Avstriyanın Azərbaycandakı səfiri Aksel Vex AZƏRTAC-a məxsusi müsahibə verib. Müsahibəni təqdim edirik.
- Cənab səfir, son illərdə Azərbaycan-Avstriya münasibətləri inkişaf edir. Ölkələrimiz arasında əməkdaşlıqda hansı yeniliklər gözlənilir?
- İlk növbədə qeyd edim ki, Azərbaycan ilə Avstriya arasında bir çox oxşar cəhətlər var. Hər iki ölkənin əhalisinin sayı və ərazisinin ölçüsü demək olar ki, eynidir. Ölkələrimizin şimaldan və cənubdan böyük qonşuları var.
Qeyd etdiyiniz kimi, Azərbaycan ilə Avstriya arasında əlaqələr inkişaf edir. Yüksək səviyyəli qarşılıqlı səfərlər həyata keçirilir. Avstriya parlamentinin ikinci prezidenti Karlhaynts Kopf birinci Avropa Oyunlarının açılış mərasimində iştirak edib. Bu səfərlər ikitərəfli əlaqələrin daha da inkişafına töhfəsini verir. Xüsusilə qeyd etmək istəyirəm ki, son vaxtlar Avstriyada Azərbaycana maraq xeyli artıb.
- Ölkələrimiz arasında iqtisadi əməkdaşlıqda hansı perspektiv sahələri qeyd edə bilərsiniz?
- Statistikaya nəzər salsaq görərik ki, Azərbaycandan Avstriyaya ixrac olunan məhsulların sayı daha çoxdur. Azərbaycan zəngin enerji ehtiyatlarına malikdir. Azərbaycandan Avstriyaya ixrac olunan məhsulların sırasında neft və qaz məhsulları 98 faiz təşkil edir. Biz Azərbaycan şirkətləri ilə təcrübə mübadiləsində maraqlıyıq. Avstriyanın tikinti şirkətləri ölkənizdə fəaliyyət göstərir. Əməkdaşlığımızın yeni mərhələyə qədəm qoyması enerji təhlükəsizliyinin təmin olunması baxımından bizim üçün çox vacibdir. İki ölkə arasında ticarət dövriyyəsinin həcmi artmağa başlayıb. Biz kənd təsərrüfatı sahəsində əlaqələrin daha da genişləndirilməsinə çalışırıq. Azərbaycan Avropa ilə Asiya arasında körpü rolunu oynayır, böyük İpək Yolunun üzərində yerləşir və bu, strateji baxımdan mühüm əhəmiyyət kəsb edir. Əməkdaşlığımızın inkişafı üçün böyük perspektivlər var.
- Bildiyiniz kimi, Azərbaycan Dillər Universitetində Avstriya Mübadilə Xidməti fəaliyyət göstərir. Səfirlik Avstriyanı Azərbaycanda tanıtdırmaq və mədəni, humanitar əlaqələri gücləndirmək istiqamətində hansı işlər görür?
- Azərbaycan Dillər Universitetində Avstriya Mübadilə Xidmətinin fəaliyyət göstərməsi çox önəmlidir. Bizim əsas məqsədimiz Avstriyanı Azərbaycanda yeni məcrada təqdim etməkdir. Biz Avstriyadan turistlərin Azərbaycana cəlb olunması niyyətindəyik. Azərbaycanda Avstriya ilə bağlı mədəni tədbirlərin keçirilməsi üçün müvafiq addımlar atılır. Biz Azərbaycan Dillər Universiteti ilə də sıx əməkdaşlığı davam etdirəcəyik. Bizim əsas istəklərimizdən biri də Azərbaycanda “Vyana balı”nın təşkil olunmasıdır. Bununla bağlı təşkilatçılarla danışıqlar aparılır. Bu, ikitərəfli mədəni əlaqələrin inkişafına töhfəsini verə bilər. Biz, həmçinin azərbaycanlı turistlərin Avstriyaya marağını artırmağa çalışırıq. Yaxın günlərdə Avstriyanın milli günü ilə bağlı rəsmi qəbul keçiriləcək. Bu, insanlara az da olsa Avstriyanı tanıtmaq üçün imkan yaradacaq. Həmin qəbulda Avstriyanın milli yeməkləri, mədəni irsi də təqdim olunacaq.
- Bu ilin sentyabr ayı ərzində Avstriya ərazisindən 200 minə yaxın qaçqın keçib. Bu da ölkə üçün yeni çağırışdır. Bu vəziyyət Qarabağ müharibəsində qaçqın və məcburi köçkün problemi ilə üz-üzə qalmış Azərbaycan üçün çox tanışdır. Avstriyanın bu məsələdə rolu nə ola bilər?
- Düzdür, Avstriya qaçqın böhranı ilə üzləşib. Biz insanlara ilkin yardımın göstərilməsinə çalışırıq. Onlar Avropaya mühacirət etməklə daha yaxşı yaşayış axtarırlar. Avstriyanın Xarici İşlər Nazirliyində inteqrasiya şöbəsi fəaliyyət göstərir. Bu, qaçqınların inteqrasiya olunmasına yardım edir. Gələn ay daha çox qaçqınların ölkəmizə gələcəyini gözləyirik. Təbii ki, Azərbaycanın da belə bir problem ilə üz-üzə qaldığı barədə məlumatlıyam. Biz qaçqın və məcburi köçkünlərin ilkin ehtiyaclarının təmin olunmasına çalışırıq. Onların yaşayış yeri ilə, təhsillə təmin olunması qarşıda duran vacib məsələlərdən biridir.
- 1955-ci ildən neytrallıq siyasəti bəyan edən, dünyada daim sülhün olmasını istəyən və müharibələrə qarşı bütün diplomatik vasitələrdən yararlanan Avstriyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyi nədən ibarətdir?
- Təbii ki, Dağlıq Qarabağ münaqişəsi böyük problemdir. Mən münaqişənin çətinliklərini yaxşı başa düşürəm. ATƏT-in Minsk qrupu bu münaqişənin sülh yolu ilə həll olunmasına töhfəsini verməyə çalışır. Avstriya Avropa İttifaqının üzvü olaraq Minsk qrupunun səylərini dəstəkləyir. Avstriya heç zaman Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımayıb və bizim bu mövqeyimiz dəyişməz olaraq qalır.
- Yeri gəlmişkən, bu yaxınlarda Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində qondarma “bələdiyyə seçkiləri” keçirildi. Ermənistan Prezidenti son bəyanatında Dağlıq Qarabağın Ermənistanın tərkib hissəsi olduğunu iddia etdi. Bu hadisələrə münasibətinizi bilmək maraqlı olardı.
- Konkret olaraq deyə bilərəm ki, biz Dağlıq Qarabağı müstəqil qurum kimi qəbul etmədiyimizə görə orada keçirilən “qondarma” seçkiləri də tanımırıq.
Mən qeyd etdiyiniz bəyanatı da uğursuz hesab edirəm. Bu, münaqişənin həlli istiqamətində danışıqlara, vasitəçilərin fəaliyyətinə heç də müsbət təsir göstərmir. Əksinə, belə bəyanatlar münaqişənin sülh yolu ilə həll edilməsinə mane olur. Biz sülhün tərəfdarıyıq. Bu cür bəyanatların səsləndirilməsi təəssüf doğurur.
- İlk Avropa Oyunları öncəsi Bakıda avtobus qəzasında xəsarət almış avstriyalı atletlərin vəziyyəti hazırda necədir?
- Həmin atletlərin vəziyyəti hazırda yaxşıdır. Onların sağlamlığı üçün Azərbaycan hökuməti tərəfindən bütün lazımi tədbirlər görüldü. Bu məsələni diqqətdə saxladıqlarına görə xüsusilə Azərbaycan Prezidenti İlham Əliyevə və xanımı, “Bakı-2015" ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya dərin minnətdarlığımızı bildiririk.
- Azərbaycan haqqında təəssüratlarınızı öyrənmək istərdik.
- Təəssüratlarım çox yaxşıdır. Mən ilk növbədə qeyd edim ki, Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkandır. Ölkəniz birinci Avropa Oyunlarına uğurla ev sahibliyi etdi. Azərbaycanın təbiətinin gözəlliyini, burada iqlimin rəngarəngliyini xüsusi qeyd etmək istərdim. Azərbaycan həm də dünyada qədim tarixi, zəngin mədəni irsi, ədəbiyyatı ilə tanınır. Bu möhtəşəm diyarın tarixini, mədəniyyətini öyrənmək hər kəsdə maraq oyadar.
Onu da qeyd etməliyəm ki, mən Azərbaycan mətbəxinin pərəstişkarıyam. Azərbaycanda tərəvəzlərin keyfiyyətinə heyran qaldım, hətta buradakı tərəvəzlərin Avstriyadakından daha keyfiyyətli olduğunu vurğulamalıyam. Azərbaycan xalqı çox istiqanlı və qonaqpərvər xalqdır.
Anar RZAYEV,
AZƏRTAC-ın müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.