Ortadoğu Strateji Araşdırmalar Mərkəzinin direktoru, türkiyəli politoloq Həsən Kanbolat Seçki-2015.az saytına müsahibəsində noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilər barədə müsahibə verib. Həmin müsahibəni təqdim edirik:
- Həsən bəy, noyabrın 1-də Azərbaycanda parlament seçkiləri keçiriləcək. Bu seçkidən gözləntiləriniz nədir?
- İstər parlament, istərsə də prezident seçkiləri Azərbaycan üçün çox önəmli hadisədir. Mən 2013-cü ildə keçirilən prezident seçkilərində müşahidəçilərdən idim. Həmin vaxt demokratik, şəffaf seçkilərin keçirildiyinin şahidi olmuşam. Azərbaycan demokratik seçki ənənələrini inkişaf etdirib. Bununla yanaşı, sizin ölkənizdə ictimai-siyasi həyatda da inkişaf göz qabağındadır. Builki parlament seçkilərinə həm beynəlxalq təşkilatlardan, həm də Türkiyə ilə yanaşı, müxtəlif ölkələrdən müşahidə missiyaları gələcək və əminəm ki, onlar inkişafı öz gözləri ilə görəcəklər.
- Budəfəki parlament seçkilərində hansı partiyanın qalib gələcəyini proqnozlaşdırırsınız?
- Hesab edirəm ki, Yeni Azərbaycan Partiyası seçkinin qalibi olacaq. Çünki bu partiya iqtidar olduğu dövrdə Azərbaycanı çox irəliyə aparıb. Ölkəniz vaxtilə ən çətin dövrlərini yaşamasına baxmayaraq, hazırda dünyada ən seçilən dövlətlər sırasındadır. Təbii ki, bu da iqtidarda olan partiyanın apardığı siyasətdən irəli gəlir. Bu baxımdan, hakim partiyanı şanslı görürəm. Eyni zamanda, buna qədərki seçkilərdə elm adamları, akademiklər parlamentdə təmsil olunublar. İnanıram ki, bu, davamlı olacaq.
- ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Azərbaycanda seçkiləri müşahidə etməkdən imtina etdi. Onlar bir sıra səbəblər irəli sürür. Lakin ekspertlər hesab edir ki, bu, Qərbdəki bəzi qüvvələrin Azərbaycana təzyiq cəhdlərindən irəli gəlir. Siz necə düşünürsünüz?
- Azərbaycan istər qonşu dövlətlər, istərsə Avropa Birliyi və Amerika Birləşmiş Ştatları ilə həmişə yaxşı münasibətlər qurmağa çalışır. İndiyə qədər də heç bir halda, Qərblə gərgin münasibətlərin tərəfdarı olmayıb. Lakin biz Qərbin Azərbaycanla öz şagirdi kimi davranmaq istəklərini görürük. Bu düşüncə kökündən yanlışdır və nəinki Azərbaycan, ümumiyyətlə, özünə hörmət edən heç bir ölkə bu cür yanaşmanı qəbul edə bilməz. Bu baxımdan, Azərbaycan müstəqil siyasət aparan, öz milli maraqlarından çıxış edən dövlət olaraq öz yolunu gedir. Digər tərəfdən, əgər Qərb ölkələri Cənubi Qafqazda güclü olmaq istəyirsə, regionun əsas gücü olan Azərbaycanla hesablaşmalıdırlar. Azərbaycanla dost olmaq istəyirlərsə, hər şeydən öncə onun ərazi bütövlüyünün bərpasına dəstək verməli, Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı olmalıdırlar. Lakin biz Qərbin bunu etmədiyini, heç bir addım atmadan yalnız öz istəklərinin yerinə yetirilməsini istədiyini görürük. Daha dəqiq desək, bu gün Qərbin ikiüzlü siyasət apardığını müşahidə edirik. Bunun fonunda DTİHB-nin Azərbaycana müşahidə missiyası göndərməkdən imtina etməsi həmin siyasətin bir parçasıdır.
- DTİHB-nin müşahidə etməkdən imtina etməsi Azərbaycandakı seçkilərə təsir edə bilərmi?
- Bunun heç bir təsiri olmayacaq. Azərbaycan demokratik ənənələrinə uyğun olaraq seçkiləri ədalətli və şəffaf keçirərək, dünyaya nümunə göstərəcək.
The Hill: Biz mediaya güvənməliyik?
Azərbaycan və İsraildən soruşun
ABŞ-ın nüfuzlu “The Hill” qəzetində müəllifi Jason Katz olan “Biz mediaya güvənməliyik? Azərbaycan və İsraildən soruşun” adlı məqalə dərc olunub.
“Seçkilər” Media Mərkəzinin tərcümə etdiyi məqalədə müəllif yazır: “Əvvəllər nüfuzu olmuş bəzi medialar artıq dəyişib. Məsələn, “The Washington Post”un Azərbaycana qarşı, “The New York Times”ın isə İsrailə qarşı nifrətlə dolu neqativ məqalələrini görmək olur. Keçmiş sovet respublikası Azərbaycan sabit və etibarlı müttəfiqdir. Ölkənin enerji resursları Avropaya müxtəliflik və təhlükəsizlik verə bilər. Azərbaycan, həmçinin, tolerant, açıq və inkişaf edən ölkədir, ABŞ, İsrail və Avropanın müttəfiqidir. Amma “The Washington Post” belə yazmır. Qəzet Xədicə İsmayılovanın müdafiəçisidir və tez-tez onun haqqında yazır. Xədicə İsmayılova hüquq müdafiəçisi və jurnalist kimi təqdim olunur, onun öz fəaliyyətinə görə həbs olunduğu yazılır. Azərbaycan məhkəmələrinin obyektivliyi ilə bağlı bir şey deyə bilmərəm, lakin onu deyə bilərəm ki, məktəbdə bizə jurnalistlərin xəbər hazırladığı, hüquq müdafiəçilərinin isə hüquqları qoruduqları deyilirdi. Bu zaman qeyd etmək lazımdır ki, Xədicə Azadlıq Radiosunda təlim keçib və işləyib. Azadlıq Radiosu ABŞ-ın sovet blokuna, indi isə Rusiya, Avrasiya və s. ölkələrə siyasətini təşviq etmək üçün bir təbliğat maşını olub. radio dəfələrlə mediada vergi ödəyicilərinin pullarının havaya atılması kimi göstərilib. Artıq radio vergi ödəyicisi tərəfindən maliyyələşdirilən daxili piar və lobbiçilik qrupuna çevrilir. Amerika mediası dəqiq, qərəzsiz və etibarlıdırmı?"
Rusiyalı ekspert: “ATƏT DTİHB-in
seçkilərə müşahidəçi göndərməməsi
təşkilatın qərəzliliyini göstərir”
Rusiyanın Siyasi Tədqiqatlar İnstitutunun MDB ölkələri üzrə şöbəsinin rəhbəri Aleksey Bıçkov “İnterfax-Azərbaycan” İnformasiya Agentliyinə müsahibəsində bildirib ki, Azərbaycandakı seçkiqabağı mübarizəyə baxdıqda, qarşıdan gələn parlament seçkilərinin maraqlı və dolğun keçəcəyini demək olar: “Hesab edirəm ki, budəfəki seçkilər də gərgin olacaq”.
Rusiyalı mütəxəssisin sözlərinə görə, Milli Məclisə seçkilərdə mübarizə aparan namizədlərin sayının təxminən dörd dəfə artdığını nəzərə alsaq, hətta bəzi dairələrdə bir yer uğrunda 30-dan artıq namizədin mübarizə apardığını görmək olar.
Mütəxəssis daha sonra vurğulayıb: “Azərbaycan öz mövqeyində qətiyyətlidir. Azərbaycan yaltaqlığın olmadığı bir ölkədir, bu isə bəzi qüvvələri qıcıqlandırır”.
“BMT, ATƏT, AŞPA və digər strukturların, hətta bəzi dövlətlərin hökumətləri müstəqilliklərini və şəxsi qərar qəbul etmək imkanlarını artıq çoxdan itiriblər. ATƏT- in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) seçkilərdə müşahidəçi qismində iştirakdan imtina etməsi bu təşkilatın prinsipləri ilə uzlaşmır və bu strukturun qərəzliliyini növbəti dəfə göstərir”,- deyə A.Bıçkov vurğulayıb.
Hazırladı:
Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.