“Ən layiqli namizədi seçmək üçün siyasi iradə nümayiş etdirməliyik”

Böyük Vətən müharibəsində II qrup əlil olmuş, Prezident təqaüdçüsü, SSRİ maarif əlaçısı Mirzəxan Hüseynovun 90 yaşı var. Özünün dediyi kimi, ömrünü gənc nəslin savadlı və  vətənpərvər insanlar kimi yetişdirilməsinə həsr edib. 60 ildən çox müəllimliklə məşğul olan M.Hüseynov 54 il məktəb direktoru olub. Onu da deyək ki,  Mirzəxan müəllimin rəhbərlik etdiyi təhsil ocaqlarının adı həmişə qabaqcıllar sırasında çəkilib. Müharibənin od-alovundan çıxmış, çətinliklərlə üzləşmiş ağsaqqal ölkənin ictimai-siyasi həyatında  da fəal iştirak edib. Onunla görüşümüz parlament seçkiləri ərəfəsinə təsadüf etdiyindən ilk sualımız da bu mövzuda oldu.

– Mirzəxan müəlim, ölkəmiz əhəmiyyətli siyasi kampaniya ərəfəsindədir. İstərdik ki, sizin də bu tarixi hadisəyə münasibətinizi öyrənək.

– Seçki çox böyük siyasi hadisədir. Ona görə ki, seçkilərdə ölkənin, xalqın taleyi həll olunur. Parlament seçkilərində qanunverici orqan formalaşır. Buna görə də hər birimiz seçimimizdə diqqətli olmalı, yüz ölçüb-bir biçməliyik. Çünki sonrakı peşmançılıq fayda verməz. Mən seçkiyə gedərkən artıq kimə səs verəcəyimi qabaqcadan müəyyənləşdirirəm. Məsələn, prezident seçkilərində yalnız cənab İlham Əliyevə səs verirəm. Övladlarıma, yaxınlarıma, sözüm keçənlərə də bunu tövsiyə edirəm. Çünki möhtərəm Prezidentimiz ümummilli lider Heydər Əliyevin siyasi kursunu davam etdirir. Hər birimiz şahidiyik ki, bu kursun layiqincə davam etdirilməsi ölkəmizi dünyanın tanınmış dövlətlərindən birinə çevirib. Bu yol axıra qədər davam etdirilməlidir.

– Parlament seçkilərində də qabaqcadan öz seçiminizi edirsinizmi?

– Əlbəttə, namizədlərin platformaları ilə yaxından tanış oluram, sonra məni qane edən namizədə səs verirəm. Özü də bütün seçkilərdə səsvermə məntəqəsinə gedib orada səs verirəm. Bizə bildiriş gətirən komissiya üzvləri evə qutu gətirməyi təklif edirlər, ancaq razılaşmıram. Hələ ki, özümü yaxşı hiss edirəm və məntəqəyə gedib səs verməyi vətəndaşlıq borcum hesab edirəm. Hər bir Azərbaycan vətəndaşı səsvermə hüququndan istifadə edib seçkilərdə fəal iştirak etməlidir. Ən layiqli namizədi seçmək üçün siyasi iradə nümayiş etdirməliyik. Araqarışdıranların sözü ilə heç kim seçkilərdən kənarda qalmamalıdır. Fürsətdən istifadə edib bütün seçicilərə müraciət edirəm: gedin səsvermə məntəqələrinə və seçdiyiniz namizədə səs verin!

– Dediniz ki, araqarışdıranların sözü ilə heç kim seçkilərdən kənarda qalmamılıdır...

– Bəli, mən bu sözləri təsadüfən demədim. Mən dünyada baş verən hadisələrin canlı şahidiyəm. SSRİ dağılandan sonra müttəfiq respublikalar arasında Azərbaycanın sürətli inkişafı hamımızın gözü önündədir. 24 illik  müstəqillik tariximizdə dünyanın inkişaf etmiş dövlətləri ilə bir sırada olmaq çox böyük hadisədir. Bu, düzgün müəyyənləşdirilmiş siyasi kursun nəticəsidir. Bizim belə uğur qazanmağımız bir sıra dövlətlərin və bəzi beynəlxalq təşkilatların xoşuna gəlmir. İstəyirlər, dövlətimiz onların diktəsi ilə hərəkət etsin. Bu isə mümkün deyil. Çünki bizim öz yolumuz, öz dəst-xəttimiz var. Ona görə də bizim paxıllığımızı çəkənlər çoxdur. Onlar bütün vasitələrlə çalışırlar ki, Azərbaycanda keçirilən beynəlxalq əhəmiyyətli tədbirləri boykot etsinlər. Ancaq istəklərinə çata bilməyiblər. İndi də ümidlərini parlament seçkilərinə bağlayıblar. Düzdür, bəzi vəzifə hərisləri xainlərin çağırışına qoşulublar. Ancaq onlar səhv yolda olduqlarını dərk edəndən sonra peşman olacaqlar. Çünki Vətən anadır. Pula, vəzifəyə, mal-dövlətə görə Vətənə xəyanət etmək, xainlərin səsinə səs vermək bizim millətin adına yaraşmaz. Biz dünyanı lərzəyə salan Hitlerə qarşı bu günlər üçün vuruşmuşuq, qan tökmüşük. Ona görə də bu əmin-amanlığı, müstəqilliyimizi sona qədər  qorumalıyıq. Azərbaycanın sürətli inkişafından paxıllıq hissi keçirənlər isə ömürlərinin axırına qədər əzab çəkəcəklər, qovrula-qovrula qalacaqlar. Belə xainlərin sözü ilə seçkilərə qatılmamaq erməni dəyirmanına su tökməkdir.

– Seçkilərə hazırlıq prosesini necə qiymətləndirirsiniz?

– Mən yarım əsrdən çox  məktəb direktoru işləmişəm. Tədris müəssisələrində sağlam mühit, təlim-tərbiyə, nizam-intizam yüksək olduğundan seçki məntəqələri, adətən, ilk növbədə, orada yerləşdirilir. Mən uzun illərdir ki, bunun şahidiyəm. Hər dəfə ölkəmizdə seçki keçirilən zaman hazırlıq işlərinə ciddi fikir verilir. Noyabrın 1-də keçiriləcək parlament seçkilərində də bunun şahidi oldum. Seçkilərdə şəffaflığın, obyektivliyin təmin olunması üçün yüksək hazırlıq işləri görülür. Cənab Prezidentimiz də seçkilərin demokratik şəraitdə keçirilməsi üçün siyasi iradə nümayiş etdirir. Bu, çox yaxşı haldır. Axı, ölkəmizə çoxlu sayda xarici müşahidəçi gələcək. Biz onların yanında alnıaçıq-üzüağ olmalıyıq. Əminəm ki, olacağıq da! Ona görə də hamılıqla seçkidə iştirak etməliyik. Bu, mükəmməl qanunverici orqanın formalaşdırılması üçün çox vacibdir.

Müsahibəni qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında