Azərbaycan vətəndaşları bir neçə gündən sonra seçki məntəqələrinə gələrək Milli Məclisə ən layiqli hesab etdikləri namizədlərə səs verəcəklər. Bu günlərdə hər bir namizəd özü və seçki platforması barədə geniş bilgilər verməyə çalışır, qələbə qazanmaq üçün daha çox seçicinin dəstəyini əldə etməyə cəhd edir. Bəs seçici lehinə səs verməyə hazırlaşdığı namizəddən nə gözləyir? Bu suala konkret cavablar tapmaq üçün bir neçə seçici ilə görüşüb onların rəy və təkliflərini öyrəndik.
Baba ƏHMƏDLİ, neftçi, texnika elmləri üzrə fəlsəfə doktoru:
– Mən hazırda təqaüdçüyəm, yaşım da səksəni keçib. Lakin builki parlametnt seçkilərində mütləq iştirak edəcəyəm. Hesab edirəm ki, hər bir vətəndaşın bu mühüm siyasi kampaniyada fəal iştirak etməsi vacibdir. Bu, hər birimizin vətəndaşlıq borcudur.
Yeni parlamentdən gözləntilərim çoxdur. Ümid edirəm ki, müstəqil Azərbaycanın beşinci çağırış parlament korpusu öz üzərinə düşən vəzifələrə adekvat çalışacaq, ən vacib və ədalətli qanunların qəbul olunmasına nail olacaq. Hazırda gənc müstəqil dövlətimiz dinamik inkişaf yolundadır. Parlamentin hakimiyyətin digər qolları ilə – icra və məhkəmə sistemi ilə həmahəng və səmərəli fəaliyyət göstərməsi ümumi işimizin xeyrinədir.
Parlamentin yeni tərkibinə seçilən deputatlara qocaman alim olaraq bir təklifim var: Qoy onlar qanunvericilik fəaliyyəti ilə məşğul olmaqla bərabər, bu qanunların icra mexanizminə də lazımi qədər diqqət ayırsınlar. Bəzən gözəl qanunlar qəbul edilir, amma bir sıra hallarda, təəssüf ki, onların həyata keçirilməsi yubadılır.
Mən inanıram ki, budəfəki seçkilərdə ən layiqli namizədlər qələbə çalacaqlar. Bir məqam var ki, o, hər şeyin fövqündə durur. Bu, milli təəsübkeşlik, xalqa, millətə təmənnasız xidmət etmək vəzifəsidir. Zərrə qədər şübhə etmirəm ki, seçicilər səs verərkən bu məziyyətə xüsusi diqqət yetirəcəklər.
– Aybəniz SƏRDARQIZI, müəllim:
– Mən 31 saylı Suraxanı ikinci seçki dairəsinin 13 nömrəli məntəqəsində səs verəcəyəm. Uzun illərdir ki, Bakıdakı 279 saylı ümumtəhsil məktəbində gənc nəsilin tərbiyəsi ilə məşğulam. Hər dəfə olduğu kimi, bu dəfə də seçkilərdə fəal iştirak edəcəyəm.
Ökəmizdə son illər təhsil sahəsində aparılan uğurlu islahatlar biz müəllimləri çox razı salır. Sevinirik ki, möhtərəm dövlət başçımız İlham Əliyev müəllim əməyinə daim qayğı göstərir. Əmək haqlarımız yüksəlir, məktəblərin tədris ləvazimatları və avadanlıqla təchizatı ilbəil yaxşılaşır. Dövlətimizin müəllimə diqqət və qayğısı artdıqca, cəmiyyətdə də ona hörmət və ehtiram yüksəlir.
Soruşursunuz ki, seçkilərdən gözləntilərim nədir? Gözləntilərimiz çoxdur. Arzum odur ki, parlament elm, təhsil, təlim-tərbiyə məsələlərini daim diqqətdə saxlasın. Deputatlar bundan sonra da ali və orta məktəblərdə təhsilin kefiyyətcə daha da yaxşılaşmasına kömək edən qanunlar qəbul etsinlər. Axı, hər bir dövlətin gücü ölkə vətəndaşlarının elmli və savadlı olmasından asılıdır. Hər birimiz bu istiqamətdə əlimizdən gələni etməliyik.
Müqalib KAZIMOV, həkim:
- Mən bir neçə ildir ki, Ədalət Partiyasının üzvü olaraq müşahidəçi qismində seçki prosesində iştirak edirəm. Əvvəla, əlimi ürəyimin başına qoyub deyə bilərəm ki, səsvermə prosesində hələ bir dəfə də olsun ciddi qanun pozuntusuna rast gəlməmişəm. İnanıram ki, bu dəfə də seçkilər tam azad və şəffaf şəraitdə keçəcək.
Hazırda seçki kampaniyasının ən qızğın çağıdır. Belə ki, bir deputat mandatı uğrunda orta hesabla 7-8 namizəd mübarizə aparır. Seçicilər özləri kimi parlamentə layiq görəcəklərsə, onu da seçəcəklər. Onların seçim hüququna heç kim qarışmır.
Bəzi seçicilərdən ara-sıra haqlı gileylər də eşidirəm. Bəzi deputatlar seçicilərə verdikləri vədləri unudurlar. Axı, deputatların seçicilər qarşısında hüquqi və mənəvi öhdəlikləri var. Bütün problemləri birdəfəyə həll etmək, əlbəttə, çətindir, lakin millət vəkilinin öz seçiciləri ilə mütəmadi görüşməsi, onları narahat edən problemlərin həllinə qayğı göstərməsi vacibdir.
Elxan ATAMOĞLANOV, tələbə:
Bir neçə ay əvvəl mənim 18 yaşım tamam olub. Bu, o deməkdir ki, artıq Azərbaycan vətəndaşı olaraq seçkilərdə ilk dəfə iştirak edə bilərəm. Nə gizlədim, buna çox sevinirəm. Konstitusiyamızın mənə verdiyi seçmək hüququndan mütləq istifadə edəcəyəm.
Biz gənclər hazırda ölkəmizin hərtərəfli və davamlı inkişafını görür və bundan sonsuz qürur duyuruq. Müstəqil Azərbaycan bu gün bölgənin lider dövlətinə çevrilib. Bu möhtəşəm uğurlar ulu öndər Heydər Əliyevin müdrik siyasəti, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində mümkün olub.
Dövlətimiz gənclərin Azərbaycanda azad vətəndaş cəmiyyəti quruculuğuna fəal qoşulmaları üçün ardıcıl tədbirlər görür. Mən Bakı Dövlət Universitetinin hüquq fakültəsinin tələbəsiyəm. Atam “Kamaz” sürücüsüdür. Bir sadə fəhlə ailəsinin övladı olaraq mənim yüksək biliklər almağım üçün heç bir maneə yoxdur. Əksinə, bizim universitetdə bütün tələbələr, xüsusilə də əlaçı tələbələr hər cür qayğı ilə əhatə olunublar. Mən də ailəmin və dövlətimin qayğısına cavab olaraq yaxşı oxumağa çalışıram.
Parlamentin yeni tərkibindən gözləntilərim çoxdur. Ümid edirəm ki, Milli Məclisə növbəti seçkilərdən sonra ali qanunvericilik səviyyəsində əlaçı tələbələrə maddi və mənəvi diqqət daha da artacaq. Bir də parlamentdə gənclərin daha çox təmsil olunmasını arzulardım.
Söhbəti qələmə aldı:
Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.