“Xalq qəzeti”ndə çalışmağımı tale yazısı və bəxşişi sayıram”

Düz 20 il bundan əvvəl “Xalq qəzeti”  ümummilli lider Heydər Əliyevin xoş məramı və müstəsna qayğısı ilə yeni statusla  fəaliyyətini davam etdirməyə başlayanda ölkənin bu qocaman qəzetinin o dövrdə üzləşdiyi sınaq və çətinliklər səbəbindən sıraları seyrəlmiş redaksiyanı gənc, istedadlı və perspektivli yazarlarla gücləndirmək zərurəti yaranmışdı. O günlərdə"Azərbaycan" qəzetindən dəvət edilən və qəzetin iqtisadiyyat redaksiyasına müxbir təyin olunan Mirbağır Yaqubzadənin (Quliyev) bugünlərdə 50 yaşı tamam olur.

Ötən 20 ildə həmkarımız jurnalistikaya dərin bağlılığını inamla sübuta yetirmiş, çalışqanlığı, yetkin düşüncəsi, toxunduğu məsələlərə xalq marağı, dövlət mənafeyi baxımından yanaşmaq bacarığı ilə ölkənin iqtisadi mövzuda yazan qələm sahibləri arasında seçilən mövqe qazanmışdır. Mirbağır özü  jurnalistikaya, xüsusən qəzetimizə gəlişinin bir təsadüflə bağlı olduğunu söyləsə də, bütövlükdə, bunu təbii bir ömür yazısı və tale bəxşişi kimi dəyərləndirir.

Belə ki, doğulub-böyüdüyü  Lənkəran rayonunun bu gün də gediş- gəlişi nisbətən çətin olan, meşələr qoynunda yerləşən Bəliton kəndində radio-televiziyanın olmadığı illərdə qəzet-jurnallar kənar aləmə açılan böyük bir pəncərə imiş.  Kənddə geniş mütaliəsi ilə seçilən, uşaqlarının təhsilinə də ciddi diqqət yetirən atası Baloğlan kişi müxtəlif qəzet-jurnallara abunə yazılar, respublikanın baş qəzeti olan “Kommunist”i – oğlunun illər sonra çalışacağı “Xalq qəzeti”ni isə, necə deyərlər, “başlığından tutmuş baş redaktorun imzasına qədər” oxuyurmuş. Müəllimləri isə bu qəzeti çox yüksək bir məkbəb, onun yazdıqlarını “qanuna bərabər şöz” sayırmışlar.

Belə bir mühitdə böyüyən gələcəyin yazarı illər keçdikcə qəribə bir həvəslə “Kommunist” qəzeti məktəbinin şagirdinə çevrilirmiş. Lakin o illərdə nə rəhmətlik atasının, nə də müəllimlərinin ağlına da gəlməzmiş ki, bir gün kəndin ilk jurnalist oğlu olacaq yetirmələri “Xalq qəzeti” kimi mötəbər bir nəşrin tanınmış əməkdaşlarından biri olacaq.

Dərslərindən əla qiymət alan, oxuyub-öyrənməkdən doymayan bu məktəbli uşaq qəzet-jurnallarını da böyük maraqla izləyirmiş. Respublika mətbuatında bölgələrin problemləri ilə bağlı verilən tənqidi yazılar isə onda da doğma kəndinin kəm- kəsirlərindən yazmaq həvəsi doğururmuş. Hətta yuxarı siniflərdə oxuyanda o dövrün populyar satirik jurnalı olan “Kirpi”yə bir yazı da göndəribmiş.

Kənd səkkizillik məktəbindəki təhsilini Lənkəran şəhərindəki orta internat məktəbində tamamlayan Mirbağırı oxuyub-yazmağa olan sonsuz həvəsi 1983-cü ilin isti yay günlərində ali təhsil ardınca Bakıya gətirir. Sənədlərini o vaxtkı Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsinə verib, şəhərlə tanış olmağa üz tutanda ilk olaraq yol onu yaxınlıqdakı “Kommunust” qəzeti redaksiyasının yerləşdiyi əzəmətli binanın qarşısına gətiririb çıxarır.

Girişdəki “Kommunist” qəzeti redaksiyası” göstəricisini həyəcanla nəzərdən keçirən abituriyentin qəlbində bir gün bu qapıdan içəri keçib orada çalışanların sırasına qoşulmaq istəyinin toxumu düşür. Bu gün 50 yaşın tamamında “Xalq qəzeti”nə gəlişini “tale yazısı” adlandıranda da bu nəşrin ailələri və kəndləri üçün  necə qiymətli olmasını və Bakı ilə tanışlıqda, təsadüfən, birbaşa redaksiya binasına tuş gəlməsini nəzərdə tutur. Həmkarımız o mənada haqlıdır ki, filosoflar belə “təsadüf”ləri “zərurət” kimi qəbul edirlər. Burdan o yanasını Mirbağır Yaqubzadə belə xatırlayır:

– Qəbul imtahanlarını verib ilk ciddi arzuma çatdım. 1987-ci ildə ali təhsilimi uğurla başa vurub kəndimizdəki orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi işləməyə başladım. O zaman mənim cəmi 21 yaşım var idi. 1989-cu il ildə məni ikinci ixtisas almaq üçün universitetə bir  illik psixologiya kursuna göndərdilər. Bu dəfə Bakıda qalıb mətbuatda çalışmağı qərara aldım. 1990-cı ildən o dövrün mərkəzi qəzetlərindən sayılan “Sovet kəndi” ilə əməkdaşlıq etməyə başladım. Bu qəzetdə kənd həyatı, xüsusən də kəndimizin yol problemi ilə bağlı bir neçə kiçik yazım dərc olundu.  Beləliklə də, mətbuatda ilk addımlarımı atdım. Həmin ilin sonlarında Azərbaycanda ilk parlament qəzeti kimi nəşrə başlayan “Həyat” (indiki “Azərbaycan”) qəzetində korrektorluğa qəbul edildim. Haqlı olaraq, korrektura işi mətbuatın əlifbası hesab edilir. Çünki bu texniki iş olsa da, hər şeydən əvvəl mətbuat, yazı-pozu adamında düzgün yazı vərdişlərini formalaşdırır, praktik orfoqrafiya qaydalarını öyrədir, səni redaksiya həyatı ilə möhkəm bağlayır. Mən də  korrektor kimi çalışmaqla yanaşı, qəzetdə müxtəlif mövzularda yazılarla çıxış edirdim. Yazılarım başqa nəşrlərdə də dərc olunurdu.  Jurnalist kimi fəaliyyətə başlayanda rəsmi familiyam Quliyev olsa da, II Dünya müharibəsində izsiz-soraqsız itkin düşmüş, quruca bir şəkli belə qalmamış babam Yaqubun adını özümə imza seçdim. 1995-ci ilin sonlarından isə, bildiyiniz kimi, talenin xoş axarı məni gümanlı-ümidli istəyimə çatdırdı: “Xalq qəzeti”ndə müxbir kimi işə qəbul olundum.

– Siz həmişə qəzetimizin mükəmməl  dil-üslub ənənəsinin keşiyində dayanan yazarlardan sayılırsınız...

– Dil xalqımızın ən böyük milli sərvətidir. Təəssüf ki, bəzi dilçilər, söz yaradıcılığı ilə məşğul olanlar yad sözləri dilimizə zorla sırımağa çalışırlar. Bəzi “həmkarlarımız” isə bir qədər də irəli gedərək, özlərinin uydurduqları söz və ifadələri yazılarına gətirirlər. O ki qaldı mənə, ali filoloji təhsil aldığıma görə mətbuata gəldiyim ilk vaxtlardan dilimizin qayda-qanunlarına əməl etməyə çalışmışam, dil normalarının pozulması halları ilə barışmamışam.

– Amma yazılarınızın əksər hissəsi iqtisadi mövzulardadır...

– Humanitar mövzulara bağlılığım dərin olsa da, redaksiyada mənə tapşırılan iş daha çox iqtisadi mövzularda yazmağımla nəticələnir. Bugünkü mətbuatda, xüsusən də gündəlik qəzetlərdə güclü ixtisaslaşma gedir. “Xalq qəzeti”nə işə götürülərkən mənə iqtisadiyyat redaksiyasında çalışmaq təklif olunmuşdu. Artıq 20 ildir ki, mən bu mövzuda məqalə, xəbər və müsahibələr yazıram.  Necə deyərlər, bu mövzuya köklənmişəm, özümü bu mövzuda tapmışam. Mətbuata gəlişim də Azərbaycanın yenidən öz müstəqilliyinə qovuşması ilə eyni dövrə təsadüf edir. Müasir, müstəqil Azərbaycanın qurucusu və memarı, ümummilli lider Heydər Əliyev deyirdi: “Bəli, mən istəyirdim ki, Azərbaycan müstəqil olsun. Hər şeydən əvvəl, iqtisadi cəhətdən. Çünki istənilən müstəqilliyin əsasında iqtisadiyyat durur”. Hazırda bütün dünya ölkələri öz dövlət siyasətlərini müəyyənləşdirərkən iqtisadi amillərə daha çox diqqət yetirirlər. Dünyada davam edən sərt iqtisadi münasibətlərin, güclü, amansız rəqabətin getdiyi bir şəraitdə iqtisadi mövzuda yazılan analitik məqalə və xəbərlərə maraq daha yüksəkdir. Bugünün oxucusu qəzeti ələ alanda, ilk növbədə, öz qazancı, rifahı, günün maddi durumu ilə bağlı yazıları axtarır. Mən də iqtisadiyyat şöbəsində işləyən bir yazar kimi oxucuların bu marağını cavablandırmağa çalışır, ölkəmizin iqtisadi tərəqqisinə qəzetimizin köməyini düşünürəm.

– Siz həm də ölkəmizin neft mövzusunda yazan aparıcı jurnalistlərindənsiniz...

– Neftin və qazın geofizikası və geologiyasından tutmuş, tikinti, qazma, hasilat, nəql, bu əvəzsiz təbii sərvətin emalı, satışı və s. hər biri geniş bir söhbətin mövzusudur. Bu mövzuda yazmağım mənə neft sənayesinə dərindən bələd olmağa imkan verib. Ötən müddətdə ulu öndər Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyasının uğurla gerçəkləşdirilməsi ilə bağı bütün məsələləri qəzetimizin səhifələrində müntəzəm olaraq işıqlandırmağa çalışmışam. ARDNŞ-in fəaliyyəti, onun ayrı-ayrı strukturları, müxtəlif sahələr – neft geofizikası, geologiyası, layihələndirmə, tikinti-quraşdırma, qazma, hasilat, nəql, emal və s. sahələr qəzetimizin səhifələrində öz əksini tapıb. Ötən illərdə neft sənayesinin müxtəlif sahələrində çalışan fədakar insanların əmək rəşadətləri barədə çoxsaylı məqalələr yazmışam. Bu sahədə çalışan insanlarla mehriban, səmimi münasibətlərim formalaşıb, çoxsaylı dostlar qazanmışam.

– Son illərdə ölkənin su təchizatı ilə bağlı da çox yazırsınız...

– Ötən müddətdə Bakıda və regionlarda su təchizatı ilə bağlı çoxsaylı layihələrin təməlqoyma və açılış mərasimlərində iştirak etmiş, həmin tədbirlər və layihələrin təfsilatı ilə bağlı qəzetimizdə ətraflı xəbər və iri həcmli məqalələr yazmışam. Uzun illər içməli su təchizatından əziyyət çəkən bir yaşayış məntəqəsinə su verərkən sakinlərin məmnunluğunu qəzet səhifəsinə gətirməkdən zövq almışam.

– Paytaxtın Nərimanov və Nizami rayonlarının həyatından bəhs edən yazıların altında “Mirbağır Yaqubzadə” imzasını görməyə adət etmişik...

– Son illər payatxtımızın siması günbəgün dəyişir, yeniləşir. Prezident İlham Əliyev Bakı şəhərində aparılan abadlıq-quruculuq işlərinin xüsusi zövqlə aparılmasını nəzarətdə saxlayır. Qəzetimiz bu mövzunu da daimi və geniş işıqlandırır. Uzun illər paytaxtın Nərimanov rayonunda yaşamışam, burada aparılan geniş quruculuq işlərinin yaxından şahidi olmuşam. Nizami rayonuna da  nəhəng sənaye rayonu kimi yaxşı bələdəm. Hər iki rayonda quruculuq işləri getdikcə vüsət alır, əhalinin üzləşdiyi sosial problemlər sürətlə aradan qaldırılır. Bütün bu işlərdən, eləcə də sözügedən rayonlarda keçirilən müxtəlif tədbir və mərasimlərdən yazdığım xəbərlərdə, məqalələrdə operativliyi gözləməyə, redaksiyanın verdiyi tapşırıqları layiqincə yerinə yetirməyə çalışıram.

Məndən kəndimizin ilk mətbuat işçisi kimi həmyerlilərim onlardan daha çox yazmağı umurlar. Mən də onların istəklərini respublika mətbuatında işıqlandırmağa səy göstərmişəm. Şükürlər olsun ki, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə son illər ölkəmizin bütün regionları kimi, boya-başa çatdığım Lənkəran rayonunun da sosial-iqtisadi inkişafı istiqamətində ardıcıl tədbirlər reallaşdırılır. Bunun nəticəsidir ki, kəndimizin də bəzi problemləri tədricən aradan qaldırılır.

– 50 yaşa çatmağınız dönüb geriyə baxmağınızı gündəmə gətirməklə yanaşı, həm də ömrünüzün məhsuldar, yetkin bir dövrünə qədəm qoyduğunuzu xatırladır. Bu münasibətlə sizi redaksiyamız və həmkarlarınız adından ürəkdən təbrik edir, sizə möhkəm can sağlığı və yeni uğurlar arzulayırıq.

Tahir AYDINOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında