Çexiya parlameninin üzvü Vaslav Snoupek Azərbaycana beynəlxalq müşahidəçi qismində gəlib. Sadə, səmimi bir insandır. Həm də maraqlı həmsöhbətdir. Onunla müsahibə də “ekspromt” alındı, əvvəlcədən razılaşdırılmamışdı. Milli Məclisə noyabrın 1-də keçirilən parlament seçkilərinin nəticələri ilə bağlı Çexiya nümayəndə heyətinin seçkilərin ertəsi günü “Park-İnn” mehmanxanasında yerli və xarici jurnalistlər üçün verdiyi mətbuat konfransından dərhal sonra ona yaxınlaşıb “Xalq qəzeti” üçün ayrıca müsahibə verməsini xahiş etdim. Məmnuniyyətlə razılıq verdi.
Qısa tanıtma: Vaslav Snopek 1951-ci ildə Çexiyanın Pardubitse şəhərində anadan olub. 1988 -1993-cü illərdə Moskva Dövlət Sosial Elmlər Universitetinin sosiologiya fakültəsini bitirib. Ali təhsil aldıqdan sonra bir müddət Pardubitse şəhərinin bələdiyyə orqanlarında çalışıb. 2006 və 2013-cü illərdə Çexiya parlamentinə deputat seçilib. Ailəlidir, iki övladı var.
—Cənab Snopek, Azərbaycanda yenicə başa çatmış parlament seçkiləri barədə şəxsi təəssüratlarınızı bilmək istərdik.
— Mən öncə qeyd etmək istərdim ki, Azərbaycana gəlişimdən, burada müşahidə etdiyim proseslərdən, o cümlədən, seçkilərin təşkilindən çox məmnun qaldım. Çexiyadan bura üç deputatdan ibarət nümayəndə heyəti gəlib. Mənimlə bərabər Bakıya gələn deputatların da adını qeyd etməyinizi rica edirəm. Bunlar cənab Stanislav Berkoveç və cənab Milan Saqapatkadır.
Bu faktı ona görə vurğulayıram ki, təkcə mən yox, bizim nümayəndə heyətimizin digər üzvləri də parlament seçkilərini izləyərək bu qənaətə gəlmişik ki, Azərbaycanda vətəndaşların sərbəst seçimlə öz iradəsini azad ifadə etmələri üçün heç bir maneə yoxdur. Bu barədə rəylərimizi bu gün (artıq srağagün-müəllif) “Park-İnn” mehmanxanasındakı mətbuat konfransında yerli və xarici media təmsilçilərinə açıq bildirdik. Bir daha deyirəm: Azərbaycan dövləti bütün dünyaya sübut etdi ki, ən yüksək səviyyədə seçkilər keçirməyi bacarır.
— Yəqin ki, səsvermə prosesi ilə bağlı təklif və iradlarınız da var. Onları da eşitmək istərdik.
— Biz noyabrın 1-də günün müxtəlif saatlarında paytaxtdakı bir neçə seçki dairəsi üzrə onlarca seçki məntəqəsində səsvermə prosesini canlı olaraq müşahidə etmişik. Seçki proseduru hər yerdə normal təşkil olunmuşdu. Sakinlər çox sakit, heç bir psixoloji gərginliyin hiss olunmadığı adi, normal şəraitdə məntəqələrə daxil olur, adlarını qeyd etdirir, seçki bülletenlərini götürüb kabinələrə daxil olaraq sərbəst surətdə seçim edirdilər. Heç kim heç kəsə təzyiq göstərmirdi. Seçki məntəqələrində xeyli sayda yerli və xarici müşahidəçi vardı. Onların bir çoxu ilə ünsiyyətdə oldum, heç biri ciddi qanun pozuntusu olduğu barədə şikayət etmədi.
Bir məqamı da vurğulamaq istərdim. Müşahidə apardığım seçki məntəqələrində seçicilər arasında gənclər də çox idi. Gənc vətəndaşların ölkənin ictimai-siyasi həyatında fəal iştirak etmələri çox mühüm amildir. Azərbaycan əhalisi də demoqrafik cəhətdən cavandır. Gənclərin fəallığı ölkədə azad vətəndaş cəmiyyəti quruculuğunu daha da sürətləndirə bilər.
O ki qaldı təklif və iradlarıma, seçkilərin ən yüksək standartlar səviyyəsində keçirildiyi göz qabağında idi, hansısa bir “irad” düşünüb deməyə ehtiyac duymuram, hər şey normal və yüksək səviyyədə idi. Bütün bunlar ona dəlalət edir ki, Azərbaycanda yüksək seçki mədəniyyəti formalaşıb.
— Çexiya parlamenti ilə Milli Məclis arasında əlaqələrin səviyyəsini necə qiymətləndirirsiniz?
— Yaxşı sualdır. Milli parlamentlər səviyyəsində əlaqələri həqiqətən canlandırmaq vacibdir. Yaxşı haldır ki, bu əlaqələr artıq yaranıb, lakin perspektivlər daha genişdir. Hər iki dövlətin ali qanunvericilik orqanları sahəsində əldə olunan təcrübəni paylaşmaq, müəyyən boşluqları aradan qaldırmaq üçün fikir mübadiləsi aparmaq ümumi işimizin xeyrinə olardı.
Bu gün sürətlə inkişaf edən, Cənubi Qafqaz regionunun liderinə çevrilən Azərbaycan Çexiya üçün çox maraqlı ölkədir. Mənə məlumdur ki, son illər ölkələrimiz arasında iqtisadi əlaqələr xeyli genişlənib. Azərbaycanda təkcə enerji daşıyıcıları sahəsində deyil, eləcə də, qeyri-neft sektoru istiqamətində görülən işlər bizim iş adamlarında maraq doğurmaya bilməz.
Mən ölkələrimiz arasında turizm sektorunda əməkdaşlıq sahəsində böyük potensialın olduğunu qeyd etmək istərdim. Sevindirici haldır ki, azərbaycanlı turistlər bizim gözəl Praqaya böyük həvəslə gəlirlər. Şübhə etmirəm ki, sizin ölkənizin də böyük turizm potensialı var. Bu sahədə əlaqələri gücləndirmək çox faydalı ola bilər.
Mədəni, humanitar sahələrdə də əlaqələrə yeni dinamizm, impuls vermək lazımdır. Bəzən adi, insani münasibətlər gələcəkdə böyük, uğurlu layihələrin icrasına təkan verir. Yeri gəlmişkən, müasir dönəmdə idman yarışları da xalqlar arasında dostluq körpüləri yaradır. Mənə bəllidir ki, Bakıda bu ilin yayında ilk Avropa Oyunları çox yüksək səviyyədə keçirilib. Yarışlar çexiyalı idmançılar üçün də uğurlu olub.
Mənim idmana böyük marağım var. Gənclik illərində motosiklet üzrə bir çox nüfuzlu yarışlarda iştirak etmişəm. İndi də asudə vaxtlarımda motosiklet sürməkdən hədsiz zövq alıram. Nə gizlədim, bərk sürməkdən də qorxmuram.
— Cənab Snopek, Azərbaycan parlamentinə seçilmiş deputatlara nə arzulayardınız?
— Mən, ilk növbədə Azərbaycan xalqını parlament seçkilərinin böyük uğurla keçirilməsi münasibəti ilə ürəkdən təbrik edirəm. Hər bir ölkədə ali qanunverici orqanda təmsil olunmaq, həm böyük şərəf, həm də böyük məsuliyyətdir. Hər bir deputat bilməlidir ki, onu seçən seçicilərin etimadını doğrultmağa çalışmalıdır. Deputatın öz seçiciləri qarşısında hüquqi və mənəvi öhdəlikləri var. İnanıram ki, azərbaycanlı həmkarlarım bu öhdəlikləri yaxşı dərk edirlər.
Mən Milli Məclisə seçilən deputatların artıq bir neçəsini şəxsən tanıyıram. Belə ki, onların bir çoxu ilə qitə səviyyəsində keçirilən nüfuzlu tədbirlərdə tanış olmuşam. Hər biri yüksək intellektə, nəcib insani keyfiyyətlərə malikdir. Ən başlıcası, milli dövlətçiliyə sadiq, milli ruhlu, təəssübkeş insanlardır. Bir sözlə, azərbaycanlı həmkarlarıma uğurlar arzulayıram.
Söhbəti qələmə aldı:
Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.