təkan verdiyindən istər qondarma soyqırımı məsələsində, istərsə də Dağlıq Qarabağ problemi mövzusunda bu dəfə də bir yerdə olduq.

Ermənilərin çoxillik diasporları saxta “soyqırımı” faktından öz məqsədləri naminə əvvəlcədən hazırladıqları plan əsasında istifadə etməyə çalışdı. Düzdür, hazırlıq planlarının bəzilərinin həyata keçirilməsinə nail oldular. Amma bir qisminin də qarşısı türk və Azərbaycan diapor təşkilatlarının səyi nəticəsində alındı. Ermənilərin soyqırımı iddialarını ifşa etmək məqsədilə türk diaspor təşkilatları tərəfindən təşkil olunan etiraz mitinqlərində Azərbaycan diaspor təşkilatlarının üzvləri, soydaşlarımız da fəal iştirak etdilər. Bu il Avropa İnsan Hüquqları Məhkəməsinin Böyük Palatası məhkəmənin 2013-cü ildə Doğu Perinçəklə bağlı verdiyi qərarı təsdiqləməsi bütün türk dünyasının uğurudur. Sözügedən qərarın Avropa Şurasına üzv olan dövlətlərə məcburi olması Türkiyə üçün çox əhəmiyyətlidir. Belə ki, Avropa dövlətlərinin Türkiyə əleyhinə olan soyqırımı tezisləri beynəlxalq sahədə əllərindən alındı. Başda İsveçrə və Fransa olmaqla “soyqırımı”nın inkarını cinayət sayan ölkələr, AİHM-in bu qərarından sonra yeni qanuni tənzimləmələr etmək vəziyyətilə qarşı-qarşıya qaldılar. Bu məsələdə Azərbaycan diasporu da qardaş ölkənin yanında oldu.

Hələ yanvar ayında AİHM Böyük Palatasında keçirilən dinləmələrlə bağlı Strasburqda təşkil edilmiş etiraz aksiyalarında Avropadakı Azərbaycan diaspor təşkilatları da fəal iştirak etmişdi. Lakin həm “erməni soyqırımı” iddiaları, həm də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində fəaliyyətin daha da gücləndirilməsinə ehtiyac böyükdür. Ermənistan prezidentinin sərəncamı ilə yaradılmış “Erməni soyqırımı ilə bağlı tədbirlərin koordinasiyası üzrə xüsusi komissiya” tərəfindən 2015-ci il yanvar ayında qəbul edilmiş “erməni soyqırımının yüz illiyi ilə bağlı ümumerməni deklarasiyası”nda Qarabağa dair ayrıca bəndin yer alması hər iki ölkəni narahat edən ümumi mövzularda koordinasiyalı fəaliyyəti zəruri edir.

 Dünya ictimaiyyəti Xocalıda soyqırımı aktı törətmiş bir dövlətin həqiqətə uyğun olmayan iddialarının əsl mahiyyətini bilməlidir. Soyqırımı törətmə potensialının türklərə yox, ermənilərə xas olması faktı geniş miqyasda diqqətə çatdırılmalıdır. Bu səbəbdən də, Diasporla İş üzrə Dövlət Komitəsi Ermənistan hökumətinin, erməni diasporu və lobbisinin Azərbaycan və Türkiyə əleyhinə fəaliyyətinin gücləndirməsinə qarşı tədbirlərə dair təkliflər planı hazırlayıb aiddiyyatı qurumlara göndərib.

 – Son illər Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və sizin rəhbərlik etdiyiniz qurum birgə qlobal səviyyədə tədbirlər keçirir. Bu tədbirlərin davamı olacaqmı?

– 2013-cü ildən etibarən hər il  Diasporla İş üzrə Dövlət Komitəsi Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda Qlobal Açıq Cəmiyyətlər Forumunun keçirilməsinə dəstək verir. Dünyanın aparıcı ölkələrinin nüfuzlu ictimai-siyasi xadimlərinin iştirak etdiyi bu forum həm dünyanı narahat edən ən aktual problemlərin müzakirəsi, həm də Nizami Gəncəvi irsinin dünyaya tanıdılması baxımından mühüm əhəmiyyət kəsb edir. Forumun açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də iştirak etmişdir. Dünyanın nüfuzlu siyasətçilərinin, elm adamlarının, dövlət və ictimai xadimlərin qatıldığı bu forumda müasir dünyamızı narahat edən qlobal problemlərin həll yolları axtarılır, təkliflər irəli sürülür. İrqçiliyin, milli, dini ayrı-seçkiliyin aradan qaldırılması, yeni dünya düzənində tolerantlıq, barış kimi dəyərlərin hakim olması forumun işində müzakirə olunan məsələlər sırasında olur. Həmçinin, Azərbaycanın ərazi bütövlüyü , Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tutduğumuz haqlı mövqe forum iştirakçıları vasitəsilə bütün dünyanın diqqətinə çatdırılır. Bu cür dünya əhəmiyyətli tədbirlərin Azərbaycanın paytaxtı Bakıda keçirilməsi ölkəmizin tolerantlığını və dünyəvi dəyərlərə hörmətlə yanaşmasını nümayiş etdirmək baxımından olduqca əhəmiyyətlidir.

2016-cı il martın 10-11-də Bakıda keçirilməsi nəzərdə tutulan IV Qlobal Bakı Forumuna hazırlıq istiqamətində artıq bir neçə görüş keçirilib, konfranslar təşkil olunub. Bu konfransların da ən mühümü bu il oktyabrın 8-9-da Bolqarıstanın paytaxtı Sofiyada Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilmişdi. Konfransın mövzusu “Avropada əməkdaşlıq və qonşuluğun yeni görüntüləri” idi. Konfransda Bolqarıstan Prezidenti Rosen Plevneliyev, Makedoniya Prezidenti George İvanov, Bosniya və Herseqovinanın Prezidenti Mladen İvaniç, həmçinin Latviya, Macarıstan, Rumıniya, Serbiya, Albaniya, Moldova, Polşa, Slovakiya, Ukrayna, Belarusun sabiq dövlət və hökumət başçıları iştirak etdilər. Yaxın Şərqdəki qaçqın böhranı ilə əlaqədar Avropada yaranmış hüquqi, humanitar problemlərin, eləcə də Yunanıstan və digər Balkan ölkələrinin qarşılaşdığı iqtisadi çətinliklərin həll yolları barədə geniş fikir mübadiləsi aparıldı, təkliflər irəli sürüldü.

– 2016-cı ildə Dövlət Komitəsinin fəaliyyətində hansı yeniliklər gözlənilir?

– İlk növbədə, mart ayının 10-11-də Bakıda bizim dəstəyimizlə “Çoxqütblü Dünyaya Doğru” mövzusunda IV Qlobal Bakı Forumu keçiriləcək. Forumla bağlı hazırlıq işlərinə artıq start verilib. İyun ayında isə Dünya azərbaycanlılarının IV Qurultayının keçirilməsi nəzərdə tutulur. Bundan əlavə, Azərbaycan diasporunun fəaliyyətinin gücləndirilməsi, lobbi quruculuğu, Azərbaycanın tarixi və mədəni irsinin təbliği istiqamətində bir sıra maraqlı layihələr həyata keçirməyi də planlanşdırırıq.

Müsahibəni qələmə aldı:

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında