Vergidən yayınanlara qarşı tədbirlər daha da sərtləşdirilir

Vergilər nazirinin 15 sentyabr 2015-ci il tarixli əmri ilə Vergilər Nazirliyi aparatının, nazirlik yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması, Xüsusi Rejimli Vergi Xidməti və Bakı Vergilər departamentlərinin, nazirliyin ərazi vergilər departamentləri və idarələrinin, rayon vergilər şöbələrinin strukturunda bəzi dəyişikliklər edilib.

Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin rəisi Zeynalabdin Məmmədzadənin müsahibəsi sözügedən nazirlikdə həyata keçirilən islahatlar, vergi borclarının alınması sahəsində son dövrlərdə görülən işlər barədədir.

- Vergi borclarının alınması sahəsində aparılan dəyişikliklər hansı zərurətdən irəli gəlib?

- Ölkə Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci il iyul ayının 13-də keçirilən bu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında verilmiş tapşırıqlar vergi orqanları qarşısında mühüm vəzifələr müəyyənləşdirib. Həmin tapşırıqların icrası məqsədilə Vergilər Nazirliyində geniş tərkibdə kollegiya iclası keçirilərək bir sıra mühüm qərarlar qəbul edilib, dövlət başçısı tərəfindən verilmiş tapşırıqların planlı və sistemli şəkildə həyata keçirilməsini təmin etmək məqsədilə vergilər naziri tərəfindən tədbirlər planı təsdiq olunub.

- Vergi borclarının alınması prosesində hansı yeniliklər gözlənilir?

- Struktur dəyişiklikləri nəticəsində Vergilər Nazirliyinin Vergi borclarının alınması işinin təşkili idarəsinin bazasında Cinayət xarakterli vergi hüquqpozmalarının təhlili və vergi borclarının alınması işinin təşkili Baş İdarəsi yaradılıb. Bu idarənin təşkili müvafiq sahədə fəaliyyət göstərən struktur vahidlərinin funksiyalarının genişləndirilməsi ilə yanaşı, cinayət tərkibi yaradan vergi borclarının yaranması prosesinə nəzarəti gücləndirməyə, vergi hüquqpozmaları sahəsində daha dərin təhlillər aparmağa istiqamətlənib.

Digər tərəfdən, Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamenti və Bakı Vergilər Departamentinin, eləcə də ərazi vergi orqanlarının tərkibində fəaliyyət göstərən vergi borclarının alınması strukturları ləğv edilərək, onların əvəzinə nazirlik yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin tərkibində Vergi borclarının məcburi alınması idarəsi yaradılıb. Bu idarə vergi borclarının alınması ilə praktiki məşğul olan struktur vahididir və onun hər bir ərazi vergi orqanı üzrə 14 şöbəsi yaradılıb. Bu şöbələr yerlərdə fəaliyyət göstərəcək, lakin birbaşa Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə tabe olacaq.

Hamını maraqlandıran əsas sual budur ki, bundan sonra hansı addımlar atılacaq? Ümumiyyətlə, vergi borclarının alınması prosesinin səmərəliliyinin artırılması, bizim fikrimizcə, ilk növbədə borclu vergi ödəyiciləri ilə işə çox ciddi yanaşılması ilə bağlıdır. Vergi ödəyicisində borc yaranmasının sonradan hansı xoşagəlməz nəticələr verə biləcəyi nəzərə alınmalıdır. Dünya təcrübəsi göstərir ki, böyük həcmdə vergi borclarının yaranmaması üçün prosesə erkən müdaxilə olunmalıdır. Çünki borcun yaranma müddətindən nə qədər uzun vaxt keçirsə, onun alınması prosesi də bir o qədər çətinləşir. Vergi ödəyicilərini ilkin mərhələdə müxtəlif kanallar vasitəsilə məlumatlandırmaqla və qabaqlayıcı tədbirlər həyata keçirməklə borcların məbləğinin artmasının qarşısını almaq mümkündür.

- Vergi borclarının alınması prosesində borclu ödəyicilərlə iş necə qurulur və aparılan tədbirlərin borclu ödəyicilərin məsuliyyət hissinin artırılmasına təsiri nə dərəcədədir?

- Çalışırıq ki, borc yarandığı andan vergi ödəyicisi ilə dərhal və birbaşa əlaqə yaradaq. Vergilər Nazirliyində tətbiq edilən müasir informasiya texnologiyaları borclu vergi ödəyicilərinin dərhal məlumatlandırılmasına kifayət qədər imkanlar yaradıb. Borclu vergi ödəyiciləri elektron bildirişlərlə yanaşı, mütəmadi olaraq SMS və səsli mesajlar vasitəsilə öz borcları barədə məlumatlandırılır. Bununla yanaşı, onlar vergi orqanına dəvət edilir, borcları, borcların yaranma səbəbləri və ödənilmədiyi halda görüləcək tədbirlər barədə onlara izahat verilir. Bu yanaşma bir çox hallarda yaranmış vergi borclarının ilkin mərhələdə heç bir məcburi tədbir görülmədən ödənilməsi ilə nəticələnir.

2015-ci ilin 8 ayı ərzində 1961 vergi ödəyicisinin dövlət büdcəsinə yaranmış borcu üzrə əmlakın siyahıya alınması barədə qərarlar açılıb və 42,3 milyon manat məbləğində vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilib.

Bir məsələni xüsusilə vurğulamaq istərdim ki, vergi ödəyiciləri borcun yaranmasına çox ehtiyatlı yanaşmalıdırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-cü maddəsinə görə, xeyli miqdarda (2000 manatdan 50000 manatadək olan məbləğ) vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmış şəxslər 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə min manatdan iki min manatadək cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılırlar. Bu əməl mütəşəkkil dəstə tərəfindən törədildikdə və ya onlar külli miqdarda (50000 manatdan yuxarı məbləğ) vergini büdcədən yayındırdıqda isə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə və ya üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılırlar. Göründüyü kimi, dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi, Azərbaycanda da vergi öhdəliklərinin icrasından yayınmaq, vergi borcuna etinasız yanaşmaq sərt cəza tədbirlərini nəzərdə tutur.

Məlumat üçün deyim ki, təkcə cari ilin səkkiz ayı ərzində 1585 vergi ödəyicisi barəsində toplanmış materiallar Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə göndərilib. Onlardan 123 vergi ödəyicisi ümumilikdə 2,1 milyon manat məbləğində borclarını tam ödədikləri üçün barələrində cinayət işinin başlanmasından imtina olunması barədə qərar çıxarılıb, 162,6 milyon manat məbləğində vergiləri ödəməkdən yayındırmış 1394 fiziki və hüquqi şəxs barəsində isə cinayət işləri başlanıb. Başlanmış cinayət işləri üzrə təkcə cari ilin səkkiz ayı ərzində dövlətə vurulmuş 36,9 milyon manat məbləğində ziyanın ödənilməsi təmin edilib, 29,8 milyon manat məbləğində vergi borcunu tam ödəmiş vergi ödəyiciləri barədə olan 363 iş üzrə icraata xitam verilib. Bundan başqa, araşdırılması davam etdirilən 152 cinayət işi üzrə daha 7,1 milyon manat məbləğində vergi borcu dövlət büdcəsinə ödənilib.

Cinayət işləri üzrə araşdırma aparılarkən istintaqdan yayınan və ya araşdırmaya maneçilik törədən 81 sahibkar şübhəli şəxs qismində tutulub, onlardan 43-ü barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib. 2015-ci ilin 8 ayı ərzində 162,6 milyon manat məbləğində vergini ödəməkdən yayındırdığına görə 1394 vergi ödəyicisi barəsində cinayət işi açılıb. Açılmış cinayət işlərindən 444-ü məhkəməyə göndərilib.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında