İvan KRULKO: Azərbaycan ən yüksək səviyyədə seçkilər keçirməyi bacarır Eksklüziv müsahibə

Ukrayna parlamentinin – Ali Radanın deputatı İvan Krulko ilə noyabrın 2-də GUAM Parlament Assambleyasının nümayəndə heyətinin Azərbaycan Respublikasının Milli Məclisinə bir gün əvvəl keçirilən seçkilərlə bağlı “Park-İnn” mehmanxanasında təşkil edilən mətbuat konfransı başa çatandan sonra görüşdüm. Qeyd etmək lazımdır ki, 34 yaşlı ukraynalı deputat ölkəsinin yüksək siyasi dairələrində kifayət qədər nüfuzlu şəxsdir. O, ədalətli və prinsipial mövqeyinə görə ölkə ictimaiyyəti tərəfindən də qəbul edilən siyasətçilərdən biridir. Onun qəzetimizə eksklüziv müsahibəsini oxucuların diqqətinə çatdırmaq istəyirik.

– Cənab Krulko, öncə karyeranızın əsas məqamları barədə öz dilinizdən eşitmək maraqlı olardı...

– Mən 1981-ci ildə Zakarpatedə anadan olmuşam. 2004-cü ildə Taras Şevçenko adına Kiyev Milli Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişəm. Hüquq elmləri üzrə fəlsəfə doktoruyam. Ali Radada 2005-ci ildən təmsil olunuram. Bundan əvvəl bir müddət Ukraynanın xarici işlər naziri Boris Tarasyukun köməkçisi olmuş, 2009-cu ildən isə  bir neçə il ərzində Ukrayna ailə, gənclər və idman nazirinin müavini vəzifəsində çalışmışam. 2014-cü ilin noyabrında Ukrayna parlamentinə səkkizinci çağırış seçkilərdə Yuliya Timoşenkonun lideri olduğu “Batkivşina” Partiyasından deputat seçilmişəm. Partiyanın siyasi şurasının üzvüyəm.

Adətən, jurnalistlər hobbimi də soruşurlar. Dağ xizəyi idmanı ilə məşğul oluram. Azərbaycanlı dostlarım dedi ki, sizin ölkənizin şimalında, füsunkar  bölgələrin birində (Qusar rayonunu nəzərdə tutur-müəllif) dövlət başçısının təşəbbüsü ilə dağ xizəkçiliyi üzrə çox gözəl idman kompleksi yaradılıb. Macal tapan kimi həyat yoldaşımı və 6 yaşlı qızım Annanı da götürüb ora istirahət etməyə gedəcəyəm. Amma hələlik işlərim o qədər çoxdur ki, istirahətə çox az vaxt qalır...

– Sualım, təbii ki, seçkilərlə bağlıdır. Belə ki, Azərbaycanda yenicə başa çatmış parlament seçkiləri ilə bağlı  təəssüratlarınızı bilmək istərdim...

– Mən GUAM PA-nın nümayəndə heyətinin üzvü olaraq Azərbaycanda keçirilən parlament seçkilərini dərin maraqla izlədim. Dərhal qeyd edim ki, qurum rəhbərliyi seçkilərlə bağlı bir neçə dəqiqə bundan qabaq rəsmi bəyanatını açıqladı və seçkilərin tam azad, şəffaf və demokratik şəraitdə keçdiyini vurğuladı. Mən həmin sənədə imza qoymuşam və orada qeyd olunan fikirləri tam paylaşıram.

O ki qaldı şəxsi zəmində görüb-müşahidə etdiklərimi, necə deyərlər, canlı təəssüratlarımı da məmnuniyyətlə bölüşə bilərəm. Noyabrın 1-də Bakı və Sumqayıt şəhərlərində bir sıra seçki dairələri üzrə təxminən 20-dən çox məntəqədə səsvermə prosesini müşahidə etmişəm. Müşahidə etdim ki, Azərbaycan dövləti vətəndaşların sərbəst seçim etməsi üçün tam şərait yaradıb. Çox vacib məsələdir: seçici ovqatı yüksək idi. Adamlar səsverməyə həvəslə qatılırdılar. Əsas qənaətim budur ki, Azərbaycan ən yüksək səviyyədə seçkilər keçirməyi bacarır.

Mən neçə illərdir ki, bir hüquqşünas olaraq, Avropada seçki proseslərinin tarixini, bugünkü durumunu tədqiq edirəm. Sevinirəm ki, sizin ölkəniz bu istiqamətdə qısa müddətdə çox uğurlu yol keçə bilib. Bu, ona dəlalət edir ki, Azərbaycan vətəndaşı azad və kreativdir, ölkəsinin idarə olunmasına fəal surətdə cəlb olunur. Seçkilərlə bağlı bunu qəti deyə bilərəm:

Seçkilərin nəticələrinin Azərbaycan xalqının iradəsini əks etdirdiyinə zərrə qədər şübhə etmirəm.

– Azərbaycanda sizin ölkənizdə baş verən hadisələrə böyük maraq var. Ukraynada hazırda ictimai-siyasi vəziyyət necədir?

– Ukrayna dövləti son dövrdə özünün ən təlatümlü dönəmlərindən birini yaşayır. Lakin ümid edirəm ki, ölkəmiz hazırda üzləşdiyi bütün çətinliklərin öhdəsindən uğurla gələcək və tezliklə milli həmrəylik və hərtərəfli inkişafa nail olacağıq.

Yeri gəlmişkən, hər bir ölkənin tərəqqisi üçün siyasi sabitliyin bərqərar olması çox vacibdir. Bu istiqamətdə Azərbaycanda dövlət səviyyəsində həyata keçirilən  siyasəti çox uğurlu hesab edirəm. İlk növbədə, məhz bu amil seçkilərin uğurlu keçməsini təmin etdi.

– Siz GUAM PA-da ölkənizi təmsil edirsiniz. Bu təşkilatın fəaliyyətinin perspektivlərini necə qiymətləndirirsiniz?

– GUAM, adından da göründüyü kimi, kifayət qədər geniş bir regionda Ukrayna, Azərbaycan, Gürcüstan və Moldova dövlətləri arasında siyasi, iqtisadi, mədəni əlaqələri genişləndirmək məqsədilə yaradılıb. Qurum bu istiqamətlərdə, həqiqətən, səmərəli fəaliyyət göstərir. Düzdür, qurumun fəaliyyətinə ara-sıra skeptik mövqedən yanaşanlar da olur. Lakin mən GUAM-ın gələcəyinə  nikbin  baxıram. Reallıq budur ki, bu gün dövlətlər arasında məhəlli iqtisadi və ticari əlaqələrin genişlənməsi çox vacibdir. 

Hesab edirəm ki, həm bu qurum, həm də Ukrayna ilə Azərbaycan arasında ikitərəfli əməkdaşlıq çərçivəsində bir çox mühüm sahələrdə, xüsusilə, enerji daşıyıcıları və maşınqayırma sənayesi sahələrində əlaqələri daha da genişləndirmək üçün yaxşı imkanlar mövcuddur. Bəllidir ki, Ukrayna enerji daşıyıcılarının idxalının çoxşaxəli olmasını arzulayır. Bu istiqamətdə Azərbaycanla əməkdaşlığımız bizim üçün çox önəmlidir.

– Cənab Krulko, müasir siyasətçilərin liderlik keyfiyyətlərini necə dəyərləndirirsiniz?

– Böyük tarixi böyük siyasətçilər yazırlar. Onların yeri hər zaman görünür. Məsələn, Azərbaycan xalqının xoşbəxtliyi ondadır ki, dünya tarixində dərin iz qoymuş Heydər Əliyev kimi böyük siyasətçi yetirə bilib, bu dahi şəxsiyyət müstəqil Azərbaycan dövlətinin lideri olaraq ölkənizin strateji inkişaf prioritetlərini müəyyən edib.

Çox yaxşı haldır ki, bu gün ölkənizdə xalqın ali mənafeləri naminə siyasi varislik ənənələri uğurla davam etdirilir. Çox hörmətli Prezident İlham Əliyev də yüksək liderlik keyfiyyətləri nümayiş etdirir. Bir daha vurğulamaq istərdim: siyasətdə liderlik həlledici amillərdən biridir. Görünən budur ki, Azərbaycan dövləti, onun hazırkı lideri xalqının inkişaf və tərəqqisi üçün gərgin səylər qoyur və bu istiqamətdə parlaq uğurlar əldə edir.

– Bir qədər əvvəl qeyd etdiniz ki, Bakıya ilk dəfədir gəlirsiniz. Necə düşünürsünüz, Azərbaycan paytaxtı yaddaşınızda hansı cəhətləri ilə qalacaq?

– Bakının sürətli inkişafı, yeniləşməsi, modern bir meqapolisə çevrilməsi göz qabağındadır. Xəzərin sahilində, bu gözəl şəhərdə xalqınızın azad, məğrur ruhunu duydum. Azərbaycan xalqının qurub-yaratmaq əzminin şahidi olduğum üçün çox sevindim.

Söhbəti qələmə aldı:
Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında