Bu il orta məktəbi bitirən məzunların 1850 nəfəri ali məktəblərə sənəd təqdim etmiş və onların da yarıdan çoxu tələbə adını qazanıb. 935 nəfəri qəbul olunmuşdur. Yüksək göstəricidir.
Ötən dərs ilində orta məktəbi bitirən 2478 nəfər şagirdin hamısı ali məktəblərə sənəd təqdim etsəydi, yəqin ki, bu göstərici daha yüksək olardı. Amma buna ehtiyac da yoxdur. Vacib deyil ki, attestat alan hər bir gənc hüquqşünas, həkim, mühəndis və ya iqtisadçı olsun. Ali təhsil tələb olunmayan o qədər maraqlı, həm də gərəkli peşələr var ki, onları da unutmaq lazım deyil.
Bəs necə olub ki, Gəncədə ali məktəblərə qəbul olunanların sayında bu qədər yüksəliş baş verib? Bəri başdan qeyd edək ki, son vaxtlar valideynlər övladlarının ali məktəblərə fərdi qaydada hazırlaşmasına az diqqət yetirməyə başlayıblar, nəinki ümumtəhsil məktəblərində oxumalarına. Səbəblər müxtəlifdir.Lakin ən başlıca səbəblərdən biri Gəncənin orta məktəblərində nizam- intizamın, tədrisin keyfiyyətinin yüksəlməsi, müəllimlərin peşə məsuliyyətinin artması və təbii ki, yaradılmış şəraitdir. Yeni tikilmiş, yüksək səviyyədə təmir olunmuş və ən müasir ləvazimat, avadanlıqla təchiz edilmiş məktəblərin sayı durmadan artır. Xüsusilə son vaxtlar bu sahədə daha çox inkişaf hiss olunur. Təkcə son 4-5 ildə 24 məktəb əsaslı təmir olunmuşdur.
Şəhər təhsil idarəsinin heç vaxt özünün ayrıca binası olmayıb. Amma keçən il Gəncə Təhsil İdarəsi üçün çox gözəl, milli ornamentli dördmərtəbəli bina istifadəyə verildi. Yadımdadır, ötən ilin sonlarına yaxın Gəncə ictimaiyyəti nümayəndələrinin iştirakı ilə binanın təntənəli açılışı oldu və açılışdan sonra şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev məktəb direktorları, müəllimlərlə binanın akt zalında görüş keçirdi. Sözlərimin səmimiliyinə inanın, şəhərin başçısı pedaqoji kollektivlərin qarşısında elə təhlil apardı, elə konkret vəzifələr, tapşırıqlar qoydu, tövsiyələr verdi ki, sanki çox təcrübəli bir təhsil işçisidir. Bu epizodu ona görə xatırlatdım ki, şəhər rəhbərliyi təhsilin inkişafına xüsusi diqqət və həssaslıqla yanaşır, konkret köməklik göstərir. Məktəblərə vaxtaşırı baş gəkilir, problemlər öyrənilir, gələcək fəaliyyət proqramı müəyyənləşdirilir.
Müəllim Günü ərəfəsində şəhər təhsil idarəsinin müdiri, Əməkdar müəllim Zakir Hüseynovla görüşüb söhbət etdik, həyata keçirilən işlər, qarşıda duran vəzifələrlə tanış olduq.
– Zakir müəllim, Gəncənin təhsil sistemində son illər baş verən müsbət dəyişikliklər barədə məlumat verməyinizi xahiş edirik.
– Bilirsiniz, təhsil elə bir sahədir ki, orada dəyişiklik, yəni müsbət dəyişiklik daim olmalıdır. Təhsilə diqqət, qayğı göstərilməsə, istədiyinə nail olmaq, ali məktəblərə yüksək ballarla daxil olacaq məzun hazırlamaq çətin məsələdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva respublikada, o cümlədən Gəncədə təhsilin maddi- texniki bazasının möhkəmləndirilməsinə xüsusi diqqət yetirirlər, yeni məktəblər tikilib istifadəyə verilir, köhnələr əsaslı təmir olunur, ən müasir avadanlıqla təchiz edilir. Keçən il oktyabrın 18- də ölkə Prezidenti cənab İlham Əliyevin və Mehriban xanım Əliyevanın şəhərimizdə olmaları, bir sıra obyektlərin, eləcə də Mehdi Mehdizadə adına 4 nömrəli tam orta məktəbin yeni tədris binasının açılışında iştirak etmələri təhsil işçilərinin xatirində tarixi bir gün kimi qalmışdır.
Yola saldığımız tədris ilində adıçəkilən məktəbdən başqa, 26 və 40 nömrəli orta məktəblərin də təntənəli açılışı olmuş, sanatoriya tipli internat məktəbin, 14, 41 və 44 nömrəli tam orta məktəblərin əsaslı təmir işləri davam etdirilir. Şəhərin 39 nömrəli tam orta məktəbində isə 1200 şagird yerlik yeni tədris binasının inşası tamamlanmaq üzrədir. Qeyd etmək istəyirəm ki, bütövlükdə 2003-cü ildən bu günədək şəhərin mövcud olan 49 ümumtəhsil məktəbindən 35- də əsaslı təmir işləri aparılmışdır.
Təbii ki, məktəblərdə yaradılmış şərait bizdən daha yaxşı işləməyi, tədrisdə keyfiyyətə və son nəticəyə nail olmağı tələb edir. Biz də işimizi bu istiqamətdə qurmağa çalışırıq. Yeni təhsil islahatında dərslərdə ənənəvi təlimdən müasir təlimə, o cümlədən gündəlik qiymətləndirmədən məktəbdaxili qiymətləndirməyə keçilməsi təhsil prosesində dönüş yaratmışdır. Buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada aparılması təhsilin keyfiyyətinin yüksəldilməsinə, şagirdlərin, müəllimlərin, valideynlərin məsuliyyətinin artmasına səbəb olmuşdur. Ötən dərs ilində məktəblərin on birinci siniflərini bitirən 2478 nəfər şagirdin hər biri tam orta təhsil haqqında attestat, doqquzuncu sinfi bitirən 2861 nəfər şagirdin hər biri ümumi orta təhsil haqqında şəhadətnamə almışdır. Əvvəlki illərdən fərqli olaraq, ötən dərs ilində 2 məzunumuz qızıl, bir nəfər isə gümüş medala layiq görülmüşdür.
– Deyəsən, builki məzunlarınızın göstərdikləri nəticələr rekord nəticələrdir. Yəni ali məktəbə sənəd verən hər iki məzundan biri qəbul olunub. Siz necə, fikirləşirsinizmi ki, orta məktəbin ən əsas göstəricisi ali məktəbə qəbul göstəricisidir?
– Əslində, mən bunu çox vacib və əsas göstəricilərdən biri kimi qiymətləndirirəm. Şəhərdəki 1 nömrəli orta məktəbin məzunu Qasımov Elçin Zahid oğlu 700 bal toplayaraq Qafqaz Universitetinin mühasibat uçotu və audit fakültəsinə daxil olub. Yenə həmin məktəbin məzunu Qasımova Gülçin Ziyad qızı 685 balla ADA Universitetinin biznesin idarə edilməsi fakültəsinə daxil olub.Onlar bacı-qardaşdırlar. Yaxud 39 nömrəli məktəbin məzunu Vətəni Fərdin Fərhad oğlu, 24 nömrəli məktəbin məzunu Namazova Selcan Səbuhi qızı hər ikisi 690 bal toplayaraq ayrı- ayrı universitetlərə daxil olublarsa bunlara görə biz qürur hissi keçirməməliyikmi? Əgər cəmi 4 il qabaq 600 - dən çox bal toplayanların sayı 42 nəfər idisə, bu il onların sayı 74 nəfərə çatıb.
Amma biz bununla kifayətlənmirik.Fənn olimpiadaları, idman yarışları, hərbi-vətənpərvərlik tərbiyəsi sahəsində gördüyümüz işlər bizə imkan verir ki, şagirdlərimizi hərtərəfli hazırlaya bilək. Uğurlar çoxdur. Məsələn, 29 nömrəli tam orta məktəbin birinci sinif şagirdi Leyla Budaqova bu ilin mayındaTailandda şahmat üzrə məktəblilərin dünya birinciliyində iki qızıl medal qazanmışdır. Bundan başqa, Beynəlxalq usta Ayaz Məmmədov Türkiyədə keçirilən Troya beynəlxalq şahmat turnirinin gümüş mükafatçısı olmuşdur. 1 nömrəli Uşaq- Gənclər İdman Məktəbinin yetirmələri Türkiyə, Gürcüstan, Rusiya, Yaponiyada keçirilən müxtəlif beynəlxalq yarışlarda qızıl, gümüş medallar qazanmışlar. Məktəbin direktorunun özü Bakıda keçirilən birinci Avropa Oyunlarında sambo yarışlarına hakimlik edirdi. Yaxud Uşaq-Gənclər Fiziki Hazırlıq Klubunun direktoru Ramil Qasımov ABŞ- ın Kolorado ştatının Sprinq şəhərində təşkil olunan yarışda qızıl medal qazanıb və eyni zamanda, Braziliyada gələn il keçiriləcək Paralimpiya Oyunlarına vəsiqə əldə edib.
İstedadlı uşaqların üzə çıxarılmasında Uşaq Yaradıcılıq Mərkəzi, tədrisin təşkili vəziyyətinin yüksəldilməsində təhsil idarəsi nəzdindəki Təhsil Resurs Mərkəzi mühüm rol oynayır.
- Beynəlxalq Müəllimlər Günündə həmkarlarınıza nə arzulardınız?
- Müəllim peşəsinin böyüklüyündən, şərəfli olmasından çox deyilib və mən bunları təkrar etmək istəmirəm. Bircə onu deməyi özümə borc bilirəm ki, peşəsindən, vəzifəsindən, mövqeyindən asılı olmayaraq, hər kəs müəllimə qarşı həssas olsa, bu, bizim üçün ən böyük mükafatdır. Şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev bu sahədə nümunə göstərir. Biz də bu isti münasibətdən, sözün yaxşı mənasında, istifadə edib problemlətimizi yoluna qoyuruq. Hələ görüləsi işlərimiz çoxdur. Təhsil Nazirliyi rəhbərliyinin, digər əlaqədar təşkilatların köməyi ilə tədricən istədiyimizə nail oluruq. Bu bayram günündə bütün müəllimlərə öz şagirdləri ilə qürur duymağı arzulayıram. Zənnimcə, müəllim üçün bundan böyük sevinc hissi ola bilməz.
Hamlet QASIMOV,
“Xalq qəzeti”nin
bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.