Dünən ikinci dərəcəli Qarabağ müharibəsi əlili Növrəstə Yusifova redaksiyamıza zəng etmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı ntiqində səsləndirdiyi təklif və iradlardan məmnun qaldığını bildirdi. Dərin qürur hissi ilə Qarabağ müharibəsi əlilləri və veteranlarının çox hörmətli dövlət başçımızın siyasətini bəyəndiklərini və hər zaman onun yanında olduqlarını söylədi.
Qarabağ müharibəsinin ağır döyüşlərində ilk azərbaycanlı qadın-snayper kimi döyüşən Növrəstə xanımla sonra həm iclas, həm də, ümumən, Qarabağ münaqişəsinin həlli ilə bağlı qısa və çox səmimi söhbətimiz oldu. Novrəstə Yusifova əvvəlcə iclasda dövlət başçımızın nitqində səslənən bir sıra mühüm məsələlərə öz münasibətini bildirdi:
– Çox hörmətli Prezidentimizin tədbirdəki dərin məzmunlu nitqində səslənən müdrik fikirləri, eləcə də bir sıra irad və təklifləri ürəkdən dəstəkləyirəm. Möhtərəm dövlət başçımız haqlı olaraq qeyd etdi ki, bu gün Azərbaycan dünyada cərəyan edən təhlükəli proseslərə, iqtisadi böhran və çətinliklərə baxmayaraq davamlı surətdə inkişaf edir. Bununla bərabər, dövlət rəhbəri son vaxtlar ölkəmizdə bir sıra vəzifəli şəxslər, nəzarət orqanları tərəfindən yol verilən nöqsanlara da prinsipial münasibət bildirdi. Tələb etdi ki, məmurlar sahibkarların işlərinə qarışmasınlar, tabeliyində olan insanlarla səmimi dolansınlar, ümumi inkişafımıza mane olmağa cəhd etməsinlər.
Sirr deyil ki, iş adamının, sahibkarın əl-qolunu bağlasan, o, nə özü, nə ailəsi, nə də cəmiyyət üçün faydalı bir iş görə bilər. Amma, mane olmasan, əksinə, kömək etsən, yeni iş yerləri açılar, əhalinin güzəranı daha da yaxşılaşar. Düşünürəm ki, hörmətli dövlət başçımız inkişafımızı ləngidənləri ciddi tənqid etməkdə tam haqlıdır. Çünki tənqid həmişə olduğu kimi, konkret və ünvanlıdır. Ümid edirəm ki, müvafiq qurumlar bundan lazımi nəticə çıxaracaqlar.
– Növrəstə xanım, siz uzun illərdir ki, QHT sektorunda çalışırsınız. Bu sahədə, necə, problem yoxdur ki?
– Bəli, mən 10 ildən çoxdur ki, “Qarabağ Əlilləri və Veteranları” İctimai Birliyinə rəhbərlik edirəm. Birlik Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb. Bizim təşkilat son illər əlil və veteranların sosial və hüquqi problemlərinin həlli ilə bağlı bir sıra layihələri uğurla icra edib. Tam səmimiyyətlə deyirəm, bu gün işimizə heç bir ciddi maneə yoxdur.
Məlumat üçün deyim ki, təşkilatımızın üzvləri, əsasən, Qarabağ döyüşlərində, sözün əsl mənasında, qeyrət və hünər göstərən insanlardır. Bu günlərdə bir araya gələrək dövlət başçımızın Nazirlər Kabinetinin iclasındakı parlaq nitqini geniş müzakirə etdik. Vurğulamaq istərdim ki, tədbirə xeyli adam toplaşmışdı. Təşkilatımızın üzvləri Prezidentimizin nitqində irəli sürdüyü fikir və mülahizələrlə tam həmrəy olduqlarını bildirdilər.
– Əlilləri ən çox razı salan nədir?
– Dərman qiymətlərinin aşağı salınması! Allah dövlət başçımızın canını sağ eləsin! Son illər Qarabağ əlilləri və veteranların pensiya və müavinətləri ölkə başçımız tərəfindən dəfələrlə artırılıb. Onların mənzil-məişət şəraiti nəzərəçarpacaq dərəcədə yaxşılaşdırılıb. Minlərlə Qarabağ əlili, veteranı və şəhid ailələri yeni mənzillərə köçüb, yüzlərlə ailə minik avtomobilləri ilə təmin olunub.
Müəyyən çətinliklərimiz də var. Son günlərə qədər bizi ən çox dərmanların baha olması narahat edirdi. Axı, bəlli səbəblər üzündən əlillərin dava-dərmanlara ehtiyacları daha çox olur. Hamı bilirdi ki, dərmanların qiymətləri, necə deyərlər, od tutub yanır. Bir aptekdə bir qiymət, digərində başqa qiymət “oxuyurdular”. Yaxşı ki, dövlət başçımızın qətiyyətli tələbi ilə bu sahədəki özbaşınalığa son qoyuldu. Xahiş edirəm, mənim sözlərimi olduğu kimi qeyd edin: Əlil və veteranlar bu problemin həllində möhtərəm Prezidentimizə dərin minnətdarlıq edirlər.
– Qarşıdan parlament seçkiləri gəlir. QHT sektorunda bu mühüm siyasi kampaniya ilə bağlı fəallıq hiss olunurmu?
– Müstəqil Azərbaycan dövləti, xalqımız növbəti parlament seçkiləri ərəfəsindədir. Bu, çox mühüm siyasi kampaniyadır. Səsvermə hüququ olan hər bir Azərbaycan vətəndaşı seçkilərdə fəal iştirak etməlidir. Bu, hər birimizin vətəndaşlıq borcudur. Bizim cəmiyyətin üzvləri noyabrın 1-də seçki məntəqələrinə gələrək ən layiqli namizədlərə səs verəcəklər.
Bir məqamı da vurğulamaq istəyirəm. Bu gün Azərbaycanda azad vətəndaş cəmiyyəti formalaşır. Bu prosesdə QHT-lərin də rolu böyükdür. Azərbaycan dövləti çalışır ki, ölkə qanunlarına əməl edən, sağlam ruhlu QHT-lər cəmiyyətdə daha da fəal olsunlar. Bizim təşkilat bu qayğını daim hiss edir.
– Növrəstə xanım, siz Vətən uğrunda döyüşlərdə sağlamlığınızı itiribsiniz, Qarabağ müharibəsi əlilisiniz. Qarabağın təcavüzkarın pəncəsindən qurtulması üçün nə etməliyik?
– Qarabağı biz yalnız öz gücümüzlə işcalçılardan xilas edəcəyik.
Qarabağda Böyük Qələbəmizin yaxında olduğuna bütün ruhumla əminəm. Mən möhtərəm Prezidentimizə, xalqımızın igid oğul və qızlarına bütün varlığımla inanıram. Azərbaycan Ordusu indi çox qüdrətlidir. Azərbaycan dövləti öz xalqı ilə əl-ələ verib Qarabağda son sözünü deyəcək!
Söhbəti qələmə aldı:
Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.