Azərbaycanda seçki reallığı, bu prosesin əhəmiyyəti, Azərbaycana qarşı bəzi xarici təşkilatların müdaxilə cəhdi kimi qiymətləndirilən fəaliyyətləri barədə beynəlxalq müşahidəçi qismində Bakıda olmuş, alman politoloq, Berlin, Avropa Qafqaz və Xəzəryanı Ölkələr üzrə Tədqiqatlar İnstitutunun rəhbəri Matthias Dornfeld “Xalq qəzeti”nə eksklüziv müsahibə verib.
– Cənab Dornfeld, siz artıq bir neçə dəfə ölkəmizdə olmusunuz. Azərbaycan barədə təəssüratınızı bilmək istərdik.
– Azərbaycan bu gün nəinki Cənubi Qafqazın, eləcə də Yaxın və Orta Şərqin ən inkişaf etmiş ölkələrindəndir. Bu gün dünyanın ən qaynar regionlarından biri də məhz Yaxın və Orta Şərqdir. Belə bir həssas və gərgin siyasi proseslərin baş verdiyi böyük regionda Azərbaycan kimi sabit bir ölkə ilə rastlaşmaq heyrətamizdir. Çünki, bu siyasi-coğrafi zolaqda barmaqla sayılacaq qədər az ölkə tapılar ki, daxili sabitliyini qoruyub saxlasın. Bu baxımdan şanslısınız ki, Azərbaycan kimi demokratik və mütərəqqi Avropa dəyərlərini mənimsəməyə çalışan bir ölkənin vətəndaşlarısınız. Bu gün Azərbaycan dünya birliklərinin region istiqamətində olan siyasi qərarlarında və baxışlarında dəyərləndirilir. Ölkəniz qısa müddətdə bir sıra iqtisadi uğurlara imza atıb. Abadlaşdırma və yenidənqurma istiqamətində xeyli irəliləmişsiniz. Azərbaycan böyük mədəni-siyasi və iqtisadi forumların keçirildiyi məkana çevrilmişdir. Bütün bunlar təqdirəlayiqdir.
– 1 noyabr - parlament seçkilərində müşahidəçi qismində Bakıda oldunuz. Seçki prosesi necə keçdi?
– Mən iştirak etdiyim məntəqələrdə hər şey normal keçdi. Proses öz qaydasında getdi və heç bir müdaxilə və yaxud təzyiq faktı ilə rastlaşmadım. İnsanlar məntəqələrə gəlib səslərini verdilər. Biz səslərin sayılması prosesinə də nəzarət etdik. Qanundan kənar heç nəyi qeydə almadıq. Orada bizdən başqa da müşahidəçilər var idi. Onlar da bizimlə eyni fikirdə idilər.
Vətəndaşlar sərbəst şəkildə seçkilərdə iştirak etdilər. Bu seçkilər Azərbaycanın demokratik inkişafı istiqamətində vacib addımlar atdığını sübut etdi. İnsanların seçkilərdə nə qədər maraqlı olduğunu müşahidə etdik. Siyasi partiyaların əksəriyyət nümayəndələri də seçkilərin gedişindən razı idilər. Seçkilər zamanı barmaqların və vəsiqələrin yoxlanılması prosesi problemsiz aparılırdı. Bir məqamı da xüsusi qeyd etməliyəm. Bu seçkilərdə Azərbaycanda gender bərabərliyinin şahidi olduq
Mən bunu seçki məntəqələrində gördüm. Bu amilin özü çox mütərəqqidir. Qadınların seçki prosesində iştirakı vaxtilə, ümumiyyətlə olmayıb. Belə nümunəni öz praktikasında həyata keçirən ilk ölkələrdən biri də Azərbaycandır. Bu cəhətdən ölkənizlə fəxr edə bilərsiniz.
– ATƏT-DTİHB Azərbaycana müşahidəçi missiyası göndərməkdən imtina etdi. Seçki öncəsi onlar artıq bu barədə rəy verirdilər. Bunu necə dəyərləndirirsiz ?
– Əlbəttə, hər bir qurum verdiyi bəyanata, göstərdiyi münasibətə cavabdehliyi də özü daşıyır. Düşünürəm ki, ölkənizlə bağlı hansısa qərar vermək və konkret fikrə gəlmək çox tezdir. Bu, ədalət meyarlarına düzgün əməl etmək baxımından həssas məsələdir. Ölkənizin uğurları və gələcək perspektivi aydın görünür. Bu baxımdan hansısa qurumların həm ölkəniz, həm də seçkilər barədə qəti qərar verməsi vaxtından əvvəl atılmış addımdır. Müşahidə edəndən sonra, zənnimcə, qərar vermək və qəti fikrə gəlmək daha düzgün olardı.
– Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həllində münaqişəsində işğalçı dövlət hələ də öz ambisiyalarından əl çəkmir. Beynəlxalq təşkilatların regionda sülhün qorunması üçün konkret addımlar atmamasını necə şərh edərdiniz?
– Azərbaycanın ən böyük problemi Dağlıq Qarabağ münaqişəsidir. Təmsil etdiyim ölkə hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişdir. Fikrimcə, Cənubi Qafqazda sülhün və sabitliyin tam təmin edilməsi üçün bu münaqişə mütləq tez bir zamanda həllini tapmalıdır. Ölkələriniz kompromisə gəlməlidir. Qaçqınlar öz torpaqlarına qayıtmalıdır. Bu problem həll ediləndən sonra Azərbaycanı daha böyük inkişaf gözləyir. Şübhəsiz ki, bu məsələdə beynəlxalq təşkilatlar da fəal olmalıdır. Kompromisə getməyən, qeyri-konstruktiv mövqe sərgiləyən tərəfi konsensusa dəvət etmək lazımdır. Bu məsələdə Ermənistanın üzərinə böyük yük düşür. Çünki ərazi bütövlüyü pozulan ölkə Azərbaycandır. Ölkəniz artıq neçə ildir ki, Cənubi Qafqazda sülhün və sabitliyin qorunması istiqamətində, böyük səbir nümayiş etdirir. Bütün bunlar qiymətləndirilməli və Azərbaycanın münaqişəyə cəlb olunmaması üçün konkret addımlar atılmalıdır.
Anar TURAN,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.