Xəbər verildiyi kimi, Azərbaycan Mətbuat Şurası nəzdində ictimai əsaslarla fəaliyyət göstərən Ahıl Jurnalistlər Məclisi yaradılmışdır. Müsahibimiz məclisin sədri, əməkdar jurnalist Yusif Kərimovdur.
- Yusif müəllim, Mətbuat Şurasında belə bir qurumun yaradılması hansı zərurətdən doğmuşdur?
- Mətbuat Şurası son illərdə milli jurnalistikamızın yüksəlişi, mətbuat işçilərinin rifahı naminə çox sayda faydalı işlər görür. Bunlardan ən önəmlisi odur ki, keçirilən tədbirlərdə gənc və ortayaşlı jurnalistlərlə yanaşı, ahıl jurnalistlərimiz də fəal iştirak edirlər. Bu da jurnalistikamızı təmsil edən nəsillər arasında körpü yaradır, yeniliklə peşəkarlığı qovuşduraraq, yaxşı ənənələrin daha da inkişaf etməsinə təkan verir. Bu səbəbdən də Mətbuat Şurası jurnalistika sahəsində layiqli xidmətləri və zəngin təcrübəsi olan yaşlı nəslin nümayəndələrini diqqətdən kənarda qoymamaq məqsədini ön plana çəkmişdir. Nəticədə, belə bir qurumun - Ahıl Jurnalistlər Məclisinin yaradılmasını məqbul hesab edərək, onun işçi qrupunu təsdiq etmişdir.
- İşçi qrupuna kimlər daxildir?
- Məclisin işçi qrupunda yurnalistikamızın canlı salnaməsi olan Şirməmməd Hüseynov, bundan əlavə Əli İldırımoğlu, Ələsgər Cabbarov, ilk poliqrafçı alim Şəddat Cəfərov kimi ustad sənətkarlarımız vardır. Onlar bizim əsas məsləhətçilərimiz, öyrənc ünvanımızdır. Digər üzvlər də mətbuat sahəsində layiqli xidmətləri olan qələm sahibləridir. Telman Əliyevin, Məzahir Süleymanzadənin, Tahir Aydınoğlunun imzaları və ictimai fəaliyyətləri, yəqin ki, oxuculara yaxşı tanışdır. Üzvlərin razılığı əsasında qrupdaxili vəzifə bölgüsü də aparmışıq. Məzahir Süleymanzadə məclis sədrinin müavini, Tahir Aydınoğlu əlaqələndirici katib seçilmışlər. "Azərbaycan" qəzetinin bölgə müxbiri, təcrübəli jurnalist Əhməd İsayevi və "Kəlam" jurnalının baş redaktoru Hacı Mirəziz Seyidzadəni də məclisin fəaliyyətinə cəlb etmişik. Onlar Gəncədə və ətraf rayonlarda yaşayan ahıl jurnalistlərlə, habelə şəriət sahəsində fəaliyyəti olan qələm sahibləri ilə əlaqə yaratmaqda, müəyyən tədbirlər keçirməkdə köməkçimiz olacaqlar. Bu cür əlaqəni Naxçıvan Muxtar Respublikasında yaşayan ahıl jurnalistlərimizlə yaratmağı da nəzərdə tutmuşuq...
- Yeri gəlmişkən, məclisin adı barədə. Əvvəlcə mətbuatda bu ad "Ağsaqqal jurnalistlər məclisi" kimi yayıldı. Sonra dəyişdirdiniz bu adı...
- Biz heç nəyi dəyişdirməmişik. Əslində, kütləvi informasiya vasitələri bu məsələdə bir qədər tələsmişdilər. Daha doğrusu, məclisin adı tam dəqiqlədirilməmiş, yəni təsdiqini tapmamış mətbuat səhifələrinə çıxarılmışdı. Əhvalat belə olmuşdu. Bu il sentyabrın 23-də yaşlı jurnalistlərimizin nümayəndələri Mətbuat Şurasının iqamətgahında bir araya gələrək, belə bir qurumun yaradılması ideyasını bəyəndiklərini bildirmişdilər. Mətbuat Surası üzvlərinin iştirakı ilə keçirilən bu toplantıda təçkilat qrupu yaradılmış və həmin qrupa tapşırılmışdı ki, yeni qurumun adı və məramı barədə təklifini Mətbuat Şurasına təqdim etsin.
Əlbəttə, belə bir təklifin layihəsini hazırlamaq üçün geniş jurnalist şəbəkəsinin (həm yaşlı, həm də cavan qələm sahiblərinin) fikrini öyrənməli olduq. Təkliflər çox idi. Xüsusən, ad barədə fikirlər şaxələnirdi. Kimi onu "Ağsaqqal jurnalistlər məclisi", kimi də "Yaşlı jurnalistlər məclisi" adlandırmağı təklif edirdi. "Ustad jurnalistlər məclisi" deyənlər də az deyildi. Lakin biz çoxluğun təklf etdiyi və məntiqə daha çox uyğun olan adın üstündə dayandıq: "Ahıl jurnalistlər məclisi". Mətbuat Şurasının idarə heyəti də məramnaməmiz və tədbirlər planımızla birlikdə bu adı təsdiqlədi.
- Ahıl Jurnalistlər Məclisinin məramını bir neçə kəlmə ilə necə ifadə edərdiniz?
- Unudulanları unudulmağa qoymamaq. İş qabiliyyətini itirmiş, yaxud ağır xəstəliklərin əsirinə çevrilib, həyat eşqini itirməkdə olan həmkarlarımıza mənəvi dayaq olmaq. Habelə dünyasını dəyişmiş görkəmli jurnalistlərimizin anım günlərini keçirməklə, onların mətbuat sahəsindəki xidmətlərini və yaradıcılığını müasirlərimzə tanıtdırmaq. Ən əsası isə yaşlı jurnalistlərimizi "hərəkətə gətirmək", vaxtaşırı tədbirlərə qoşmaqla ictimaiyyətə yaxınlaşdırmaq. Milli jurnalistikamızın inkişafı üçün faydalı ola biləcək "Ahıl +Cavan tandemi"nə nail olmağın yollarını axtarırıq.
- Bu sahədə gərək ki, müəyyən təcrübəniz var ?
- Elədir. Mətbuat Şurasının təşkilatçılığı ilə mətbuat sahəsində pozulmaz izlər qoyan mərhum jurnalistlərdən Sona Bağırovanın (Sona Bəhrəli), Qubad Süleymanovun, Nəriman Zeynalovun, Rəfail Nağıyevin anım günlərini keçirmişik. Onların həyat və yaradıcılığı barədə yazılar dərc etdirmişik. Ötən ay "Şöhrət" ordenli jurnalist Şamil Şahməmmədovun 75 yaşını Mətbuat Şurası təntənəli surətdə qeyd etdi.
Yaxın günlərdə keçirəcəyimiz tədbirlər də maraq doğurmaya bilməz. Milli Məclisə seçkilər ərəfəsində Mərkəzi Seçki Komisiyası katibliyinin rəhbəri, uzun illər məsul dövlət qulluğu vəzifələrində çalışmış qocaman jurnalist Çingiz Ələkbərovla mətbuat işçilərinin görüşünü keçirməyi planlaşdırmışıq. 40 ildən çox radio jurnalisti kimi fəaliyyət göstərmiş, son vaxtlar göz şikəstliyinə mübtəla olmuş əməkdar jurnalist Telman Qarayevin öz mənzilində yaratdığı unikal "Səs muzeyi"nə baş çəkməyi, oradan birbaşa efirə çıxmağı nəzərdə tutmuşuq. Bir sözlə, tədbirlər planımız formaca bir-birindən fərqlənən mövzularla zəngindir.
- Belə tədbirlər müəyyən vəsait tələb edir. Maliyyə dəstəyiniz varmı?
- Əlbəttə, hər bir tədbirin "yaraşıqlı və hörmətli" olması ona çəkilən xərclə bağlıdır. Bu mənada biz əsasən Mətbuat Şurasına və Mətbuata Yardım Dövlət Fonduna arxalanırıq. Digər tərəfdən isə ömrünü mətbuatımızın inkişafına sərf etmiş insanların qəlbini isitmək, ruhunu şad etmək üçün görülən xeyirxah işdə bütün mətbuatsevərlərdən, xüsusən imkanlı həmvətənlərimizdən kömək umuruq.
- Yeni ictimai işiniz əsas işinizə mane olmur ki?
- Olsa da , olmasa da biz bu xeyixah işə qəlbimizin səsi, vicdanımızın hökmü ilə qoşulmuşuq. Bizim dərdimizi bizdən yaxşı kim anlaya bilər? Mən "biz" deyəndə ahıl jurnalistləri nəzərdə tuturam. Odur ki, Məclisin işçi qrupunda cəmləşən jurnalistlərimiz əsas iş yerlərində vəzifə borclarını yerinə yetirməklə yanaşı, belə şərəfli ictimai fəaliyyətlərini də davam etdirirlər. Təki səhhətimizin durumu işimizə mane olmasın.
- Müsahibə üçün sağ olun.
{nl}
Söhbəti yazdı: Əlipənah BAYRAMOV, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.