Tomas Qolts: Məni Azərbaycana bağlayan dostluq əlaqələridir

ANS-in dəvəti ilə Bakıda səfərdə olan tanınmış amerikalı jurnalist, “Azərbaycan gündəliyi” kitabının, “Qarabağ” futbol klubu haqqında filmin müəllifi, professor Tomas Qolts Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, müəllifi olduğu film və s. məsələlər barədə AZƏRTAC-ın müxbirinə müsahibə verib.

– Müsahibə verməyə razı olduğunuza görə sizə təşəkkür edirik. Azərbaycanın yaxın dostu kimi siz ölkəmizlə bağlı həqiqətləri dərindən araşdırır və dünyada təbliğ edirsiniz. Ümumiyyətlə, Azərbaycana maraq Sizdə nə vaxtdan yaranıb? Bu barədə fikirləriniz bizim üçün maraqlıdır.

– Bu, uzun hekayədir. Mənim bir kitabım var - “Azerbaijan Diary”. İnşallah, noyabr ayında Azərbaycan dilində “Azərbaycan gündəliyi” adı ilə çapdan çıxacaq və təqdimatını keçirəcəyik. Mən bu suala o kitab ilə cavab verəcəyəm.

Amma qısaca, demək istəyirəm ki, hər şey təsadüfən baş verdi. Mən 1991-ci ildə aldığım dəvətlə əlaqədar Özbəkistanın paytaxtı Daşkəndə gedirdim. Yolum Azərbaycandan düşdü. Bu, planlaşdırılmamışdı və tamamilə təsadüfi idi. Beləliklə, həmin ilin iyulunda - sovet dövründə Bakıya gəldim. Dörd gün bu şəhərdə qaldıqdan sonra Daşkəndə gedəcəkdim. Yenə də təsadüf nəticəsində iki həftə burada qalmalı oldum. Sadəcə Bakıda qalmadıq, Gəncəyə, Murova getdim. Düzdür, bəzi vəzifəli şəxslər icazə vermək istəmədilər. Amma mən getməkdə israrlı idim. O vaxt cənub qatarı var idi və ta Naxçıvana qədər gedirdi. İlk dəfə o qatarla Naxçıvana qədər getdim və mərhum Prezident Heydər Əliyev ilə tanış oldum. Bu, 1991-ci ilin yayında baş verdi.

Sovet İttifaqı dağılanda biz Daşkənddə idik. Mən Daşkənd Universitetində professor kimi çalışmalı idim. Amma baş verən hadisələr o qədər maraqlı idi ki, mən bunları qələmə almağa başladım. Həmin vaxtlar Azərbaycanda da mühüm proseslər gedirdi. Həmin vaxt Azərbaycan və türk dillərində danışan xarici mütəxəssis və ya müxbir demək olar ki, yox idi. Ona görə də mən yenidən Bakıya qayıtdım. Mən burada təxminən iki həftə, uzağı bir ay qalmağı düşünürdüm. Lakin sonra daha qaynar hadisələr cərəyan etməyə başladı, hərbi əməliyyatlar qızışdı və s. Ona görə düz bir il Azərbaycanda qaldım. Ondan sonra iki həftəlik Gürcüstana getdim. Sonra daha bir il Azərbaycanda qaldım. Düzdür, arada Türkiyəyə, İrana qısa səyahətlərim olsa da, 1992-1995-ci illərdə çox vaxt Azərbaycanda oldum. 

– Siz həm də Amerika ictimaiyyətinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, xüsusilə Xocalı qətliamı ilə bağlı məlumatları çatdıran ilk jurnalistlərdən birisiniz və bu münaqişə ilə bağlı ABŞ-da keçirilən tədbirlərdə fəal iştirak edirsiniz. Sizcə, Amerika ictimaiyyəti tədqiqi ilə məşğul olduğunuz bu problemlər barədə nə dərəcədə məlumatlıdır? Fikrinizcə, Azərbaycan həqiqətləri barədə Amerika ictimaiyyətini daha geniş məlumatlandırmaq üçün hansı addımlar atılmalıdır?

– Mən bu məlumatları Amerika əhalisinə çatdırmaq üçün çox səy göstərdim. Amma bu, çox çətin idi. Çünki erməni diasporu məni yalançı kimi qələmə verməyə çalışaraq çox böyük təzyiqlər göstərirdi. Lakin mən bu məlumatları çatdırmağı özümə bir borc hesab etdiyim üçün həmin təzyiqlərə dözdüm.

Təəssüf ki, ümumiyyətlə, ABŞ ictimaiyyəti Azərbaycan haqqında kifayət qədər məlumatlı deyil. Azərbaycan ilə bağlı məlumatlılığı artırmaq heç də asan iş deyil. Lakin biz bu istiqamətdə təşəbbüs içindəyik. Məsələn, Amerikada Azərbaycan musiqisi ilə məşğul olan dostum var - Cefri Verbok. Yəqin ki, siz tanıyırsınız. O, Azərbaycan musiqisinin təbliği ilə uzun müddətdir məşğul olur, universitetlərdə master-klaslar verir və s. Buna görə də ABŞ-da Azərbaycanın imici müəyyən mənada muğam ilə bağlıdır.

Mən bu işdə Azərbaycan xalçalarının əhəmiyyətini də qeyd etmək istərdim. Bir dəfə dostum Cefri ilə bir xalça mağazasına daxil olduq. Gördüm ki, mağazanın üstündə “Qafqaz xalçası” sözü yazılıb. Amma bilirdim ki, “Qafqaz xalçası” ifadəsi yoxdur. Xalçaların hazırlandığı məktəblər var. Özü də bu mağazadakı məhsulların hamısı Azərbaycan xalçaları idi. Cefri ilə gedib mağazanın sahibi ilə görüşdük, izah etdik ki, bunlar Azərbaycanda mövcud olan Şirvan, Qarabağ, Quba və s. xalçaçılıq məktəblərinin məhsullarıdır. Biz mağazanın adının dəyişdirilib “Azərbaycan xalçası” yazılmasını təkid etdik.

Azərbaycan barədə Amerika ictimaiyyətinin məlumatlandırılması prosesi ildən-ilə genişlənir. Ancaq səylər daha da artırılmalıdır.

– Siz “Qarabağ” futbol klubu ilə bağlı film də hazırlamısınız. Filmdə qeyd edilir ki, bu komanda əzəli Azərbaycan torpağı Qarabağın adını daşıyır. Amma bu klubun təmsil etdiyi Ağdam şəhəri 23 ildir ki, işğal altındadır. Dünyada komandası olmayan minlərlə şəhər var. Amma təmsil etdiyi şəhəri olmayan komanda çox azdır, onlardan biri də “Qarabağ”dır. Necə fikirləşirsiniz, bu həqiqəti dünya ictimaiyyəti yetərincə bilirmi?

– Bilirsiniz, şəhərsiz komanda olmaq çox az rast gəlinən haldır. Bu mövzuda söhbət gedəndə ilk növbədə, yada Ağdamın “Qarabağ” komandası düşür. Ondan sonra yəqin ki, Cənubi Kiprdə “Famaqusta” komandasıdır. Ancaq Kiprdə artıq sülh prosesi başladı və həmin komanda artıq öz şəhərində çıxış edə bilər. Artıq onların seçim imkanı var.

Üçüncü istisna Dnepropetrovsk şəhərinin “Dnepr” komandasıdır. Ancaq futbolçular o şəhərdə oynaya bilərdilər. Sadəcə bir az təhlükəli olduğu üçün Lvovu seçdilər və indi bu şəhərdə oynayırlar. Yəni, “Dnepr”i tam qaçqın komanda adlandırmaq düzgün olmaz. Ancaq keçən il Avropa mətbuatı guya onları bir qaçqın komanda kimi təqdim edirdilər. Mən buna çox qəzəblənirdim. Çünki mənim komandam - “Qarabağ” futbol klubu 23 ildir qaçqın olaraq çıxış edir və heç kim bu məsələni bircə dəfə də vurğulamaq istəmir. Ona görə bu filmi hazırladım ki, bu informasiyanı, bu amili dünyaya çatdırım. Hazırda bu prosesin içindəyəm, uğur qazanacağımı isə zaman göstərəcək.

Mən əslində “Qarabağ” komandası haqqında filmin hazırlanması ilə daha əvvəl məşğul olmağa başladım. Ancaq təsadüfən, “Qarabağ” komandası “Dnepr” ilə oynadı və beləliklə, bu, işləri daha da sürətləndirdi.

Onu da deyim ki, bu filmi hazırlayana qədər mənim futbolla bağlı məlumatım çox az idi. Təsadüfən hollandiyalı bloger Artur Huizinga ilə tanış oldum. O, Ağdamın “Qarabağ” komandası ilə illərdir maraqlanır və hətta bu barədə kitab da yazıb. Günlərin birində Artur Huizinga Ağdam şəhəri, Qarabağ müharibəsi ilə əlaqədar daha çox siyasi informasiya almaq üçün mənə müraciət etdi. Mən mümkün olduğu qədər ona kömək etdim və bildirdim ki, futbol haqqında, “Qarabağ” komandası barədə məlumatım yoxdur və bu barədə sizə kömək edə bilməyəcəyəm. Sonra gördüm ki, “Qarabağ” futbol komandası avroliqada oynamağa başladı. Mən həmin hollandiyalı ilə əlaqə saxladım. Dedim ki, Artur, yəqin sən mütləq izləyirsən, bu komanda Avropa Liqasında çıxış edir. O bildirdi ki, yeni ailə qurduğu üçün vaxtı yoxdur. Fikirləşdim ki, yaxşı, bəs bu filmi kim işləyəcək?! Sonra aynaya baxdım və dedim: “Sən bunu etməyə məcbursan”. Bu macəra, bu hadisə, bu “Odisseya” belə yarandı.

Beləliklə, bir il futbolu öyrənməyə başladım və bu oyuna məndə xüsusi maraq yarandı. Mən artıq “Qarabağ” futbol komandasının azarkeşinə çevrildim, hətta kluba üzv oldum. Komandanın rəhbərliyi mənə forma da verib və onun üzərindəki rəqəm təbii ki, “02”dir. Çox maraqlı bir hekayədir, elə deyilmi?

Bu filmin hazırlanmasında mənə kömək göstərən adamlara təşəkkür edirəm və onların sayı çoxdur. Mən başda klub rəhbərliyinə - Tahir Gözələ, Qaçqınkomun sədri Əli Həsənova, Quzanlıda, Bakıda və digər bölgələrdə yaşayan qaçqın dostlarıma və başqalarına təşəkkür edirəm. Qısaca olaraq onu demək istəyirəm ki, bu, təkcə mənim filmim deyil, bizim filmimizdir.

Film artıq hazırdır, təqdimatlarını da keçirdik. Hətta iki həftə əvvəl Monakoda mükafat da aldı. Filmi digər festivallara da göndərdik.

– Siz Azərbaycanın tarixi ilə yanaşı, onun Avropanın enerji təhlükəsizliyində oynadığı rolun da təbliğində fəal iştirak edirsiniz. Sizin rəhbərliyinizlə motosikletçilər qrupu Bakı-Tbilisi-Ceyhan ixrac boru kəmərinin keçəcəyi marşrutu ilk dəfə qət etmişdi. Siz həmin motosikleti sonradan SOCAR-a hədiyyə etdiniz. “Neft Odisseyası” layihəsi barədə təəssüratlarınızı bilmək maraqlı olardı?

– Bilirsiniz, o, çox qəribə bir hadisə idi. Çünki o vaxt çoxları Bakı-Tbilisi-Ceyhan layihəsinin reallaşacağına inanmırdı. Ona görə də mərhum Prezident və köhnə dostum Heydər Əliyev bu layihənin daha çox siyasi əhəmiyyətini diqqətə çatdırmaq istəyirdi. Odur ki, “Neft Odisseyası” layihəsini fikirləşdim və niyyətimi mərhum Prezidentə bildirdim. Bu böyük insanda həm də incə yumor hissi var idi. O, bu layihəni çox bəyəndi və bizə şərait yaratdı. Biz on nəfər “Ural” markalı köhnə motosikletlərlə 12-13 günlük yürüşü həyata keçirərək macəra yaşamaqla bərabər, tarix yazdıq. Biz bir çəllək Azərbaycan neftini rəmzi olaraq Bakıdan Ceyhan limanına çatdırdıq. Düşünürəm ki, Bakı-Tbilisi-Ceyhan layihəsinin reallaşmasında cüzi də olsa mənim də payım var.

– Azərbaycan dilində gözəl danışırsınız. Həmçinin bir neçə dil bilirsiniz. Ölkəmizi yaxından tanıyan insan kimi, Azərbaycanda Sizi özünə ən çox nə bağlayıb? Amerikada və digər ölkələrdə Sizdən Azərbaycan haqqında soruşanda ilk olaraq ölkəmizin hansı xüsusiyyətini qeyd edirsiniz? 

– Mənim cəbhədə döyüşən insanlar, qaçqınlar arasında çoxlu köhnə dostlarım var. Hər dəfə Azərbaycana gələndə Montanadan dondurulmuş halda maral əti gətirirəm və sadə bir kafe seçib veteran dostlarımla əyləşib süfrə açır, xatirələrimizi bölüşürük. Yəni, Azərbaycanda dostlarım çoxdur. Məni sizin ölkəyə bağlayan da bu dostluq əlaqələridir.

– Azərbaycana səfərləriniz zamanı keçirdiyiniz görüşlər, ABŞ-da təşkil olunan tədbirlərdə ölkəmizlə bağlı çıxışlarınız barədə informasiyaları AZƏRTAC həvəslə tirajlayır. Bəs, Siz necə, bizim agentliyin xəbərlərini oxuyursunuzmu?

– Əlbəttə, hər gün olmasa da oxuyuram. Mən hər gün yuxudan duranda kofe hazırlayıb, sonra internetə qoşuluram. Əvvəlcə olaraq elektron poçtuma, sonra isə “Facebook”a baxıram. Qarabağdan, Ağdamdan olan dostlarımın yeniliklər barədə Azərbaycan dilində yazdıqları məlumatları gözdən keçirir, “New York Times”a, Türkiyədə “Hürriyət”ə baxıram. Sonra isə Azərbaycan mətbuatında, xüsusən AZƏRTAC-da yayılan xəbərləri oxuyuram.

– Maraqlı söhbətə görə sizə təşəkkür edir, fəaliyyətinizdə uğurlar arzulayırıq.

– Sağ olun, mən də sizə uğurlar arzulayıram.

Elvin MÖVSÜMOV,
AZƏRTAC-ın müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında