Böyük Britaniyanın Oksford şəhərində keçirilən beynəlxalq elmi sammitdə ölkəmizi təmsil edən Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Milli Məclisin mədəniyyət komitəsinin sədri Rafael Hüseynov AZƏRTAC-ın bu ölkədəki xüsusi müxbirinə müsahibə verib.
R.Hüseynov deyib: “Elə şəhərlər var ki, onlar yalnız mənsub olduqları ölkəyə aid deyillər. Paris, Roma, Moskva, Berlin, İstanbul kimi şəhərləri yalnız öz ölkələrinin baş şəhərləri hesab etmək azdır. Çünki həmin şəhərlərdə dünyanın taleyinə təsir edən qərarlar verilir, bu qəbil şəhərlərin tarixi-mədəni ənənələri, füsunkarlığı onları dünya paytaxtlarına çevirir.
London, Kembric, Oksford kimi şəhərlərin, ümumilikdə isə Böyük Britaniyanın dünyanın və Avropanın elmi-mədəni həyatında rolları böyükdür.
Mən əvvəlcə Böyük Britaniya ilə bizim münasibətlərimizdən Avropa Şurası nöqteyi-nəzərindən söz açmaq istərdim. Azərbaycan Böyük Britaniyanın Avropa Şurasındakı nümayəndələri ilə daim sıx əlaqədə olub. AŞPA-dakı yolumuzun başlanğıcında, bizim üçün ən çətin dövrdə, hələ az sayda avropalı deputatla tanışlığımızın, dostluq münasibətlərimzin mövcud olduğu vaxtlarda Azərbaycanın bu qurumdakı nümayəndə heyətinin ilk rəhbəri, hazırda dövlətimizin başçısı İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tövsiyə üçün təklif hazırlamışdı. Uzun mübarizədən sonra bu sənəd əsasında ayrıca məruzəçi təyin edildi. Erməni lobbisi və onlara havadarlıq edən qüvvələr məruzənin Avropa Şurasının gündəliyinə salınmaması üçün hər cür üsuldan istifadə edirdilər. Lakin cəhdləri baş tutmadı və məruzə Avropa Şurasının gündəliyinə daxil oldu. Ölkəmiz üçün çox əhəmiyyətli olan bu hadisəni nümayəndə heyətimizi qəbul etdiyi unudulmaz görüşlərdən birində ümummilli lider Heydər Əliyev belə ifadə etmişdi: “Azərbaycan Avropa Şurasında uğurlar qazanıb, bundan sonra da yeni nailiyyətlər qazanmağa davam edəcəkdir. Bu nailiyyətlərin zirvəsində isə Dağlıq Qarabağ məsələsi üzrə məruzənin məhz belə mürəkkəb dövrdə Avropa Şurasının gündəliyinə daxil edilməsi dayanır. Çünki belə bir məruzənin varlığı artıq elə sərlövhəsi ilə Avropa Şurasının Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi hesab etməsinin təsdiqi deməkdir”.
Həmin vaxt məruzəçi britaniyalı siyasətçi, o dövrdə siyasi komitənin sədri olan Terri Devis idi. Onu ədalətli mövqeyindən döndərmək, əqidəsindən yayındırmaq üçün ermənipərəst qruplaşmalar hədə və təhqirlərdən belə çəkinmirdilər. Lakin erməni tərəfinin bütün təzyiqlərinə baxmayaraq, T.Devis sonadək dəyanət göstərdi, çox obyektiv bir məruzə hazırlandı. 2005-ci ilin yanvar ayında məruzə və onun qətnamə layihəsi Avropa Şurasında qəbul edildi. Həmin 1416 saylı qətnamənin ilk maddələrində göstərilir ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib, Dağlıq Qarabağda separatçı rejim mövcuddur, azərbaycanlıların tarixən kompakt yaşadığı Ermənistan ərazilərində soyqırımı siyasəti həyata keçirilib. Bütövlükdə Avropa Şurasının Azərbaycana olan mövqeyi bütün mahiyyəti ilə bu maddələrdə ifadə edilib. Həmin dövrdə ermənilər lobbi mütəşəkkilliyi cəhətdən bizdən müqayisəedilməz dərəcədə üstün idi, Avropa Şurasında da əlaqələri çox idi. Ancaq bizim Avropa Şurasında uğur qazanmağımıza Britaniya nümayəndə heyətinin ən yüksək səviyyədə köməyi başlıca dayaq oldu. Bu dəstək sonrakı dövrlərdə də davam etdi və biz bunu yüksək qiymətləndiririk.
Beləliklə, biz Avropa Şurasında fəaliyyətə başladığımız dövrdən indiyədək Böyük Britaniya nümayəndə heyəti ilə daim sıx əlaqə saxlamışıq və lazımı dəstəyi görmüşük.
Britaniya ilə münasibətlərimiz sadəcə siyasi deyil, bütün sahələrdə yüksələn xətlə inkişaf edir. Mən ixtisasca şərqşünasam, mədəniyyət problemləri ilə məşğulam. Dünya mədəniyyətinin misilsiz incilərinin qorunub saxlandığı ən önəmli bir beşik kimi Böyük Britaniya həmişə maraq doğurub. Bizim Britaniya ilə elmi istiqamətdə əməkdaşlığımızın çox böyük perspektivləri var. Dəyərli alimimiz, professor Nərgiz Paşayeva Oksfordda dahi şairimiz Nizami Gəncəvi ilə bağlı araşdırmaların dünya səviyyəsində daha ardıcıl və sistemli aparılmasını təmin etmək və Azərbaycan mütəfəkkiri olaraq Nizaminin dünyada bir qədər də geniş əhatədə təsdiqlənməsi üçün mühüm iş görüb və burada Nizami Gəncəvi Elmi Mərkəzinin yaradılmasına nail olub. Bu addım yüksək qiymətləndirilməlidir. Çünki əsrlər boyu təkcə Azərbaycanın torpaqlarına, maddi sərvətlərinə göz dikməyiblər, mədəniyyətimizə, tariximizə də işğalçı niyyətlərlə caynaq sıyırıblar, ayrı-ayrı mədəni sərvətlərimizi, dəyərlərimizi, hətta şəxsiyyətlərimizi qəsb etməyə, mənimsəməyə can atıblar. Məsələn, Mirzə Şəfi Vazeh, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli, Məhsəti Gəncəvi, o cümlədən Nizami Gəncəvi müxtəlif özününküləşdirmə cəhdlərinə mütəmadi olaraq məruz qalıblar və demək olmaz ki, bu cür yanaşmalar tükənib.
Nizami Gəncəvi əlbəttə ki, ilk növbədə Azərbaycanın övladı kimi dünya mədəniyyəti xəzinəsinə daxil olub. Lakin bu gün artıq bütün dünyanın övladı sayılan Nizami Gəncəvi yalnız bir mədəni-ədəbi amil deyil, həm də siyasi amildir. Azərbaycanı dünyada daha geniş tanıtmaq, ölkəmizin intellekt gücünü, bütövlükdə bəşərin mədəni inkişafına töhfələr vermək mahiyyətini nümayiş etdirmək üçün vacib elementdir. Bu baxımdan da Nizami Gəncəvi Elmi Mərkəzinin dünya elminin mərkəzlərindən hesab edilən Oksfordda yaradılması çox diqqətəlayiqdir".
R.Hüseynov bu yaxınlarda Böyük Britaniyada yüksək mükafatla qiymətləndirilməsi ilə bağlı qeyd edib: “Aldığım mükafat ”Birləşmiş Avropa Mükafatı" adlanır və bunun mahiyyəti də elə adında ifadə olunub. Mükafatla əlaqədar təqdim edilmiş ayrıca sənəddə qeyd olunur ki, bu, Avropada inteqrasiya proseslərinə şəxsi töhfələrə görə verilir. Bu xidmətlər nədən ibarətdir? Əvvəla, Avropa Şurasındakı fəaliyyətlərimiz, orada hazırladığımız sənədlər, təqdim etdiyimiz məruzələr, eyni zamanda, müxtəlif dillərdə Azərbaycanın və Şərqin tarixi və mədəniyyəti ilə əlaqədar nəşr etdiyimiz araşdırmalar, məqalələr və kitablar nəzərə alınıb. Bu mükafat Azərbaycan aliminə təqdim olunan mükafatdır, lakin mən bunu mənim deyil, bütövlükdə həm Azərbaycanın Avropa Şurasındakı fəaliyyətinə, həm də son onillərdə Azərbaycan elminin dünya miqyasında özünütəsdiqinə verilən mükafat kimi qiymətləndirirəm. Çünki Azərbaycan kökü, ənənələri etibarilə müsəlman Şərqini təmsil edən bir ölkə olsa da, eyni zamanda, Avropa standartlarından geri qalmayan müasir bir dövlətdir. Azərbaycan XX əsrin əvvəllərində konstitusiya ilə qadınlara kişilərlə bərabər hüquq verdikdə Avropanın bir çox ölkələrində bu, yox idi. Bu mükafat bir daha onu təsdiq edir ki, Azərbaycan öz inkişafı ilə, Avropanın və dünyanın da daha artıq tərəqqi etməsinə öz layiqli töhfəsini verir. Azərbaycan Qərbin mütərəqqi irsindən təcrübə qazanmaqla yanaşı, həmçinin həmin irsin daha da genişləndirilməsi və zənginləşdirilməsi üçün öz töhfələrini verir. Aldığımız mükafatın fəlsəfəsi bundan ibarətdir və mahiyyət etibarilə həm əməyimizin nəticəsini, həm də bütövlükdə Azərbaycanın Avropada və dünyada artan gücünü təsdiq edir".
Azərbaycanın mədəniyyətinin, tarixinin dünyada daha geniş tanıdılması və təbliği üçün gələcək planları barədə danışan alim bildirib: “Britaniyanın Kembric şəhəri də Oksford kimi dünya elminin inkişafında ən mühüm məkanlardan hesab edilir. Biz Kembric Universitetində də ”Xəmsə" - Nizami Gəncəvi və Azərbaycan araşdırmaları elmi tədqiqat institutu açmaq niyyətindəyik. Bu istiqamətdə artıq danışıqlar aparılıb. Düşünürəm ki, bu institutun açılması elmi-mədəni və daha geniş ölçüdə götürsək, siyasi faydaları olan bir işə çevriləcək. Aparacağımız araşdırmalara yalnız azərbaycanlı alimləri deyil, dünyanın bir sıra nüfuzlu şərqşünaslarını da cəlb etməyi planlaşdırırıq. Mərkəzin adından da göründüyü kimi, burada sadəcə Nizami yaradıcılığı deyil, Azərbaycanın tarixi, mədəni irsi, bu günə qədər keçdiyi siyasi, ictimai yol, xülasə, Azərbaycanla bağlı maraq doğuran bütün mövzular silsiləsi araşdırma mövzusuna çevrilə biləcək.
Bundan başqa, “Sokrat” Komitəsinin xətti ilə gələn ilin mart ayında daha bir konfransın keçirilməsi planlaşdırılır. Bu konfransda da mənim məruzəm nəzərdə tutulur.
Böyük Britaniyanın nüfuzlu elmi jurnalı “Sokrat Almanax”ın yeni nömrəsi hazırlanır və məndən xahiş edilib ki, yeni nəşrdə də elmi yazı ilə çıxış edim. Bu yazım Azərbaycanın ədəbiyyat tarixi ilə bağlı olacaq. Mənim araşdırma sahələrimə son 1000 il boyu türk, ərəb və fars dillərində yaradılmış ədəbiyyat və mədəniyyət daxildir, lakin Avropada dərc edilən yazılarımda hər zaman çalışıram ki, mövzu sırf Azərbaycanla bağlı olsun. Çünki bunun da ölkəmizi, xalqımızı, dövlətimizi təbliğ etmənin daha bir yolu olduğuna inanıram.
Son olaraq, jurnalın ekspert şurasının üzvü kimi, “Sokrat” Komitəsinin rəhbərliyi mənə rəsmi şəkildə müraciət edərək bir monoqrafiyamı növbəti ildə nəşr etməyə hazır olduqlarını bildirib. Qərara aldım ki, “Sokrat” Komitəsinin xətti ilə Nizami Gəncəvi haqqında bir kitabımı nəşr etdirim. Artıq əsər tamamlanmaq üzrədir və məhz Nizamini seçməyim də təsadüfi deyil. Birincisi, Nizami Gəncəvi bu gün dünyada Azərbaycanın rəmzlərindən biridir və bu şərəfli adın Azərbaycan rəmzi kimi Yer üzünün hər nöqtəsində dərk və qəbul edilməsi naminə biz daim səy göstərməliyik. İkincisi, 30 çap vərəqi həcmində olan irihəcmli həmin monoqrafiyada dahi şəxsiyyət bütün yönləri ilə tədqiq olunur və Nizamiyə qarşı psevdoelmi təxribatların davam etdiyi müasir dönəmdə onu dünyaya ingilis dilində tam sağlam elmi mövqedən yazılmış belə bir monoqrafiya ilə təqdim etməyə bu gün ehtiyac böyükdür.
Orxan İSMAYILOV,
AZƏRTAC-ın xüsusi müxbiri
London
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.