“UNEC-lə əməkdaşlığımız yüksək səviyyədə alındı”

Tayson Lemons Texas ştatının Dallas şəhərində anadan olub. Oklahoma Universitetini marketinq və iqtisadiyyat ixtisası üzrə bitirib. Miçiqan Universitetində iqtisadiyyat üzrə doktorluq dərəcəsi alıb. T.Lemons Miçiqan Universitetinin beynəlxalq təhsil şöbəsində geniş mühazirələr oxuyub. Türk Tələbə Cəmiyyəti ilə sıx əməkdaşlıq edib. 2005-ci ildə ABŞ-ın Sülh Təşkilatı (Peace Corps) proqramı ilə könüllü qismində Azərbaycanda çalışıb. 2011-ci ildə Azərbaycanda ABŞ konsulluğunda, ABŞ Dövlət Departamentinin Fondunda işləyib, təhsil sisteminin mübadiləsi və proqramlarının inkişafı sahəsində fəaliyyət göstərib. 2014-cü ildə Azərbaycan Oxsbric Beynəlxalq Təhsil Kompleksində tədris işləri üzrə müdir vəzifəsində çalışıb.

Tayson Lemons 2015-ci ildə London Universiteti / London İqtisadiyyat Məktəbinin (LSE) bakalavr proqramının Azərbaycan Dövlət İqtisad Universitetindəki (UNEC) tədris işləri üzrə direktoru təyin olunub.

Onunla müsahibəni təqdim edirik.

– Cənab Lemons, necə oldu ki, UNEC-də fəaliyyətə başladınız?

– Bu layihəyə keçən ilin iyul ayından başladım. Əməkdaşlıq üçün bir neçə universitetlə maraqlandım. UNEC-in nüfuzlu universitet olduğu, ixtisasların uyğunluğu, universitetin yerləşdiyi ərazi və rektor, professor Ədalət Muradovun göstərdiyi maraq bu əməkdaşlığın yaranmasına müsbət təsir etdi. Belə ki, əgər biz proqramımızda iştirak etmək üçün mühasibat uçotu, maliyyə və iqtisadiyyat üzrə ən yaxşı tələbələri axtarırıqsa, UNEC bunun üçün ən mükəmməl universitetdir. Məkan baxımından da universitet əlverişli yerdədir, asan gedib-gəlmək olur. Hazırlıqlar çox professional səviyyədə idi və işləməyi asanlaşdırdı. Bizim gözlədiyimizdən də artıq işlər görülüb. Ofisimizin, sinif otaqlarımızın təchizatı, bizə yaradılan şərait, bunlar hamısı çox heyrətamizdir. Digər universitetlərdə hər zaman belə olmur. Sevinirik ki, əməkdaşlığımız yüksək səviyyədə alındı. Artıq tələbələrlə ilk dərslərimizə başlamışıq.

– Tələbələrin bilik səviyyəsi sizi qane edirmi?

– Biz az müddətdir ki, dərslərə başlamışıq, ancaq tələbələrimiz çox bacarıqlıdır. Düşünürəm ki, proqram onların öyrəndiyindən çox fərqlənir. Onlara bəzən bu proqram çətin, bəzən isə daha asan gələ bilər. Mənim üçün təəccüblüdür ki, azərbaycanlı tələbələr, adətən, riyaziyyat üzrə Qərb ölkələrinin tələbələrindən daha üstündürlər və belə düşünürəm ki, riyazi fənlər onlar üçün çox asan olacaq. İqtisadiyyat dərsləri isə tam fərqli tədris olacaq. LSE-nin hazırkı kurikulumuna uyğun olaraq, hər tədris ilində dörd fənn olmaqla, üç il ərzində 12 əsas fənn tədris ediləcək. Bu fənlər üzrə yekun imtahanlar hər tədris ilinin sonunda (may-iyun aylarında) keçiriləcək və nəticələr qiymətləndirilmək üçün LSE-yə göndəriləcək. Tələbələrimiz bacarıqlıdır və inanıram ki, öhdəsindən gələcəklər, belə olmasa, proqramımıza qoşula bilməzdilər. Biz onları proqramımızda görməkdən çox məmnunuq.

– UNEC-dəki  və Londondakı tədris prosesləri arasında fərq varmı?

– Aydındır ki, London ehtiyacın olan və görmək istədiyin bütün resurslarla,  qaynaqlarla səni əhatələyir. Ancaq bu proqramda tələbələr eyni kitablardan, materiallardan, təlimlərdən istifadə edib, eyni imtahanı verəcəklər. Diplomlar da, həmçinin fərqli olmayacaq, London Universitetinin London İqtisadiyyat Məktəbinin bakalavr diplomunu əldə edəcəklər və diplomlar Londonda keçirilən məzun günündə onlara təqdim olunacaq.

Bu, çox qədim proqramdır və LSE nüfuzlu universitetdir. 100 ildən artıqdır ki, mövcuddur.  London Universitetinin London İqtisadiyyat Məktəbinin dərəcəsi olan tələbələrin çoxu bu proqrama Londondan kənarda qoşulublar. Misal üçün, Nelson Mandela  həbsdə olarkən eyni proqrama qoşulub və Londondakı tələbələrlə eyni imtahanı verərək  LSE-nin diplomunu əldə edib. UNEC tələbələrinin də bunu CV-lərinə yazması qanunidir, çünki eyni səviyyədə diplom əldə edirlər. UNEC tələbələri LSE-də olan səviyyədəki kimi təhsil alacaqlar. Həmçinin, London İqtisadiyyat Məktəbinin Londonda yerləşən kampusunda fəaliyyət göstərən Yay Məktəbinə qatıla biləcəklər.

– Universitetdənkənar vaxtınızı necə keçirirsiniz?

– İşim çox olur, ancaq vaxtım olanda səyahət etməyə üstünlük verirəm. Bakıdan kənarda dağətəyi bölgələrə gedirəm, cənub bölgələrində yaşadığıma görə oranı çox sevirəm. Talış dağlarına, İstisuya getməyi çox xoşlayıram. Gündəlikdə isə havalar yaxşı olanda Dənizkənarı bulvara gedirəm. Azərbaycan istirahət üçün  gözəl məkandır. Azərbaycan dilini bilməyim də insanlarla ünsiyyəti asanlaşdırır.

Elnarə ÖMƏROVA


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında