Azərbaycan regionun texnoloji lideri olmaq üçün bütün imkanlara malikdir

Regionun aparıcı texnoloji şirkətlərindən biri “AG Telecom” indiyədək “KATV 1” kabel televiziyası, “Myvideo.az” televiziya internet-portalı, “TMB TV” türk xalqlarının beynəlxalq musiqi kanalı, Gürcüstanda yaşayan azərbaycanlılar üçün Azərbaycan dilində yayımlanan “AG FM” radiosu və s. layihələri uğurla həyata keçirmişdir. Qurum, eyni zamanda, son illərdə Azərbaycan mədəniyyətinin   xarici ölkələrdə təbliğatçısı kimi də tanınmışdır. Bütün bunlar barədə adıçəkilən telekommunikasiya şirkətinin rəhbəri Samir Qurbanov məlumat verdi:

– Ümummilli liderimiz Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanın müstəqilliyini möhkəmləndirmək və onun siyasi- iqtisadi əsaslarını yaratmaqla yanaşı, cəmiyyətin inkişafının ideya təməli olan azərbaycançılıq konsepsiyasını da irəli sürmüşdür. Azərbaycançılığın bütün dünya azərbaycanlılarını birləşdirən ümummilli ideologiya halına gəlməsi, müstəqil Azərbaycan dövlətinin ideya əsasına çevrilməsi ulu öndərin tarixi xidmətidir.

Ümummilli liderimiz hələ sovet dövründə Azərbaycan Respublikasına rəhbərlik edərkən azərbaycançılıq məfkurəsinin bütün həmvətənlərimiz arasında yayılmasına, bu ideyanın geniş ictimai dəyər qazanmasına çalışırdı. O zaman Azərbaycan ədəbiyyatında, musiqi, kino, təsviri sənət və digər sahələrdə xalqın ruhunu, tarixini, milli-mənəvi dəyərlərini təbliğ və tərənnüm edən çoxsaylı əsərlər meydana gəlmişdir. Həmin dövrdə Heydər Əliyev respublikamızdan kənarda yaşayan azərbaycanlıların təşkilatlanmasını, azərbaycanlı diasporunun təşəkkül tapmasını da vacib sayırdı. Ötən əsrin 90-cı illərində hakimiyyətə qayıtdıqdan sonra isə ulu öndər xaricdəki soydaşlarımızın mütəşəkkil qüvvəyə çevrilməsini, onların doğma vətənlə əlaqələrinin möhkəmlənməsini prioritet məsələ kimi qabartmışdır. Çünki güclü azərbaycanlı diasporu müstəqil Azərbaycanın dayağıdır. Ulu öndər çıxışlarının birində bu barədə belə demişdir: “Hər yerdə azərbaycanlılar olanda Azərbaycanın dayağı da daha çox olur. Bir şərtlə ki, gərək millətini, torpağını, ana Vətəni unutmayasan”.

Biz bu prinsipial, mühüm önəm daşıyan məsələni şirkətimiz yaranan ilk gündən diqqət mərkəzində saxlamışıq. Azərbaycandan kənarda yaşayan həmvətənlərimizin öz əcdadlarının vətənini unutmamaları üçün əlimizdən gələni etmişik. Onu da deyim ki, rəqəmsal texnologiyalar dövründə Azərbaycan fiziki sərhədlərlə məhdudlaşdırıla bilməz, dünyanın hər bir tərəfində yaşayan soydaşlarımızın qəlbində bir vətən parçası varsa, deməli, ölkəmiz daha da böyükdür, əzəmətlidir. Biz bunu dərk edərək, ölkənin təbliğat strategiyasını məhz bu mühüm amilə əsaslanaraq qurmalıyıq. Dünya dəyişir və biz də buna əsaslanaraq addımlarımızı, fəaliyyətimizi daim yeniləşdirməliyik. Şərəfli keçmişimizi, bugünkü uğurlarımızı yalnız ölkə daxilində bir-birimizlə müzakirə etməməliyik. Hər birimiz Azərbaycanı, onun mədəniyyətini, tarixini və nailiyyətlərini dünyaya nümayiş etdirməyə çalışmalıyıq.

Rəhbərlik etdiyim “AG Telecom” şirkəti Azərbaycan mədəniyyətinin dəstəklənməsi məqsədilə ölkədən kənarda da müxtəlif layihələrdə fəal iştirak edir. “TMB TV” beynəlxalq telekanalı türk mədəniyyətinin təbliği ilə məşğul olan TÜRKSOY təşkilatının çoxillik informasiya tərəfdaşıdır. Elə Azərbaycanın maraqlarının beynəlxalq telekanal tərəfindən dəstəklənməsi də ölkəmizə olan hörməti getdikcə artırır.

Bu yaxınlarda biz daha bir media layihəsinə start verdik - Gürcüstanda 100,6 və 101,5 tezliklərində “AG FM” radiosunu işə saldıq. Gürcüstanda yaşayan soydaşlarımızın arasında Azərbaycan mədəniyyətinin təbliği üçün yayım Azərbaycan dilində aparılır. Radio fəaliyyətə başlayandan sonra soydaşlarımızdan çoxsaylı təşəkkürlər almışıq. “AG FM” radiosunu “Azerspace” peyki və kabel operatorların rəqəmsal qəbulediciləri ilə də dinləmək olar.

Hazırda soydaşlarımızın sıx yaşadığı digər ölkələrdə də oxşar radiokanalların yaradılması imkanını araşdırırıq. Bu zaman həmin ərazilərin yayım sahəsindəki yerli qanunvericiliyi də nəzərə alınır.

– Şirkətinizin idarə etdiyi “TMB TV” beynəlxalq telekanalı türkdilli ölkələrdə məşhur  “mədəniyyət provayderi”nə çevrilmişdir. Bəs kanalın strategiyası barədə nə deyə bilərsiniz?

– Biz tədricən “TMB TV”nin nəinki Azərbaycan və Türkiyədə, həm də Qazaxıstan, Özbəkistan və Qırğızıstanda, hətta Rusiyanın bəzi regionlarında, Tatarıstan və Başqırdıstanda məşhurlaşdığını müşahidə edirik. Bu da çox sevindirici, qürurverici bir haldır. Yeri gəlmişkən, bu yaxınlarda Rusiyanın kabel şəbəkələrində məhz rusdilli tamaşaçılar üçün “TMB RU”nun yayımına başlamışıq. Telekanalımız vasitəsilə bir az əvvəl adları çəkilən ölkələrin vətəndaşları qonşu ölkələrin ifaçıları ilə tanış olub onların sənətini müqayisə edə bilərlər. Lakin bizim strategiyamız “TMB TV”də gördüyünüz musiqi məhsulları ilə bitmir. Belə ki, fəaliyyətimizi “Türk dünyası - bir ailə” konsepsiyanın reallaşdırılmasına istiqamətləndirmişik. Hazırda türk xalqlarını müxtəlif sahələrdə bir-birilərinə daha da yaxınlaşdıra biləcək region əhəmiyyətli bir sıra maraqlı layihələri nəzərdən keçiririk. Qonşu ölkələrdə yaşayan azərbaycanlıların sayını unutmaq olmaz. Telekanalımız musiqi vasitəsilə hər bir azərbaycanlıya öz kökünü xatırlamağa imkan verir.

Onu da qeyd edim ki, yuxarıda adı çəkilən konsepsiya çərçivəsində “TMB TV”nin çox vacib “mədəniyyət provayderi” rolu var və biz tədricən bu istiqamətdə irəliləyirik. Düşünürəm ki, 2016-2017-ci illərdə əsas məqsədimizə daha da yaxınlaşacağıq. Bu, çox mürəkkəb və böyük əmək tələb edən, eyni zamanda, reallaşdırıla bilən bir prosesdir.

– Enerji daşıyıcılarının qiymətinin düşdüyü bir vaxtda iqtisadiyyatın digər seqmentlərinə olan maraq dəfələrlə artmışdır. Ölkəmiz belə bir şəraitdə yüksək texnologiya sektorunda irəliyə doğru sıçrayış edə bilərmi?

– Son bir neçə ildə yüksək texnologiyalar sahəsi dünya ölkələrinin, o cümlədən Azərbaycan iqtisadiyyatının ən maraqlı seqmentlərindən hesab olunur. Biz bu potensialı hələ on il əvvəl “AG Telecom” şirkətini yaradarkən müşahidə etdik və ölkənin ən böyük kabel televiziya operatorlarından biri “KATV 1”in yaradılmasına başladıq. Ötən müddətdə keçdiyimiz yolu Azərbaycanın yüksək texnologiya sektorunun təcəssümü də hesab etmək olar. İş ondadır ki, fəaliyyətimizə kabel televiziya operatoru kimi başlamışdıq, amma indi müxtəlif mürəkkəb tapşırıqların öhdəsindən gələ bilən çoxistiqamətli yüksək texnoloji şirkətik.

Yüksək potensiala malik yeni layihənin icrasını reallaşdırmaqla kifayətlənmirik, daim irəliləməyə, yeni ideyalar gerçəkləşdirməyə çalışırıq. Azərbaycanın yeni bazarlarda istənilən layihəni həyata keçirə bilən ciddi İT şirkətləri əhatə edən bütöv İKT sektorumuz da məhz bu yolla gedir. Əminliklə deyə bilərəm ki, Azərbaycan Xəzər regionunun texnoloji liderinə çevirilə bilər. Potensialımız nəinki ölkə daxilində fəal olmağımıza, həm də regional bazarlara çıxmağımıza imkan verir.

– Buna necə nail olursunuz?

– Məsələn, diqqəti bir fakta yönəldim. 2005-ci ildə “KATV 1" bazara 15 telekanaldan ibarət bir paketlə çıxmışdı və sadəcə, Bakının bəzi rayonlarını əhatə edirdi. Bu il isə “Myvideo.az” milli innovasiya televiziya platformunun yardımı ilə biz internet üzərindən təxminən 200 ölkəni əhatə edə bildik. Şirkətimiz tərəfindən yaradılan “AG FM” radiokanalı Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı ərazidə, həmçinin peyk vasitəsi ilə 50-dən çox ölkəyə yayımlanır.

Bir sözlə, mütəxəssislərimizin potensialı istənilən tapşırıqları yerinə yetirməyə imkan verir. Hansısa bir tapşırığı daxili imkanlarımız hesabına yerinə yetirə bilməsək, xarici mütəxəssislərin köməyindən istifadə edirik.

– Şirkətiniz həm yayım, həm də internet xidmətlərinin göstərilməsi sahəsində güclü mövqeyə malikdir. Biznesin bu seqmentində hansı perspektivlər var?

– İnternet xidmətlərini hazırlayıb bazara çıxararkən qarşıya iki məqsəd qoyulub. Birincisi, internet xidmətlərinə daim tələbat olacaq və yaxın 10-15 ildə “fiber-optik həll”i üstələyəcək kütləvi infrastruktur texnologiyası hələ ki, görünmür. Şirkətimiz isə “ADSL”i deyil, məhz onu geridə qoyan fiber-optikanı təklif edir.

Bu layihəyə başlamağımızın ikinci səbəbi isə “MBA” proqramlarında tez-tez qeyd olunan “əlavə təklifin imkanları” prinsipinə əsaslanır. Başqa sözlə, müştərilərimizə kabel televiziya xidmətlərini satırdıq və onlara daha nəyi təklif edə biləcəyimizi düşünürdük. İnternet xidmətləri bizə daha əlverişli görünürdü, çünki bu xidmətin biznes-modeli artıq hamıya bəllidir və ona tələbat daim olacaq. Lakin bunun üçün biz investisiya qoymalı olduq, çünku “optika”nın qurulması böyük vəsait tələb edir.

Onu da etiraf etməliyəm ki, biz bununla kifayətlənmədik. İnfrastruktur şəbəkəmizdən kənara çıxıb yeni müştərilər cəlb etməyi düşündük. Belə ki, ilkin olaraq “Myvideo.az” layihəsi gündəmə gəldi. Azərbaycanda texnoloji analoqu olmayan bu layihə istənilən kanalın ongünlük arxivini izləməyə imkan verir. Daha sonra isə minimal “2 mbps” internetlə Azərbaycanın istənilən yerindən kabel televiziya xidmətlərimizə qoşulmağa imkan verən “SmartBox” cihazlarının satışına başladıq. Hazırda auditoriyamız infrastruktur şəbəkə ilə yanaşı, Azərbaycanın bütün əhalisini əhatə edir. Bu cür üsullarla yeni bazarlar açırıq və bazarın tələblərindən geri qalmamaq üçün fəal şəkildə diversifikasiya ilə məşğul oluruq.

– “Myvideo.az” Azərbaycan telekanallarına, faktiki olaraq, internet vasitəsilə qlobal informasiya məkanına çıxışa imkan verdi. Bəs “Myvideo.az” dünya azərbaycanlılarını tam əhatə edə bilərmi?

– Əlbəttə. “Myvideo.az” dünyanın istənilən nöqtəsində yaşayan azərbaycanlıya yerli kanallarımızı izləməyə imkan verir. Onun köməyilə televerilişləri həm real zaman rejimində, həm də onların 10 günlük arxivini izləmək mümkündür. Ona görə də təəccüblü deyil ki, qısa müddət ərzində “myvideo.az” həm Azərbaycanda, həm də ölkədən kənarda çox populyarlaşıb. Lakin biz bununla da kifayətlənməyib yeni “SmartBox” layihəsini reallaşdırmağa başladıq. Bu layihə əsasında istənilən televizoru “Smart TV”yə çevirmək, yəni internet televizora inteqrasiya etmək mümkündür.

Azərbaycan mətbuatında dəfələrlə qeyd olunan maraqlı cəhətlərdən savayı, “SmartBox”un həm də mühüm milli missiyası da var. Bu balaca cihaz, faktiki olaraq, dünyanın istənilən ölkəsində yaşayan Azərbaycan ailəsinə televizorda məhz Azərbaycan telekanallarını seyr etməyə imkan verir. Bundan əlavə, əvvəlcədən quraşdırılmış “Facebook” və “Skype” proqramları vasitəsilə Azərbaycandakı qohum və dostlarla da əlaqə saxlamaq olar. “SmartBox” cihazı, eyni zamanda, “Myvideo.az”a yüklənilmiş videoları televizorla izləməyə imkan verir. Hazırda məqsədimiz Xarici İşlər Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin müvafiq qurumlarını “SmartBox”un sadaladığım bu imkanları barədə daha ətraflı məlumatlandırmaqdır.

– Bir müddət əvvəl “Myvideo.az” internet telekanallarının yaradılması üzrə istənilən maraqlı təşəbbüsü dəstəkləməyə hazır olduğunu bildirdi. Startapları dəstəkləmək marağı hardandır?

– Əslində, onillik biznes təcrübəmizə baxmayaraq, özümüz hələ də böyük bir startapıq. Daim yeni məhsullar yaradırıq və yeni bazarlara çıxmağa   çalışırıq. Demək olar ki, hər bir layihəmiz startap prinsipinə uyğun inkişaf edir və bu da bizə çevikliyimizi qoruyub saxlamağa imkan verir. Komandamızda çoxlu sayda gəncin olması şirkətimizi daha da çevik edir. Ona görə biz digər təşəbbüskar insanların layihələrini dəstəkləməyə, həmçinin texnoloji baxımdan şirkətə daha yaxın olan digər sahələrdə yeni bizneslərin qurulmasına yardım etməyə hazırıq. Yanaşmamız artıq Azərbaycandan kənarda da diqqət çəkir və bizə hətta Qərbi Avropadan da müxtəlif biznes-təşəbbüslərlə müraciət edirlər.

Beynəlxalq əməkdaşlığımız haqqında da bir neçə söz demək istərdim. Şirkətimiz sahə üzrə keçirilən çoxlu sayda konfrans, forum və sərgilərdə fəal iştirak edir. Bununla belə bir qayda olaraq, sərgilərdə stendsiz iştirak edirik. Məqsədimiz texnologiyaların mənimsənilməsidir və əməkdaşlarımız bu cür tədbirlərdə çox fəaldırlar. Onlar həm ölkəmizdə, həm də regionda tətbiq oluna biləcək yenilikləri həvəslə öyrənirlər.

Eyni zamanda, biz sahə assosiasiyaları ilə sıx əməkdaşlığa üstünlük veririk. Bundan başqa, rəhbərlik etdiyim Azərbaycan Kabel Operatorları Assosiasiyası çərçivəsində ölkəmizin kabel televiziya operatorlarının xarici telekanallarla əlaqələrini tənzimləyə bilmişik, həmçinin Avrasiya teleyayım məkanında güclü mövqe tutmuşuq. Bu gün bizə dünya miqyasında hörmətlə yanaşır  və operatorlar arasında problemi olan bəzi ölkələrə nümunə göstərirlər.

Müsahibəni qələmə aldı:
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında