Azərbaycan dəmir yolu ölkənin sosial-iqtisadi inkişafında mühüm yer tutan təsərrüfat kompleksidir

Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi islahatlar respublikamıza böyük uğurlar gətirib, ölkə iqtisadiyyatının sürətli inkişafına səbəb olub. Bu, polad magistralın modernləşməsində, o cümlədən enerji təchizatının sabit cərəyandan dəyişən cərəyana keçilməsində, işarəvermə və rabitə sisteminin yeniləşdirilməsi üzrə avadanlıqların alınması, yol təsərrüfatının sağlamlaşdırılması, lokomotiv və vaqon parklarının yenilənməsi və s. sahələrin müasir tələblər səviyyəsinə çatdırılmasında da özünü qabarıq göstərir.

Yeni Azərbaycan Partiyasının (YAP)  “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti üzrə təşkilatının sədri Xeyrulla Hümbətov bununla bağlı söhbət zamanı dedi:

– Respublika nəqliyyat sisteminin əsas sahələrindən biri olan dəmir yolunun perspektiv inkişafı möhtərəm Prezidentimiz İlham Əliyevin daim diqqət mərkəzindədir. Təkcə bir faktı demək kifayətdir ki, hazırda dəmir yolunda istifadəyə verilən mühüm obyektlərin böyük əksəriyyəti məhz dövlət başçımızın təşəbbüsü və ciddi nəzarəti sayəsində istismara buraxılıb. Azərbaycanın “Bakı-Tbilisi-Qars” və “Şimal-Cənub” beynəlxalq və regional nəqliyyat dəhlizlərinin reallaşması prosesində fəal iştirakı bunun bariz ifadəsidir.

Burada bir məqamı da xatırlatmaq istərdim. Başa çatmaqda olan son bir il Azərbaycan dəmiryolçuları üçün əlamətdar hadisələrlə zəngin olub. Belə ki, Prezident İlham Əliyevin 2015-ci il 9 fevral tarixli sərəncamı ilə Cavid Qurbanov “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib. Bakı-Sumqayıt dəmir yolu təmir olunaraq istifadəyə verilib, bu marşrut xətti üzrə sərnişinlərin rahat, sürətli və təhlükəsiz daşınması üçün “Stadler Rail Group” şirkətinin sürətli elektrik qatarları istismara buraxılıb. Xatırladım ki, sentyabrın 12-dən indiyədək Bakı-Sumqayıt-Bakı elektrik qatarının xidmətlərindən 100 mindən çox sərnişin istifadə edib. Yeri gəlmişkən, gələcəkdə də sərnişinlərin tam komfortlu və təhlükəsiz şəraitdə mənzil başına çatdırılması istiqamətində görülən işlər davam etdiriləcək.

Hazırda Bakı sərnişin stansiyasında yenidənqurma işləri davam edir. Burada qısa müddətdə yeni platformalar inşa olunub, qatarların qəbulu, habelə yola salınması üçün nəzərdə tutulan yollarda əsaslı təmir işləri görülüb, kontakt şəbəkəsi və işarəvermə avadanlıqları yenilənib. Bu gün ümumi sahəsi 8 min kvadratmetr olan 17 mərtəbəli “Vağzal” mehmanxanasında və sərnişinlərin gözləmə zalında da əsaslı təmir işləri aparılır.

Sahəsi 10 min kvadratmetr olan beşmərtəbəli Sumqayıt vağzalının binası yararsız halda olduğu üçün sökülüb və yeni binanın tikintisi nəzərdə tutulub.

“Azərbaycan Dəmir Yolları” QSC-nin vaqon parkının müasir sərnişin və yük vaqonları ilə yeniləşdirilməsi də diqqət mərkəzində saxlanılır. Belə ki, bu ilin may ayında Bakıda keçirilən “TransCaspian-2015” sərgisi çərçivəsində “Uralvaqonzavod” Elmi-İstehsal Korporasiyası ilə danışıqlar nəticəsində 2920 ədəd müxtəlif təmayüllü yük vaqonunun alınması barədə razılığa gəlinib. Həmin vaqonlardan 250-si artıq respublikamıza gətirilib. Həmçinin ölkəmizə Qazaxıstan-ABŞ istehsalı olan yeni teplovoz gətirilib və daha 9 yük teplovozun alınması da nəzərdə tutulub. Bundan başqa, Bakı şəhər yük stansiyasına İsveçdə istehsal olunmuş “Valmet” markalı 45 tonluq konteyneryükləyici kran gətirilib. Onu da qeyd edim ki, vaqon parkı İsveçrənin “Stadler Rail Group” şirkətindən 30 ədəd yataq tipli sərnişin vaqonu ilə zənginləşdiriləcək. Bu müasir vaqonların “Bakı-Tbilisi-Qars” dəmir yolu xətti üzrə hərəkət edəcəyi gözlənilir. Digər bir yenilik isə odur ki, “Stadler Rail Group” şirkəti ilə Azərbaycanın “Railway İnternational Distribution” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında Gəncədə vaqon istehsalı üzrə birgə müəssisənin yaradılması haqqında müqaviləyə əsasən, gələn il “Stadler” Gəncə vaqon istehsal zavodu fəaliyyətə başlayacaq. Bir sözlə, yeni qatarların, teplovozların, lokomotivlərin gətirilməsi və həyata keçirilən digər tədbirlər nəticəsində dəmir yolu sahəsində inkişaf dinamik xarakter alıb.

Azərbaycan üçün mühüm önəm daşıyacaq, eyni zamanda, Çini Azərbaycan vasitəsilə Avropa ilə birləşdirəcək “Bakı-Tbilisi-Qars” dəmir yolunun bu ilin sonunda işə düşməsi gözlənilir. Avqustun 3-də Qərbi Çindən ilk konteyner blok qatarı qəbul edilib və sentyabrın 28-də İsveçrədə “Bakı-Tbilisi-Qars” dəmir yolu xətti üzrə hərəkət edəcək yataq tipli sərnişin vaqonlarına baxış və hazır birinci vaqon gövdəsinin qəbulu həyata keçirilib. Oktyabrın 3-də isə Beynəlxalq Transxəzər nəqliyyat marşrutu üzrə ikinci konteyner qatarı Azərbaycan ərazisindən tranzit olaraq keçməklə Gürcüstana çatıb.

Konteyner qatarının fəaliyyəti dəmir yolları rəhbərlərinin beynəlxalq Transxəzər nəqliyyat marşrutunun inkişafı üzrə Koordinasiya Komitəsinin iclaslarında əldə etdikləri danışıqların nəticəsi olaraq, “Qazaxıstan Dəmir Yolu” SC, “Çin Dəmir Yolları” (ÇSR), “Azərbaycan Dəmir Yolları” QSC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə birgə həyata keçirilib. Çin Xalq Respublikasının Urumçi-Xinjiang vilayətinin Alaşanko eksport stansiyasından çıxan konteyner qatarı Azərbaycan ərazisindən tranzit olaraq keçməklə, 8 gün ərzində Gürcüstanın Tbilisi Uzlovaya stansiyasına çatıb. Konteyner qatarı 44 ədəd vaqondan ibarət olub.

Qeyd edim ki, “Bakı-Tbilisi-Qars” dəmir yolu xəttinin Azərbaycan tərəfində aparılan tikinti işlərinin əksər hissəsi də başa çatıb. Artıq yolun Gürcüstanla Türkiyə arasında olan tunelin tikintisi yekunlaşıb.

Məlumdur ki, hazırda Azərbaycan və İran arasında dəmir yolu xətləri mövcud olmadığından yüklər sərhəd-keçid məntəqələrindən avtomobil nəqliyyatı ilə daşınır. Ona görə də “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin reallaşması bu gün Azərbaycan Respublikası ilə İran İslam Respublikası qarşısında duran prioritet məsələlərdən biridir. Adıçəkilən beynəlxalq nəqliyyat dəhlizi böyük siyasi və iqtisadi əhəmiyyətə malik olmaqla, yük və sərnişin daşımalarının həcminin dəfələrlə artmasına imkan yaradacaq, Azərbaycan və İran arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinə öz töhfəsini verəcəkdir.

“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan Qəzvin-Rəşt dəmir yolu xəttinin uzunluğu 205 kilometrdir. Yolun inşasına İranın 6 böyük tikinti şirkəti cəlb edilib və işlərin 80 faizi başa çatıb. Yolda 22 tunelin, 15 körpünün inşası davam etdirilir. Tunellərin 15-i artıq hazırdır. Azərbaycan və İran 167 kilometr uzunluğunda Rəşt-Astara dəmir yolunun tikintisi üçün maliyyələşdirmənin birgə axtarışı barədə razılığa gəliblər.

Ümumiyyətlə, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi mühüm əhəmiyyət daşıyır. Xatırladım ki, bu dəhliz İran, Rusiya, Avropa, Cənubi Asiya və Fars körfəzi ölkələri arasında ticarət dövriyyəsini genişləndirmək məqsədilə 2000-ci ildə təsis olunub. Azərbaycan Respublikası 2005-ci ilin sentyabrından bu təşəbbüsə qoşulub. Dəhlizin əsas məqsədi Cənubi Asiya və Fars körfəzinin limanlarını Azərbaycan və İran vasitəsilə Rusiya və Avropa ölkələri ilə birləşdirməkdən ibarətdir. Bu dəhlizin digər marşrutlarla müqayisədə əsas üstünlüyü tranzit məsafəsinin və vaxtının 3 dəfə az olmasıdır. Dəhliz vasitəsilə yüklərin çatdırılmasının qiyməti rəqabətə daha davamlıdır. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin digər üstünlüklərinə marşrutun təhlükəsizliyi və beynəlxalq tranzit dəhlizləri ilə kəsişməsini aid etmək olar. Ümumiyyətlə, bu dəhliz digər ətraf ölkələri də nəzərə almaqla (Əfqanıstan və s.) illik 30 milyon ton yükün hərəkət etdiyi nəqliyyat dəhlizi kimi tranzit vaxtı və qiyməti baxımından ən səmərəli logistik həll yoludur. Ekspertlərin hesablamalarına görə, ilkin mərhələdə bu yük potensialının illik 5 milyon ton hissəsini və daha sonra maddi-texniki bazanı genişləndirərək illik 10 milyon ton daşınmanı Azərbaycan üzərinə keçirmək mümkündür.

– Bu ilin ən yaddaqalan hadisələrindən biri də Milli Məclisə keçirilmiş seçkilər olacaq.

– Noyabr ayının 1-də Milli Məclisə keçirilən seçkilər azad, ədalətli və demokratik şəraitdə, əhalinin fəallığı ilə baş tutdu. YAP-dan irəli sürülmüş namizədlər böyük uğur qazandılar. Xalqımız cənab İlham Əliyevin siyasətinə - inkişafa, sabitliyə, YAP-nın seçki proqramında irəli sürülmüş “Yeni hədəflərə doğru” müddəalara səs verdi. Bir məsələni də vurğulayım ki, bəzi bədxahların cəhdlərinə baxmayaraq, seçicilər seçki prosesində daha monolit və mütəşəkkil iştirak etdilər. Milli Məclisə keçirilmiş seçkilərdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov da qələbə qazandı. Əlbəttə, bu, təkrar edirəm, inkişafa, sabitliyə verilən səsin bariz ifadəsi idi.

– YAP-ın yaranmasından 23 il ötür. Bu müddət ərzində adıçəkilən təşkilatın dövlətə və xalqa xidmət missiyasını partiyanın  ərazi təşkilatının sədri kimi necə dəyərləndirərdiniz?

- Bəli, 23 il əvvəl - 1992-ci il noyabrın 21-də ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə YAP-ın yaradılması ölkəmizdə baş verən siyasi-ictimai proseslərin nəticəsi idi. Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və xalqın sınanmış lideri Heydər Əliyevin ətrafında sıx birləşməklə YAP-ı təsis etdilər. Dövlətə, xalqa xidməti fəaliyyətinin önündə saxlayan YAP-a xalqın sevgisi böyükdür. Bu gün partiyanın 670 minə yaxın üzvü var. Partiyada Azərbaycan cəmiyyətinin bütün təbəqələrini əhatə edən ən qabaqcıl insanlar birləşiblər. Bu partiya ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik prinsiplərinə söykənən partiyadır. Bu gün də YAP həm coğrafi baxımdan Azərbaycanı əhatə etməsinə, həm də tərkibində ölkəmizin ən sayılan, seçilən insanlarını birləşdirdiyinə görə öncül bir partiyadır. Təbii ki, hər seçkidə qazanılan qələbədə başlıca rol seçicinin siyasi təşkilata, namizədə münasibətidir. Yeni Azərbaycan Partiyasının qələbələr partiyası kimi nüfuz qazanmasını şərtləndərən əsas amil məhz seçicilərin, xalqın ölkədə keçirilən bütün seçki proseslərində partiyaya böyük inam göstərməsi, dəstəyidir. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən düşünülmüş və məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün müstəqil Azərbaycan demokratik və bəşəri dəyərlərin bərqərar olduğu məkan, dünya birliyinin layiqli üzvü, davamlı inkişaf edən, dayanıqlı iqtisadiyyata malik ölkədir. Tarix baxımından o qədər də böyük olmayan son on iki il ərzində Azərbaycan keçid dövrünü başa vuraraq yeni inkişaf mərhələsinə qədəm qoyub, regionun bütün iqtisadi və siyasi məsələlərinin həllində əvəzolunmaz iştirakçıya və əsas söz sahibinə çevrilib. Bu gün ölkəmiz böyük transmilli layihələrin təşəbbüskarı və aparıcı iştirakçısıdır. Azərbaycanda makroiqtisadi sabitlik hökm sürür. Enerji, ərzaq və ekoloji təhlükəsizliyin təmin olunması istiqamətində qarşıya qoyulan vəzifələr uğurla icra edilir.

– “Azərbaycan Dəmir Yolları” QSC-nin qarşısında duran perspektiv vəzifələr barədə nə deyə bilərsiniz?

– Suala cavabla bağlı diqqəti əvvəlcə bir məqama yönəltmək istərdim. Möhtərəm dövlət başçımızın ölkəmizin dinamik inkişafı naminə atdığı qətiyyətli addımlar bir daha göstərir ki, cənab İlham Əliyev keyfiyyətcə yeni mərhələdə ictimai münasibətlər sisteminin sağlamlaşmasını, məmurların fəaliyyətində müasir dövrün tələblərinin nəzərə alınmasını, idarəçilikdə sivil normaların qorunmasını vacib sayır. Xüsusi vurğulamaq istərdim ki, “Azərbaycan Dəmir Yolları” QSC- də də islahatlar dönməz xarakter alıb. Bu isə kollektiv tərəfindən böyük razılıq hissi ilə qarşılanıb, dəmiryolçularda qarşıya çıxan hər hansı problemin həllinin tezliklə həll ediləcəyi qənaəti yəqinləşib. Bu, həm də ölkə başçısının QSC-nin inkişafına, müasirləşməsinə və mövcud problemlərinin həllinə böyük həssaslıqla, diqqətlə yanaşmasını göstərir. Dövlət başçısının tapşırıqları əsasında hazırda dəmir yolu təsərrüfatına dərindən bələd olan yeni rəhbərlik tərəfindən genişmiqyaslı yenidənqurma işlərinə başlanılıb. Polad magistralın modernləşdirilməsi, texniki tərəqqisi və hərtərəfli yeniləşməsi, mühüm dəmiryolu obyektlərinin istifadəyə verilməsi, “Bakı-Tbilisi-Qars” və “Şimal-Cənub” beynəlxalq və regional nəqliyyat dəhlizlərinin reallaşması və digər çoxşaxəli tədbirlər problemlərə kompleks yanaşmanın mövcud olduğunu bir daha təsdiqləyir. Yeni rəhbərliyin qısa müddətli fəaliyyəti göstərir ki, Azərbaycan dəmir yolu ölkənin sosial-iqtisadi inkişafında öz yeri olan təsərrüfat kompleksi kimi inkişaf edəcəkdir.

Müsahibəni qələmə aldı:
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında