Azərbaycanın iqtisadi modelinin uğurları müəyyən edilən yolun düzgün olmasını göstərir

Müstəqil Azərbaycan  artıq on iki ildir ki, ulu öndərimizin ən layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir tariximizin yeni parlaq səhifələrini yazır. Ölkəmiz sabit iqtisadiyyata və mühüm geostrateji mövqeyə malik olan, qlobal enerji təhlükəsizliyinin təminatında getdikcə vacib rol oynayan bir dövlət kimi xarakterizə olunur. Cənubi Qafqazın lideri statusunu daşıyan Azərbaycan hazırda  mövcud olduğu regionda hadisələrin inkişaf istiqamətini müəyyənləşdirən aparıcı rola malikdir.

Yeni Azərbaycan Partiyasının (YAP)  “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (QSC) üzrə təşkilatının sədri Xeyrulla Hümbətov bununla bağlı söhbət zamanı dedi:

-Son on iki  il ərzində Azərbaycan Prezidenti cənab  İlham Əliyevin rəhbərliyi ilə respublikamızda böyük uğurlar əldə edilib, genişmiqyaslı infrastruktur və sosial layihələr həyata keçirilib.   Dövlət başçımızın  yürütdüyü siyasətin kökündə insanların rifahının, güzəranının daha da yaxşılaşdırılması, milli maraqların qorunması dayanıb.   Bütün bunları konkret faktlar əsasında diqqətə çatdırmaq istərdim. Belə ki, sözügedən dövrdə Azərbaycanda möhtəşəm inkişaf dövrü yaşanıb. Bu illər ərzində iqtisadiyyatımız 3 dəfə artıb  ki,   bu da dünya praktikasında nadir hallarda təsadüf olunan artım tempidir.

Azərbaycanın qısa zaman kəsiyində əldə etdiyi möhtəşəm uğurlar, necə deyərlər,  boş yerdən yaranmayıb. Bunun bir səbəbi ulu öndər Heydər Əliyevin zərgər dəqiqliyi ilə işləyib hazırladığı ümumi strategiyada, müdrik siyasi kursun mahiyyətindədirsə, digər səbəbi isə Prezident İlham Əliyevin şəxsiyyətində, onun müstəsna bacarıq və qabiliyyətində, Azərbaycanda və dünyada baş verən proseslərə təsir etmək səriştəsində, Avropa tipli lider səviyyəsinə yüksəlməsindədir. 

Prezident İlham Əliyev ulu öndərimizin idarəçilik irsindən maksimum bəhrələnərək bu məktəbin daha da təkmilləşdirilməsinə təkan verib, onu müasir tələblər səviyyəsinə qaldırıb. Ötən illər ərzində xalqımız bir daha əmin oldu ki, ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun ən layiqli davamçısı Prezident İlham Əliyevin simasında Azərbaycanı dünyanın inkişaf yoluna çıxaran dövlətlərindən birinə çevirmək iqtidarında olan qüdrətli liderinə qovuşub, öz firavan gələcəyini təmin edib. Son on iki il ərzində görülən işlərin miqyası, respublikamızın dinamik və hərtərəfli tərəqqisi naminə qəbul edilən və uğurla həyata keçirilən qlobal dövlət proqramları, onların müsbət nəticələri, ölkəmizin dünya birliyində öz mövqelərini daha da möhkəmləndirməsi bu həqiqəti bir daha təsdiqləyir.

Cənab İlham Əliyevin Prezident kimi fəaliyyət göstərdiyi müddətdə  Azərbaycanda 1 milyon 300 mindən çox yeni iş yerinin açılması, enerji sahəsi ilə yanaşı, qeyri-neft sektorunun önəmli şəkildə tərəqqisi, milli sahibkarlığın formalaşması, əhalinin aztəminatlı hissəsinin, bütövlükdə isə hər bir vətəndaşın maddi rifah halının yuksəlməsi, diaspor və lobbiçilik fəaliyyətinin genişləndirilməsi, Azərbaycanın milli mənafeyinə cavab verən balanslaşdırılmış xarici siyasətin yürüdülməsi, Qərbə inteqrasiya prosesinin sürətləndirilməsi dövlət başçısının reallaşdırdığı vahid siyasi platformaya söykənən, çoxşaxəli və genişmiqyaslı qlobal strateji xəttin prioritet istiqamətləridir.

Hazırda  iqtisadi artım dinamikasına  görə Azərbaycan dünya dövlətlərinin reytinq cədvəlinə başçılıq edir. Aparılan iqtisadi yeniləşmədə də Azərbaycan ən islahatçı ölkə elan olunub. Qlobal maliyyə böhranı başlandıqdan sonra respublika  iqtisadiyyatı yenə də dayanıqlığına və inkişaf səviyyəsinə görə fərqlənənlər sırasındadır.   Bu siyasət böhran şəraitində belə ölkə əhalisinin maddi rifah halının əvvəlki kimi yüksələn xətt üzrə inkişaf etməsinə səbəb olub.

Son illər ərzində nəqliyyat sisteminin əsas sahələrindən biri olan dəmir yolunun inkişafı üçün ölkə rəhbərliyi tərəfindən mühüm qərarlar qəbul olunub, sərəncamlar imzalanıb. Bununla da dəmir yolunun tarixində yeni bir dövr başlanıb. Prezident İlham Əliyevin 6 iyul 2010-cu ildə imzaladığı “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam bu sahənin inkişafını daha da sürətləndirib. Adıçəkilən proqramın reallaşdırılması ilə Azərbaycanın tranzit potensialının artırılması, dəmir yolu nəqliyyatında xidmətlərin səviyyəsinin yüksəldilməsi, sərnişin və yük daşımalarında nəqliyyat xərclərinin azaldılması yolu ilə nəqliyyat kompleksinin səmərəli fəaliyyətini təmin edilməsi ilə bağlı uğurlu nəticələr əldə olunub.

Bu gün beynəlxalq maliyyə qurumları ilə sözügedən QSC arasında əlaqələrin daha da intensivləşməsi  diqqət çəkir. Sistemdə ardıcıl islahatlar  aparılır,   səhmdar cəmiyyətin vaqon parkının yenilənməsi istiqamətində mühüm addımlar atılır. Yük daşımalarına olan tələbatın ödənilməsi, xidmətin səviyyəsinin daha da yüksəldilməsi, əlavə yüklərin cəlb olunması və daşınan yüklərin mənzil başına təhlükəsiz şəraitdə çatdırılması üçün texniki vasitələrin yeniləşdirilməsi diqqət mərkəzində saxlanılır. Bütün bunlar isə əlavə valyuta resurslarının Azərbaycan iqtisadiyyatına yönəldilməsinə müsbət təsir göstərir.

Ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən bu gün dəmiryolçular qarşısında qoyulan ən mühüm tapşırıq yük daşımalarının, xüsusi ilə tranzit yük daşımalarının həcminin artırılmasıdır. Bu məqsədə isə daşımaların sürətini artırmaqla, daşınan yüklərin təhlükəsizliyini təmin etməklə, çevik tarif siyasətini, irimiqyaslı logistika və marketinq işini canlandırmaqla çatmaq mümkündür. Yuxarıda xatırlatdığımız kimi, hazırda QSC-də bu istiqamətdə önəmli tədbirlər reallaşdırılır, tranzit yüklərin ölkə ərazisindən keçirilməsi nəticəsində əlavə valyuta resurslarının Azərbaycan iqtisadiyyatına cəlb olunmasına xüsusi diqqət yetirilir.

Azərbaycan üçün mühüm önəm daşıyan “Şimal-Cənub” beynəlxalq dəmir yolu layihəsi ilə bağlı bir neçə kəlmə demək istərdim. Bu beynəlxalq nəqliyyat dəhlizi haqqında Razılaşma Rusiya Federasiyası, İran İslam Respublikası və Hindistan arasında 2000-ci il sentyabrın 12-də Sankt-Peterburqda bağlanıb. Adları çəkilən dövlətlərdə daxili prosedurlardan keçdikdən sonra Razılaşma 2002-ci il mayın 21-dən qüvvəyə minib. 2005-ci ilin sentyabrında Azərbaycan Respublikasının müvafiq qanunu ilə ölkəmiz “Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi haqqında” sazişə qoşulub.

“Şimal-Cənub” dəmir yolu Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirir. Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə adıçəkilən beynəlxalq nəqliyyat dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq. Həmin dəhliz Avropa-Cənubi Asiya - Yaxın Şərq arasında dəmir yolu daşımalarını, müvafiq olaraq dəmir yolunun istər yerli, istərsə də tranzit daşımalarından əldə etdiyi gəlirləri artırmağa imkan verəcək.

Yeri gəlmişkən, burada bir faktı da xatırlatmaq istərdim. “Şimal-Cənub” dəhlizi ilə ildə 25 milyon tonadək, üstəlik, İranın Bəndər-Abbas limanından 8 milyon ton yük daşımaq mümkün olacaq. Dəhlizlə daşınması planlaşdırılan yüklər sırasına neft, mazut və digər enerjidaşıyıcılar daxildir.

Azərbaycanın dəmir yolu sistemində  canlanmaya  təsir göstərən mühüm amillərdən biri də “Azərbaycan Dəmir Yolları” rəhbərliyində edilən dəyişikliklə bağlıdır. Belə ki, Cavid Qurbanovun  səhmdar cəmiyyətə sədr  təyin edilməsi ilə burada  həyata keçirilən islahatlar daha da sürətlənib, qarşıda duran vəzifələrin uğurlu  icrası  üçün bütün qüvvələr səfərbər edilib. Bir sözlə, sistemdə yeni dönəm başlanıb.  Bu,  tranzit daşımaların mənzil başına təhlükəsiz şəraitdə çatdırılmasına, QSC-nin investisiya layihələrində fəal iştirakına, dəmir yolu infrastrukturunun, texniki vasitələrin müasirləşdirilməsinə, şübhəsiz, öz müsbət təsirini göstərib.

Onu da deyim ki, başa çatmaqda olan 2015-ci il Azərbaycan dəmiryolçuları üçün əlamətdar hadisələrlə zəngin olub. Belə ki, Prezident İlham Əliyevin 2015-ci il 9 fevral tarixli sərəncamı ilə Cavid Qurbanov səhmdar cəmiyyətin sədri təyin edilib. Bakı-Sumqayıt dəmir yolu təmir olunaraq istifadəyə verilib, bu marşrut xətti üzrə sərnişinlərin rahat, sürətli və təhlükəsiz daşınması üçün “Stadler Rail Group” şirkətinin sürətli elektrik qatarları istismara buraxılıb. Sentyabrın 12-dən indiyədək isə Bakı-Sumqayıt-Bakı elektrik qatarının xidmətlərindən 100 mindən çox sərnişin istifadə edib. Yeri gəlmişkən, gələcəkdə də sərnişinlərin tam komfortlu və təhlükəsiz şəraitdə mənzil başına çatdırılması istiqamətində görülən işlər davam etdiriləcək.

Hazırda Bakı sərnişin stansiyasında yenidənqurma işləri aparılır. Burada qısa müddətdə yeni platformalar inşa olunub, qatarların qəbulu, habelə yola salınması üçün nəzərdə tutulan yollarda əsaslı təmir işləri görülüb, kontakt şəbəkəsi və işarəvermə avadanlıqları yenilənib. Bu gün ümumi sahəsi 8 min kvadratmetr olan 17 mərtəbəli “Vağzal” mehmanxanasında və sərnişinlərin gözləmə zalında da yüksək keyfiyyətlə əsaslı təmir işləri aparılır. Sahəsi 10 min kvadratmetr olan beşmərtəbəli Sumqayıt vağzalının binası yararsız halda olduğu üçün sökülüb və yeni binanın tikintisi nəzərdə tutulub.

“Azərbaycan Dəmir Yolları” QSC-nin vaqon parkının müasir sərnişin və yük vaqonları ilə yeniləşdirilməsi diqqət mərkəzində saxlanılır. Belə ki, bu ilin may ayında Bakıda keçirilən “TransCaspian-2015” sərgisi çərçivəsində “Uralvaqonzavod” Elmi-İstehsal Korporasiyası ilə danışıqlar nəticəsində 2920 ədəd müxtəlif təmayüllü yük vaqonunun alınması barədə razılığa gəlinib. Həmin vaqonlardan 250-si artıq respublikamıza gətirilib. Həmçinin ölkəmizə Qazaxıstan-ABŞ istehsalı olan yeni teplovoz gətirilib və daha 9 yük teplovozunun alınması da nəzərdə tutulub. Bundan başqa, Bakı şəhər yük stansiyasına İsveçdə istehsal olunmuş “Valmet” markalı 45 tonluq konteyneryükləyici kran gətirilib. Onu da qeyd edim ki, vaqon parkı İsveçrənin “Stadler Rail Group” şirkətindən 30 ədəd yataq tipli sərnişin vaqonu ilə zənginləşdiriləcək. Bu müasir vaqonların “Bakı-Tbilisi-Qars” dəmir yolu xətti üzrə hərəkət edəcəyi gözlənilir. Digər bir yenilik isə odur ki, “Stadler Rail Group” şirkəti ilə Azərbaycanın “Railway İnternational Distribution” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında Gəncədə vaqon istehsalı üzrə birgə müəssisənin yaradılması haqqında müqaviləyə əsasən, gələn il “Stadler” Gəncə vaqon istehsal zavodu fəaliyyətə başlayacaq. Bir sözlə, yeni qatarların, teplovozların, lokomotivlərin gətirilməsi və həyata keçirilən digər tədbirlər nəticəsində dəmir yolu sahəsində inkişaf dinamik xarakter alıb.

Azərbaycan üçün mühüm önəm daşıyacaq, eyni zamanda, Çini Azərbaycan vasitəsilə Avropa ilə birləşdirəcək “Bakı-Tbilisi-Qars” dəmir yolunun yaxın vaxtlarda  işə düşməsi gözlənilir. Avqustun 3-də Qərbi Çindən ilk konteyner blok qatarı qəbul edilib və sentyabrın 28-də İsveçrədə “Bakı-Tbilisi-Qars” dəmir yolu xətti üzrə hərəkət edəcək yataq tipli sərnişin vaqonlarına baxış və hazır birinci vaqon gövdəsinin qəbulu həyata keçirilib. Oktyabrın 3-də isə beynəlxalq Transxəzər nəqliyyat marşrutu üzrə ikinci konteyner qatarı Azərbaycan ərazisindən tranzit olaraq keçməklə Gürcüstana çatıb.

Konteyner qatarının fəaliyyəti dəmir yolları rəhbərlərinin beynəlxalq Transxəzər nəqliyyat marşrutunun inkişafı üzrə koordinasiya şurasının iclaslarında əldə etdikləri danışıqların nəticəsi olaraq, “Qazaxıstan Dəmir Yolu” SC, “Çin Dəmir Yolları” (ÇSR), “Azərbaycan Dəmir Yolları” QSC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə birgə həyata keçirilib. Çin Xalq Respublikasının Urumçi-Xinjiang vilayətinin Alaşanko eksport stansiyasından çıxan konteyner qatarı Azərbaycan ərazisindən tranzit olaraq keçməklə, 8 gün ərzində Gürcüstanın Tbilisi Uzlovaya stansiyasına çatıb. Konteyner qatarı 44 ədəd vaqondan ibarət olub.

Məlumdur ki, hazırda Azərbaycan və İran arasında dəmir yolu xətləri mövcud olmadığından yüklər sərhəd-keçid məntəqələrindən avtomobil nəqliyyatı ilə daşınır. Ona görə də “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin reallaşması bu gün Azərbaycan Respublikası ilə İran İslam Respublikası qarşısında duran prioritet məsələlərdən biridir. Adıçəkilən beynəlxalq nəqliyyat dəhlizi böyük siyasi və iqtisadi əhəmiyyətə malik olmaqla, yük və sərnişin daşımalarının həcminin dəfələrlə artmasına imkan yaradacaq, Azərbaycan və İran arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinə öz töhfəsini verəcəkdir.

“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan Qəzvin-Rəşt dəmir yolu xəttinin uzunluğu 205 kilometrdir. Yolun inşasına İranın 6 böyük tikinti şirkəti cəlb edilib və işlərin 80 faizi başa çatıb. Yolda 22 tunelin, 15 körpünün inşası davam etdirilir. Tunellərin 15-i artıq hazırdır. Azərbaycan və İran 167 kilometr uzunluğunda Rəşt-Astara dəmir yolunun tikintisi üçün maliyyələşdirmənin birgə axtarışı barədə razılığa gəliblər.

Ümumiyyətlə, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi mühüm əhəmiyyət daşıyır. Xatırladım ki, bu dəhliz İran, Rusiya, Avropa, Cənubi Asiya və Fars körfəzi ölkələri arasında ticarət dövriyyəsini genişləndirmək məqsədilə 2000-ci ildə təsis olunub. Azərbaycan Respublikası 2005-ci ilin sentyabrından bu təşəbbüsə qoşulub. Dəhlizin əsas məqsədi Cənubi Asiya və Fars körfəzinin limanlarını Azərbaycan və İran vasitəsilə Rusiya və Avropa ölkələri ilə birləşdirməkdən ibarətdir. Bu dəhlizin digər marşrutlarla müqayisədə əsas üstünlüyü tranzit məsafəsinin və vaxtının üç dəfə az olmasıdır. Dəhliz vasitəsilə yüklərin çatdırılmasının qiyməti rəqabətə daha davamlıdır. “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin digər üstünlüklərinə marşrutun təhlükəsizliyi və beynəlxalq tranzit dəhlizləri ilə kəsişməsini aid etmək olar. Ümumiyyətlə, bu dəhliz digər ətraf ölkələri də nəzərə almaqla (Əfqanıstan və s.) illik 30 milyon ton yükün hərəkət etdiyi nəqliyyat dəhlizi kimi tranzit vaxtı və qiyməti baxımından ən səmərəli logistik həll yoludur. Ekspertlərin hesablamalarına görə, ilkin mərhələdə bu yük potensialının illik 5 milyon ton hissəsini və daha sonra maddi-texniki bazanı genişləndirərək illik 10 milyon ton daşınmanı Azərbaycan üzərinə keçirmək mümkündür.

- Xeyrulla müəllim “Azərbaycan Dəmir Yolları” QSC-nin qarşısında duran perspektiv vəzifələr barədə nə deyə bilərsiniz?

- Suala cavabla bağlı diqqəti əvvəlcə bir məqama yönəltmək istərdim. Ölkəmizin dinamik inkişafı naminə atılan qətiyyətli addımlar bir daha göstərir ki, möhtərəm dövlət başçımız cənab İlham Əliyev  keyfiyyətcə yeni mərhələdə ictimai münasibətlər sisteminin sağlamlaşmasını, məmurların fəaliyyətində müasir dövrün tələblərinin nəzərə alınmasını, idarəçilikdə sivil normaların qorunmasını vacib sayır. Məhz elə buna görədir ki, “Azərbaycan Dəmir Yolları” QSC- də də islahatlar dönməz xarakter alıb. Bu isə kollektiv tərəfindən böyük razılıq hissi ilə qarşılanıb, dəmiryolçularda qarşıya çıxan hər hansı problemin tezliklə həll ediləcəyi qənaəti yaradıb. Bu, həm də ölkə başçısının QSC-nin inkişafına, müasirləşməsinə və mövcud problemlərin həllinə böyük həssaslıqla, diqqətlə yanaşmasını göstərir.

Bayaq xatırlatdığım kimi, dövlət başçısının tapşırıqları əsasında hazırda dəmir yolu təsərrüfatına dərindən bələd olan yeni rəhbərlik tərəfindən genişmiqyaslı yenidənqurma işlərinə başlanılıb. Polad magistralın modernləşdirilməsi, texniki tərəqqisi və hərtərəfli yeniləşməsi, mühüm dəmir yolu obyektlərinin istifadəyə verilməsi, “Bakı-Tbilisi-Qars” və “Şimal-Cənub” beynəlxalq və regional nəqliyyat dəhlizlərinin reallaşması və digər çoxşaxəli tədbirlər problemlərə kompleks yanaşmanın mövcud olduğunu bir daha təsdiqləyir. Yeni rəhbərliyin qısa müddətli fəaliyyəti göstərir ki, Azərbaycan dəmir yolu ölkənin sosial-iqtisadi inkişafında öz yeri olan təsərrüfat kompleksi kimi inkişaf edəcəkdir.

Yuxarıda deyilənlərdən bir daha aydın olur ki, respublika iqtisadiyyatının inkişafında çox mühüm rol oynayan Azərbaycan dəmir yolu beynəlxalq və regional layihələrdə iştirak etməklə öz infrastrukturunu qoruyub saxlayır, əhalinin, dövlət strukturlarının daşımalara olan tələbatının ödənilməsi istiqamətində fəaliyyətini uğurla davam etdirir. Ümumiyyətlə, regiona sabitlik, əmin-amanlıq və iqtisadi səmərə gətirə biləcək hər hansı layihənin reallaşmasında Azərbaycanın iştirak etməsi istənilən prizmadan yanaşanda çox gərəklidir.

Müsahibəni qələmə aldı:
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında