O, mənim “facebook” dostlarımdan biridir və mənim kimi 5 minə yaxın dostu var. Bu sosial şəbəkənin imkanları daha geniş olsaydı, onların sayı 5 min yox, bəlkə də 50 min olardı. Çünki heç kimə “yox” demir, hamını dostluğuna qəbul edir. Bu dostlar içərisində ən müxtəlif insanlar, müxtəlif peşə sahibləri var. Lakin böyük əksəriyyətini gənclər, xüsusilə tələbələr təşkil edir. İmkanı daxilində bəyəndiyi statuslara öz fikrini bildirir, “xoşuma gəlir” yazır, sorğulara cavab verir. Azərbaycanda az sayda olan yüksək vəzifə sahiblərindəndir ki, öz səhifəsini özü idarə edir.
Çalışır ki, heç kimin könlünü qırmasın, səmimi dostluq münasibətlərini davam etdirsin. Bu yaxınlarda onun yazdığı bir statusla tanış olduqdan sonra bir daha əmin oldum ki, bu şəxs yüksək intellektə sahib olmaqla yanaşı, çox sadə, səmimi, hamının, necə deyərlər, ürəyini oxumağı bacaran bir insandır. Fikir verin: “Əziz dostlar, məqsədim valideynlər və tələbələrlə vacib, onları narahat edən məsələlər üzrə ünsiyyət qurmaq, problemlərin həllinə yardımçı olmaqdır. Bu nöqteyi-nəzərdən daim məni bu və ya digər məsələ ilə bağlı arayan insanların yanında olmuş, onlara lazımi diqqət göstərmişəm. Lakin etiraf etməliyəm ki, bu, olduqca çətindir və vaxtımı çox aparır. Bəzən insanlar gecə saatlarında da mənə zəng vurur, müxtəlif müraciətlər edir, bir çox hallarda mənim səhər tezdən iş başında olmağımı nəzərə almırlar. Mən lazım olan anda hər birinizin yanındayam. Amma ən adi suallarla bağlı universitetdə müvafiq prorektorlar, dekanlar, şöbə müdirləri, ictimai təşkilatların rəhbərləri var. Vətəndaşa diqqət hər birimizin borcudur. Biz cənab Prezidentin dediyi kimi, xalqın xidmətçiləriyik.”
Yəqin statusun səmimiliyinə heç kimdə şübhə yeri qalmadı. Xüsusilə onu yaxından tanıyanlar bilirlər ki, sadəliyi, səmimiliyi, təşkilatçılığı, prinsipiallığı, yenilikçi olmağı və digər xüsusiyyətləri ilə yaxşı tanınan rektor İbrahim Cəfərovun sözlərində qeyri-adi, kiminsə xətrinə dəyə biləcək bir cümlə belə yoxdur.
Şübhəsiz, söhbətin kimdən getdiyini bildiniz. Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, kənd təsərrüfatı elmləri doktoru, professor, AMEA- nın müxbir üzvü İbrahim Cəfərov. Özü bu ali məktəbin yetirməsidir. Doğrudur, bir ara, yəni 1985-ci ildə institutu Lenin təqaüdü ilə bitirdiyinə görə Moskvaya – Timiryazev adına Kənd Təsərrüfatı Akademiyasının əyani aspiranturasına göndərilib və üç il orada təhsil aldıqdan sonra namizədlik dissertasiyası müdafiə edib, keçmiş SSRİ Aqrar Sənaye Komitəsinin göndərişi ilə yenidən Kənd Təsərrüfatı İnstitutuna qayıdıb və o vaxtdan indiyədək hazırda rəhbərlik etdiyi ali məktəbdə çalışır. Assistent, dekan, tədris işləri üzrə prorektor və nəhayət, Azərbaycan Respublikası Prezidentinin 25 iyul 2013-cü il tarixli sərəncamı ilə Azərbaycan Dövlət Aqrar Universitetinin rektorudur. İbrahim Cəfərov 4 dərsliyin, 3 dərs vəsaitinin, metodik vəsaitlərin, respublikada və xaricdə nəşr olunan 150- yə yaxın elmi əsərin müəllifidir.
Professorla yeni dərs ili ərəfəsində görüşdük və kollektivin növbəti tədrisə necə hazırlaşması ilə maraqlandıq.
– Professor, məlum olduğu kimi, 2015-ci il ölkəmizdə “Kənd təsərrüfatı ili” elan edilmişdir. Deyə bilərsinizmi, bütövlükdə rəhbərlik etdiyiniz ali məktəbə gənclərin marağı azalıb, ya artıb?
– İcazə verin, sualınıza sualla cavab verim. Sizcə, 672 və 674 bal toplayan iki gənc məhz bizim universiteti seçirsə, marağın azalmasından söhbət gedə bilərmi? Builki qəbul imtahanlarında belə yüksək bal toplayan həmin tələbələrin hər ikisinin qız olduğunu da nəzərə alsaq, marağın artması göz qabağındadır. Əvvəllər gənclər universitetimizə çox aşağı ballarla qəbul olunurdusa, artıq göstəricilər çox yüksəkdir və istənilən ali məktəblə bu sahədə rəqabət apara bilərik. Bunun səbəbləri var. Əvvəla, ölkə miqyasında aqrar sahəyə diqqət və qayğı, bu sahənin kadrlarına münasibət kökündən yaxşılaşdırılıb. Elə, qeyd etdiyiniz kimi, möhtərəm cənab Prezidentimizin 2015-ci ili “Kənd təsərrüfatı ili” elan etməsi bütün bunların əyani sübutudur. Digər tərəfdən, tələbələrimizin məişət şəraiti ilbəil yaxşılaşır. Hazırda 2 böyük yataqxana tikirik. Birini bu ilin oktyabrında istifadəyə verməyi nəzərdə tutmuşuq. Artıq işlər yekunlaşmaq üzrədir. Hər bir şəraiti olacaq və tələbə özünü evindəki kimi hiss edəcək. Hətta əcnəbi tələbələrimizi də orada yerləşdirməyi planlaşdırırıq. Universitetin 6 korpusunun hər birində təmir işləri həyata keçirilib. Böyük qapalı və açıq balıqçılıq mərkəzi, quşçuluq tədris mərkəzi, on min başlıq bildirçin yetişdirmə ferması, müasir tələblərə cavab verən arıçılıq laboratoriyası, aqrobiznes və idarəetmə fakültəsi üçün yeni inzibati bina və burada 40- 100 nəfərlik 9 auditoriya, patoloji anatomiya muzeyi və hamısını sadalaya bilmədiyim digər işlər son aylarda həyata keçirilib. Eyni zamanda, kompüterlər, proyektorlar, mikroskoplar, laboratoriya avadanlıqları, müxtəlif mebel və digər əşyalar alınmışdır. Müasir dünyagörüşlü, xarici dilləri mükəmməl bilən, kompüter texnologiyasına yaxından bələd olan onlarca gənci işə qəbul etmişik.
-Yəqin tələbələrin semestr imtahanları zamanı cavablarının düzgün qiymətləndirilməsi, yüksək nəticə göstərənlərin maddi və mənəvi mükafatlandırılması, hər cür neqativ halların aradan qaldırılması və digər amillər də universitetinizə olan marağı artırıb. Qış imtahan sessiyasının gedişi və təşkili ilə yaxından tanış olduqdan sonra bu qənaətə gəldik ki, ali məktəbdə qayda-qanun yaratmaq və hər cür xoşagəlməz söhbətlərə son qoymaq mümkündür. Aldığımız təəssüratı qəzetimizin 2 fevral 2015- ci il tarixli nömrəsində “Aqrar Universitet nümunə göstərir” sərlövhəli yazıda da bildirmişdik. O vaxtdan bəri nə dəyişib?
– Bilirsiniz, ali məktəb həyatı saat mexanizmi kimi işləməlidir. Onu nə dayandırmaq, nə də geriyə çəkmək mümkün deyil. Biz bir işi başlamışıqsa, ondan geri çəkilən deyilik. Özünüreklamdan da uzağıq. Əgər imtahanların tələbələrdən kompüter vasitəsilə qəbulu hamı tərəfindən birmənalı şəkildə razılıqla və rəğbətlə qarşılanırsa, tələbələr arasında əsl rəqabət, bilik yarışması yaranırsa və nəticədə normal, qeyd etdiyiniz kadrlar formalaşırsa, biz bunu niyə davam etdirməməli və daha da təkmilləşdirməməliyik? Təsadüfi deyil ki, bu işi artıq qiyabi şöbədə də başlamışıq. İlk vaxtlar qiyabiçi üçün çətin olacaq, eybi yoxdur, qoy olsun. Sonralar o, buna alışacaq. Amma birdəfəlik biləcək ki, daha əvvəlki kimi özünə himayədar axtarmayacaq. Çalışacaq ki, oxusun, lazımi qiymətlər alsın.
Dövlət qarşısında ən ali borcumuz yüksək səviyyəli kadrlar yetişdirməkdir. Aqrar sektorda sahibkarlıq fəaliyyəti ilə məşğul olan bir sıra iş adamlarının dəstəyi ilə ötən sessiyada 3 fənn üzrə 100 bal toplayan 5 tələbənin hər birinə planşet və 115 tələbənin hər birinə 100 manat məbləğində mükafat vermişik. Digər 236 tələbə Qax və Zaqatala rayonlarının istirahət mərkəzlərində dincəlib. Tələbələrimiz ən müxtəlif yarışların, müsabiqələrin, beynəlxalq konfransların, yay məktəblərinin və digər tədbirlərin iştirakçılarıdır.
– Sizinlə müsahibə ərəfəsində elektron poçtuma belə bir məlumat daxil oldu ki, Belçika və İngiltərəyə təcrübəyə gedən tələbələrlə görüşmüsünüz. 2005-ci ilin sentyabr ayından fəaliyyətə başlamış, ağır texnika və yük avtomobillərinin Azərbaycana idxalını və satışını həyata keçirən, dünyanın 14 aparıcı şirkətinin təmsilçisi olan “Qrand Motors” MMC-nin dəstəyi ilə tələbələriniz bir sıra zavodlarda təcrübə keçəcək və “Aqrolizinq” ASC-nin xətti ilə ölkəmizə gətirilən texnikanın yüksək səviyyədə istismarına xidmət göstərə bilən kadrların hazırlanmasına şərait yaradacaqdır. Universitetiniz haqqında bu səpgidə xəbərlərlə, yeniliklərlə tez-tez qarşılaşırıq. Deyəsən, əvvəlki illərdən fərqli olaraq xarici əlaqələriniz indi daha da genişlənib...
– Bayaq qeyd etdim. Təkcə bugünkü nailiyyətlərlə kifayətlənmək olmaz, gərək daim irəliyə gedəsən, beynəlxalq təcrübəni öyrənəsən. Zaman bunu tələb edir. Universitetimiz son illərdə 15-dən çox beynəlxalq layihədə iştirak edib. Hazırda müxtəlif beynəlxalq proqramlara qoşulmaq müəllim və tələbələrimizə Avropanın ən qabaqcıl universitetlərində təhsil və tədqiqat aparmaq imkanı yaradıb. Biz artıq Polşa, Fransa, Almaniya, Böyük Britaniya, Portuqaliya, İspaniya, Argentina, Çin və digər ölkələrlə əməkdaşlıq edirik. Öz daxili imkanları hesabına 10 tələbəmiz Türkiyənin müxtəlif universitetlərinin baytarlıq klinikalarında 5 aylıq təcrübə keçib. Əczaçılıq ixtisasının 14 tələbəsi də eyni məqsədlə adını çəkdiyim ölkədə olub. Hazırda baytarlıq ixtisasının 5 tələbəsi oradadır. Mövlanə proqramı çərçivəsində universitetin 6 müəllimi və 10 tələbəsi Türkiyənin müxtəlif ali məktəblərində təhsil və tədqiqat aparmaq imkanı qazanıb. Ötən tədris ilində Türkiyənin müxtəlif universitetlərindən 20-dən çox professor və müəllim ADAU-ya səfər edib. Avropa İttifaqının TEMPUS FLEPP layihəsi üzrə 7 müəllim Avropanın müxtəlif universitetlərində seminarlarda iştirak edib. Avropa İttifaqının maliyyələşdirdiyi Eramus Mundus proqramı çərçivəsində universitetimizin 4 tələbəsi Portuqaliya, Çexiya və Sloveniya universitetlərində təhsil almaq imkanı qazanıbdır.
– İbrahim müəllim, tələbələrin əksəriyyətinin “rektor bizim dostumuzdur” fikrinə necə yanaşırsınız və yeni dərs ilində onlara nə arzulayardınız?
– Bu dostluq xeyli vaxtdır davam edir. Bilirsiniz, bu hardan yarandı? Yeni rektor təyin olunmuşdum. Geniş bir müşavirədə elan etdim ki, tələbə mənim dostumdur, kim onu incitsə, özündən küssün. Əslində bu dostluq hələ prorektor işləyəndə başlamışdı. Tələbəyə nə lazımdır? Yaxşı bilik almaq, universitetin potensial imkanlarından maksimum istifadə etmək, Vətəninə layiqli kadr olmaq və seçdiyi peşə üzrə çalışmaq. İlk vaxtlar bu dostluğu tərəddüdlə qəbul edənlərin kompüterlə imtahan verdikdən və biliyinə uyğun qiymət aldıqdan sonra inamı daha da artdı. Sonra isə maddi-mənəvi dəstək, tələbələrin məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər və sair tədbirlər dostluğu davamlı etdi. Əslində, mən belə bir dostluqdan, sözün əsl mənasında, zövq alıram və hər bir tələbənin, necə deyərlər, gözünün içərisinə düz baxıram. Bu da var ki, oxumayan, sadəcə gün keçirən tələbə ilə dostluğumuz uzağa gedə bilmir. Təmənnalı dostluqdan isə söhbət gedə bilməz. Buna universitetdə çoxdan son qoyulub.
Yeni dərs ili bir çox tarixi hadisələrlə zəngin olacaq. Bu ilin dekabrında ulu öndər Heydər Əliyevin universitetin bayrağına “Şərəf nişanı” ordeni sancmasından 35 il ötür. Bunu təntənə ilə qeyd edəcəyik. Noyabrda ölkəmizin həyatında böyük siyasi bir kampaniya-Milli Məclisə seçkilər olacaq və təbii ki, müəllim və tələbələrimiz yüksək fəallıq göstərəcəklər. 2016-cı ildə Gəncə “Avropanın gənclər paytaxtı” elan edilib. Günbəgün gözəlləşən şəhərimiz buna xüsusi hazırlaşır və sair.
– Arxasını da mən deyim? Yanvarda Aqrar Universitetin rektorunun 60 yaşı tamam olacaq...
– Səmimi deyirəm, yaş, ad günü məsələlərində cənab Prezidentimiz elə bir nümunə göstərib ki, həsəd aparmaya bilmirsən. Ad günü, hətta yubiley rəhbər işçi üçün sırf ailə daxilində olmalıdır. Onu ictimailəşdirmək bir qədər bayağı görünür.
Söhbəti yazdı:
Hamlet QASIMOV,
“Xalq qəzeti”nin
bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.