İqtisadi potensialın gücləndirilməsi üçün bələdiyyə mülkiyyətinə və maliyyə imkanlarına mühüm önəm verilməlidir

Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının sədri, Binəqədi rayonundakı Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov söhbətə bələdiyyələrin seçicilərlə münasibətlərin necə qurulmasından, bu istiqamətdə görülən işlərdən başladı. O dedi:

- Bələdiyyələr seçkili orqan olaraq, ildə iki dəfə seçicilər qarşısında hesabat verir, sakinləri görülən işlər barədə məlumatlandırır, gələcək fəaliyyət planlarını açıqlayırlar.

Mətbuatın, kütləvi informasiya vasitələri auditoriyasının daha əhatəli olmasını nəzərə alaraq, biz - Binəqədi rayonunda fəaliyyət göstərən 5 bələdiyyə təxminən bir ay bundan əvvəl  media qarşısında da hesabat vermək qərarına gəldik. Həmin tədbirdə bələdiyyə sədrləri bu ilin ilk yarısında həyata keçirilən tədbirlər barədə qısa məlumat verdilər, eyni zamanda, jurnalistləri maraqlandıran sualları cavablandırdılar. Düşünürəm ki, bu, gələcəkdə də reallaşdırılaraq,  bir ənənə halını alacaqdır. Media qarşısında hesabatın bir  əhəmiyyətli cəhəti də odur ki, belə tədbirlərin gerçəkləşdirilməsi ilə bələdiyyələrin fəaliyyətinin şəffaflığına nail olunur. Başqa sözlə, sözügedən qurumların  işi ilə nəinki yerli sakinlər, seçicilər, eləcə də geniş ictimaiyyət ətraflı məlumatlandırılır. Bu isə bələdiyyələrarası rəqabət mühitinin inkişaf etməsinə öz müsbət təsirini göstərir.

- Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının sədri olaraq bələdiyyələrin birinci yarımildə fəaliyyətini necə qiymətləndirirsiniz?

- Əvvəlcə onu deyim ki, ölkəmizdə bələdiyyə institutunun yaranması, formalaşması və hüquqi bazası məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin fəaliyyəti dövründə, 1995-ci il noyabrın 12-də qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında ilk dəfə olaraq bələdiyyələrin hüquqi statusu qanun çərçivəsində müəyyənləşdirildi. Dövlətçilik tarixinə mühüm hadisə kimi yazılan bu əlamətdar gündən sonra, 1999-cu ilin dekabrında ilk bələdiyyə seçkilərinin keçirilməsi ilə hakimiyyətin əks mərkəzləşməsi prosesinə start verildi. Beləliklə, ümummilli liderimizin səyi ilə dövlət quruculuğu sahəsində aparılan islahatlar nəticəsində ölkəmizdə bələdiyyə institutu yaradıldı. Ötən ilin dekabrında keçirilən sayca 4-cü bələdiyyə seçkilərinə gəlincə, respublikamızın hər yerində olduğu kimi, Binəqədi rayonunda da seçkilər yüksək seçici fəallığı ilə keçdi. Bütün bu uğurlar isə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda  yaradılan şəffaf, demokratik seçki mühitinin nəticəsidir. Prezidentimizin təşəbbüsü əsasında bələdiyyələrin inkişafı, sosial-iqtisadi bazasının möhkəmləndirilməsi ilə əlaqədar qanunlar qəbul olunur, bələdiyyələrin qanunvericilik bazası möhkəmləndirilir və bu, əlbəttə, vətəndaşların bələdiyyələrə inamını daha da artırır. Bütün bunlar, təbii ki,  bələdiyyə seçkiləri zamanı öz müsbət təsirini göstərdi. Belə ki, 1-ci, 2-ci və 3-cü çağırış bələdiyyə seçkilərində seçicilərin səsvermədə iştirakı azalan templə getsə də, sonuncu-4-cü seçkilərdə ölkə üzrə səsvermədə iştirak edən seçicilərin ümumi sayı 38,92 faizi təşkil etdi. Xatırladım ki, Binəqədi rayonu üzrə seçilmiş 79 bələdiyyə üzvünün 41,7 faizi 30 yaşa qədər gənclər, 56,9 faizi 35 yaşa qədər gənclər, 44,3 faizi isə qadınlar idi. Beləliklə, ötən il keçirilən seçkilərin nəticəsi olaraq yaranan bələdiyyə ordusu bu sahədə öz sözünün demiş təcrübəli şəxslərdən, daim yeniliklərə can atan gənclərdən və özü ilə mehribanlıq, humanistlik gətirən qadınlardan ibarət formalaşdı. Əlbəttə, heç kəsə sirr deyil ki, cəmiyyətin inkişafında, bələdiyyələrin fəaliyyətində bu üç qüvvə hər zaman aparıcı rol oynayır.

Faktlara əsasən deyə bilərəm ki, 2015-ci ilin ilk yarısında yerli özünüidarəetmə orqanlarının fəaliyyəti uğurlu olub. Azərbaycan şəhər, qəsəbə, kənd bələdiyyələri milli assosiasiyalarının irəli sürdükləri və ötən il bələdiyyə sədrlərinin III Ümumrespublika toplantısında dəstəklənən “Bir bələdiyyə - azı bir layihə” təşəbbüsü çərçivəsində qəsəbə bələdiyyələri ərazinin abadlaşdırılması, sosial obyektlərin, yolların, yaşayış məntəqələrində elektrik və qaz xətlərinin lokal təmiri, içməli su təchizatı, yerli ekoloji problemlərin həlli, “xeyir-şər evləri”nin, sadə idman meydançalarının inşası və istifadəsi sahəsində, digər işlərin görülməsinə 2010-2014-cü illərdə ümumi həcmi 16,6 milyon manat olan 2900 layihə həyata keçiriblər. Reallaşdırılan sosial yönümlü layihələrdə qəsəbə bələdiyyələrinin layiqli əməyi danılmazdır. Təhlillər göstərir ki, ötən dövrdə həyata keçirilən 639 layihə arasında ərazinin abadlaşdırılması (14,2 faiz), yerli əhəmiyyətli yolların saxlanılması (13,3 faiz), məişət tullantılarının yığılması və daşınması (12,1 faiz), ərazidə yaşıllaşdırma işlərinin aparılması ilə bağlı həyata keçirilən layihələrin xüsusi çəkisi daha yüksək olub.

Binəqədi rayonunda fəaliyyət göstərən bələdiyyələr də qarşıda duran vəzifələri layiqincə yerinə yetirib, abadlaşdırma və quruculuq işlərində fəal iştirak ediblər. Sözügedən dövrdə bələdiyyələrin yerli əhali ilə qarşılıqlı münasibətləri xeyli yaxşılaşıb, ictimai əlaqələri güclənib. Dövlət tərəfindən bələdiyyələrə göstərilən diqqət və hərtərəfli dəstək onların işini daha da sürətləndirib, yerli sosial-iqtisadi məsələlərin həlli imkanlarını artırıb. Ancaq bununla kifayətlənmək olmaz. Çünki ölkəmiz inkişaf edir, dövlət və qeyri-dövlət qurumlarının fəaliyyətində yeni texnologiyalar tətbiq olunur. İdarəetmə ən müasir tələblər səviyyəsində qurulur, əhali arasında müasir ödəniş mədəniyyəti formalaşır.

Hazırda şəffaflığı təmin etməyin əsas vasitələrindən biri kimi bütün əməliyyatların nağdsız yolla həyata keçirilməsi öz mühüm nəticələrini göstərməkdədir. Ona görə də bələdiyyələrin bu prosesdən kənarda qalması mümkün deyil. “Yerli vergilər və ödənişlər haqqında” Qanuna edilən dəyişiklikdən sonra yerli vergi və ödənişlər banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə reallaşdırılır. Xatırladım ki,  son dəyişikliklərlə əlaqədar bu il yanvar ayının 1-dən əmlak və torpaq vergiləri yeni qaydada hesablanır. Artıq fiziki şəxslərin əmlak və torpaq vergiləri ilə bağlı edilən dəyişikliklər bələdiyyələrin vergi yığımında üzləşdikləri problemləri aradan qaldırmaqdadır.

-Bələdiyyələr yarandığı tarixdən bu günə qədər torpaq və əmlak vergilərinin hesablanmasında, tam yığılmasında çətinliklərlə üzləşiblər. Bununla bağlı nə deyə bilərsiniz? 

-Burada əsas səbəb əmlakın qiymətinin müəyyənləşməsi ilə bağlıdır. Son dövrə qədər vergi əmlakın inventar dəyəri əsasında tutulurdu. Bələdiyyə müraciət edəndə əmlak sahibi konkret qiymət göstərilməsini diqqətə çatdırırdı və beləliklə, burada anlaşılmazlıq yaranırdı. Bəzi hallarda isə inventar dəyəri olmayan evlər bələdiyyələrin özləri tərəfindən təxmini qiymətləndirilir və onlara təxmini vergi məbləği tətbiq olunurdu  ki, bu da Vergi Məcəlləsi ilə birbaşa ziddiyyət təşkil edirdi. Ancaq Vergi Məcəlləsində aparılan  dəyişiklikdən sonra bu problem də öz həllini tapdı.

Bələdiyyələr üçün artıq bu sahədən real vergi yığımına əsil baza yaranıb. Onların işini asanlaşdırmaq, əmlak vergisinin tam və düzgün hesablanması məqsədilə binaların, yaşayış və qeyri-yaşayış ərazilərinin sahəsinə görə verginin müəyyənləşdirilməsi üçün edilən dəyişikliklər bələdiyyələrin vergi gəlirlərinə əhəmiyyətli dərəcədə təsir göstərəcəkdir. Ümumiyyətlə, bu dəyişikliklər sayəsində bələdiyyələrin büdcə gəlirlərinin iki dəfəyədək artması gözlənilir. Bələdiyyələr tərəfindən verginin hesablanmasında və toplanmasında mövcud çətinliklərin aradan qaldırılması məqsədilə vergi informasiya sisteminin yaradılmasında Vergilər Nazirliyi tərəfindən Binəqədi rayonunun 5 bələdiyyəsi üzrə həyata keçirilmiş pilot layihələr çətinliklərin aradan qaldırılmasına əlverişli şərait yaradıb və bələdiyyə büdcəsinin formalaşmasına müsbət təsir göstərib. Bələdiyyələr tərəfindən verginin hesablanması və toplanmasında mövcud çətinliklərin aradan qaldırılması üçün Bələdiyyə Vergi İnformasiya Sisteminin (BVİS) yaradılması isə artıq zərurətə çevrilib. Elə bu səbəbdən də Binəqədi rayonunun 5 bələdiyyəsində olduğu kimi, bizim bələdiyyəmizdə də BVİS pilot layihəsinin tətbiqinə başlanılıb. Bu layihə çətinliklərin aradan qaldırılmasına, bələdiyyə büdcəsinin formalaşmasına əlverişli şərait yaradıb.

Bələdiyyəmizdə yığımın ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfəyədək artması, düşünürəm ki, həmin layihənin müsbət nəticəsidir. Bu, bizə imkan verəcək ki, büdcəmizin gəlirləri hesabına əhalinin problemlərinin həllinə daha yaxından kömək edə bilək. Hazırda vergi yığımında şəffaflığın təmin edilməsi məqsədi ilə bələdiyyənin ərazisində olan ev təsərrüfatları və təsərrüfat subyektlərinin pasportlaşması (inventarlaşdırma) işi uğurla həyata keçirilir. Pasportlaşmanın üstün cəhətləri fiziki şəxslərin torpaq və əmlak vergisinin vergitutma bazasının müəyyən edilməsi, bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisinin hesablanmasında şəfafflığın təmin olunmasıdır. Bu işdə isə əsas önəm uzun müddət vergi yığımında diqqətdən kənarda qalan çoxmərtəbəli, çoxmənzilli binalara verilir. Xatırladım ki, indiyədək ərazimizdə mövcud binaların və təsərrüfat subyektlərinin artıq 60 faizində pasportlaşma yekunlaşdırılıb.

Yerli özünüidarəetmə orqanı olaraq Rəsulzadə bələdiyyəsi fəaliyyəti müddətində ərazisində yaşayan sakinlərin problemlərinin həllini mühüm vəzifələrdən biri hesab edir. Hesabat dövründə xəstələrə, qocalara, maddi imkansızlara, əlillərə, şəhid ailələrinə müxtəlif bayramlarda bələdiyyə büdcəsi hesabına maddi yardımlar göstərilib. Ötən dövr ərzində yerlərdə sakinlərlə səyyar görüşlər təşkil edilib, məhəllə komitələri yaradılıb. Bu komitələr vasitəsi ilə sakinlərə daha yaxın oluruq, onların problemlərini qısa vaxt sərf etməklə öyrənə bilirik. Sosial şəbəkələrdə yaradılmış səhifəmiz, Rəsulzadə bələdiyyəsinin rəsmi saytı da sakinlərin məmnuniyyətinə xidmət göstərir. Sakinlər saytımızda və bu səhifədə görülən işləri birbaşa izləyə, eyni zamanda, təklif və şikayətlərini bələdiyyəyə gəlmədən ünvanlaya bilirlər.

Həyata keçirilən tədbirlərin təhlili, həmçinin  göstərir ki, bələdiyyələr yerli əhəmiyyətli məsələlərin həlli istiqamətində fəallıq göstərsələr də, onlar əsasən kiçik həcmli, cari məsələlərin həllinə hesablanmış layihələr həyata keçirirlər ki, bu da ölkəmizdə geniş vüsət alan inkişaf tempi ilə ayaqlaşmır. Burada əsas səbəb əksər bələdiyyələrin güclü maliyyə resurslarına malik olmamasıdır. Yerli büdcənin zəifliyi üzündən bir çox hallarda onlar sosial sifarişlərdən irəli gələn vəzifələrin həlli istiqamətində vətəndaşların müraciətlərində qaldırılan məsələləri reallaşdıra  bilmirlər. Fikrimcə, iqtisadi potensialın gücləndirilməsində əhəmiyyətli tədbirlərdən biri bələdiyyə mülkiyyətinin və maliyyə imkanlarının artırılmasını təmin etməkdir. İnanıram  ki, gələcəkdə bu məsələlər də öz həllini tapacaqdır. Əminliklə deyə bilərəm ki, növbəti beşillik dövr Azərbaycan bələdiyyələrinin inkişafında, yerli özünüidarə institutunun daha da möhkəmlənməsində əhəmiyyətli tarixi mərhələ olacaqdır. Bu istəyin reallığa çevrilməsi üçün bələdiyyələr fəaliyyətlərini günün tələbləri səviyyəsində qurmaqla aidiyyəti orqanlarla birlikdə yerli demokratiyanın və özünüidarəetmənin inkişafına nail olacaqlar.

Müsahibəni qələmə aldı:
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında