Müsahibimiz Vergilər Nazirliyinin vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi səlahiyyətlərini icra edən Həmid Zeynalovdur.
- Həmid müəllim, vergi qanunvericiliyi hər il təkmilləşdirilərək ona əlavə və dəyişikliklər edilir. Ötən il Vergi Məcəlləsinə edilmiş dəyişikliklər gözlənilən nəticələri verdimi?
- Ölkəmizin son illərdə uğurlu inkişafı, dövlət rəhbərliyi tərəfindən böyük uzaqgörənliklə həyata keçirilən neft-qaz strategiyası və qeyri-neft sektorunun inkişafını təmin edən iqtisadi siyasət milli iqtisadiyyatın şaxələndirilməsinə və rəqabət qabiliyyətinin artmasına imkan vermişdir.
2008-2009-cu illər dünya maliyyə böhranı bir çox dövlətləri çətin vəziyyətdə qoyduğu halda, təsadüfi deyildir ki, iqtisadiyyatda real sektorun dəstəklənməsi və qabaqlayıcı tədbirlərin görülməsi siyasətinə üstünlük verən Azərbaycan hökuməti milli iqtisadiyyatın böhrana qarşı dayanıqlılığının təmin edilməsinə nail oldu. Real sektorun dəstəklənməsi siyasətinin tərkib hissəsi olaraq ölkədə vergi alətlərindən də səmərəli şəkildə istifadə edilmişdir. Ötən il qlobal maliyyə böhranına baxmayaraq, ölkə Prezidentinin təşəbbüsü ilə iqtisadi aktivliyin yüksəldilməsi məqsədilə vergi yükünün azaldılması istiqamətində qanunvericilik sahəsində mühüm addımlar atılmışdır. Belə ki, 2010-cu ildən mənfəət vergisinin dərəcəsi 22 faizdən 20 faizə, fiziki şəxslərdən gəlir vergisinin dərəcəsinin maksimal həddi isə 35 faizdən 30 faizə endirilmişdir.
Eyni zamanda, sahibkarlıq fəaliyyətinin stimullaşdırılması üçün fərdi sahibkarların vergiyə cəlb edilən gəlirlərindən tutulan verginin dərəcəsi 20 faizə endirilmişdir. Düzdür, dərəcələrin aşağı salınmasından irəli gələn iqtisadi səmərəni qiymətləndirmək hələ tezdir, lakin belə hesab edirik ki, vergi dərəcələrinin endirilməsi müəyyən həcmdə büdcə gəlirlərinin real sektorda qalmasını şərtləndirmişdir. Bu isə öz növbəsində real sektoru stimullaşdırmaqla şirkətlərin daha sabit və davamlı inkişafına şərait yaratmış, onların mənfəətinin, gəlirlərinin artmasına imkan vermişdir. Ötən müddət ərzində vergi daxilolmalarının dinamikası, xüsusilə qeyri-neft sektorunun büdcə ödəmələrinin təhlili aparılan dəyişikliklərin müsbət nəticələr verdiyini təsdiq edir.
Mühüm bir dəyişiklik də vergi inzibatçılığı sahəsində aparılmışdır. Belə ki, cari ildən etibarən elektron vergi-hesab fakturaları tətbiq edilir. Bu yenilik həm vergi ödəyiciləri üçün, həm də vergi inzibatçılığı baxımından əhəmiyyətlidir. Elektron vergi hesab fakturaları vergi xidməti orqanları ilə vergi ödəyiciləri arasında əlaqələri elektron vasitələrdən istifadəsini təmin etdiyindən vergi ödəyicilərinin işini xeyli asanlaşdırmış, inzibatçılıq xərclərini aşağı salmışdır.
- Son zamanlar vergi orqanları tərəfindən əmək haqlarının leqallaşdırılması istiqamətində nəzarət tədbirləri artırılmışdır. Bu, ümumiyyətlə, biznes mühitində müəyyən suallar doğurmuşdur. Bu məsələyə Vergilər Nazirliyinin münasibəti necədir?
- Əmək haqlarının leqallaşdırılması bu gün bir sosial-ictimai problem olaraq aktualdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2010-cu ilin birinci rübünün yekunlarına həsr olunmuş geniş iclasında bu məsələni xüsusi olaraq qeyd etmiş, bu sahədə ciddi nöqsanların olduğunu bildirmiş və onların aradan qaldırılması üçün konkret tapşırıqlarını vermişdi. İqtisadiyyatın ayrı-ayrı sektorlarında muzdlu işçilərin əmək müqaviləsi bağlamadan işə cəlb edilməsi ilə yanaşı, həm də əmək haqlarının süni şəkildə aşağı rəsmiləşdirilməsi halları mövcuddur. Bunu vergi ödəyicilərinin təqdim etdikləri bəyannamələrin, həmçinin vergi orqanlarında olan məlumat bazasının digər göstəricilərinin təhlilləri də təsdiq edir. Eyni zamanda, vergi orqanlarının apardığı səyyar yoxlamalar və operativ nəzarət tədbirləri zamanı da bu kimi halların kütləvi xarakter daşıdığı müəyyənləşdirilmişdir.
Məhz buna görə də Vergilər Nazirliyi Vergi Məcəlləsinin müddəalarına əsaslanaraq, cari ildə bu sahədə nəzarət tədbirlərinin həyata keçirilməsini daha da intensivləşdirmişdir. Qanunvericiliyin mövcud müddəalarının tətbiq edilməsi ilə bağlı, təbii ki, vergi ödəyiciləri tərəfindən də müəyyən suallar qaldırılır. Digər tərəfdən, aparılan nəzarət tədbirləri və kameral qaydada hesablanmış əlavə öhdəlikləri, bəzən vergi ödəyiciləri adekvat qarşılamırlar. Məhz bu amillər nəzərə alınaraq sözügedən məsələ ilə bağlı daxil olan sual və müraciətlərlə əlaqədar vergi ödəyicilərinin iştirakı ilə araşdırmalar aparılır.
Bu məqsədlə vergi ödəyicilərinə Bakı şəhərində Bakı Şəhəri Vergilər Departamentinin Bəyannamələrin qəbulu və işlənməsi idarəsinin tərkibində olan Apellyasiya şöbəsinə, regionlarda isə aidiyyəti vergi orqanlarının xidmət strukturlarına müraciət etmək imkanı da yaradılmışdır. Bu strukturlarda vergi ödəyicilərinin müraciətləri özlərinin iştirakı ilə diqqətlə araşdırılır və müvafiq qərar qəbul edilir.
İşçilərə qeyri-rəsmi əmək haqları ödəməklə, əslində, işəgötürənlər vergiləri ödəməkdən yayınmaq məqsədilə əmək və vergi qanunvericiliyinin normalarını pozmuş olurlar. Bütün hallarda əhalinin sosial müdafiəsi, vətəndaşların hüquqlarının qorunması, həm də dövlət büdcəsindən vergilərin yayındırılmasının qarşısının alınması üçün əmək haqlarının reallığa uyğun düzgün rəsmiləşdirilməsinə, bu sahədə şəffaflığın və azad rəqabətin təmin edilməsinə nail olunmalıdır. Buna görə də, vergi orqanlarının işçilərin əmək haqlarının leqallaşdırılması, ikili mühasibatlığın aradan qaldırılması sahəsində apardığı nəzarət tədbirləri bundan sonra da ardıcıl olaraq davam edəcəkdir.
- Yeri gəlmişkən, Vergilər Nazirliyində yaradılmış Apelyasiya Şurasının fəaliyyətinə toxunmaq istərdim. Apelyasiya Şurası hansı məsələləri həll edir? Vergi ödəyiciləri hansısa mübahisə doğuran və ya onların etirazına səbəb ola biləcək məsələlər barədə Şuraya necə müraciət edə bilərlər?
- İlk növbədə qeyd edim ki, vergi ödəyiciləri üçün daha mükəmməl apelyasiya sisteminin yaradılması ölkə Prezidenti İlham Əliyevin 12 sentyabr 2005-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında vergi inzibatçılığının təkmilləşdirilməsi Dövlət Proqramı"nda nəzərdə tutulmuşdur. Bu sistem vergi ödəyicilərinin hüquqlarının hərtərəfli müdafiəsi, onların şikayətlərinə baxılması işinin təkmilləşdirilməsi və bu sahədə nəzarətin gücləndirilməsinə xidmət edir. Dövlət Proqramının icrası ilə əlaqədar, Vergilər naziri Fazil Məmmədovun müvafiq əmri ilə Vergi Apelyasiya Şurası yaradılmışdır.
Apellyasiya Şurası korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlər istisna olmaqla, vergi ödəyicilərindən inzibati və nəzarət tədbirləri nəticəsində tərtib edilmiş aktlar və qəbul edilmiş qərarlardan daxil olan təkrar şikayətlərə, ərizələrə və müraciətlərə baxır, bununla bağlı hərtərəfli araşdırma aparır, şikayət edən tərəfin gətirdiyi bütün dəlillərə əsaslandırılmış münasibət bildirir, qanunvericiliklə müəyyən edilmiş qaydada qərarlar qəbul edir və bu qərarların icrasını nəzarətdə saxlayır.
Bir məsələyə də aydınlıq gətirim ki, vergi ödəyicilərindən ilk dəfə birbaşa Apelyasiya Şurasına daxil olmuş şikayət və ərizələrə nazirliyin aidiyyəti üzrə funksional idarələrində baxılır. Burada qəbul edilən qərarlar vergi ödəyicisini qane etmədikdə, o, yenidən Apelyasiya Şurasına müraciət edir və təkrar şikayətə artıq Şurada baxılır.
- Bəs vergi ödəyicisinin Şuranın iclasında iştirakına icazə veriləcəkmi? Yəni vətəndaşlar onlarla bağlı məsələnin müzakirəsinə qatıla və öz mövqelərini ifadə edə bilərlərmi?
- Qeyd etdiyim kimi, Şura işini şəffaf və obyektiv əsaslar üzərində qurur. Şuranın təsdiq olunmuş Əsasnaməsi qeyd etdiyiniz məsələni də tənzimləyir. Belə ki, mübahisələndirilən məsələ ilə bağlı vergi ödəyicisinin müraciətində göstərilən əsaslardan başqa hər hansı əlavə izahat və ya aydınlıq gətirilməsi tələb olunarsa, yaxud buna zərurət olarsa, Apelyasiya Şurası ödəyicini müzakirələrə cəlb edə bilər. Bu zaman vergi ödəyicisinin hüququ var ki, Şuranın iclaslarında hüquqşünas, auditor, vəkil və ya digər səlahiyyətli nümayəndə ilə birlikdə iştirak etsin.
Şuranın yaradılmasında məqsəd vergi ödəyicilərini narahat edən təkrar qərarların, şikayətlərin araşdırılmasına və həllinə nail olunmasıdır. Təbii ki, Apellyasiya Şurasının üzvləri vergi ödəyicilərinin də arqumentlərini və mövqelərini dinləmək və qanunvericilik çərçivəsində nəzərə almaq niyyətindədir. Məlumat üçün bildirim ki, bu günlərdə Şuranın iclası keçirilib və həmin iclasda vergi ödəyicisi tərəfindən qaldırılan bir məsələ ödəyicinin özünün bilavasitə iştirakı ilə araşdırılmış, Apelyasiya Şurası vergi ödəyicisinin şikayətini təmin etmişdir. Bu, özlüyündə müsbət nəticədir.
- Apelyasiya Şurasının qərarı ilə razılaşmadıqda vergi ödəyicisi həmin məsələ ilə bağlı yenidən Şuraya müraciət edə bilərmi? Ümumiyyətlə, Apelyasiya Şurası vergi ödəyiciləri ilə vergi orqanları arasında körpü rolunu oynaya biləcəkmi?
- Mən diqqəti ilk növbədə ona yönəltmək istəyirəm ki, Apelyasiya Şurası məhkəməyə qədər sadələşdirilmiş prosedurlara əməl etməklə, mübahisələrin obyektiv şəkildə həll edilməsinə imkan yaradır. Bu, prinsipcə yeni bir yanaşmadır və vergi ödəyicisi ilə vergi orqanları arasında hər hansı məsələ üzrə yaranan mübahisələrin həllinin optimal üsuludur. Eyni zamanda, bu, həm də inkişaf etmiş ölkələrdə tətbiq olunan mütərəqqi bir beynəlxalq praktikadır.
Apelyasiya Şurasının yaradılması vergi mübahisələndirilmələrində çox böyük dönüş yaradacaqdır. Bu, ilk növbədə, sual doğuran bir çox məsələlərin məhkəmə prosedurlarına çatmadan həllinə nail olunması deməkdir. Vergi ödəyicilərinin hüquqlarının praktiki cəhətdən genişləndirilməsi, onların vergi mübahisələrinin ədalətli həllinə etimadını artırır. Digər tərəfdən, bu, bizə də imkan verəcək ki, qanunvericiliyin tətbiqi zamanı yaranan anlaşılmazlıqları təhlil edərək gələcəkdə vergi qanunvericiliyin təkmilləşdirilməsi üçün təkliflər hazırlaya bilək.
Vergi ödəyicisinin eyni məsələ ilə bağlı təkrar müraciətinə gəldikdə isə qeyd edim ki, vergi ödəyicisi Apelyasiya Şurasının qəbul etdiyi qərarlarla razılaşmadıqda, onun bu məsələ ilə bağlı şikayətlərinə Apelyasiya Şurasında yenidən baxılmır.
Vergi Apelyasiya Şurasının yaradılmasından qısa zaman keçməsinə baxmayaraq, Şuranın praktiki fəaliyyətini müsbət qiymətləndirmək olar. Artıq şikayət və ərizələrə baxılması ilə bağlı xeyli işlər görülmüşdür. Apelyasiya Şurasının katibliyi yaradılmış, şikayətlərə baxılma mexanizmi təkmilləşdirilmiş, Şuranın tərkibi müəyyənləşdirilmişdir.
Nəzərinizə çatdırım ki, Şura 10 nəfərdən ibarət olmaqla Vergilər Nazirliyinin müvafiq struktur bölmələrinin vəzifəli şəxslərindən təşkil olunmuşdur.Hesab edirəm ki, bu proses davamlı şəkildə olacaqdır və Şuranın fəaliyyətinin həm vergi ödəyicilərinin, həm də vergi orqanlarının işinə öz töhfəsini verəcəyinə ümid edirəm.
- Son illər Vergilər Nazirliyi tərəfindən elektron xidmətlər sisteminin əhatə dairəsi genişləndirilməklə daim təkmilləşdirilir. Bu sahədə görülən işlər barədə məlumat verməyinizi xahiş edirik.
- Vergi inzibatçılığının təkmilləşdirilməsi prosesində elektron xidmətlər şəbəkəsinin genişləndirilməsi son illər bu sahədə aparılan siyasətin əsas xəttini təşkil etmişdir. Biz vergi ödəyicilərinə göstərilən xidmətlərin, vergi nəzarətinin və vergi administrasiyasının idarə edilməsinin bütün səviyyələrinin müasir informasiya texnologiyaları üzərində qurulmasına çalışırıq və buna əsaslı şəkildə nail olmuşuq. Vergi xidmətində avtomatlaşdırılmış müasir proqram təminatları əsasında qurulmuş unikal bir sistem işə salınmışdır.
AVİS adlandırdığımız Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminin istifadəyə verilməsi vergi sistemində müasir xidmətlərin göstərilməsinə imkan yaratmışdır. Məsələn, elektron bəyannamə sisteminin, ƏDV-nin depozit hesabının, elektron vergi hesab- fakturalarının, "onlayn kargüzarlıq" sisteminin tətbiqinə başlanmışdır. Vergi administrasiyasının özünün işi bütövlükdə "elektron kargüzarlığ"a keçmişdir. Bu isə həm vergi ödəyicilərinin, həm də vergi orqanlarında çalışanların işini xeyli asanlaşdırmaqla bərabər, il ərzində 180 tondan çox kağıza qənaət etməyə imkan vermişdir. AVİS bizə vergi nəzarəti sahəsində yeni proqram təminatlarının tətbiqinə və bununla da çoxşaxəli nəzarətə imkan vermişdir.
Qeyd etmək istərdim ki, AVİS-in imkanları gələcəkdə daha geniş-miqyaslı layihələrin reallaşdırılmasına əlverişli şərait yaradır. Vergilər Nazirliyində "elektron hökumət" layihəsi çərçivəsində elektron xidmətlərin spektrinin genişləndirilməsi bundan sonra da əsas prioritetlərdən olacaqdır.
- Sizin də qeyd etdiyiniz kimi, vergi sistemində tətbiq olunan elektron xidmətlər Azərbaycanda "Elektron hökumət" layihəsinin tərkib hissəsi olaraq həyata keçirilir. Bu tədbirlərin davamı olaraq hansı işlərin görülməsi nəzərdə tutulub?
- Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 avqust 2010-cu il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı" təsdiq edilmişdir. Həmçinin Nazirlər Kabinetinin 14 may 2010-cu il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında 2010-2012-ci illərdə "Elektron hökumət"in formalaşdırılması üzrə Fəaliyyət Proqramı" təsdiq olunmuşdur. Bütövlükdə, bu iki sənəd dövlət orqanlarının elektron hökumətin qurulması çərçivəsində konkret istiqamətləri müəyyənləşdirmişdir.
Vergilər Nazirliyi də öz növbəsində bu sənədlərin icrası üzrə Tədbirlər Planını qəbul etmişdir. Bu Tədbirlər Planı çoxşaxəlidir. Qarşıdakı illərdə banklar və digər kredit təşkilatları ilə vergi orqanları arasında inteqrasiyanın dərinləşdirilməsi, sahibkarlıq fəaliyyəti sahəsində universal telefon rabitə xidmətinin yaradılması, inzibati reqlamentlərə uyğun vergi sahəsində göstərilən e-xidmətlərin genişləndirilməsi, e-xidmətlərə çıxışı təmin edən ictimai internet məntəqələrinin yaradılması və s. nəzərdə tutulur.
Həmin tədbirlərin reallaşdırılması ölkədə sahibkarlığın inkişafı üçün əlverişli mühitin formalaşdırılmasına, vergi ödəyicilərinə göstərilən xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılmasına, operativ məlumat əldə etmək imkanlarının genişləndirilməsinə, vətəndaşların İKT vasitələrinə rahat çıxışının təmin edilməsinə imkan verəcəkdir.
- Vergi sistemində yaxın gələcəkdə hansı yeniliklərin tətbiqi gözlənilir?
- Azərbaycan iqtisadiyyatının inkişafına, həmçinin dövlət idarəetməsində beynəlxalq standartların tətbiqinin davamlılığına uyğun olaraq, ölkənin vergi sistemi də adekvat olaraq təkmilləşir. Bu baxımdan qarşımızda duran ilk və önəmli vəzifə vergi xidmətinin müasir Avropa standartlarına uyğunlaşdırılmasının növbəti illərdə də davam etdirilməsidir.
Möhtərəm Prezident İlham Əliyevin 2005-ci il 1 iyun tarixli sərəncamına əsasən, ölkəmizin Avropa İttifaqı ilə əlaqələrinin daha da gücləndirilməsi, səmərəli əməkdaşlığın qurulması, eləcə də bu sahədə müvafiq dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsi və Avropa İttifaqı tərəfindən təqdim edilən layihələrin operativ surətdə öyrənilməsinin təmin olunması məqsədilə Avropaya İnteqrasiya üzrə Dövlət Komissiyası və onun nəzdində bir sıra işçi qrupları yaradılmışdır. Bununla əlaqədar, Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasındakı Qonşuluq Siyasəti çərçivəsində qəbul olunmuş Fəaliyyət Planının Vergilər Nazirliyi tərəfindən icrası məqsədilə müvafiq işlər görülməkdədir. Vergilər Nazirinin müvafiq əmri ilə təsdiq edilmiş "Vergi qanunvericiliyi və inzibatçılığının təkmilləşdirilməsi üzrə 2009-2012-ci illər üçün Strateci Plan"a uyğun olaraq vergi inzibatçılığı və qanunvericiliyinin, o cümlədən vergi nəzarətinin təkmilləşdirilməsi, vergi xidmətinin daha da müasirləşdirilməsi sahəsində Avropa İttifaqının qabaqcıl təcrübəsinin ölkəmizdə tətbiqinə xüsusi diqqət yetirilir.
Bildiyiniz kimi, artıq nağd hesablaşmaların aparılması üzərində nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə vergi ödəyicilərinin nəzarət-kassa aparatlarında məsafədən elektron ötürmə qurğularının quraşdırılmasını nəzərdə tutan layihəni reallaşdırmağa başlamışıq. Bunun nəticəsində nağd hesablaşmalar barədə məlumatların operativ şəkildə vergi orqanlarının məlumat bazasına ötürülməsi vergi nəzarətinin səmərəliliyinin və vergi ödəyicilərinin fəaliyyətində şəffaflığın daha da artırılmasına imkan verəcəkdir.
Vergi nəzarətinin daha da müasirləşdirilməsinin növbəti mərhələsi kimi "elektron audit" sisteminin tətbiq edilməsi nəzərdə tutulur. Hazırda bu sistemin tətbiqi ilə əlaqədar beynəlxalq təcrübə araşdırılır. Bizim nümayəndələrimiz bu məsələni daha dərindən öyrənmək məqsədilə bir sıra Avropa ölkələrinə səfər etmişlər.
Elektron audit sahəsində tətbiq olunan proqram təminatları, bunun ölkəmizin vergi xidmətində tətbiqinin texniki imkanları nəzərdən keçirilir. Eyni zamanda, elektron audit sisteminin tətbiqinə dair Avropa İttifaqının Tvinninq proqramı çərçivəsində iki il müddətini əhatə edəcək ayrıca bir layihənin həyata keçirilməsinə hazırlıq işləri artıq yekunlaşmaqdadır və yaxın perspektivdə həyata keçiriləcək ən önəmli layihələrdən biri olacaq.
Bundan başqa, fiziki şəxslərin vergi orqanlarında qeydiyyatdan "on-line" rejimində keçmələrini təmin etmək məqsədilə zəruri hazırlıq işləri, o cümlədən testlər aparılır. Qanunvericiliyə müvafiq dəyişikliklər olunduqdan və bütün texniki məsələlər həll edildikdən sonra yaxın gələcəkdə fərdi sahibkarların qeydiyyatının İnternet vasitəsilə "on-line" rejimində aparılmasına əlverişli şərait yaranacaqdır. Bu da öz növbəsində fiziki şəxslərin qeydiyyatının daha da təkmilləşdirilməsi və sadələşdirilməsinə, həmçinin sahibkarların inzibatçılıq xərclərinin minimuma endirilməsinə imkan verəcəkdir.
Ümumiyyətlə, bu gün dünyada aparılan vergi siyasəti strategiyalarının əsas istiqaməti vergilərin könülü ödənilməsi səviyyəsinin artırılmasıdır. Bu isə ilk növbədə, vergi orqanlarının vergidən yayınmanın qarşısını almaq üçün texnoloji imkanlarını nümayiş etdirən qabaqlayıcı tədbirləri həyata keçirmək imkanlarının tam təmin edilməsi və vergi ödəyicilərinə göstərilən xidmətlərin təkmilləşməsi ilə bağlıdır.
Bu baxımdan, Azərbaycanın vergi sisteminin inkişafı da milli iqtisadiyyatın rəqabətliliyinin təmin edilməsi prinsiplərinə cavab verməli, həmçinin aydın başa düşülən və icra edilə bilən vergi öhdəlikləri sisteminin qurulmasına və vergi ödəyiciləri üçün məlumat xidmətinin möhkəmləndirilməsinə xidmət etməli, müasir informasiya-kommunikasiya texnologiyalarından istifadəyə söykənən vergi inzibatçılığının qurulmasına yönəlməlidir.
{nl}
Müsahibəni hazırladı: Vaqif BAYRAMOV, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.