İstanbulda ingilis dilində nəşr olunan “Caucasus International’’ jurnalının beynəlxalq münasibətlər və hüquq sistemində baş verən böhrana həsr edilmiş növbəti sayı çapdan çıxmışdır. Budəfəki sayda Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini və Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov jurnalın “Beynəlxalq hüquq və idarəetmənin böhranı: səbəb və nəticələr’’ mövzusunda suallarını cavablandırmışdır. Jurnalda ənənəvi olaraq, dünyanın siyasət sahəsində tanınmış alimləri və ya nüfuzlu siyasətçilərindən alınan müsahibələr dərc olunur. Dünyanın bir sıra nüfuzlu universitetlərini və beyin mərkəzlərini təmsil edən və müxtəlif ölkələrdən olan tədqiqatçıların məqalələrinin toplandığı hazırkı sayda beynəlxalq münasibətlər sistemində beynəlxalq hüquq normalarına hörmət edilməməsi, beynəlxalq münasibətlərdə ədalətsizlik, beynəlxalq təşkilatların qeyri-effektivliyi və böyük dövlətlərin maraqlarına xidmət etməsi kimi məsələlərə toxunulmuşdur. Müsahibənin mətnini diqqətinizə təqdim edirik:
– Beynəlxalq siyasətdə ikili standartlar və böyük dövlətlərin demokratiya və insan hüquqlarının müdafiəsi adı altında milli maraqlarını güdməsi müasir beynəlxalq münasibətlərdə hansı nəticələrə gətirib çıxarır?
– Reallıq bundan ibarətdir ki, yeni minillikdə beynəlxalq münasibətlər sistemində çox mürəkkəb və gərgin bir vəziyyət yaranmışdır. Müəyyən dövr ərzində ardıcıl və davamlı şəkildə baş verən bir sıra proseslər beynəlxalq münasibətlərin bugünkü gərgin mərhələyə gəlib çatmasına səbəb olub.
SSRİ-nin dağılmasından sonra beynəlxalq münasibətlər sistemində Qərbin nümunəsində yalnız bir qütbün qalması bir çoxlarında gələcəyə böyük ümidlər yaratmışdı. Dünyada proseslərin daha rəvan gedəcəyi, problemlərin azalacağı, mümkün münaqişələrin isə hərb yolu ilə deyil, danışıqlar, kompromislər vasitəsilə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həll ediləcəyi gözlənilirdi. Təəssüf ki, bütün bu gözləntilər özünü doğrultmadı. Yeganə qütb kimi qalan və faktiki dominant gücə çevrilən Qərb beynəlxalq münasibətlər sisteminin daha harmonik, münaqişəsiz vəziyyətə gətirilməsi üçün səy göstərmədi. Əksinə, heç bir ciddi rəqiblə qarşılaşmayan Qərb öz strateji maraqlarını tam şəkildə reallaşdırmağa - bütün dünyanın insan və təbii resursları üzərində total nəzarəti əldə etməyə can atmağa başladı.
Hərbi güc artıq əsas təsir vasitəsi kimi ikinci plandadır - insanları qurğuşunla öldürmək beynəlxalq cinayət sayılır. Bununla da, təsir vasitələri yeni reallıqlara uyğunlaşdırılıb, daha incə, mürəkkəb və “mədəni’’ olub, yəni ”yumşaq gücə’’ çevrilib. Artıq insan amili önə çəkilir, müxtəlif müdaxilələr humanitar məqamlarla əsaslandırılır. Ayrı-ayrı ölkələrə təzyiq etmək üçün demokratiya, insan hüquqlarından istifadə olunur. Hətta qərara alınıb ki, qeyri-ənənəvi cinsi oriyentasiyalı şəxslərin nikahını da insan hüquqları müstəvisində həyata keçirsinlər.
Nəticələr isə göz qabağındadır. Bir sıra regionlarda yaranmış problemlərin daha geniş və hətta bəzən qlobal xarakter almasında dominant gücə çevrilmiş Qərb məsuliyyət daşıyır. Onun bu problemlərin həllini təmin edə bilməməsi, bir sıra hallarda bu proseslərə müdaxilə etmək istəməməsi, digər hallarda isə bu proseslərin əsas səbəbkarı olması, dövlətlər arasındakı geosiyasi və geoiqtisadi mübarizənin daha da genişlənməsi, ərazi münaqişələri Frensis Fukuyamanın hesab etdiyi kimi, dünyanın heç də “tarixin sonu”na çatmadığını və əksinə, daha gərgin və böhranlı mərhələyə girdiyini göstərir. Təkcə onu demək kifayətdir ki, “Soyuq müharibə’’ dövründə dünyada 10-a yaxın ölkədə gərgin vəziyyət var idisə, hazırda qaynar nöqtələrin sayı 50-yə yaxındır.
Bütün bunların fonunda, əsas düşündürücü məqam budur ki, cəmiyyət inkişaf etdikcə XXI əsrin əvvəllərində bu cür hadisələrin baş verməsi doğrudan da bir problem kimi öz cavabını, həllini gözləyir. Əslində, insan və cəmiyyət inkişaf etdikcə münaqişələr, ziddiyyətlər, problemlər azalmalıdır. Amma bu gün dünyada əks prosesin getdiyi müşahidə olunur. Bu isə beynəlxalq ictimaiyyət üçün yaxşı heç nə vəd etmir.
– Hazırkı dövrdə beynəlxalq hüquq və bu hüququn tətbiqinin qarantiyası rolunu oynamalı olan beynəlxalq təşkilatların böhran yaşadığının şahidi oluruq. Böyük dövlətlər tərəfindən eyni tipli problemlərə fərqli yanaşma, beynəlxalq hüquq və beynəlxalq təşkilatlardan öz xarici siyasətlərinin reallaşdırılmasında vasitə kimi istifadəsi geniş vüsət almışdır. Siz bu böhranın səbəblərini nədə görürsünüz və beynəlxalq hüquq normalarının beynəlxalq münasibətlərin tənzimləyici mexanizminə çevrilməsi üçün hansı addımlar atılmalıdır?
– İlk növbədə onu qeyd etmək lazımdır ki, insanların qarşılıqlı fəaliyyətinin qiymətləndirilməsində istifadə oluna biləcək ən mühüm və vacib anlayış ədalət anlayışıdır. Məhz bu prinsipi sadə vətəndaşdan tutmuş ən yüksək vəzifəli dövlət siyasətçisinə kimi bütün insanların davranışını müəyyənləşdirən əsas dəyər kimi nəzərdən keçirmək olar. Ədalət olmayan zaman insan fəaliyyətinin heç bir sahəsində müsbət nəticə gözləməyə dəyməz. Dünyanın hansısa bir nöqtəsində insanların kütləvi qırğınına və ya münaqişələr nəticəsində öz evlərini tərk etmələrinə müəyyən maraqlar fonunda göz yumulması səbəbindən belə hadisələrin daha geniş xarakter alması ədalətsizliyin beynəlxalq münasibətlər sistemində hansı fəsadlar törətdiyinin bariz nümunəsidir.
Bu gün beynəlxalq münasibətlər sisteminin ən böyük problemi ədalətin olmaması ilə bağlıdır. Bu səbəbdən də, bu sistem daxilində uzun illər ərzində formalaşmış, böyüklüyündən və kiçikliyindən asılı olmayaraq, bütün dövlətlərin fəaliyyətinin çərçivəsini müəyyən edən beynəlxalq hüquq birmənalı şəkildə iflasa uğramaqdadır. Beynəlxalq hüququn prinsip və normalarına artıq riayət edilmir. Məhz Qərbin iradəsi əsasında formalaşmış bu mexanizmdə dövlətlərin hansı davranışlarının leqal, hansınınsa qeyri-leqal olduğunu müəyyənləşdirmək olduqca çətinləşib. Daha doğrusu, bu davranışlara beynəlxalq hüququn mövcud prinsipləri əsasında qiymət vermək mümkündür, lakin bu qiymətin müəyyən dövlətlərin maraqlarından asılı hala düşməsi vəziyyəti qəlizləşdirir. Beləliklə də, beynəlxalq hüquq proseslərə tətbiq olunmur. Beynəlxalq hüquq böyük dövlətlərin maraqlarına xidmət alətinə çevrilir.
Sizin də qeyd etdiyiniz kimi, belə bir vəziyyətdə beynəlxalq hüququn tətbiqinin qarantiyası rolunu oynamalı olan beynəlxalq təşkilatlar böhran keçirirlər. Bu böhranın da əsas səbəbi həmin təşkilatların böyük dövlətlərin maraqlarından asılı vəziyyətə düşməsidir. Bu maraqlar beynəlxalq hüququn eyni proseslərə fərqli yanaşma əsasında tətbiq edilməsini şərtləndirir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dəfələrlə öz çıxışlarında qeyd etdiyi kimi, bəzən BMT Təhlükəsizlik Şurasında hansısa bir ölkə ilə bağlı qətnamə hələ qəbul edilməmiş bu ölkəyə müdaxilə edilir. Hansısa digər ölkələrə münasibətdə qəbul olunmuş qətnamələr isə onillərlə arxivlərdə qalır və bununla bağlı heç bir əməli iş görülmür.
Bu cür yanaşma özünü ən bariz şəkildə Dağlıq Qarabağ münaqişəsinə münasibətdə göstərir. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, ATƏT, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, NATO və digər beynəlxalq təşkilatların müvafiq qərar və qətnamələri qəbul olunub. Xüsusən, BMT qətnamələrində erməni qoşunlarının Azərbaycan ərazilərindən qeyd-şərtsiz dərhal çıxarılması tələb olunur. Bütün bu sənədlərdə beynəlxalq birlik və təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Lakin qəti mövqe ortaya qoyulmadığı üçün heç bir qətnamənin tələbləri yerinə yetirilmir.
Buradan hansı nəticə çıxır? Əfqanıstan, İraq və Liviya kimi ölkələrə dərhal müdaxilə edən Qərb ölkələri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud status-kvonun qorunub saxlanılmasında maraqlıdırlar? Bəlkə elə buna görədir ki, Gürcüstan, Moldova və Ukraynadakı separatçı qurumlara bir münasibət, Dağlıq Qarabağdakı separatçı quruma isə fərqli münasibət göstərilir?
Şübhəsiz ki, ikili standartların bu şəkildə tətbiqi ədalət prinsipinə və beynəlxalq hüquqa kölgə salır. Qərbin özünün səbəb olduğu və bilavasitə yaratdığı proseslər sonradan onun özünə qarşı çevrilir və ümumən beynəlxalq münasibətlər sistemi üçün ciddi təhlükə yaradır. Bu, artıq bir çox dövlət tərəfindən etiraf olunur.
Vəziyyətin kökündən dəyişdirilməsinin zəruriliyi inkar edilə bilməz. Yeganə çıxış yolu isə ədalət prinsipinin və beynəlxalq hüququn aliliyinin bərpa olunmasıdır. Böyük dövlətlər istər ikitərəfli münasibətlərində, istərsə də beynəlxalq təşkilatlar çərçivəsindəki fəaliyyətlərində öz maraqları üçün yox, beynəlxalq hüququn norma və prinsiplərini tətbiq etmək üçün çalışmalıdırlar. Xüsusən, BMT kimi universal təşkilat çərçivəsində bunun zəruriliyi özünü açıq şəkildə göstərir. Nümunə kimi deyə bilərəm ki, Azərbaycan BMT TŞ-yə üzv olduğu dövr ərzində yalnız beynəlxalq hüququ və ədaləti müdafiə etmiş, konkret məsələlər ilə bağlı prinsipial mövqe nümayiş etdirmiş, beynəlxalq sülh və təhlükəsizliyin təmin olunması, terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsi istiqamətində təşəbbüslər irəli sürmüşdür. Hesab edirəm ki, yalnız belə mövqe beynəlxalq münasibətlər sistemində mövcud olan zərərli tendensiyaları aradan qaldıra bilər.
– ATƏT-in Minsk qrupunun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki fəaliyyət(sizliy)ini necə qiymətləndirirsiniz? Minsk qrupunun sülhyaratma cəhdlərindəki uğursuzluğun əsas səbəblərini nədə görürsünüz?
– Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi 25 ildən artıqdır ki, davam edir. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizi Ermənistan tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Lakin nədənsə bu münaqişəyə “dondurulmuş münaqişə’’ adını vermək cəhdləri səngimir. Beynəlxalq birlik cəbhə xəttində baş verən mütəmadi gərginliklərdən narahat olur, lakin hər dəfə proseslərin əsl səbəblərinə diqqət yetirməkdənsə, vəziyyətin yenidən ”dondurulması’’na can atır.
Əminliklə demək olar ki, Dağlıq Qarabağ münaqişəsinin ortaya çıxması geosiyasi oyunların nəticəsidir. Bu oyunlar davam etdiyi müddətdə həmin nəticə dəyişməyəcək. Gürcüstan, Moldova və Ukrayna kimi ölkələrdə baş verənlər də bunun bir təzahürüdür.
Belə isə sual yaranır: ATƏT-in Minsk qrupu nə ilə məşğuldur? Bəli, həmsədrlər münaqişənin həlli istiqamətində müəyyən səylər göstərir, bəyanatlar verir, təkliflər irəli sürürlər. Lakin bütün bu təşəbbüslər Ermənistan tərəfindən rədd edilir. Əvəzində həmsədrlər nə edirlər? “Gəl-get diplomatiyası’’, regiona “turist səfərləri’’ davam edir, fəaliyyət görüntüsü yaradılır. Mahiyyət isə dəyişmir. Bu cür vasitəçilik nə zamana kimi davam edə bilər?
Münaqişənin həllinə münasibətdə bir sıra maraqlı yanaşmalar mövcuddur. Bir tərəfdən, münaqişənin həlli faktiki ATƏT-in Minsk qrupunun monopoliyasına çevrilib. Müəyyən dairələr də vəziyyətin belə qalmasında maraqlıdırlar. Hər dəfə münaqişənin həlli ilə bağlı hansısa müstəvidə əməli addımlara səy göstəriləndə, “bu işlə ATƏT-in Minsk qrupu məşğul olur’’ deyə mövqe bildirilir. Digər tərəfdən isə həmsədrlərdən qəti mövqe tələb olunanda, “problemi münaqişə tərəfləri özləri həll etməlidirlər və biz istənilən həll variantını dəstəkləyəcəyik’’ kimi arqumentlər ortaya atılır.
Bu cür vasitəçiliyin mahiyyətində ciddi dəyişikliklərin edilməsinə ehtiyac var. İlk növbədə, münaqişə tərəflərinə olan münasibət dəyişməli, konkret və qəti mövqe nümayiş etdirilməlidir. Ermənistanın işğalçı ölkə olduğu faktı etiraf edilməli və təcavüz faktı danışıqlar prosesinin əsasında durmalıdır. Təəssüf ki, biz hələlik bunların heç birini müşahidə etmirik.
Danışıqların bu şəkildə davam etdirilməsi isə bizi qane edə bilməz. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dəfələrlə bəyan edib ki, danışıqlar naminə danışıqlar aparılmayacaq, Azərbaycan heç bir vaxt torpaqlarının bir qarışının da erməni işğalı altında qalmasına razı olmayacaq və tez-gec öz torpaqlarını azad edəcək. Bununla bağlı həm sülh yolu, danışıqlar yolu, həm də bütün başqa yollar öz qüvvəsində qalır. Düşünürəm ki, həm Ermənistanın, həm də Minsk qrupu həmsədrlərinin bu reallığı dərk etməsi bütün tərəflər üçün faydalı olar.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.