UNEC Azərbaycanda beynəlxalq sertifikat əldə edən ilk dövlət ali təhsil müəssisəsidir

Müsahibimiz UNEC-in keyfiyyəti idarəetmə sistemi üzrə baş auditoru Həmid Həmidovdur.

— Həmid müəllim, UNEC ölkəmizdə İSO keyfiyyət sertifikatını alan ilk ali təhsil ocağıdır. Ümumiyyətlə, bu sertifikat nədir və Azərbaycan Dövlət İqtisad Universiteti buna necə nail oldu?

— İSO 9001: 2008 “Keyfiyyəti idarəetmə sistemi” (KİS) beynəlxalq sertifikatdır. Bu gün İSO-nun tərkibinə 162 ölkənin təşkilatları, həmçinin 80-dən çox komitə daxildir. Ali təhsil müəssisələrinin, təşkilatların beynəlxalq aləmə inteqrasiyası üçün bu standartların tətbiqi vacibdir.

UNEC-də İSO 9001: 2008 “Keyfiyyəti idarəetmə sistemi” beynəlxalq sertifikatının alınması, normativ hüquqi bazanın hazırlanması və beynəlxalq sistemə uyğunlaşdırılıması  məqsədilə layihə hazırlandı. Layihədə fəaliyyət sahəsi 3 istiqamət üzrə qruplaşdırıldı: kargüzarlıq sistemi, tədris prosesinin təşkili və daxili auditin keçirilməsi. 2012-ci ildə Türkiyə Standartları İnstitutunun Azərbaycandakı nümayəndəliyinə İSO 9001:2008 “Keyfiyyəti idarəetmə sistemi” beynəlxalq sertifikatının alınması məqsədilə müraciət etdik.

Nümayəndəliyin auditorları tərəfindən aparılan monitorinqin nəticəsi olaraq, UNEC bu sertifikata layiq görüldü. Sizin də qeyd etdiyiniz kimi, UNEC Azərbaycanda bu sertifikatı qazanmış ilk dövlət ali təhsil müəssisəsidir.

Bu günlərdə ISO 9001:2008 KİS layihəsi çərçivəsində Türk Standartları İnstitutunun auditorları UNEC-də 2012-2015-ci illəri əhatə edən ISO standartlarına uyğun olaraq keyfiyyəti idarəetmə sisteminin təkmilləşdirilməsi, bütün struktur bölmələri, mərkəzləri, fakültələri və kafedraları üzrə keyfiyyəti idarəetmə sisteminin icra sənədlərinin auditini həyata keçirdi. Universitet rəhbərliyi və əməkdaşlarının iştirakı ilə keçirilən yekun iclasında auditin nəticələrinə dair qərar verildi. Qərara əsasən, UNEC-in bakalavr, magistr və doktorantura pillələri üzrə ISO 9001: 2008 “Keyfiyyəti idarəetmə sistemi” beynəlxalq sertifikatının standartlara uyğun olduğu təsdiqləndi və üç il müddətinə uzadıldı.

— Sertifikatın alınması hansı zərurətdən yarandı?

— Keyfiyyətli təhsil dövlətin, cəmiyyətin və tələbələrin təhsil sisteminə sosial tələbidir. Təhsil sahəsində aparılan bütün islahatların məqsədi məhz onun keyfiyyətinin yüksəldilməsinə nail olmaqdır. Beynəlxalq standartın tətbiqi bütün müəssisələr üçün məcburi xarakter daşımır. Lakin istər daxili bazarda, istərsə də dünya bazarında rəqabətlilik qabiliyyətinə davam gətirmək üçün standartların tətbiqi mütləqdir. Beynəlxalq universitetlərin bir çoxu keyfiyyət sertifikatına malikdir. Sertifikat beynəlxalq aləmdə tətbiq olunan standartdır və bütün sahələr üzrə idarəetmənin keyfiyyətinin uyğunluğunu müəyyən edir. İSO 9001:2008 “Keyfiyyəti idarəetmə sistemi” sertifikatı beynəlxalq təhsil sistemindəkı yeniliklərə çevik uyğunlaşmaq imkanı yaradır. Beynəlxalq standartlarda fəaliyyət göstərən universitetlərlə əməkdaşlıq imkanlarını asanlaşdırır. Həmin universitetlərlə müqavilələr çox rahatlıqla bağlanır və təhsil-tədris prosesində heç bir problem olmur. Təhsil sistemində beynəlxalq təcrübənin tətbiqi həm də müsbət imicin formalaşmasına zəmin yaradır.

Beynəlxalq sertifikatın əsas üstünlüklərindən biri də odur ki, idarəçilik prosesində şəffaflıq təmin edilir, neqativ halların qarşısı alınır. Bir çox sənədləşmə, daxili audit yoxlaması və bu prosesdə iştirak edən digər beynəlxalq normalara riayət olunur. Keyfiyyət sertifikatının tətbiqinin təhsil xərclərinin azaldılmasında da böyük rolu vardır. Resurslardan qənaətlə və təyinatına görə istifadə edilməsi, təchizat prosesinin beynəlxalq normalara uyğunlaşdırılması, tenderlərin düzgün  keçirilməsini və monitorinqini asanlaşdırır.

— Bu sertifikat UNEC-ə hansı üstünlükləri qazandırdı?

— Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda beynəlxalq təcrübə əsasında ali təhsilin pillələri və səviyyələri üzrə keyfiyyət standartları və göstəricilərinin hazırlanması qeyd olunur. UNEC-in strateji inkişaf proqramında da dünya standartlarına uyğun idarəetmə sisteminin yaradılması əsas istiqamət kimi qəbul edilib. İSO sertifikatının tətbiqi də bunun bariz nümunəsidir.

2014-cü ildən UNEC-də daimi təkmilləşmə məsələsində böyük nailiyyətlər əldə edilib. Keyfiyyətli idaretmə sistemi ilə bağlı sənədlərimizin, kargüzarlıq sisteminin elektronlaşdırılmasını buna misal göstərmək olar. Elektron sənəd dövriyyəsinin tətbiqi ilə universitetin kargüzarlıq sistemində kağızdan istifadə tamamilə ləğv olunub.

“Doc.net” proqram təminatı əsasında hazırlanan yeni sənəd dövriyyəsi qənaətçillik, çeviklik və şəffaflıq baxımından xeyli faydalıdır. Bu sistem vasitəsilə dünyanın istənilən yerindən universitetə müraciət etmək, qeydiyyata düşmək mümkündür. İnterfeysi Azərbaycan dilində olan proqram təminatının təhlükəsizliyi ən qabaqcıl texnologiyalar əsasında hazırlanıb. Universitetdə həmçinin “elektron universitet” modelinin tətbiqinə başlanılıb. İlkin mərhələdə əsas tədris binasında bütün tədris prosesi tam elektronlaşdırılıb. Sistemin bazasına tələbələr, müəllimlər, məzun bazası haqqında məlumatlar, dərs cədvəlləri, fənn üzrə qruplar, fənlərin təqvim-tematik planları, tələbələrin fərdi tədris proqramları daxil edilib. Sistemdə müəllim və tələbələrin şəxsi kabineti yaradılıb. Auditoriyalarda sistemə çıxışı olan elektron tribunalar quraşdırılıb. Kağız üzərində jurnal elektron jurnalla əvəz edilib. Müəllimlər şəxsi elektron kabinetlərindən elektron jurnal bölməsinə daxil olaraq tələbələrin dərsə davamiyyəti, seminar balları, dərslərin adı və digər qeydlərini elektron şəkildə daxil edə biləcəklər.

— Nəzarət prosesi necə aparılır? 

— Bütün bu proseslərə nəzarətlə bağlı UNEC-in Karyera Mərkəzi nəzdində İşçi qrupu yaradılıb. İSO sertifikatı almış 19 nəfərdən ibarət işçi qrupu həmin mərkəzdə fəaliyyət göstərir. İşçi qrupunun üzvləri fakültə, şöbə və mərkəzlərdə çalışan auditorlardır. Hər fakültədə onların nümayəndəsi var. Fakültə və kafedradakı nümayəndələr birlikdə işləyirlər və yekun hesabat bizim mərkəzə gəlir. Bu da bir üstünlükdür ki, hər bir əməkdaş öz strukturunda bu sistemin yayılmasına təkan verir.

UNEC-də Tədrisin Keyfiyyətinin Qiymətləndirilməsi və İdarə Edilməsi Mərkəzi (TKQİM) üzrə bizim struktur vahidimiz var. Onların fəaliyyəti də bu standartların bir neçə maddəsini təmin edir.

— Digər universitetlər bundan necə yararlana bilər?

— UNEC-in Keyfiyyəti İdarəetmə Sistemi üzrə fəaliyyət göstərən mütəxəssislərimiz digər universitetlərə və biznes qurumlarına keyfiyyətli idarəetmə sisteminin təşkili və İSO 9001:2008 sertifikatının alınması üzrə köməklik göstərməyə həmişə hazırdır. Bu sistemin tətbiq olunması ilə universitetlər beynəlxalq kargüzarlıq sistemi, daxili monitorinq sistemi və təhsil sahəsindəki digər beynəlxalq tələblərə çox rahatlıqla inteqrasiya edəcək.

Müsahibəni apardı:
Elnarə ÖMƏROVA


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında